Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: “Ermənistanda stabillik məsələsi kövrək məsələ olaraq qalacaq” - Müsahibə

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Paşinyan mütləq mənada çox ciddi iqtisadi və siyasi addımlar atmalıdır ki, ən azından onu dəstəkləyən xalqın istədiklərini onlara verə bilsin”

“Bu seçkilər bir daha göstərdi ki, Qarabağ klanının Ermənistanda ciddi mənada nə dəstəyi, nə də artıq siyasi imkanları yoxdur”.

Ötən gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələri açıqlanıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi məlumatına əsasən, hazırda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Mənim addımım” bloku 70,43% (884 min 456) səslə qələbə qazanıb.

"Çiçəklənən Ermənistan" 8,27% (103 min 824), "İşıqlı Ermənistan" 6,37% (80 min 24) səs toplayıb. Sabiq prezident Serj Sarkisyanın lideri olduğu Respublika partiyası isə 4,7 faiz səs toplayaraq 5 faizlik həddi keçə bilməyib.

Qeyd edək ki, dekabrın 9-da Ermənistanda keçirilən parlament seçkilərində seçicilərin 48,63 faizi səsvermə prosesində iştirak edib. Bu, indiyədək Ermənistan tarixində ən aşağı nəticədir.

Xatırladaq ki, aprel ayında ölkəyə 10 il prezidentlik edən Serj Sarkisyanın konstitusiyada dəyişiklik etdikdən sonra Baş nazir olaraq hakimiyyətdə qalmasına etiraz edən on minlərlə vətəndaş korrupsiyaya qarşı mübarizə və demokratiya kimi tələblərlə mitinqlər keçirildi.

Qeyd edək ki, Sarkisyanın istefasına səbəb olan nümayişlərə liderlik edən Paşinyan 105 yerlik parlamentdə partiyasının cəmi 9 üzvünün olmasına baxmayaraq, səs çoxluğu ilə Baş nazir seçildi.

Paşinyan ölkədə növbədənkənar seçkilərin keçirilməsi tələbi ilə oktyabr ayında Baş nazir vəzifəsindən istefa verdi. Bundan sonra parlamentdə iki səsvermə keçirildi, lakin Baş nazir vəzifəsinə seçilən olmadı.

Dekabrın 9-da isə növbədənkənar parlament seçkilərinin keçirilməsinə və Paşinyanın bu müddətdə müvəqqəti olaraq Baş nazir vəzifəsini icra etməsinə dair qərar qəbul olundu.

Dünən keçirilən seçkinin nəticələrində diqqətçəkən nüanslardan biri də Respublikaçılar Partiyasının və Daşnaksütyun Partiyasının parlamentdən kənarda qalmasıdır. Qeyd edək ki, hər iki partiya 20 ildən artıq müddətdə Ermənistan parlamentində təmsil olunurdular və Respublikaçılar Partiyası eyni zamanda 20 ildən atrıq müddətədə Ermənistanı idarə edirdi. Radikal millətçi təmayüllü Daşnaksütyun Partiyası isə hakim partiyanın əsas müttəfiqlərindən biri hesab olinurdu. Lakin bu ilin əvvəlində Ermənistanda baş verən məxməri inqilab zamanı Daşnaksütyun Partiyası Paşinyanı müdafiə etdi. Bu da təbii ki, Daşnaksütyun Partiyasının Qərb ölkələrində olan diaspor təşkilatlarla geniş əllaqələri ilə bağlı idi.

Natiq Miri: “Bu gün demək olar ki, Paşinyan siyasi gücü alternativsiz və müxalifətsiz parlametdə təmsil olunacaq”.

Dünən Ermənistanda baş tutan seçkilərin nəticələri ilə bağlı PİA.az Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Mirinin fikirlərini öyrənib. Politoloqla olan müsahibəni təqdim edirik:

- Natiq müəllim, Ermənistanda keçirilən seçkilərdə fəallıq aşağı olsa da, Paşinyan önəmli qələbə qazandı və demək olar ki, parlamentdə mütləq çoxluğa sahib oldu. Bu seçkilərin Ermənistana sabitlik gətirəcəyini düşünürsünüzmü?

- Düşünürəm ki, parlamentdə çoxluğu əldə edən Paşinyan hakimiyyətdə, ayrıca Ermənistanda ən azından həm legitimlik baxımından, həm də iqtidar baxımdan köklərini daha dərinlərə nüfuz etdirə bildi. Yəni bu Paşinyan üçün çox önəmli siyasi bir amil idi. Çünki bildiyimiz kimi parlamentə cəmi 3 siyasi partiya seçilib. Digər siyasi partiyalar da demək olar ki, Paşinyanla müəyyən mənada bir növ dost partiyalardır. Həmçinin əsas müxalifətdə olan Sərksyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası və Daşnaksütun Partiyası parlametə girə bilmədi. Yəni bu gün demək olar ki, Paşinyan siyasi gücü alternativsiz və müxalifətsiz parlamentdə təmsil olunacaq. Bu da gələcəkdə seçiləcək hökumətin strateji qərarları çox rahatlıqla parlametdə ala biləcəyi anlamına gəlir. Bu çox önəmli siyasi amildir və bu amil yeni hökumət üçün müəyyən imkanlar açır.

Sabitlik nöqteyi nəzərdən məsələyə yanaşanda isə deyə bilərəm ki, təbii ki, bu Paşinyan hökumətinin növbəti addımları ilə, qəbul edəcəyi qərarları ilə bilavasitə əlaqəli olacaq. Yəni ilk növbədə hakimiyyətin və eyni zamanda güc strukturlarının tamamilə yenidən formalaşması tendensiyasi baş verəcək. Burada da əsas hədəf ölkə daxilində ictimai-siyasi vəziyyətin, sabitliyin qorunub saxlanılmasından ibarət olacaq.

Təbii ki, paralel olaraq ən azından xalqın inamını doğrultmaq üçün mütləq mənada iqtisadi yöndə ciddi islahatlar və addımlar atılmalıdır. Bunun üçün Paşinyanın yeni maliyyə yastıqlarına ehtiyacı var. Bu maliyyə yastıqları da ənənəvi müttəfiq olan Rusiyada mövcud deyil və bu maliyyə yastıqlarını indiki çətin vəziyyətlərində qonşu İran da Ermənistana verə biləcək deyil.

Natiq Miri: “Əgər bundan öncəki seçkilərdə 60 faiz seçici iştirak etmişdisə, bu dəfə seçicilərin yalnız 48 faizinin iştirak etməsi onu göstərdi ki, Paşinyana verilən siyasi kredit tədricən tükənməyə doğru yönəlib”.

Buna görə də Ermənistana yeni maliyyə yastıqlarını verə biləcək ölkələr yalnız Qərbdə mövcuddur. ABŞ başda olmaqla, Avropa Birliyi ölkələri bu yöndə Ermənistana yardım edə bilər. Amma bunun üçün Paşinyan hökumətindən Qərbin ciddi gözləntiləri var. Bu gözləntilər kontekstində tədricən Rusiyanın orbitindən Ermənistanın çıxaması və Qərbə doğru ciddi inteqrasiya qərarlarının və addımlarının olması tələb ediləcək.

Bir daha qeyd edim ki, bu prosesdə həm də ciddi siyasi, iqtisadi islahatların aparılması da tələb olunacaq. Həmçinin bu məsələnin içərisində çox güman ki, Dağlıq Qarabağ probleminin həlli məsələsində də danışıqların intensivləşməsi və bu yündə konkret addımların atılması da, Paşinyan hökumətindən tələb olunacaq.

Bu yöndə yeni hökumətin atacağı qərarlardan sonra bəlli olacaq ki, Ermənistanda sabitlik nə səviyyədə qorunacaq. Açığı indiki vəziyyətdə Paşinyanın rəhbərlik etdiyi siyasi güc mərkəzi parlamentdə birmənalı qalib gəlsələr də, seçkilərdə iştirak edən seçicilərin sayının azlığı artıq Paşinyan siyasi güc mərkəzinə də erməni toplumu içərisində inamsızlığın olduğunu bilavasitə göstərdi. Yəni əgər bundan öncəki seçkilərdə 60 faiz seçici iştirak etmişdirsə, bu dəfə seçicilərin yalnız 48 faizinin iştirak etməsi onu göstərdi ki, Paşinyana verilən siyasi kredit tədricən tükənməyə doğru yönəlib.

Buna görə də Paşinyan mütləq mənada çox ciddi iqtisadi və siyasi addımlar atmalıdır ki, ən azından onu dəstəkləyən xalqın istədiklərini onlara verə bilsin. Bu məsələ gələcəkdə Ermənistanda sabitlik olub-olmaması məsələsini bilavasitə orataya qoyacaq. Yəni bu yöndə veriləcək qərarlar gələcək stabilliyi müəyyən edəcək. Çünki bu qərarlar sıradan bir qərarlar deyil. Bu qərarlar Ermənistanın tale yüklü qərarları olacaq ki, əslində sabitlik də məhz bu qərarlardan sonra müəyyənləşəcək.

- Niyə belə düşünürsünüz?

- Çünki bu qərarlar bir tərəfin xoşuna gələcəksə, digər bir dünya gücünün xoşuna gəlməyəcək. Yəni əgər bu məsələdə Paşinyan Qərbi məmnun etmək istəyəcəksə, bu illərdir Ermənistanın asılı olduğu Rusiyanın xoşuna gəlməyəcək. Düşünürəm ki, Ermənistanda stabillik məsələsi hələ bir müddət kövrək məsələ olaraq qalmaqda davam edəcək.

Buna görə də seçkidən dərhal sonra Paşinyan çalışacaq ki, hələ də dünya gücləri arasında manevr imkanlarını saxlamış olsun. Yəni birmənalı olaraq Paşinyan dərhal Rusiyanın əleyhinə qərarlar qəbul etməyəcək. Çünki Paşinyan istəməyəcək ki, Rusiya kimi böyük bir gücü dərhal Ermənistan hökumətinin əleyhinə formalaşdırsın.

Natiq Miri: ““Qarabağ klanı” ciddi şəkildə Paşinyan hökumətinə müxalif mövqedə dirəniş göstərə bilməyəcək”.

Düşünürəm ki, Paşinyan hələlik bir müddət bu manevr imkanlarını saxlamaqla ən azından yeni maliyyə qaynaqlarını yaratmaq üçün daha çox Qərblə danışıqlara üstünlük verəcək. Buna görə Ermənistanda vəziyyətin necə olacağını bir müddət gözləmək lazımdır.

- Respublikaçılar Partiyasının və Daşnaksütun Partiyasının parlamentdən kənarda qalması Rusiyanın Ermənistandakı əlini gödəltmirmi? Rusiyanın Ermənistanda aqressiv siyasət yürüdəcəyini düşünürsünüzmü?

- Respublikaçılar Partiyasının 4,6 faiz civarında səs alması onu göstərdi ki, həqiqətən də Sərkisyan iqtidarının erməni toplumu içərisində ciddi mənada heç bir siyasi dəstəyi olmayıb. Yəni məlum oldu ki, bu vaxta qədər bütün seçkilər saxtalaşdırlımaqla Respublikaçılar Partiyası qalib elan olunub. Həmçinin bu seçkilər bir daha göstərdi ki, Qarabağ klanının Ermənistanda ciddi mənada nə dəstəyi, nə də artıq siyasi imkanları yoxdur. Bu məhdudiyyət çərçivəsində o deməkdir ki, Qarabağ klanı ciddi şəkildə Paşinyan hökumətinə müxalif mövqedə dirəniş göstərə bilməyəcək.

Bu seçki bir daha onu göstərdi ki, müxalifət nöqteyi-nəzərindən Paşinyan ən azından müəyyən siyasi kredit qazanıb. Qarabağ klanının mövqeyinin zəifləməsi də dolayısı ilə Rusiyanın Ermənistanda mövqelərinin zəifləməsi anlamına gəlir. Buna görə də düşünürəm ki, ola bilsin ki, Rusiya tamamilə başqa ad altında yeni bir siyasi güc mərkəzi formalaşdırmağa çalışacaq. Təbii ki, bu qısa müddət ərzində mümkün olan məsələ deyil.

Həmçinin düşünürəm ki, Paşinyan hökuməti ilə çox ciddi siyasi danışıqlar aparmaqla ən azından müəyyən müddət ərzində yeni erməni hökumətini öz orbiti çərçivəsində saxlamağa cəhd edəcək. Birdən-birə Rusiya da spantan olaraq Ermənistanın yeni hökuməti əleyhinə qərarlar verməyə tələsməyəcək. Çünki bu cür qərarların verilməsi Ermənsitanın bütövlükdə Rusiyanın orbitindən tezliklə çıxamasına gətirib çıxara bilər.

Natiq Miri: “Ola bilsin ki, Rusiya tamamilə başqa ad altında yeni bir siyasi güc mərkəzi formalaşdırmağa çalışacaq”.

Hesab edirəm ki, Rusiyanın dərhal Paşinyanın əleyhinə hansısa, strateji qərarlar verəcəyini düşünməyin özü əbəsdir. Çünki son seçkilər bir daha göstərdi ki, artıq Rusiyanın Ermənistanda mövqeləri ciddi şəkildə zəifləmiş durumdadır. Buna görə də alternativ qüvvələr hazırlamaq müəyyən zaman alacaq ki, bunun üçün də Rusiyaya müəyyən zaman lazım olacaq. Bu zamanda Rusiya yeni ad altında yeni siyasi güc formalaşdıra bilməlidir. Bu vaxta qədər də Rusiya hakimiyyəti Paşinyan hökuməti ilə müəyyən mənada əməkdaşlıqda maraqlı olacaq.

- Natiq müəllim, bəs seçkinin geosiyasi nəticələri ilə bağlı nə deyə bilərsiniz?

- Seçkinin geosiyasi təsirləri bundan ibarətdir ki, çoxluğu təmin edən yeni bir siyasi güc mərkəzi olmaqla Paşinyan mövqelərini həm də geosiyasi anlamda gücləndirmiş oldu. Həmçinin bu seçkilər Rusiyanın nüvəsi olduğu ittifaqlar çərçivəsində Ermənistanın müəyyən mənada mövqelərini gücləndirmiş oldu. Əgər əvvələr saxta seçkilərlə hakimiyyətdə qalan Sərkisyan hakimiyyətinə görə Rusiya və digər postsovet məkanında olan ittifaqda ölkələr Ermənistana barmaqarası baxa bilirdilərsə, artıq Paşinyan həm parlamenti, həm də hökuməti götürməklə bu yöndə yeni hökumətin bütövlükdə Ermənistanın mövqelərini gücləndirmiş oldu.

Həmçinin Paşinyan həm parlamenti, həm də hökuməti götürməklə Qərb dünyasında siyasi mövqelərini gücləndirmiş oldu. Artıq yeni maliyyə yastıqlarını yaratmaq üçün bundan sonra Paşinyan hökumət başçısı olaraq Qərb ölkələri ilə daha rahat danışmaq imkanı qazanacaq. Buna görə hesab edirəm ki, bu seçkilərin nəticəsi geosiyasi anlamda da Paşinyanın rəhbərlik etdiyi hökumətə müsbət impulslar verdi.

- Paşinyanın mütləq qələbəsindən sonra qondarma Dağlıq Qarabağ rəhbərliyinin dəyişməsini gözləyirsinizmi?

- Əlbəttə bu məsələ Ermənistanın siyasi hakimiyyətinin gündəmində olacaq. Çünki nəzarətdə olmayan, ayrıca Sərkisyanın rəhbərlik etdiyi Qarabağ klanı ilə ciddi əməkdaşlıqda olan bir qondarma qrum rəhbərliyinin indiki şəraitdə mövcud olması yeni hökümət üçün müəyyən təhlükələr vəd edir. Çünki bildiyimiz kimi Qarabağda olan geniralitetin böyük əksəriyyəti “Qarabağ klanı”na aid şəxslərdən ibarətdir ki, onlar da Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər.

Natiq Miri: “Ola bilsin ki, 2020-ci ilə qədər Paşinyan gözləsin və yaxud da özünün imkanları daxilində növbəti “narıncı inqilab”la qondarma qrumu vaxtından əvvəl hakimiyyətdən salıb yeni seçkilər keçirsin və Paşinyan yönümlü yeni bir saxta hakimiyyət formalaşdırsın”.

Belə bir rəhbərliyin qalması indiki şəraitdə Ermənistanın yeni hökuməti üçün təhlükələr vəd edir. Çünki əgər gələcəkdə yeni hökumət Rusiyanın istədiyi siyasi yöndə addımlar atmazsa, təbii ki, Rusiya Qağlıq Qarabağdakı geniralitet, hərbi xulta vasitəsi ilə vəziyyəti gərginləşdirə bilər. Düşünürəm ki, yəqin ki, hökumət formalaşandan və oturaşandan sonra artıq Paşinyanın gündəminə Dağlıq Qarabağdakı qondarma qrumun rəhbərliyi də gələcək.

Ola bilsin ki, bəlkə də növbəti seçkilərin vaxtından sonra hakimiyyət dəyişdirilsin. Bildiyimiz kimi 2020-ci ildə qondarma qrumun rəhbəri Saaksyan 3-cü dönəmdə də öz rəhbərliyinin olmasını istəyirdi. Düşünürəm ki, artıq bu məsələ bitmiş oldu.

Onu da qeyd edim ki, ola bilsin  2020-ci ilə qədər Paşinyan gözləsin və yaxud da özünün imkanları daxilində növbəti “narıncı inqilab”la qondarma qrumu vaxtından əvvəl hakimiyyətdən salıb yeni seçkilər keçirsin və Paşinyan yönümlü yeni bir saxta hakimiyyət formalaşdırsın.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar