Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İran mediasından Azərbaycana şifrəli media tənqidi - Tehranı Bakıdan incik salan nədir?

İranda yayımlanan “qafqaz.ir” portalında “Qarabağın azadlığı üçün Bakının əsas gücü Qüdsün işğalçıları deyil, Azərbaycan Respublikasının cavanlarıdır” adlı məqalə dərc olunub

Məqalənin girişində ötən ay İran ordusu baş qərargah rəisi general Baqirinin Bakıya səfərinin təxirə salınması və bununla bağlı Azərbaycan mediasında neqativ planda dərc olunan yazılar hədəfə alınıb. Və təbii ki, yazılar qərəzli adlandırılıb.

Yazıda qeyd olunur ki, Azərbaycan mediasında İranı hədəfə alan və İsraillə əməkdaşlığa haqq qazandırılan məqalələr reallığı əks etdirmir. Sitat: “Kütləvi informasiya vasitələrinin siyasi analitikləri general Bağerinin səfərinin təxirə salınması ilə əlaqədar fərziyyələr fonunda Qarabağ müharibəsi ilə bağlı baş vermiş qüsurlara don geyindirərək, həmçinin bu ölkənin müxtəlif sahələrdə uşaq qatili və Qüdsü işğal edən rejimlə və bu rejimin daimi himayədarı, yəni Amerika ilə əlaqələrinə bəraət qazandırmağa və ittiham barmağını da İrana istiqamətləndirməyə çalışırlar. Lakin, İran İslam Respublikasının qonşularına, xüsusilə də Azərbaycan Respublikasına münasibətdə milli strategiyasını, ümumi siyasətini və praktiki addımlarını düzgün tanıtmaq üçün araşdırma aparmırlar”.

Daha sonra müəllif İran ordusunun, eləcə də dəstək verdiyi silahlı qrupların, Hizbullah, Həmas, İslami Cihad kimi təşkilatların İsrailə qarşı savaşda əldə etdiyi uğurlar, İŞİD-ə qarşı mübarizədə İran ordusunun rolu xatırladır. Bu gün İŞİD-in sıradan çıxarılması, Bəşər Əsədin hakimiyyətdə qalmasının İran ordusunun əməyi kimi qeyd olunan yazıda İranın artıq bölgədə hərbi-siyasi güc olduğu xatırladılır: “İran tarix boyu gah inkişaf yolunda, bəzən qarşıdurma, gah da sivilizasiyaların dialoqu və yaxud da böyük imperiyaların qovuşduğu yerdə nəfəs alıb, pəncərələri bütün dünyaya açılır və iranlı da öz baxışını Xəzərdən Fars körfəzinə, Kürdüstandan Bəlucistana kimi məhdudlaşdıra bilməz. Dünya, həmçinin də hegemonlar İranı görməzdən gələ bilməzlər”.

Amerikanın İrana və ya digər ölkələrə qarşı sanksiyalarının ciddi təsirinin olmadığı qeyd edilən yazıda problemlərin tezliklə aradan qalxacağı vurğulanır. Həmçinin İranın “dost, qardaş və müsəlman olan ölkənin müstəqilliyini bayram edən ilk ölkə olduğu” xatırladılır. Və qeyd olunur ki, Qarabağ münaqişəsinin həlli müharibədən keçir. Eyni zamanda ənənəvi olaraq Minsk Qrupu “üçlüsü” tənqid olunur.

“Qarabağ Fələstin torpağı, Xorrəmşəhr torpağı, Tehran, Ərdəbil və oyaq Təbriz kimi islam torpağıdır” deyə qeyd olunan yazıda təhdid notları da yer alır. Sitat: “Trampın bu cümlələrini oxudunuz: “İrana nəzər salın, mən prezident olmamışdan əvvəl İran bütün Orta Şərqi 12 dəqiqə ərzində nəzarət altına ala bilirdi”.

Əslində, Tramp gələndən sonra İran hansı hərbi sahədə zəifləyib və misal üçün o 12 dəqiqə 13 dəqiqəyəmi dəyişib? Azərbaycan Respublikasının bəzi KİV-lərinin yaydığı məlumatların əksinə olaraq, İranın bu gün düçar olduğu bəla deyil. Bəlkə də bir insanın, qrupun və yaxud da bir ölkənin beynəlxalq quldura xərac ödəməməsi üçün ödədiyi xəracdır. Hər bir ölkə təkcə sözdə deyil, sözün əsl mənasında müstəqillik istəsə bu kimi xərclərə düçar olacaq".

Yazıda həmçinin Azərbaycan mediasında İranın PKK-nı dəstəkləməsi ilə bağlı məlumatlar tənqid olunur, hazırda Türkiyə və İranın müttəfiq olaraq fəaliyyət göstərdiyi xatırlanır. Yazıda Azərbaycanda son Məhərrəmlik mərasimlərində tətbiq olunan məhdudiyyətlər də hədəfə alınıb. Sitat: “İmam Hüseynin qırx mərasimi keçdi. Əksəriyyəti şiə olan müsəlman Azərbaycan Respublikasında imam Hüseyn mərasimlərinin keçirilməsi barədə xəbərlər eşitdik. Həmçinin eşitdik ki, uşaqların məscidlərə aparılmamağı ilə bağlı tapşırıq verilib.

Eşitdik ki, deyiblər yollarda və küçələrdə mərasim keçirməyin və məzhəb ələmləri və hüzn bayraqları yerinə Azərbaycan Respublikasının milli bayrağından istifadə edin.

İmam Hüseyn zülm hər tərəfi bürüdüyü vaxt yaxşılığa dəvət və pislikdən çəkindirmək üçün qiyama qalxdı. Aşura ədalətliliyin, haqlılığın, izzət və azadlığın simvoludur. Aşura bir gün, Kərbəla da bir yer deyil. Yəqin ki, hər bir insanın aşurası və Kərbəlası ömrünün bir anında yetişəcək və o zaman, həmçinin o anda tale yüklü qərarı verməlidir.

Əgər bütün din aşura günündən əvvəl aradan getsəydi, imam Hüseynin aşurası bütün dini xilas etmək və yaşatmaq potensialına malik olmuşdur və olur. Aşura günü əhdə vəfa, uşaqlarla mehribanlıq və dəstək, ilk namaz və Quran duası, düşmən ilə mübarizə, əqidə və fikirləri açıqlama, özünü qurban vermək, Allah yolunda səbir, vəzifəyə əməl etmək, cihad, zülm və hegemonluq qarşısında mübarizə günüdür”.

Yazının sonunda Arazın bu tayına üstüörtülü mesaj göndərilir, SSRİ-nin aqibəti xatırladılır. Sitat: “Sovet İttifaqının süqutundan əvvəl az sayda şəxs olardı ki, Sovet İttifaqının taleyi barədə proqnoz versin. Bir çoxları öz mənafeləri sahəsində bu ölkənin dəstəyinə güvənirdilər. Lakin dövran başqa cür döndü. Gələcək illərdə dünyadakı güc bölgüsündə fundamental dəyişikliklər baş verməsi ssenarisinin nişanələri özünü büruzə verməkdədir. Amerikanın rəhbərliyi ilə birqütblü dünya dövranı başa çatır”.

Maraqlıdır ki, əvvəlki illərlə müqayisədə bu dəfə İrandan Azərbaycana nisbətən yumşaq, təhdid şəkildə deyil, üstörtülü, eyhamlı yazı həsr olunub. Əlbəttə, aydın məsələdir ki, bu yazı həm də İran siyasi elitasındakı mövqeyi əks etdirir. Bir tərəfdən Tehranda Azərbaycan kimi mühüm əhəmiyyətli, üstəlik etnik, dini-məzhəbi və coğrafi bağları möhkəm olan xalqla əvvəlki illərdə olduğu kimi “aranı açmamağa” çalışır, digər tərəfdən də Azərbaycanın ABŞ və ələlxüsus da İsraillə əlaqələrindən, eləcə də Bakıda İsrailə olan simpatiyadan narahatlıq var. Bu yazının əvvəlki illərdəki yazılardan fərqi də məhz bu incə xətti nəzərə almaq cəhdinin hiss olunmasıdır. Görünür ki, Tehranda Azərbaycandakı son zamanlar baş verənlərdən narahatlıq var. Lakin eyni zamanda bu narahatlığı açıq büruzə vermək, 10 il əvvəl olduğu kimi soyuq münasibətlərə çevirmək istəmirlər. Bu səbəbdən də mövqeyi bu şəkildə ortaya qoyurlar.(musavat.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar