Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətinə, bu yaxınlarda sərhədçilərin nəzarətinə verilmiş döyüş postlarına baş çəkib
Bu barədə DSX-nin rəsmi saytı bildirir.
Məlumata əsasən hər il 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı ərəfəsində DXS-nin rəhbər heyətinin sərhədlərimizi qoruyan sərhədçilərə baş çəkib təbrik etməsi ənənəsi bu il də davam edib.
Amma fərq ondadır ki, bu dəfə belə bayram ziyarəti bilavasitə Ermənistanla təmas xəttinə olub. Çünki bir müddətdir ki, həmin istiqamətdə döyüş mövqelərini sərhədçilər qoruyur.
Bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin Ermənistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sərhəd döyüş məntəqələrində olmuş, təmas xəttində döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçularla görüşüb.
Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyan və xüsusi hazırlıq keçmiş heyət sırasında olmaları ilə fəxr edən sərhədçi hərbi qulluqçular düşmənin hər hansı təxribatının qarşısını almaq üçün daima hazır olmalarını məruzə etmiş, döyüş ruhlarının yüksək olmasını nümayiş etdiriblər.
Dövlət Sərhəd Xidmətinin rəisi “Qazax” sərhəd dəstəsinin xidməti ərazisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləyib.
Prezident və Ali baş komandan İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin döyüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunmuş hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib.
General-polkovnik Elçin Quliyev Qazax və Ağstafa rayonlarının ərazisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı müasir sərhəd mühafizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sərhəd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazarmalarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış olmuş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yoxlayıb.
Elçin Quliyev sərhəd döyüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirmiş, şəxsi heyətlə birgə nahar edib, qarşıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bayramı münasibətilə sərhədçiləri təbrik etmiş, çətin və məsuliyyətli, ağır olduğu qədər də şərəfli xidmətlərində uğur və müvəffəqiyyətlər arzulayıb.
Qeyd edək ki, Azərbaycanın Ermənistanla sərhədin bu strateji əhəmiyyətli hissəsinə sərhədçiləri yerləşdirməsi Yerevanın hərbi-siyasi dairələrində təşvişlə müşaiyət olunan geniş müzakirələrə səbəb olub. Ermənistanda qeyd ediblər ki, Azərbaycanın sərhəd qoşunları əslində tammiqyaslı döyüş əməliyyatları apara bilən ordu kimi təchiz olunub və hazırlıq keçib. Bu baxımdan onların sərhədə yerləşdirilməsindən arxayınlaşmaq olmaz.
pia.az