1956-cı ilin fevral ayında keçirilən Kommunist Partiyasının 20-ci qurultayında Nikita Xruşov Stalinin adının üstündən birdəfəlik xətt çəkəndə, bütün repressiyaların baş müəllifinin Stalin olduğunu bəyan edəndə, şəxsiyyətə pərəstiş məsələsini qabardanda bu hadisə ölkədə heç də birmənalı qarşılanmayıb
Məsələyə mənfi münasibəti olanların sayı 100 minləri keçsə də, Tiflisdən başqa nə Moskvada, nə də SSRİ-nin digər böyük şəhərlərində kütləvi etirazlarla bağlı ciddi bir hadisə qeydə alınmayıb.
Xruşovun qurultaydakı İosif Stalinin əleyhinə olan gözlənilməz sərt çıxışı Gürcüstanda böyük siyasi dalğalara səbəb olub. 1956-cı ilin mart ayında minlərlə Gürcüstan vətəndaşı Tiflisin küçələrinə çıxaraq Xruşovun çıxışına qarşı etirazlarını bildiriblər. Hiddətlənmiş kütləni sakitləşdirə və nümayişlərin qarşısını ala bilməyəndə, elə Xruşovun göstərişi ilə etirazçıları silahlarla susdurublar. Daxili qoşunların nümayişlərə müdaxiləsi nəticəsində 22 nəfər (əksəriyyəti tələbə) həlak olub.
Hadisə ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib, kütləvi informasiya vasitələrində bir cümlə ilə olsa belə, heç bir xəbər yazılmayıb. Baş vermiş olayın SSRİ hüdudlarından kənara çıxmaması üçün DTK bütün gücü ilə səfərbər olunub və beləliklə də bu qanlı hadisə tarixin arxivinə göndərilib.
Sözsüz ki, baş verən hadisə SSRİ-nin birinci kürsüsündə əyləşən Xruşovun siyasi imicinə böyük zərbə vurub. Siyasi Büro üzvlərindən özündə cəsarət tapıb, Xruşovu tənqid edənlər də tapılıb. Xruşovun bu tənqidlərə reaksiyası isə daha sərt olub və o, gürcüləri Orta Asiyaya deportasiya etmək fikrini söyləməkdən də çəkinməyib.
Kremldən sızan informasiyaları, Xruşovun ağlasığmaz siyasi gedişlərini nəzərə alan gürcülər təbii ki, Moskvanın Tiflisə olan bu münasibətinə biganə qalmayıblar.
1961-ci ilin may ayında Xruşovun Gürcüstana səfəri planlaşdırılanda dörd nəfər gürcü də öz əməliyyatlarını planlaşdırmağa başlayıblar. Belə ki, onlar Stalinin və Gürcüstanın qisasını almaq üçün Xruşovun Tiflisə səfərini ən münasib vaxt sayıblar və rəhbərə sui-qəsdlə bağlı hazırlıq işlərinə start veriblər.
Səfərə bir ay qalmış həyata keçiriləcək sui-qəsdin planı cızılıb. Son variant olaraq, yerli əhali ilə görüşü zamanı Xruşovun üzərinə əl qumbarası atmaq nəzərdə tutulub.
Başçıları Otari Mikvabişvili olan dörd nəfərlik qrup əməli işə keçiblər. Onlar əvvəlcə Xruşovun Tiflisdə olacağı yerlərin, görüş məkanlarının bütün variantlarını götür-qoy ediblər. Bütün mümkün variantlarda vaxtında mövqe seçmək üçün qrup arasında bölgü aparılıb.
İkinci əsas məsələlə əl qumbarasının əldə edilməsi olub. Qrup üzvləri bu işə milliyətcə gürcü olan və hərbi hissədə gizir kimi xidmət edən köhnə tanışlarından birini cəlb ediblər. “Köhnə tanış” kiçik bir məbləğin müqabilində dostlarının arzusunu yerinə yetirib.
Təbii ki, Xruşovun Gürcüstana səfərindən öncə xüsusi mühafizə qrupları təhlükəsizlik məsələləri ilə bağlı əvvəlcədən Tiflisə gəliblər. Elə bu ərəfədə silah-sursatların əldə olunduğu hərbi hissədən DTK əməkdaşlarına hissənin silah anbarından əl qumbaralarının çıxarılması haqqında məlumat daxil olub. DTK əməkdaşlarının və Moskvadan gəlmiş xüsusi mühafizə qrupunun həyata keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində Otari Mikvabişvili və onun başçılıq etdiyi qrup 17 saat ərzində ələ keçirilib.
Qrup üzvləri həyata keçirəcəkləri sui-qəsdi elə həmin gün etiraf etdiklərindən istintaq çox da uzun çəkməyib. Xruşovun səfərinə qədər məhkəmə Otari Mikvabişvilini ən ağır cəzaya - ölüm hökmünə, digər üç nəfəri isə 15 il, 12 il və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum edib.
Nikita Xruşovun Gürcüstan səfəri əvvəlcədən planlaşdırıldığı kimi, protokol qaydalarına uyğun və heç bir insident olmadan keçib.
Yerli sakinlərlə görüşü zamanı yaşlı bir qadın Xruşovun qarşısına atılmağa cəhd edəndə və mühafizəçilərin maneəsinə rast gələndə, Xruşov həmin qadının onun yanına buraxılmasına göstəriş verib. Həmin qadın Otari Mikvabişvilinin anası olub və o, rəhbərdən oğlunun ölüm hökmünün 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilməsini xahiş edib. Bu dəfə Nikita Xruşov öz mərhəmətini gürcü anadan əsirgəməyib. Və cəza növü dəyişdirilib.
Stalinin qisasını almaq istəyən qrupun üzvləri həbsxanada çox qalmayıblar. 1964-cü ildə Xruşovu hakimiyyətdən yola salanda, onları da həbsxanadan azadlığa yola salıblar...(musavat.com)
pia.az