Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki nazirin kino davası - Kimdir haqlı?

Rüfət Əsədov: “Təəssüflər olsun ki, biz Sovet dövründə də heç bir filmimizi dünyaya çıxara bilməmişdik”

Kamal Yaşar: “Müstəqil çəkilən filmlərin keyfiyyətini, məzmununu kənara qoysaq, ortada istehsal prosesi olaraq bir bazar mövcuddur. Bu bazar heç bir dövlət dəstəyi olmadan mövcud ola bilirsə, Maliyyə Nazirliyinin iradına haqq qazandırmaq olar”.

Bir neçə gün öncə Milli Məclisin iclasında maliyyə naziri Samir Şərifov kino sahəsində səmərəli mexanizm olmadığına görə son 2 ildə kino sahəsinə vəsaitin ayrılmasının məhdudlaşdırıldığını qeyd edib. Mədəniyyət naziri Əbülfəs Qarayev isə maliyyə nazirinin bu bəyanatına cavab olaraq bildirib ki, ötən dövrdə zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazan Azərbaycan kinosu müstəqillik dövründə yeni inkişaf mərhələsini yaşayır.

Ə. Qarayev rəsmi mətbuatda dərc olunan “Milli mədəni intibahın parlaq üfüqləri” məqaləsində yazıb ki, bu il Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan kinosunun 120 illiyi geniş şəkildə qeyd olunur: “O cümlədən son 15 ildə milli kinematoqrafiya mühüm yol qət edib. Ölkə rəhbəri tərəfindən “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 200-dən çox sənədli, 20-dən çox cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan açılıb, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib. Son dövrdə çəkilən filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, təkcə ötən il 15 filmimiz 20-dək beynəlxalq festivalda mükafata layiq görülüb”.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov isə dünən parlamentin iclasında bildirib ki, dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir. Onun sözlərinə görə, 1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil.

Məlumdur ki, sovet dönəmində dövlətin kinoya ayırdığı sərmayə özünü azından - çoxundan doğruldurdu. Buna misal olaraq, həmin dövrdə yaradılmış kino şedevrlərini misal göstərmək olar. Müasir dövrümüzdə isə kinotənqidçilər və film istehsalçılarının dediyinə görə, Azərbaycanda kino çəkilişləri üçün lazım olan avadanlığın baha olması film istehsalçılarına büdcə tapmaqda belə çətinlik yaradır. Azərbaycan müstəqillik qazandıqdan sonra getdikcə tənəzzülə uğrayan yerli kinematoqrafiya son illərdə bir neçə kommersiya filmləri ilə kiçik canlanma yaşasa da, ümumilikdə ölkənin kino sahəsindəki problemləri hələ də qalmaqdadır.

Maraqlıdır ki, Azərbaycan kinosunun hazırkı səviyyəsi necədir və Sovet dövrü ilə indiki dövr arasındakı kino sənətinin keyfiyyət fərqləri nədən ibarətdir? Müstəqillik dönəmində dövlətin kinoya sərf etdiyi sərmayə özünü doğruldurmu? Kino sahəsinin inkişafı üçün texniki baza ilə yanaşı kadr professionalığı qənaətbəxş hesab oluna bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü, rejissor Rüfət Əsədovrejissor Kamal Yaşarın fikirlərini öyrənib.

Rüfət Əsədov: “Sovet dövrünün öz ideologiyası var idi və incəsənətin bütün sahələri, o cümlədən də kino sahəsi bu ideologiyaya qulluq edirdi”.

Kino sahəsinin inkişafı üçün müstəqil mənbələrin yaradılmasının zəruri olduğunu vurğulayan rejissor Rüfət Əsədova görə, Azərbaycan heç Sovet dövründə belə öz filmlərini dünyaya çıxarmaq gücünə malik deyildi:

“Fikrimcə, Sovet dövrü ilə indiki vaxtı müqayisə etmək düzgün deyil. Çünki bunun bir çox səbəbləri var. Sovet dövrünün öz idealogiyası var idi və incəsənətin bütün sahələri, o cümlədən də kino sahəsi bu idealogiyaya qulluq edirdi. Şedevr söhbəti bir az qəliz söhbətdir. Qiyməti zaman verir.

Təəssüflər olsun ki, biz o zamanda da heç bir filmimizi dünyaya çıxara bilməmişdik. Qonşumuz gürcülərdən fərqli olaraq, bizdə bu alınmadı. Hərgah ki, “Şərikli çörək” filminin buna tam haqqı olduğunu düşünürəm. Və onu da qeyd edim ki, filmlər dövlət hesabına çəkilirdi. Birinci məsələ dövlətin əleyhinə heç nə deyilməməli idi. Filmin maliyyə cəhətcə özünü doğruldub-doğrultmayacağı isə ikinci yerdə idi.

Müstəqillik dövründə çəkilən filmlərin maddi cəhətdən özünü doğrultması barədə konkret fikir deyə bilmərəm. Çünki bununla bağlı hansısa statistika görməmişəm. Səhv edə bilərəm, amma bildiyim qədəriylə kommersiya nöqteyi-nəzərindən heç bir film satılmayıb. Lakin mənəvi baxımdan özünü doğrultduğu şübhəsizdir. Biz Amerika deyilik. Orada film-biznesdir. Yəni, elə-belə çəkilmir. Heç ənənəvi kino mədəniyyətinə sahib olan Avropa ölkələri bazara çıxa bilmirlər. Ona görə ki, amerikanlar bütün dünyanı “Coco Cola” və kino ilə artıq fəth ediblər. Balaca Banqladeş ildə 70 film istehsal edir. Ancaq heç bir Banqladeş filmi muzey və simfonik orkestrdə gəlir gətirmir.

Rüfət Əsədov: “Bu yaxınlarda Avropa İttifaqının bir layihəsində var idim. Tam səmimi deyirəm, çox istedadlı cavanlar ilə rastlaşdım”.

Kadr məsələsinə gəlincə, bu yaxınlarda Avropa İttifaqının bir layihəsində var idim. Tam səmimi deyirəm, çox istedadlı cavanlar ilə rastlaşdım. Filmlərinə baxdım və düşünürəm ki, onlara dayaq olmaq lazımdır. Adların çəkmək istəmirəm, amma kino sahəsi üzrə peşəkar müəllimlərimiz var. Azərbaycanda kino sahəsinin inkişafı üçün hansı addımların atılmasının zəruri olduğunu dəqiq bilmirəm. Çünki son 10 ildə mən xaricilər ilə işləyirəm və nəticəsini də görürəm. Mənasız problemlərdən özümü azad etmişəm. Müstəqil kinomatoqraf inkişaf edilməlidir. Dövlət nə verirsə versin, onsuz da hamıya çatmayacaq. Ona görə müstəqil mənbələr yaratmaq lazımdır.

Bir sovet filmi var idi, adı yadımda deyil. Orada deyilir ki, insanların sayı çoxdur, vicdan isə azdır, hamıya çatmır. Əlbəttə, büdcədən ayrılan pulun miqdarı artırılmalıdır. Əks halda dediyim o istedadlı cavanlar ya məhv olacaq (Allah eləməsin), ya da çıxıb gedəcəklər və düz edəcəklər. Heç olmasa, onları düşünmək lazımdır”.

Kamal Yaşar: “Mövcud şəraitdə etimad edilən gənclərin sayı çox azdır və barmaqla sayıla biləcək gənclərlə heç bir iş görmək olmaz”.

Sovet dövründən fərqli olaraq, indiki şəraitdə müstəqil kino sahəsində inkişafın nəzərə çarpdığını qeyd edən rejissor Kamal Yaşarın fikrincə, mədəniyyətin özü özünü dolandırması üçün yetərincə imkanların yaradılmaması ciddi problemdir:

“Öncəliklə qeyd edim ki, hər iki nazirin dediklərində həqiqət var. Maliyyə naziri Samir Şərifov ona görə düz deyir ki, maliyyəçidir. Demək ki, maliyyəçi yatırdığı sərmayədən qazanc götürməlidir. Maliyyəçi haqlı olaraq yatırdıqları yatırımların əvəzini götürmədiklərini iddia edir. Bu baxımdan növbəti yatırımdan imtina edilməsi çox normaldır. Bəzi şəxslərin bu imtinaya qarşı etirazlarına baxmayaraq, normal şərtlər daxilində maliyyə nazirinin addımında qeyri-adilik yoxdur.

Maliyyə naziri Samir Şərifov çıxışında bildirib ki, “son 1-2 ildə özəl sektor tərəfindən bir neçə kino əsəri ərsəyə gətirilib”. Müstəqil kino bazarı yarandığına görə Maliyyə Nazirliyi kino sahəsinə vəsait ayırmağa ciddi ehtiyac duymayıb. Əslində bu məqamı nəzərə almaq lazımdır. Müstəqil çəkilən filmlərin keyfiyyətini, məzmununu kənara qoysaq, ortada istehsal prosesi olaraq bir bazar mövcuddur. Bu bazar heç bir dövlət dəstəyi olmadan mövcud ola bilirsə, Maliyyə Nazirliyinin iradına haqq qazandırmaq olar. Bəlkə də bu mexanizmi daha da sürətləndirməyə, mövcud olan əngəlləri aradan qaldırmağa, yeni prodakşnlara imkanlar tanımağa və müstəqil kinonun inkişafına dəstək olmağa ehtiyac var. Dövlət kino sahəsinə vəsait ayırmaq istəyirsə, ayırsın. Lakin heç bir asılılığı olmayan müstəqil kino sahəsinin inkişafı da zəruridir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin fikirlərindəki həqiqət payı isə ondan ibarətdir ki, müstəqillikdən sonra kino sahəsində bir canlanma mövcud olub. Sadəcə olaraq proses daha aktiv və səmərəli ola bilərdi. Həmçinin daha çox materiallar, nümunələr üzə çıxa bilərdi, amma çıxmadı. Görünən budur ki, ilk növbədə, maliyyə mexanizmi sağlam deyil. Digər tərəf isə mənəvi məsələlərlə bağlıdır. Nazirliyin etimad etdiyi gənclərin sayı çox olmalıdır. Təəssüf ki, mövcud şəraitdə etimad edilən gənclərin sayı çox azdır və barmaqla sayıla biləcək gənclərlə heç bir iş görmək olmaz. Fikir verirsinizsə, istehsalların əksəriyyətində yaşlı nəsil nümayəndələri üstünlük təşkil edir. Orta nəsildən isə Elçin Musaoğlu və Elxan Cəfərovun adını çəkmək olar. Əslində gənclərin sayı çox olmalıdır. Biz hər şeyin yenilənməsini, modern tələblərə cavab verməsini, dünyanın kino tendensiyalarından xəbərdar olmaq və onlara qoşulmaq istəyirik. Bu istəklər qarşısında gənclərə etimadımızın zəif olması ciddi şəkildə nəzərə alınmalıdır.

Kamal Yaşar: “Əgər bir mədəniyyət dünyaya insanlığı car çəkirsə, bu mədəniyyət özü özünü dolandıracaq səviyyədə olmadıqda heç kimə lazım deyil”.

Sovet dövrünün ayırdığı maliyyə özünü doğruldurdu. Yəqin ki, buna səbəb mexanizmin möhkəm və ciddi olması olub. Lakin bir nüansı qeyd etmək istəyirəm. Sovet dövründə müstəqil kino adına hanısısa material demək olar ki, olmayıb. Bütün istehsallar dövlətin dəstəyi ilə həyata keçirilirdi və hardasa tənbəllik yaradırdı. Bizim yaşlı nəsil rejissorlara müstəqil film çəkməyi təklif etsək, heç biri bu işin altına girə bilməyəcək. Bu fikrimin aşırı cəsarət kimi qəbul edilməsini istəmərəm. Sadəcə olaraq yaşlı nəsil rejissorlarımız verilən işi görməyə öyrəşiblər. İndiki zamanın tələbi isə aktivlik tələb edir. Bu gün kino bazarında əziyyətlərə qatlaşaraq, müstəqil film çəkən aktiv gənclərimiz var. Bu cür aktiv gənclərə pul verib tənbəlləşdirməkdənsə, dəstək olmaq daha səmərəlidir.

Mədəniyyət sahəsinə vəsaitin ayrılmasına gəlincə, bu sahəyə qayğı həmişə olub. Əslində mədəniyyət özü özünü dolandırmalıdır. Çünki mədəniyyat qeyri-funksional deyil, bir məhsuldur. İş orasındadır ki, mədəniyyət sahəsində boşluq var. Yəni, yaradıcı məhsul olsa da, onun satışı bir problemdir. Yaradıcı məhsul əmtəəyə çevrilə bilmir.

Xüsusilə də teatr sahəsində ciddi problemlər mövcuddur. Əgər bir mədəniyyət dünyaya insanlığı car çəkirsə, bu mədəniyyət özü özünü dolandıracaq səviyyədə olmadıqda heç kimə lazım deyil. Mədəniyyət təkcə danışmaqdan, yalançı pafoslu şüardan ibarət olmamalıdır. Mədəniyyət özü özünü elə tənzimləməlidir ki, pul qazana bilsin. Çünki mədəniyyət ciddi kapitaldır. Məsələn, bir rejissor kimi mən çəkdiyimdən pul qazanıram. Qurduğum tamaşadan pul qazanmalıyam. Eyni zamanda bir aktyorun bədəni kapitaldır. Yaradıcı insan öz imkanlarından xəbərdardısa, bundan maksimum şəkildə yararlana bilər. Mədəniyyət sahəsində çalışan yüzlərlə insan var. Bu insanlar əl-ələ verib, öz imkanlarını səfərbər etsələr, məhsullarını əmtəə halına sala bilsələr, ciddi formada qazanc əldə edə bilərlər”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar