Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gecə Notu

Gənc yazar Nicat Azərin "Gecə Notu" adlı yeni hekayəsini təqdim edirik

Ruhu payızda ağaclardan düşən son yarpaq kimi əsirdi...

Küçəyə çıxanda gecədən keçmişdi. Bir inni-cinni gözə dəymirdi. Yaxınlıqdakı boş skamyaların birində oturdu. Əllərini pırtlaşıq saçlarında gəzdirdi. Gözləri bir nöqtəyə zillənmişdi. Ağacların budaqları arasında ay işığı üzünə bərq vururdu... Oktyabrın əvvəlləri olsa da hava buz kəsirdi. Belə havaları sevərdi. Qara paltosuna bürünmüş, barmağında siqaret közərirdi. Uzun boylu, sısqa bədənli, bənizi solmuşdu. Donqa burnu soyuqdan qıpqırmızı olmuşdu. Kirli saçları isə gecəyə qarışmışdı. Yorğunluğu üzündən asılı qalmışdı. Gecə uzun, fikirlər qarışıq, zaman isə çayın axdığı kimi surətli idi. O, nəsə etməliydi. Sabah yenə də adamların üzünü görəcəkdi. Adamlardan təngə gəlmişdi. Onları muzdlu qoşunlara bənzədirdi... Səhərlərə nifrət edirdi. Ona görə də gecələrin tez gəlməsi üçün içini gəmirirdi.

Şəhərin kimsəsiz küçələrində yolunu itirmiş adamlar kimiydi. Bildiyi tək şey gecənin qaranlığına qarışaraq qeyb olmaq idi. Yaşadığı məhəllədə bir dostu da yoxuydu. Qonşularla rastlaşanda yalandan onlara təbəssüm paylayardı. Kimsəsizlik onun içində bardaş qurmuşdu. O, təkliyə məhkum idi. Heç kim, heç bir insan övladı onu təklikdən qurtara bilməzdi. Bu taleyin hökmü idimi, onun səhvi idimi... bilmirdi.

Bəzən hönkürərdi gecələrin bətninə. Gecə hələ də onun üçün bəstələnməmiş bir röyanın üstündə qalan not dəftəriydi. Hər gün eyni ssenarini təkrar edirdi. O qədər tükənmişdi ki, olmayan səhnələri yandırmaq istəyirdi.

Gecədən keçirdi. Bir az keçən kimi bədbinliyə qapılaraq başqa bir ab-havaya qaçmalı olurdu. Yol yoldaşı sevinc, lap lazım gələndə isə iztirablar olurdu. Hərdən bircə anlığa sevincsiz, ağrı-acısız qalanda, necə deyərlər, o rahat günlərin boğuq havası ilə nəfəs alanda, onun uşaq qəlbində elə dəhşətli bir tufan qopurdu ki, ifadə edilməyək dərəcədə ağır olurdu.

Oturmaqdan bezdi. Saxta bir gümrahlıqla küçələrdəki yaş asfaltın üstündə addımlamağa başladı. Çiskinli dumanın arasından kədərli göz yaşı kimi süzülən fənər işıqları yaş küçənin tutqun əksini udurdu. Yadına unudulmuş uşaqlıq çağları düşdü; onda payızın son aylarını, qışın belə kədərli, zülmət gecələrini necə də sevərdi! Onda yağışa, tufana baxmayıb gecəyarıya qədər paltosunun içində büzüşə-büzüşə kimsəsiz bomboz təbiətin qoynunda tək-tənha dolaşar, yalqızlıqdan, kədərdən məst olar, qəlbi nəşə ilə dolardı. Sonra keçmiş sevgilisini xatırladı. Qəfil külək gücləndi. Soyuq bədənindən gizilti kimi keçdi. Paltosunu büründü, addımlarını yeyinlətdi.

Hər gecə yuxuya getməzdən əvvəl ulduzları saymaq fikrinə düşərdi. Hər dəfə də bir ulduz sayrışar, onu ürküdərdi. Qaranlıq səmaya baxdıqca ulduzlar əvəzinə xatirələrini sayardı. Özünü gecələrə təslim etmişdi. Gecələr onun dərd ortağı, dinləyicisi olmuşdu. Amma bu gecə o gecələrdən deyildi. Xatirələri ondan qalanlarını xatırlamağa qorxurdu. Həyatının son gecəsi kimi yaşayırdı. Sevdiyi musiqi siyahısında içindəki sızıltını səssizləşdirəcək bir mahnı tapa bilmirdi. Bəlkə də musiqilər ondan küsmüşdülər. Gecələrə qarışmışdılar... Bəlkə də musiqilər ona verdiyi xəyalları geri istəyirdilər. Bəlkələr içində tağ atıb cücərmişdilər. Ufuldadı. Məhəlləsində pişiklərdən savayı heç bir canlı yox idi. Siqaret alışdırdı. Gecə sükutunu qoruyur, sanki öz musiqisini bəstələyirdi... Gecə boyu səmaya tamaşa edirdi. Gecədən çox keçmişdi. Ulduzlar da görünmür, qeyb olmuşdular. Həyat öz axarında gedirdi. Günlər növbə ilə bir-birini yola salırdı. Ruhu payızda ağaclardan düşən son yaraq kimi əsirdi. O, gecələrə, keçmiş sevgilisindən qalan xatirələrə, musiqilərinə və ulduzlara xəyanət edə bilməzdi... Gecə canını tapşırmağa çıxmışdı...(adalet.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar