Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“MTN işi”ndə “zərərçəkən” Vidadi Əziz müəmması...

2015-ci ilin payızı ölkə gündəmində hələ bir neçə il az qala hər gün müzakirə olunacaq xəbərlərlə zəbt olundu

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad olunması ilə bu qurumda kütləvi həbslər başladı. Çox qısa zamanda məlum oldu ki, keçmiş MTN-nin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən səlahiyyətlərindən sui-istifadə və yol verilmiş digər qanun pozuntuları üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq istintaq qrupu yaradılıb.

İstintaq tədbirləri davam etdikcə digər motivlərlə yanaşı, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilə faktları da ortaya çıxır, işgəncə görmüş və əmlakları əllərindən alınan yeni-yeni sahibkar - isimlər boy sırasına düzülərək başlarına gətirilən haqsızlıqlara etiraz edir, günahkarların cəzalandırılması, qəsb olunmuş əmlaklarının geri qaytarılmasını istəyirdilər. Proses çox sürətlə davam edir, hər gün yeni həbslərin şahidi olurduq. Əlbəttə, bu dalğada sui-istifadə halları da istisna deyildi. Amma dövlət, xüsusən də istintaq orqanları hər bir sahibkarın müraciətini incəliklə araşdırır, haqqında şikayət olunan keçmiş MTN əməkdaşlarını vəzifəsindən və statusundan asılı olmayaraq dindirir, barələrində həbs-qəti imkan tədbiri seçirdi.

Bu dalğada biz həm də adı və fəaliyyəti barədə heç vaxt eşitmədiyimiz sahibkarlarla qarşılaşırdıq. Onlar iddia edirdilər ki, MTN əməkdaşları tərəfindən döyülüb, söyülüb və külli miqdarda əmlakları əllərindən alınmışlar sinfindəndirlər. Əlbəttə, bu kimi xəbərləri acgözlüklə gözləyən oxucunu nigaran saxlamayan mətbuat olaraq bəzən şayiələrə, dedi-qodulara, şikayətçilərin ağızlarından çıxan hər kəlməyə həqiqət prizmasından yanaşır, araşdırılmasına ehtiyac duymadan xəbərlər istehsal edirdik. Proseslər çox sürətlə gedirdi və gecikmək olmazdı...

Nəhayət tarixə “MTN işi” kimi düşən məhkəmə prosesi başladı və bir çox mətləblər gizlindən aşkara zühur etdi. Artıq daşlar yerinə otururdu, kimin haqlı, kimin haqsız, kimin də yaranmış vəziyyətdən sui-istifadə edərək varlanmaq, borclarını bağlamaq kimi niyyətləri pünhanda qalmır, yavaş-yavaş ortaya çıxırdı. Bu məhkəmə proseslərindən biri də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan “zərərçəkmiş” şəxs və mülki iddiaçı Əziz Vidadi Əsgər oğlunun işi idi (172006014). Vidadi Əziz iddia edirdi ki, son 6-7 il ərzində Türkiyə, İran, Dubay və Moskva şəhərlərində böyük biznesi olub, külli miqdarda pullar qazanıb. Bu pulların bir qismini – 1 milyon ABŞ dollarını Dubay şəhərindən “ZaminBankın” Bakı şəhərindəki filiallarından birinə köçürüb (əslində isə V.Əzizin bank vasitəsi ilə hər hansı bir əməliyyat aparması məhkəmədə təsdiqini tapmayıb)
Vidadi Əziz istintaqa ifadəsində keçmiş MTN-nə aparıldığını, 1 milyon dolların 700 mininin ondan zor gücünə alındığını, 300 mininin geri qaytarıldığını, daha sonra isə təkrar 40 min dolların əlindən alındığını iddia edirdi. Təbii ki, “MTN işi” ilə bağlı aparılan məhkəmə prosesində Vidadi Əzizin iddiası isbat olunmur, həbs olunan MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsinin şöbə rəisi, polkovnik Mirəziz Əsgərov azadlığa buraxılır. Dövlət İttihamçısı Vüqar Quliyev birinci instansiya məhkəməsində çıxış edərək zərərçəkmiş Vidadi Əzizin Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat, Mirəziz Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırdığını bildirir. Əlavə edir ki, zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Təqsirləndirilən M.Əsgərovun üzərinə həbs qoyulmuş əmlakı (bir ev, bir avtomobil) və evindən götürülmüş pul (təxminən 1500-2000 manat) geri qaytarılır. “Zərərçəkmiş” Vidadi Əzizin (Əzizovun) apelyasiya şikayəti də təmin olunmur.

Vidadi Əzizin “halal qazandığım” dediyi 1 milyon dolları necə əldə edib?

Əlbəttə, adı bir neçə dəfə borc qalmaqalında hallanan (bu barədə bir az sonra) V.Əzizin birdən-birə heç bir mənbəyi bəlli olmayan 1 milyon dollar “qazanc” əldə etməsi müəmmalı deyildimi? Belə ki, V.Əzizin “halal qazancım” dediyi 1 milyon dolların sahibi əslində İran vətəndaşı, iş adamı Hüseyn Qudi olub.
Onu saxlayan keçmiş MTN-nin Əks-Kəşfiyyat Baş İdarəsi olduğuna diqqət etsək bəlli olur ki, məlum qurum V.Əzizi İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bildiyi üçün saxlayır. İttiham aktında da bu barədə məlumatlar yer alıb, hətta işin bu hissəsi ilə bağlı məhkəmə iclasları qapalı keçib.

“MTN işi”i ilə bağlı keçirilən məhkəmə prosesində V.Əzizlə bağlı digər maraqlı məqam isə bu şəxsə 1 milyondan əlavə elə həmin tarixdə İran – Dubay - Bakı marşrut üzrə göndərilən daha 2 milyon ABŞ dollarının V.Əzizin necə almasından söhbət açılıb. Aydın olub ki, bu dəfə də pullar hesablaşma yolu ilə deyil, həvalə yolu ilə əldə edilib. Həmin pulların mənbəyinin xarici ölkələrin xüsusi xidmət orqanlarının pulu olması nəzərə alınaraq toplanmış materialların araşdırılması üçün Respublika Baş Prokurorluğuna göndərilməsi qərara alınır. Hətta qeyd olunur ki, V.Əzizin xarici ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq və konkret tapşırıqlar icra etməsinə dair MTN-də açılmış “Siqnal işi”ndə ciddi sübutlar var. Qeyd edək ki, bu barədə V.Əziz də MTN olaylarından dərhal sonra mətbuata çıxaraq açıqlamalar vermiş, onu guya hansısa dövlətə işləməkdə ittiham etdiklərini bildirmişdi.

2012-ci ildə pulu “alınan” Vidadi Əziz niyə məhz 2015-ci ildə şikayət edib?

Vidadi Əzizə çox yaxınlığı ilə tanınan bir nəfər onun haqqında Prezident İlham Əliyev, Baş prokuror Zakir Qaralov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət ünvanlayıb. O adamın müraciəti və hətta İzahatı bizim əlimizdədir, özü ilə də əlaqə saxladıq, bir il əvvəl etdiyi müraciətin nəticəsi ilə maraqlandıq. Təəssüf ki, həmin şəxs müraciəti tədbir görülməsi üçün aidiyyatı orqanlara ünvanladığını xatırlatdı, əlavə etdi ki, mətbuatda adının hallandırılmasını istəmir. Əlbəttə ki, bu onun hüququdur, biz də ona hörmət edib adını çəkmədən əlimizdə olan Müraciət və İzahatdan bəzi zəruri ittihamları oxucuların diqqətinə çatdıracağıq. Ona görə ki, sözügedən məsələ ictimai əhəmiyyət kəsb edir, uzun müddət medianın gündəmində olub.

İddialar belə deməyə əsas verir ki, Vidadi Əziz 07 aprel 2012-ci ildə keçmiş MTN-ə aparılması faktından çox məharətlə istifadə edib. Heç şübhəsiz ki, pulunu ələ keçirdiyi Hüseyn Qudi 2016-cı ilin fevral ayınadək Vidadi Əzizi axtarıb, yazılı və şifahi xəbərlər göndərib, ehtimal var ki, hədə-qorxu da gəlib. Çünki heç kim, o cümlədən də Hüseyn Qudi 2.7 - 2.8 milyon ABŞ dolları məbləğində pulunun boş yerə mənimsənilməsinə göz yuma bilməzdi. Hüseyn Qudinin Azərbaycanla yaxşı əlaqələri olub. Vidadi 2012-ci ilin aprelində MTN-ə aparılmasını və orada 1 milyon dolların əvvəl 675 min, daha sonra isə 40 mininin alınmasını çox məharətlə düzüb-qoşub. Onun bu qədər pulu alınmış olsaydı nə üçün 3 il, 3 aydan sonra şikayət edirdi? Eldar Mahmudov 2012-ci ilin aprelində də, 2015-ci ilin iyun ayında da milli təhlükəsizlik naziri idi. Hesab edirik ki, V.Əziz Hüseyn Qudinin pulu qaytarmaq tələblərinə dözməyib, MTN-də guya pulunun alınması barədə şikayətlər verməklə gözdən pərdə asmaq yolunu tutub. Heç şübhəsiz ki, inandırmaq üçün şikayətlərinin sürətlərini Hüseyn Qudiyə də göndərib. Ancaq bunlar Hüseyn Qudini qane etmədiyi üçün o 2016-cı ilin fevral ayında Vidadi Əzizə sonuncu xəbərdarlığını göndərib.
İddia olunur ki, belə qondarma işi düzüb-qoşmaq Vidadi Əzizin ağlının məhsulu ola bilməzdi: “Şübhəsiz ki, ona bu planı Mustafa Kukeyb adlı Türkiyə vətəndaşı olan dostu – dələduzluq şəriki və Hacıyev Araz Telman oğlu kimi tanıdığım iş adamıdır. Mustafa Kukeybin Türkiyə milli təhlükəsizlik orqanının keçmiş əməkdaşı olduğunu V.Əziz özü deyibmiş (dediyi adam bizə bəllidir, sadəcə tələb edir ki, adını çəkməyək - red). Hətta bildirdi ki, tikinti işi ilə məşğul olan Xanlar Cəfərovun binasından satdığı mənzillərin pulundan 630 min ABŞ dollarını Türkiyədəki biznesini (?!) inkişaf etdirmək üçün Mustafa Kukeybə göndərib. M.Kukeyb də həmin pulla almaz - brliyant gətirmək üçün Fil Dişi Respublikasına gedib. Lakin hava limanında Fil Dişi Respublikası təhlükəsizlik orqanları əməkdaşları onu saxlayıb, pullarını alıbar”.

Haşiyə: Necə ki, 2012-ci ilin aprelində V.Əzizi də Azərbaycan MTN-ni belə saxlayıb pulunu əlindən “almışdı”. Oxşar ssenaridir, elə deyilmi?

V.Əzizin adını çəkmək istəmədiyimiz yaxınının müraciətindən oxuyuruq: “2011-ci ilin noyabr ayından guya İrana soya idxalı əməliyyatından 12 milyon evro qazanc əldə edən Vidadi Əziz necə olur ki, elə həmin ildə vətəndaş nikahında yaşadığı Təranə Əhmədovanın adına olan mənzili (Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 40 ünvanı) girov qoymaqla Gürcüstan vətəndaşından 60 min dollar məbləğində borc alır, qaytara bilmir, əvəzində isə evi məhkəmə yolu ilə borcu olduğu adama verir? Bundan başqa, 2009-2010-cu ildə V.Əziz ata tərəfdən qohumu, Goranboy rayonunun Xanqərvənd kənd sakini, diş həkimi Qurbanov Vilayət Firuddin oğlundan 12 min ABŞ dolları, onun qudası Şirinov Zabit Yusif oğlundan isə 18 min ABŞ dolları alaraq onlara Bakı şəhərində torpaq alacağına dair söz verir. Hər iki şəxs 2016-cı ildə Vidadi Əzizin vəkili Fəxrəddin Məmmədova zəng vuraraq pullarının geri qaytarılması üçün onlara kömək etməsini xahiş edirlər. F.Məmmədov isə onlara kömək edə bilmir. Çünki Vidadi Əziz və borclularının gözlədiyi məhkəmə prosesi onların xeyrinə getmirdi, iddialar əksini tapmırdı”.

Və yaxud da böyük biznesdə olduğunu iddia edən Vidadi Əziz 27 may 2010-cu ildə Bakı şəhər sakini Kazımov Telman Xanəhməd oğlundan notarial təsdiqli borc müqaviləsinə əsasən 100 min ABŞ dolları məbləğində pul alır. Pulu alanda Telman Kazımovu inandırır ki, Türkiyədə böyük iş qurur və 3 aydan sonra artıqlaması ilə geri qaytaracaq. Lakin pulu qaytara bilmir. 2016-cı il, 08 noyabr tarixində Sumqayıt şəhər Məhkəməsi Telman Kazımovun xeyrinə qərar çıxarır.

Necə olur ki, milyon dollarlar qazanan V.Əziz 2010-cu ildə “RabitəBank”dan götürdüyü krediti 26.10.2017-ci il tarixinə qədər ödəyib qurtara bilmir, Nərimanov rayon icra şöbəsindən bildiriş daxil olur ki, V.Əziz kredit borcunun qalan 207 manat və 20 manat dövlət rüsumunu dərhal ödəməlidir?

Əlbəttə, Vidadi Əzizlə bağlı suallar və müəmmalar bununla bitmir....

Vidadi Əziz insanları necə aldadırmış:
şəhid qardaş, mömin müsəlman, hədisi-şəriflərdən seçmələr...

Vidadi Əziz çox məharətlə özünü din adamı – mömin kimi göstərməyi də bacarırmış. O namaz qılır, oruc tutur, Peyğəmbər və imamlardan hədisi - şəriflər nəql edərək hər kəlməsində “maşallah”, “inşəallah”, “sübhanallah” təkbirləri gətirərək özü haqqında müsbət rəy formalaşdırırmış.

Əlimizdə olan izahatda V.Əziz “beynəlxalq səviyyəli dələduz” adlandırılır, onun insanları necə aldatmasının başqa bir “düsturu” da açıqlanır. Qeyd edilir ki, V.Əziz özünü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, İranın SEPAH təşkilatının komandanı Məhəmməd Əli Cəfəri, Azərbaycanın yüksək çinli məmurlarının (nazir Azad Rəhimov, Cavid Qurbanov) yaxın dostu və biznes ortağı kimi təqdim edərək insanların etibarını qazanır və onların əmlakını ələ keçirirdi.

2015-ci ildə Vidadi Əziz özünü şəhid qardaşı kimi təqdim edərək KİV-lərə müsahibələr verməyə başlayır (https://www.bizimyol.info/news/64656.html?fbclid=IwAR2ttRNr-q8_-OrTDEZCwyFNCtVkCclvCTKiZTFw_rww5ITlfOarvQCxfMU).

Hətta ölkə Prezidentinə və hüquq-mühafizə orqanlarına ünvanladıqları şikayət məktublarında da özünü şəhid ailəsi kimi təqdim edir (həmin dövrdə mətbuatda gedən bütün informasiyalarda şəhid ailəsi kimi təqdim olunur). Lakin çox keçmir ki, “MTN işi” ilə bağlı məhkəmə prosesində V.Əzizin şəhid adlandırdığı qardaşı Mübariz Əzizovun heç də şəhid olmadığı sənədlərlə sübuta yetirilir. Məlum olur ki, V.Əzizin qardaşı Mübariz Əzizov 2005-ci ildə bölük komandiri işlədiyi hərbi hissələrin birində söyüş söydüyü rota komandiri tərəfindən güllələnib. Onu güllələyən rota komandiri də 11 il azadlıqdan məhrum edilib.

Vidadi Əzizin “qurbanları”

Yuxarıda qeyd etdiyimiz kimi, Vidadi Əziz insanları müxtəlif yollarla aldadırmış. Kiminə torpaq vəd edirmiş, kimini işə düzəldirmiş, bir başqaları ilə də guya şərik ticarət qururmuş... Onların siyahısı çox uzundur, bəzilərini V.Əzizin biznesinin “inkişaf etdiyi” dövrdə - 2010 - 2012-ci illərdə baş verdiyini qısa ixtisarlarla yuxarıda 3-4 epizod üzrə qeyd etdik. İnsanların əmlaklarının mənimsənilməsi halları 2015-ci ildən 2017-ci ilə kimi də fasilələrlə davam edir. Pulları mənimsənilən insanlara isə vəd verirmiş ki, “MTN işi”ndə dövlətdən alacağım 1 milyon 200 min manatdan sizin də pullarınızı qaytaracağam! Bütün bu hadisələr, borclu olduğu insanlarla dava-dalaşa şahidlik edən onun yaxını aidiyyatı orqanlara müraciətində bu barədə geniş bəhs edir.

- 2015-ci ilin noyabrında Bakı şəhər sakini Cəbrayılova Heyranə Ərşad qızını aldadaraq 2016-cı ilin fevralın 20-də qaytarmaq şərtilə onun tanışı Əliyev Zəfər Əlisahib oğlundan 40 min dollar məbləğində borc alır. Lakin vaxt tamam olur, pul qaytarılmır.

- 2016-cı ildə Türkiyədə səfərdə olan “iş adamı” V.Əzizin pulu qurtarır, otel xərclərini belə ödəyə bilmir. Bu zaman təsadüfən rastlaşdığı Məryəm adlı əslən Bakılı bir xanıma özünü “Marxal” restoranının sahibi kimi təqdim edir və ondan 3 min dollar borc alır. Bildirir ki, Azərbaycana qayıdan kimi aldığı borcu artıqlamasıyla qaytaracaq, bu yaxşılığı da heç vaxt unutmayacaq. Borc aldığı Məryəm xanım da pulu Bakıda yaşayan bacısı Almaz xanıma verməyi xahiş edir. Lakin V.Əziz Bakıya qayıdan kimi Məryəm xanımın yaxşılığını “unudur”. Baxmayaraq ki, bir müddət sonra Bakıya gələn Məryəm xanım Vidadini tapır və etdiyi yaxşılığı ona burda yazılası mümkün olmayan sözlərlə xatırladır.

- 2016-cı ilin fevral ayında Vidadi Əzizin sürücüsü Əliyar Abdullayev qızının toy və cehiz xərclərini qarşılamaq üçün 23 min manata satdığı bağının pulu da müdiri tərəfindən mənimsənilir. V.Əziz Əliyar Abdullayevdən 1-2 aylığına borc olaraq aldığı 23 min manatı geri qaytarmır. Bu barədə vəkili Fəxrəddin Məmmədov da ondan xahiş edir, lakin heç bir əhəmiyyəti olmur.

- 2016-cı ilin yayından başlayaraq V.Əziz bina tikintisi ilə məşğul olan Xanlar Cəfərovla tanış olur. Bu tanışlıqdan sui-istifadə edən Vidadi Xanların Bakı şəhəri, 9-cu mikrorayonda tikdirdiyi 21 mərtəbəli binadan 8 mənzilini ayrı-ayrı şəxslərə sataraq pulunu mənimsəyir. 2017-ci ilin iyun ayında Vidadi vəkili Fəxrəddin Məmmədova bildirir ki, Xanlar onu polisə şikayət edib, iş müstəntiq Mehman Ələsgərovun icraatındadır. Vəkildən onunla bərabər polisə getməsini xahiş edir, F.Məmmədov isə onunla polisə getməkdən imtina edir.

Lakin sonradan V.Əzizin atasının xahişi ilə F.Məmmədov 06 iyul 2017-ci ildə onunla Binəqədi polisində olur. Orda məlumat alır ki, V.Əziz Xanlar Cəfərova məxsus 8 mənzilin pulunu – 830 min manatı mənimsəməklə yanaşı, ondan əlavə olaraq 50 min manat da borc alıb. Bu pulun 500 min manatını 2017-ci ilin avqust ayının 10-na qədər qaytara bilməyəcəyi təqdirdə, “Gənclik” metrosunun yaxınlığında yerləşən “Marxal” restoranını Xanlar Cəfərova verəcək. Əslində isə “Marxal” adlı restoran yoxdur, “Stadion” adlanan sözügedən kafe Tofiq Bəhramov adın Respublika Stadionunun balansındadır. Həmin kafeni də 20 ildən çoxdur ki, əslən Şəki rayonundan olan Qəzənfər adlı bir nəfər icarəyə götürüb işlədir. Qəzənfər Şəkidəki “Marxal” adını kafenin bir tərəfinə yazaraq yerlilərinin diqqətini cəlb etməklə müştəri toplayır. V.Əziz də həmin bu kafeni Qəzənfərlə bərabər işlətdiyi üçün hər kəsə “mənimdir” deyir. Sonra da Xanlar Cəfərova borcunun 250 min manatı müqabilində “peşkəş” edir.

20.08.2017-ci il tarixdə Vidadi Əziz barəsində AR CM-nin 178.3.2 maddəsi ilə cinayət işi başlanılır. Müstəntiq Mehman Ələsgərovun 09.09.2017-ci il tarixli başqa bir qərarı ilə Vidadi Əziz təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilir. Hər iki qərarın məzmunundan belə məlum olur ki, Vidadi Əziz etibardan sui-istifadə etmə və aldatma yolu ilə, yəni dələduzluqla 2016-cı ilin mart-aprel aylarında Cəfərov Xanlar Məhəmməd oğluna Dubay Əmirliyində yükdaşıma biznesi quracağını vəd verib onu aldatmaqla daha 50 min ABŞ dollarını (82 min 280 manat) mənimsəyib. Bundan başqa Xanlar Cəfərovun tikdiyi binadan satdığı 8 mənzilin 830 min manatını və borc olaraq aldığı 50 min manat, həmçinin 2015-ci ilin noyabrında Heyranə Cəbrayılovadan aldığı 40 min ABŞ dolları ilə bağlı da cinayət işi başlanılıb.

Artıq iş-işdən keçmişdi və 09 sentyabr 2017-ci ildə Vidadi Əziz barəsində həbs-qəti imkan tədbiri seçilir. 12 sentyabr 2017-ci ildə isə həbs-qəti imkan tədbiri ev dustaqlığı ilə əvəz edilir. Təbii ki, 1 milyona yaxın pulu mənimsənilən Xanlar Cəfərov ev dustaqlığı qərarı ilə razılaşmır, apelyasiya şikayəti əsasında 22 sentyabr 2017-ci il tarixdə Vidadi Əziz barəsində yenidən həbs-qəti imkan tədbiri seçilir. Lakin növbəti müəmmalı sövdələşmələr, söz vermələr, aldatmalar onu yenə də həbsxana kandarından xilas edir.

Bütün baş verənlərə baxmayaraq Vidadi Əziz insanları aldatmaqdan əl çəkmir. Belə ki, 2017-ci ilin yanvar ayında Vidadi Əziz Ağammədov Elşən Əli oğlunu “SOKAR”-ın Mühafizə İdarəsində növbə rəisi vəzifəsinə düzəldəcəyini vəd edərək 15 min manat pulunu mənimsəyir.

2016-cı ildə Azərbaycan mətbuatına açıqlama verən RF vətəndaşı, Dağıstan sakini İradə Kərimova bildirir ki, Vidadi Əziz və Araz Hacıyev ondan (60 min dollar), Xəzər Qurbanovdan (300 min dolar), Vüqar Saramanovdan (530 min dollar) və yuxarıda adını qeyd etdiyimiz Telman Kazımovdan (100 min dollar) üst-üstə 990 min ABŞ dolları məbləğində pul alıblar.

Yaxşı bəs, mənimsənilən bu qədər pullar harada “itirilib - batırılıb”?

Əlbəttə, söhbət İran – Dubay - Bakı marşrutu ilə həvalə yolu ilə əldə olunan 3 milyon dollar və Azərbaycanda müxtəlif insanlardan borc, işədüzəltmə adı altında alındığı iddia edilən 1,5 milyon manatdan çox puldan gedir. Bu pulların bir hissəsinin alındığını Vidadi Əziz məhkəmədə özü də təsdiq edir. Məsələn, “MTN işi”ndə hakimin suallarına cavabında Vidadi Əziz əlavə 2 milyon dolların da həvalə yolu ilə əldə olunduğunu təsdiqləyir. Bu pulların da bir hissəsini Moskvaya Saqit, Andrey və Azər adlı soyadları bəlli olmayan adamlara göndərib, qalanını isə özünə götürüb.

Azərbaycanda insanlardan borc və görəcəyi işlərin müqabilində aldığı 1,5 milyon manatdan çox pulu isə hara xərclədiyi qeyri-müəyyəndir. Əlimizdə olan İzahatda bildirilir ki, Vidadi Əziz bu pulların bir hissəsini – 630 min ABŞ dollarını Türkiyədə guya onun üçün iş quran Mustafa Kukeybə göndərib, qalan pulu isə vətəndaş nikahında olduğu Əhmədova Təranə Firuddin qızının adına Bakıda bir neçə mənzil alıb, Goranboy şəhərində villa tikdirib, torpaqlar əldə edib, ferma təsərrüfatları yaradıb.

Əldə etdiyimiz müraciətdə o da qeyd olunur ki, Vidadi Əzizin öz adına heç bir əmlak yoxdur, bütün əmlakı həyat yoldaşı Təranə Əhmədovanın adınadır. Özü isə xanımı ilə rəsmi nikahda deyil, hətta şəxsiyyət vəsiqəsində də “subay” yazılıb. Bunu qəsdən edir ki, həbs olunacağı təqdirdə əmlakı müsadirə olunmasın. V.Əziz həm də tez-tez qeydiyyat ünvanını dəyişir. Belə ki, Vidadinin 2015-ci ilin aprel ayınadək Sumqayıt şəhərində pasport qeydiyyatında qalması, faktiki olaraq Nərimanov rayonu Ə.Əlizadə küçəsi, ev 40 ünvanında yaşaması, həmin ünvandakı 3 nömrəli mənzildə indiyədək bütün ailə üzvlərinin qeydiyyatda qalması, 2015-ci ilin aprelindən sonra Nərimanov rayonu Aşıq Molla Cümə küçəsi ev 7A, mənzil 1 ünvanında qeydiyyata düşməsi, həmin mənzilin də Çıxarışının Təranə Əhmədovanın adına olması dediklərimə sübutdur.

Yuxarıda qeyd etdiyimiz kimi, yazıda qeyd olunan, lakin adı açıqlanmayan müraciət və İzahat sahibi əlaqə saxladıq. Müraciəti ilə bağlı hansı yeniliklərin olub-olmaması ilə maraqlandıq. Lakin həmin adam mətbuata bu barədə heç nə demək istəmədiyini söylədi.

Belə olan halda Vidadi Əzizlə əlaqə saxlamağa çalışdıq. Bir həftə ərzində hər gün 5-6 dəfə davamlı işlətdiyi mobil nömrəsinə zəng edib, mesaj yazaraq suallarımızı göndərsək də heç bir reaksiya görmədik. V.Əzizə məxsus konkret bir şirkət, ofis də yoxdur ki, ən azı elektron resurslardan istifadə edib əlaqə yarada bilək. Lakin bütün hallarda V.Əzizə haqqında səsləndirilən ittihamlara cavab vermək üçün şərait yaratmağa hazırıq. (xəzərnews)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar