Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Rusiya-ABŞ qarşıdurmasi Cənubi Qafqazda bir çox fəsadlar törədəcək” - Natiq Miri

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “Rusiya Ermənistanı bütün hallarda əlində saxlayacaq Azərbaycana da istədiyini verməyəcək”

“Dekabrın 9-da, parlament seçkilərində Paşinyan xalqın dəstəyi ilə seçkilərdə qələbə çala və təkbaşına hökumət formalaşdıra bilsə, bu Rusiya baxımından Cənubi Qafqazda çox acınacaqlı durum yaradacaq”

Bu fikirləri PİA.az-a politoloq Natiq Miri ABŞ-ın məşhur “Stratfor” Təhlil Mərkəzinin gələn il üçün verdiyi proqnozlara münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, “Stratfor” Təhlil Mərkəzi gələn il üçün proqnozlarını açıqlayıb. Mərkəz Geosiyasi mühitin kəskinləşəcəyini, 2019-cu ildə Böyük Dövlətlərin yarışmasının daha da qızışacağını qeyd edib.

“Stratfor” populist İtaliya hökumətinin gələn il avrozona üçün ən böyük təhdidi sərgiləyəcəyini qeyd edir. Brüssel Britaniyanın AB-dən sazişsiz çıxması ssenarisini əngəlləməyə çalışsa da, Britaniya parlamentindəki səsvermə nizamlı “Brexit”ə ən böyük maneə sayılır.

Mərkəzin proqnozuna görə Birləşmiş Ştatlar İranı regionda təcrid etmək, onu içəridən zəiflətmək siyasətini davam etdirəcək. Bu, Vaşinqtonla Tehran arasındakı uçurumu daha da dərinləşdirəcək. İrana qarşı birgə gündəm isə Birləşmiş Ştatlarla Səudiyyə Ərəbistanının yüksək səviyyəli strateji münasibətlərini isidəcək, bu, xarici hökumətlərin vəliəhd şahzadə Məhəmməd bin Salmanın liderliyindən narazılığına baxmayaraq baş verəcək.

Mərkəz bildirir ki, milli təhlükəsizliyə hədələri əsas gətirən Birləşmiş Ştatlar Avropaya, Yaponiyaya, Avstraliyaya, Kanadaya, Cənubi Koreya və Tayvana Çinin sərmayələrinə sədlər qurmaları üçün daha çox təzyiq göstərəcək. Bu isə süni zəkadan tutmuş 5G şəbəkəsinin buraxılmasına qədər strateji sahələrdə tədqiqat və ticarətə təsirini göstərəcək. Çinin aerokosmik və digər vacib sahələrdə geridə qalmamağa çalışması isə yalnız və yalnız korporasiyalarə kibertəhdidləri artıracaq və Birləşmiş Ştatların internet məkanındakı siyasətini aqressivləşdirməyə sövq edəcək.

Geosiyasi mühitinin kəskinləşməsi Polşa və Tayvan kimi nisbətən zəif sərhəd ölkələrə strateji imkanlar açacaq. Neytral ortama can atan Türkiyə, Hindistan və Vyetnam kimi orta ölkələrə nəhəng başağrıları yaradacaq.

PİA.az-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miridən “Stratfor” Təhlil Mərkəzinin gələn il üçün proqnozlarını şərh etməyi xahiş edib.

Natiq Miri: “Qara dənizdə Ukrayna və Rusiya arasında süni böhranın yaranması, ayrıca Cənubi Qafqazda ABŞ maraqlarının daha da aktivləşməsi göstərir ki, gələn il həmçinin Rusiya-ABŞ arasında ciddi qarşıdurma yaşanacaq”

2019-ci il üçün ABŞ-İran qarşıdurmasının iqtisadi sanskiya çərçivəsindən çıxıb daha da genişlənəcəyini bildirən Natiq Miri eyni zamanda Rusiyanın Cənubi Qafqaza olan nəzarətini itirməmək üçün ciddi risklər yarada biləcək addımlar ata biləcəyini də istisna etmir. Politoloqa görə Gürcüstanda dəyişən vəziyyət və Ermənistandakı parlament seçkilərindən sonra isə Cənubi Qafqazda yeni siyasi mühitin yaranacağı qaçınılmazdır:

“Açığı “Stratfor” Təhlil Mərkəzinin qeyd elədiyi əlamətlər artıq görünməkdədir. Bundan başqa son günlər Qara dənizdə Ukrayna və Rusiya arasında süni böhranın yaranması, ayrıca Cənubi Qafqazda ABŞ maraqlarının daha da aktivləşməsi göstərir ki, gələn il həmçinin Rusiya-ABŞ arasında ciddi qarşıdurma yaşanacaq. Ona görə də mən daha çox öz bölgəmizdə baş verə biləcək kataklizmlər barədə danışmaq istərdim.

Ermənistanda artıq Rusiya yönümlü “Qarabağ klanı” devrilib. Qərbin maliyyə və erməni diaspoarasının siyasi dəstəyi ilə Paşinyan siyasi güc formalaşdıraraq hakimiyyətə gələ bildi. Dekabrın 9-da, parlament seçkilərində Paşinyan xalqın dəstəyi ilə seçkilərdə qələbə çala və təkbaşına hökumət formalaşdıra bilsə, bu Rusiya baxımından Cənubi Qafqazda çox acınacaqlı durum yaradacaq. Çünki Rusiyanın Cənubi Qafqazda qalması üçün Ermənistan bir növ son qala olaraq dəyərləndirilir. Rusiyanın təkcə Ermənistanda hərbi bazası var və bu baza vasitəsilə Türkiyə və Yaxın Şərqdəki bölgələrə, o cümlədən Türkiyə-Ermənistan sərhədinə nəzarət edə bilir.

İndiki şəraitdə Gürcüstanda aktiv siyasi silkələnmələr yaşanır. Prezident seçkilərindən sonra saxtalaşmaya görə yeni qütbləşmələr formalaşmaqdadır. Bu da birləşmiş müxalifətlə İvanişvili rejimini arasında gələcəkdəki ciddi qarşıdurmalara doğru aparır. İvanişvili öz mövqeyini gürcü cəmiyyətində itirdikcə Qərb yönümlü qüvvələrin, xüsusilə Saakaşvilinin başçılığı altında olan siyası müxalifətin yenidən hakimiyyətə gəlmək şansları artacaq. Bu da Rusiya üçün bütövlükdə Cənubi Qafqazda arzu olunmaz vəziyyət yaradacaq.

Natiq Miri: “Rusiyanın gələn il Cənubi Qafqazda aktiv fəaliyyətə keçməsi gözlənilir. Bu aktiv fəaliyyət nəticəsində Cənubi Qafqaz ölkələrində xoşagəlməz hadisələr hətta hərbi müdaxilələr yaşana bilər”

Gürcüstan Qara dəniz ölkəsidir və gələcəkdə Qərb yönümlü Saakaşvili qüvvələri hakimiyyətə gəlsə, bu Qara dənizə NATO qüvvələrinin daha da böyümə ehtimalını yaradacaq. Gürcüstan sularında NATO qüvvələrinin olması Rusiyanın Qara dənizdəki mövqelərini ciddi şəkildə sarsıda bilər. Bu ümumilikdə gələcəkdə Rusiyanın tədricən Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasına gətirə bilər.

Amma Rusiyanın sıxışdırılması təkcə Cənubi Qafqazla məhdudlaşmayacaq. Çünki Qafqazda baş verən hadisələr Şimali Qafqaza da təsir edəcək. Şimali Qafqaz da Rusiya ərazisi sayıldığından bu təsir ciddi kataklizmlər yarada bilər. ABŞ Cənubi Qafqazda aktivləşdikcə Rusiya da onu özünün arxa bağçası saydığı bu bölgələrdən sıxışdırılıb çıxmaq istəyəcək. Bu üzdən Rusiyanın gələn il Cənubi Qafqazda aktiv fəaliyyətə keçməsi gözlənilir.

Bu aktiv fəaliyyət nəticəsində Cənubi Qafqaz ölkələrində xoşagəlməz hadisələr hətta hərbi müdaxilələr yaşana bilər. Bu da yenidən Cənubi Qafqaz ölkələrini qan çanağına çevirə bilər. Yəni bu cür təhlükələr baş verə bilər və hadislərin bu yöndə inkişafını istisna etmək olmaz.

Bunlardan əlavə bölgədə ABŞ-İran qarşıdurması da var. Hələlik bu məsələ iqtisadi sanskiya çərçivəsində həyata keçirilir. Ancaq gələcəkdə bu məsələ də artan xətlə davam edəcək. İqtisadi sanksiyalar vasitəsilə İran iqtisadiyyatı çökdürülməzsə, ABŞ digər yollara baş vuracaq. Artıq bununla bağlı bəzi fikirlər və layihələr ortalığa qoyulmaqdadır.

ABŞ İsraillə birgə Yaxın Şərqdə ərəb NATO-su yaratmaq fikrindədir. Ərəb NATO-su təbii ki, İrana qarşı formalaşdırılır və bu layihə bölgədə böyük müharibəyə hazırlıq layihəsidir. Sadəcə bu layihə jurnalist Qaşıqçının öldürülməsinə görə təxirə salınıb. Bu ajiotaj qurtarandan və cinayətkarlar cəzalanandan sonra bu məsələ yenidən icraata qoyulacaq.

Söhbət məhz sünni ərəb dövlətləri vasitəsilə İrana qarşı müsəlman gücünün formalaşdırılmasından gedir. Yəni ABŞ və İsrail bir müsəlman ölkəsini digər müsəlman ölkələrinin əli ilə vurmaq planını dövriyyəyə salacaqlar.

Həm İran, həm də digər müsəlman-ərəb ölkələri bu cür koalisiyaların tərkibində iştirak etməmişdən əvvəl ən azı 2 dəfə düşünməlidirlər. Çünki İrana qarşı olan əməliyyatlarda birbaşa nə ABŞ, nə də israil iştirak etməyəcək. Məhz müsəlman dövlətlərini bir-birinin əli ilə vurmaq, qanlarını tökmək layihələri işlənib hazırlanır. Ona görə də Rusiya-ABŞ qarşıdurmasi Həm Cənubi Qafqazda, həm də bütövlükdə regionda bir çox fəsadlar törədəcək. Bütün bölgə dövlətləri bu məsələdə ABŞ-ın planlarına uyğun rol almamalıdırlar. Bu məsələ həqiqətən də bölgədə yanğın çıxara və “evimizdəki” hər kəsə ziyan verə bilər. “Stratfor”un analizində bir çox düzgün məqamlar əks olunub.

Natiq Miri: “ABŞ İsraillə birgə Yaxın Şərqdə ərəb NATO-su yaratmaq fikrindədir. Ərəb NATO-su təbii ki, İrana qarşı formalaşdırılır və bu layihə bölgədə böyük müharibəyə hazırlıq layihəsidir”

Azərbaycan mediasında, xüsusilə də siyasətşünasların açıqlamalarında belə proqnozlar var ki, Paşinyanın parlament seçkilərində qələbə çalarsa, Azərbaycana Dağlıq Qarabağ yönündə müəyyən güzəştlər edəcək. Bizim içimizdə belə bir fikirlər formalaşdırılır. Bizə belə bir fikir təlqin olunur ki, guya Azərbaycan Ermənistan rəhbərliyinə məhz buna görə zaman verib.

Paşinyan təkbaşına parlament seçkilərində qalib gəlib hökümət formalaşdırarsa, bundan sonra Qarabağ danışıqlarında müəyyən güzəştlərə gedəcəyi ilə bağlı fikirlər ortadadır. Açığı mən bu məsələdən o qədər də əmin deyiləm. Düşünürəm ki, bu hansısa siyasi qüvvələrin maraqlarına xidmət edir. Çünki Paşinyanın bu qədər humanist və Azərbaycan yönlü olduğunu düşünmürəm. Əksinə düşünürəm ki, Paşinyan hakimiyyətinin tam legitimləşdirdikdən sonra Dağlıq Qarabağ məsələsində Köçəryan-Sarkisyan cütlüyündən də daha barışmaz bir mövqe sərgiləyəcək.

Dağlıq Qarabağla bağlı Rusiyanın çox ciddi maraqları var. Rusiya bu münaqişəni özü yaradıb idarə etdiyi üçün təkbaşına Ermənistan rəhbərliyinin bunu həll edəcəyini düşünmək də sadəlövhlükdür. Ola bilsin ki, Paşinyan hökümətini cəzalandırmaq üçün Azərbaycana hansısa imkanlar yaradıla bilər. Ancaq bu bütövlükdə Dağlıq Qarabağ probleminin həll edilməsi anlamına gəlməyəcək. Rusiya Dağlıq Qarabağ problemini həll etmək istəyində deyil və bu Moskvanın geosiyasi planlarına tamamailə zidddir.

Rusiya hələ də düşünür ki, Dağlıq Qarabağ probleminin həlli gələcəkdə ErmənistanAzərbaycanın onun orbitindən çıxmasına səbəb ola bilər. Rusiyanın düşüncələrində hər hansı dəyişikliyin olduğu sezilmir. Belə olduğu təqdirdə Paşinyan təkbaşına hakimiyyət formalaşdırsa belə Azərbaycan yönəlik ciddi dəyişikliklər edə bilməz.

Səbəb təkcə Rusiya ilə bağlı deyil. Paşinyan da Sarkisyan kimi erməndir. Paşinyanın Qarabağla bağlı populist fikirləri də heç kimə sirr deyil. Paçinyanın dünənə qədər bağırdığı həmin bəyanatlar nə tez yaddan çıxdı? İndi nə dəyişdi ki,Paşinyan birdən-birə Azərbaycan yönlü siyasət izləməyə başlasın?

Natiq Miri: “Paşinyan hakimiyyətinin tam legitimləşdirdikdən sonra Dağlıq Qarabağ məsələsində Köçəryan-Sarkisyan cütlüyündən də daha barışmaz bir mövqe sərgiləyəcək”

Bunlar inanılmaz məsələlərdir. Bu gün Rusiya Ermənistana qarşı hansısa total təxribat və hücumlara başlamağa tələsmir. Çünki belə hücumların nəticəsində gələcəkdə Ermənistanın itirilməsini təhlükəsi var.

Hələlik Rusiya Ermənistanı geriyə qaytarmaq siyasətini ehtiyatla aparır. Ermənistanın və Paşinyanın başını sığallayaraq öz orbitinə qaytarmağa çalışır Lakin bu demək deyil ki, Rusiya Ermənistana öz cazibə qüvvəsindən çıxmağa imkan verəcək. Ona görə də Azərbaycanda belə fikrin formalaşması ictimaiyyəti aldatmaqdan başqa bir şey deyil. Çünki Rusiya Ermənistanı bütün hallarda əlində saxlayacaq Azərbaycana da istədiyini verməyəcək.

Doğrudur bəzi əsaslandırmalar var ki, Paşinyan Dağlıq Qarabağın qondarma rejim rəhbərliyi ilə münaqişə vəziyyətindədir. Gələcəkdə bu rejimin rəhbərliyini ləğv edib, öz hakimiyyətini Qarabağa gətirə bilər. Təbii ki, gətirdiyi siyasət yenə də Ermənistana uyğun olacaq.

Dağlıq Qarabağdakı hərbi generalitet Ermənistandan daha çox Rusiyanın xüsusi xidmət orqanlarına çalışırlar. Hər bir general Rusiyanın nəzarəti altındadır. Dağlıq Qarabağ həm narkotik həm də Yaxın Şərqə silah satışını həyata keçirən qara dəlik kimi istifadə olunur. Bunda qazanılan pulun xeyli hissəsi ordakı hərbi generalitetə, bir hissəsi də Rusiyaya çatır. Bu həqiqətləri göz ardı etmək lazım deyil”.

Sübü ƏZİZOVA

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar