Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etibar Əliyev: “Elmdə böyük bir məsuliyyətsizlik yaranıb”

“İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması iddia edilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşr etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması iddia edilir. Ölkə.az saytının yaydığı məlumata görə, sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti” F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopediyası”ndan köçürülüb.

“İzahlı dilçilik terminləri lüğəti” kitabındakı köçürmələri üzə çıxartmaq üçün hər üç kitab əldə edilib.

Bildirilir ki, professor Sayalı Sadıqovanın müəllifi olduğu kitabdakı oğurluq faktlarını görmək üçün heç dilçi olmaq da lazım deyil. Kitabın istənilən səhifəsini vərəqləmək kifayətdir edir ki, orada plagiat faktlarını aydın görəsən. Hətta misallar da eynidir.

İddialara münasibətində Sayalı Sadıqova söyləyib ki, artıq bir neçə ay əvvəl kitabın təqdimat mərasimi keçirilib və təqdimatda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib: “Kitabda hər hansı plagiatlıq olsaydı, indiyədək bunun səsi çıxardı. Fəxrəddin müəllim Veysəlli Dilçilik Ensiklopediyasını yazıb, orada alman, rus, ingilis lüğətləri var. Bizim kitabımız isə sırf Azərbaycan qrammatikasında işlənən terminlərin lüğətidir. Buna isə heç kəs nə isə deyə bilməz. Bizim kitabın üzərində 6 nəfər işləyib, burada heç bir köçürülmədən söhbət gedə bilməz. Yazdığımız kitab Azərbaycan dilinin qrammatikası əsasında ilk dəfə sanballı yazılmış izahlı dilçilik lüğətidir. Kitab yazılan zaman qarşımızda Azərbaycan dilinin qrammatikası olub. Azərbaycanda hər 5 ildən bir terminoloji lüğət yenilənir. Əlimizdə olan əsas mənbə isə Qəzənfər müəllimin kitabları olur. İndi bizim yazdığımız lüğətdə hansı köçürülmədən söhbət gedə bilər? Bu, qətiyyən ola bilməz”.

Son illərdə Azərbaycanda elm sahəsində tez-tez plagiatlıq faktları ortaya çıxır. Müxtəlif elm adamlarının hətta elmi işlərində belə plagiatlıq nümunələri tapılır. Ekspertlər bildirirlər ki, bu hal əsasən də nəzarətsizlikdən ortaya çıxan bir məsələdir. Ekspertlərin fikrincə, baş verən tendensiya Azərbaycan üçün olduqca mənfi haldır.

“Yeni Müsavat”a danışan ekspert Etibar Əliyev bildirib ki, plagiatlığı o adamlar edirlər ki, onların elmləri, müdafiə etdikləri namizədlik və doktorluq dissertasiyaları da plagiatdır: “Rəhmətlik Azad Mirzəcanzadə Ali Attestasiya Komissiyasının sədri olan vaxt bu məsələlərin kökünü kəsməyə çalışırdı. Azad müəllim elmi bilən, universal biliklərə malik şəxsiyyət idi. Yəni o, həm təbiət, həm humanitar elmləri gözəl bilirdi. İşə də baxan zaman, yaxud da kimsə işini məruzə edəndə o, bunun plagiat olmasını aşkar edə bilirdi və dərhal da işi ləğv edirdi. Onun işlədiyi dövrdə çox az adam alimlik iddiasında olurdu. Bilirdilər ki, obyektivlik maneəsi var. Azad müəllimdən sonra münbit şərait yarandı və elmlər doktorlarının sayı sürətlə artmağa başladı. Elmlər doktorlarının sayı artdıqca da fəsadlar ortaya çıxdı. Baxırıq ki, bu gün plagiatlığı aşkar edilən şəxslər cəmiyyətdə çox rahat gəzib, hətta vəzifə də tuturlar. Sanki heç bir hadisə baş verməyib. Bu gün ən çox humanitar sahələrdə plagiatlıq ortaya çıxır. Ancaq texniki və təbiət elmləri sahəsində də elə plagiatlıq elementləri var ki, humanitar istiqamət onun yanında kölgədə qalır. Sadəcə olaraq, bunları araşdırmırlar. Böyük formulalar olduğuna görə mürəkkəblik dərəcəsi baxımından məsələlər araşdırılmamış qalır. Sanki plagiatlıq bu gün gündəmi tutan bir məsələyə çevrilib. Səbəbi də yuxarıda sadaladığımız faktorlardan qaynaqlanır”.

Ekspert bildirib ki, bu gün plagiatlıq sanki bir dəbə çevrilib:

“Çünki aşkarlandıqda heç kim məsuliyyət daşımadığı üçün bu, ölkədə dəb halını alır. Azərbaycan Milli Ensiklopediyası da plagiatdır. Bu, çox dəhşətli bir nümunədir. Bunu istənilən diskussiyalarda sübut edə bilərəm. İstinad hissəsində müəllifin adını çəkmədən həmin dediyim ensiklopediyada yüzlərlə məqalələr, məlumatlar var. Bunun özü də onu göstərir ki, hazırda elmdə böyük bir məsuliyyətsizlik yaranıb. Bu gün də ortaya çıxan plagiatlıq həmin hadisələrdən biridir. Düşünürəm ki, əslində alimlər buna qarşı müqavimət göstərməlidir. Lakin təəssüflər olsun ki, bu gün plagiatların dəstəklənməsində Azərbaycan Milli Elmlər Akademiyasının və akademiyanın müxbir üzvlərinin böyük əməyi var”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar