Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Generalların görüşündən hansı nəticə alındı?  

Xeyirli olsun, NATO və Rusiya biri-birinə daha bir dəfə əl uzatmağa çalışdılar. Özü də başqa yerdə yox, məhz bizim Bakıda

Bəli, bu həftə Bakıda NATO-nun və Rusiyanın hərbi rəhbərliyinin yüksək rütbəli təmsilçilərinin görüşü keçirildi.

Ümid edirik ki, heç olmasa, bu dəfə rusiyalı təhlilçilər analizlərində “General V.Gerasimov Bakıda NATO generalını qəbul etdi” yox, “Bakıda RusiyaNATO generallarının görüşü keçirildi” yazacaqlar.

Ola bilsin, hazırlıqsız oxucu üçün bu məqam bir az önəmsiz görünəcəkdir, amma əslində isə belə deyil. Məsələ bundadır ki, artıq rusiyalı jurnalistlər də birdəfəlik qəbul etməlidirlər ki, Bakı daha çarın vaxtında olduğu kimi Rusiya imperiyasının onlarla quberniyasından biri deyil, nə də indinin özündə də Ermənistan kimi “Kremlin Cənubi Qafqazdakı forpostu” adlanmır, kiçik və post-sovet ölkəsi olsa da, özünə görə tamam müstəqil xarici siyasəti olan bir dövlətdir.

Rusiyalı təhlilçilər də məsələni şərh edərkən vurğunu imkanları daxilində belə görüşlərin məzmununa və missiyasına etməli və özlərinə sərf edən, xüsusən də imperialist dairələrin zövqünü oxşayan təqdimatla məşğul olmamalıdırlar.

Əlbəttə, görüşün bilavasitə nəticələrinə gələndə, biz də razıyıq ki, dünyanın iki aparıcı hərbi vektoru arasındakı ziddiyyətlər o qədər dərinləşib ki, onları hərbi diplomatiya təmsilçiləri deyil, bilavasitə bununla bağlı siyasəti formalaşdıran yüksək ranqlı siyasətçilər həll edə və iki hərbi-siyasi qütb arasındakı ziddiyyətləri azacıq da olsa azalda və heç olmasa, izafi gərginliyi götürə bilərlər.

Amma bununla belə iki qütbün təmsilçiləri arasında birbaşa kontaktlar ən azı preventiv diplomatiya baxımından önəmlidir, çünki belə təmaslar tələsik və axıradək düşünülməmiş qərarların qəbul edilməsinin qarşısnı ala, dünyanın ən müxtəlif sektorlarında lokal qarşıdurmaları istisna edə bilərlər (Qara və Azov dənizlərində baş vermiş son olayları düşünürük ki, yada salmaq yetər burada).

Əlbəttə, bizim üçün ən vacib məqam odur ki, dünyanın iki əsas güc mərkəzi növbəti görüş üçün də Bakını seçdilər və bu heç də təsadüfi bir xarakter daşımır, əksinə bir daha göstərir ki, NATO da, Kreml də Bakının geosiyasi oriyentasiyasına və missiyasına, hərbi-siyasi kursuna hörmət və həssasıslıqla yanaşırlar.

Bəzən belə fikirlər səslənir ki, Qərb, o cümlədən də ABŞ guya keçmiş sovet ölkələrinin hərbi təhlükəsizliyilə bağlı çabalarına yetərincə diqqət ayırmırlar, çünki bu müstəvidə Rusiya ilə toqquşmaqdan çəkinirlər.

Amma ki, bu, çox səthi yanaşmadır. Baltik ölkələrini bir tərəf qoysaq belə, məsələn, Gürcüstanda demək olar ki, ABŞ hərbi baza statusunda təmsil olunub və Qərbin regionla bağlı bütün hərbi tədbirləri bu ölkədə keçirilir.

Eləcə də Azərbaycanı götürsək, generalların görüşünün Bakıda keçrilməsini də bu cür yozmaq olar ki, NATO ölkələri, o cümlədən də ABŞ Bakının hərbi-siyasi seçiminə çox böyük önəm verir və incə hərbi-diplomatik üsullarla elə Kremli də buna vadar etməyə çalışırlar.

Odur, artıq bu geosiyasi model də cəlbedici görünür və nəinki region dövlətlərinə, ümumiyyətlə, keçmiş sovet sektorunun hərbi-siyasi seçim baxımından hələ də sonadək müəyyənləşməmiş ölkələrinə maraqlı gəlir.

Xüsusən də Ermənistanda belə çabalar duyulur, çünki “məxməri inqilab”dan sonra ölkədə qərbçi təmayüllər xeyli güclənib və hətta bəzən belə suallar da səslənir ki, niyə görə İrəvan Bakı kimi balanslaşdırılmış siyasət apara bilməz?

Səbəblər çoxdur və xeyli müxtəlifdi. Əvvala, balanslaşdırılmış siyasət heç də ölkənin “iki stulda oturması”, “geosiyasi şpaqat” açması demək deyil. Bunun üçün ölkə həqiqətən də müstəqil olmalıdır. Ermənistanın haqqında isə bunu demək olmur, ölkə nəinki KTMT-nın üzvüdür, hətta ərazisində Rusiyanın hərbi bazaları da var.

Balanslaşdırılmış bir siyasət aparmaq üçün ölkə KTMT-nı tərk etməli, rus hərbi bazalarının fəaliyyətinə son verməlidir. Amma bu asan və ya ayaqüstü iş deyil, ən yaxşı halda bunun üçün zaman tələb olunur. Özü də burada hər şey İrəvanın arzusundan asılı deyil, Kremlin də müqavimətini nəzərə almaq lazımdır– Moskva buna mütləq mane olacaqdır və İrəvanın Qərbə yönəlik çabalarının qarışısnı almağa çalışacaq.

Buna qarşı “immunitet” nümayiş etdirmək üçün ölkə həqiqətən də iqtisadi cəhətdən müstəqil olmalıdır, əks təqdirdə nə Kreml, hətta nə də Qərbin maliyyə dairələri onun “suverenlik oyunları”na imkan verməzlər.

Düşünürük, burada Azərbaycanla Ermənistanın iqtisadi imkanlarını müqayisə etməyə ehtiyac yoxdur – hər şey göz önündədir. Amma ki, bir məsələni qeyd etməmək olmur: bir anlığa yada salaq, görək, həqiqətən də müstəqil olmaq üçün Azərbaycan hansı çətinliklərdən və sınaqlardan keçməli oldu? Burada siyasi kataklizmləri (dirijor və ya rejissor rolunda Kreml çıxış edir, icraçılar isə özümüzünkülər olurdular), iqtisadi təzyiqi və şantajları yada salmamaq olarmı?..

Bundan savayı, Ermənistanın həqiqi suverenləşməsi yolunda daha bir maneə var ki, bu da hələ də işğal altında qalan Dağlıq Qarabağdır. Belə ki, məhz Moskvanın köməyilə illərdir ki, İrəvan Azərbaycanın bu ərazisini nəzarətində saxlayır, əks halda Azərbaycan dərhal özünün ərazi bütövlüyünü və suverenliyini bu ərazilərdə də bərqərar edərdi.

Görünür, İrəvanda bütün bunların fərqindədirlər. Üstəlik, yeni siyasət haqqında danışmaq da hələ tezdir, çünki onun ifadəçisi – yeni hökumət hələ qurulmayıb. İndi yalnız Nikol Paşinyanın ziddiyyətli, biri-birini az qala, təkzib edən bəyanatlarını dinləmək qalır.

Amma bununla belə siyasətdə əvvəlki dövrlərlə müqayisədə böyük fərqlər duyulur: Qərblə münasibətlərin Rusiya ilə münasibətlərə bərabər tutulması belə Ermənistan üçün yeni hadisədir.

Aydın məsələdir ki, Kreml belə simmetrik münasibətlərə heç bir vaxt razı olmaz. Bir detala diqqət edin ki, Rusiya prezidenti hələ də N.Paşinyanı seçkilərlə bağlı təbrik etməyib. Üstəlik, V.Putinin ən yaxın dairəsinə aid olan politoloqlardan biri maraqlı bəyanat verdi: biz Kremlə yaxın adamları Paşinyanın öz komandasından da tapa bilərik...

Odur ki, Paşinyan “geosiyasi şpaqat” nümayiş etdirə bilməyəcəkdir - ən azı indki siyasətlə bunu etmək mümkün görünmür. Yox, əgər o, özünün regional siyasətini dəyişərsə, Azərbaycanla və Türkiyə ilə münasibətləri sahmana salarsa, xüsusən də Dağlıq Qarabağ problemilə bağlı on illərlə yürüdülən axmaq siyasətə son verərsə, o halda çox şey dəyişər və məlum olar ki, Kreml heç də düşünülən qədər hər şeyə qadir deyil, lazım gələrsə onun özünə qarşı da təzyiq vasntəsi tapmaq olar...(musavat.com)

Hüseynbala Səlimov

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar