Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kütləvi qırğın törədilə bilər: İki nəhəngin “kimyəvi hücum” mübahisəsi dərinləşir

Əksər terrorçu qruplaşmalar onları himayə edən dövlətlərdən ən müasir silahlar, o cümlədən də kütləvi qırğın silahları əldə edə biliblər

Dünya dövlətləri arasında yeni gərginlik üçün uyğun səbəb tapılıb. Amma bu, kifayət qədər təhlükəli səbəbdir. Çünki bu səbəblə ortaya çıxan gərginlik yaxın gələcəkdə faciəvi nəticələr də doğura bilər.

Məsələ ondadır ki, artıq bir neçə həftədir, dünyanın iki əsas superdövləti olduqca təhlükəli mövzu ilə bağlı bir-birini şantaj etməyə cəhd göstərirlər. Belə ki, hər iki superdövlət Suriya ərazisində kimyəvi silahdan istifadə olunacağını və kütləvi çəkildə qırğın törədiləcəyini iddia edir.

ABŞ-ın, kəşfiyyat məlumatlarına istinadən iddiasına görə, Suriyanın Bəşər Əsəd hakimiyyəti ölkənin bir neçə iri yaşayaış məntəqəsində kimyəvi hücuma hazırlaşır. Və Ağ Ev həmin iri yaşayış məntəqələrinin Bəşər Əsəd hakimiyyətinə qarşı müxalifətdə olan silahlı qruplaşmaların nəzarətində olduğunu xüsusi olaraq, vurğulayır.

Bu iddalara qarşı Rusiya da öz versiyasını irəli sürməkdədir. Ən önəmli məqam da elə ondan ibarətdir ki, Kreml ABŞ-ın bu iddasını qətiyyən təkzib etmir. Əksinə, Rusiya bu iddianı birmənalı şəkildə təsdiqləyir.

Sadəcə, fərq ondan ibarətdir ki, Rusiya ABŞ-ı hədəf yayındırmaqda suçlayır. Və törədiləcəyi ehtimal olunan hərbi cinayətin müəlliflərini əvvəlcədən sığortalamağa cəhd etməkdə qınayır.

Belə ki, Rusiya hərbi dairələrinin iddiasına görə, kimyəvi silahdan yararlanmağa hazırlaşan silahlı qruplaşmanın Bəşər Əsədlə heç bir bağlılığı yoxdur. Əksinə, Kreml iddia edir ki, əldə etdiyi kəşfiyyat məlumatlarına görə, kimyəvi silahdan istifadəyə hazırlaşan silahlı qruplaşmalar ABŞ-ın nəzarətində olan qiyamçılardır. Və Kreml terrorçu qruplaşmalar sırasına aid etdiyi həmin silahlı qruplaşmaların məhz Bəşər Əsəd hakimiyyətinin nəzarətində olan ərazilərdə kütləvi qırğınlar törətməyi hədəfə aldıqlarını israrla vurğulayır.

Ancaq burada bir önəmli məqam da var. Belə ki, Kremlin digər bir önəmli versiyasına görə, kimyəvi hücum Bəşər Əsəd hakimiyyətinin nəzarətində olmayan ərazilərdə də baş verə bilər. Rusiya hesab edir ki, bu halda, əsas hədəfin beynəlxalq səviyyədə böyük hərbi-siyasi qalmaqal yaradacaq bir cinayət törədildikdən sonra onun məsuliyyətini məqsədli və planlı şəkildə Bəşər Əsəd hakimiyyətinin üzərinə atmaq ola biləcəyi istisna deyil.

Göründüyü kimi, olduqca təhlükəli və qarışıq durumdur. İki superdövlət kütləvi qırğınla nəticələnəcək bir kimyəvi hücum hazırlığını gündəmə gətiriblər. Ancaq hücumun kimin tərəfindən ediləcəyi ətrafında ciddi mübahisəyə girişiblər.

Bu isə o deməkdir ki, hər iki superdövlətə bağlı silahlı qruplaşmaların belə bir dəhşətli cinayəti törətmək ehtimalı mövcuddur. Sonrasa hər iki tərəfin bu qorxunc cinayəti bir-birinin üzərinə atmağa çalışa biləcəkləri də qətiyyən istisna deyil.

Ancaq bu mübahisədə daha bir önəmli və təhlükəli məqam mövcuddur. Belə ki, superdövlətlərin verdiyi xəbərdarlıq anonslarına uyğun olaraq, kimyəvi hücumu hətta hər iki tərəfə bağlı terrorçu qruplaşmalar ya bir-birinin ardınca, ya da elə eyni vaxtda reallaşdıra bilərlər. Bu halda, günahkarın təyin edilməsinin qəlizləşməsi ilə yanaşı, üstəlik, fəlakətin əhatə dairəsi də daha geniş xarakter almiş olar.

Nəhayət, daha bir önəmli məqam narahatlıq doğurur. Belə ki, superdövlətlər arasındakı “kimyəvi hücum” mübahisəsi Yaxın Şərq regionunda maraqları olan üçüncü tərəfin – hansısa dövlətin və ya terrorçu qruplaşmanın da işinə yaraya bilər.

Hər halda, ABŞRusiya mübahisə edərkən Yaxın Şərq regionu üçün “qara plan”ları olan üçüncü tərəfin kimyəvi silahdan istifadə edə biləcəyi də qətiyyən istisna deyil. Çünki bu halda, həmin üçüncü tərəfin törədilən beynəlxalq cinayətin məsuliyyətini mübahisə edən superdövlətlərin üzərinə atması o qədər də böyük çətinlik törətməz. Və üçüncü tərəf bununla həm öz cinayətini ört-basdır edə, həm həmin superdövlətləri beynəlxalq hərbi-siyasi oyunçuların hədəfinə gətirə, həm də yeni ABŞ-Rusiya qarşıdurmasını alovlandıra bilər.

Bütün bunları nəzərə aldıqda, ABŞRusiyanın ortaya atdığı “kimyəvi hücum” mübahisəsi təhlükəli inkişaf perspektivlərinə malikdir. Bu baxımdan, həm Ağ Ev, həm də Kreml dolayısı ilə bir-birinə qarşı “sənin nəzarətində olan silahlı qruplaşmalar kimyəvi hücuma hazırlaşır” ittihamlarını dərinləşdirməkdənsə, mübahisələri bir kənara buraxıb, belə bir kütləvi qırğın ehtimalına münasibətdə ortaq mübarizə variantları üzərində düşünsələr, daha çox fayda vermiş olarlar.

Amma bu mübahisə prosesinin ortaya çıxartdığı daha bir təhlükəli reallıq mövcuddur. Belə ki, birmənalı şəkildə dəqiqləşmiş oldu ki, kütləvi qırğın silahları artıq dövlətlərin nəzarətindən çıxıb. Analoji silahlar artıq terrorçu qruplaşmaların əlinə keçib. Əksər terrorçu qruplaşmalar onları himayə edən dövlətlərdən ən müasir silahlar, o cümlədən də kütləvi qırğın silahları əldə edə biliblər.

Ona görə də, “dünyanı böyük fəlakətlər gözləyir” deyərək, həyəcan təbili çalanların xəbərdarlıqlarına ciddi yanaşmağa ehtiyac var. Çünki kütləvi qırğın silahlarına sahiblənmiş terrorçu qruplaşmalar öz himayədarlarının sifarişi və ya onlardan xəbərsiz hər an qlobal faciələr törədə bilərlər. Bu isə hazırda dəbdə olan “dünyanı daha təhlükəsiz hala gətirək” şüarları ilə tərs düşən situasiyadır. Yəni dünya hər ötən gün daha təhlükəli məkana çevrilməkdə davam edir.(musavat.com)

Elçin XALİDBƏYLİ

pia.az


Etiket: Kimyəvi hücum

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar