Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazilər Məlahət İbrahimqızının təklifini dəstəkləyir - Komissiya yaradılsın...

Qarabağ Qaziləri və müharibə veteranları Prezident yanında və yaxud Nazirlər Kabinetində şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılması təklifini alqışlayırlar

Rəy Kərimoğlu: “Dövlətin Qarabağ döyüşçülərinə olan münasibəti həm də Qarabağ probleminə olan münasibətdir”.

Cavid İmamoğlu: “Azərbaycan konstitutsion qurluşuna görə sosialyönümlü dövlətdir və öz vətəndaşlarını sosial planda müdafiə etməyə borcludur”.

Məlumdur ki, prezident İlham Əliyevin sərəncamları, tapşırıqları və tövsiyələri ilə Qarabağ müharibəsi əlillərinin (Qazilərin), şəhid ailələrinin sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülür. Lakin təəssüf doğuran amil ondan ibarətdir ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemləri, onların yaşadıqları çətinliklər cəmiyyətdə tez-tez müşahidə olunur. Hətta problemlərinə qarşı laqeydlik görən bir sıra qazilərin özlərinə qəsd etməsinin də dəfələrlə şahidi olmuşuq.

İcra hakimiyyətləri rəsmiləri tərəfindən Qarabağ əlillərinin, şəhid ailələrinin problemlərinin gizlətməsi və problemin mövcud olmamasını göstərməyə çalışması isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Azərbaycandan fərqli olaraq, bir sıra ölkələrdə isə qazilərə, şəhid ailələrinə xüsusi diqqət və qayğı hər kəs tərəfindən göstərilir.

Məsələn, Türkiyədə prezidentin, baş nazirin iştirak etdiyi tədbirlərdə qazilər ön sırada əyləşdirilir. İranda isə müharibə əlilləri bütün vergi və rüsumlardan azaddırlar. Onlar istədikləri qədər faizsiz kreditlər götürə bilirlər. “Canbaz” adlandırılan müharibə əlillərinə məxsus böyük mərkəzlər, kinozalları, şadlıq sarayları, hətta şəhid və əlillərin muzeyləri var. İstər Türkiyədə, istərsə də İranda qazilərə hərbi və mülki xəstəxanalarda yüksək münasibət göstərilir.

Ölkəmizdə isə prezidentin sərəncamlarına baxmayaraq, müvafiq qurumların qazilərə, şəhid ailələrinə göstərdiyi diqqət cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Yuxarı da qeyd etdiyimiz kimi qazilər onlara qarşı olan bu laqeydliyə qarşı çox müxtəlif üsullarla, hətta qeyd etdiyimiz kimi, canlarına qəsd edərək etiraz ediblər.

Dünən isə parlamentin iclasında millət vəkili Məlahət İbrahimqızı maraqlı bir təkliflə çıxış edib. Xanım deputat veteranların, şəhid ailələrinin problemlərini araşdıran dövlət komissiyasının yaradılması təklifi ilə çıxış edib. “Şəhid ailələri, Qarabağ müharibə veteranlarının problemlərini araşdıran xüsusi bir dövlət komissiyasının yaradılmasına ehtiyac var. Mən təklif edirəm ki, Prezident yanında və yaxud Nazirlər Kabinetində şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının problemlərini araşdıran dövlət komissiyası yaradılmalıdır. Bu yolla onların problemlərini araşdırmaq və həll etmək olar. Belə bir komissiyanın yerlərdə də şöbələri yaradılmalıdır”, deyə çıxışında qeyd edən millət vəkilinin təklifinin mahiyyətini də əsaslandırıb. Onun sözlərinə görə, hədəfi Azərbaycanın daha da güclü dövlət, həmçinin torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqdır.

Yeni komissiyasının yaradılmasına doğrudanmı ehtiyac var? Hesab etmək olarmı ki, bu komissiya deputatımızın qeyd etdiyi kimi, torpaqlarımızın işğaldan azad olunmasında müsbət təsirə malik olacaq?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Qarabağ Qaziləri İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri, qaziler.az saytının baş redaktoru, Qarabağ qazisi Rəy Kərimoğlusosioloq Cavid İmamoğlunun fikirlərini öyrənib.

Rəy Kərimoğlu: “Məmurların, müəyyən strukturların özbaşınalıqları və problemə yanaşma metodlarının yanlışlaqlarını aradan qaldırmaq lazımdır”.

Qarabağ əlilləri, veteranlar və şəhid ailələri ilə bağlı komissiyasının yaradılması təklifinin müsbət fikir olduğunu bildirən Qarabağ qazisi Rəy Kərimoğluna görə, komissiyanın fəaliyyətinin bütünlükdə cəmiyyətdə vətənpərvərlik hissinin artmasında da böyük rol oynayacaq:

“Əslində millət vəkili Məlahət İbrahimqızı çox vacib təklif irəli sürüb. Biz Qarabağ qaziləri kimi bu təklifi dəstəkləyirik. İndiki şəraitdə ortalıqda bu məsələ ilə məşğul olan dövlət strukturları və Qarabağ əlilləri, veteranları, şəhid ailələri ilə bağlı 5-6 təşkilat var. Bir neçə ildir ki, biz bu qəbildən olan insanların problemlərinin araşdırılması və həll edilməsi ilə bağlı təklif irəli sürmüşük. Hələ 2001-ci ildə bu məsələ ilə bağlı Qarabağ Əlillər Cəmiyyətinin keçirdiyi aclıq etiraz aksiyanın iki tələbindən biri bu idi. Amma o vaxt bunu hakimiyyətin içərisindən kimlərsə qəsdən siyasiləşdirdilər. Halbuki aksiyanın iki tələbi var idi. Birincisi, Qarabağ əlillərinin pensiyalarının bir neçə dəfə artırılması idi. O vaxtlar pensiya köhnə valyuta ilə 9 şirvan idi. Yəni, pensiya artırılsın və 20-25 şirvan verilsin.

İkinci tələb isə Qarabağ əlilləri ilə bağlı sərəncamların, qanunların icrasına nəzarət edəcək dövlət komissiyasının yaradılması idi. Təəssüf ki, o vaxtı hakimiyyətin içərisində olan müəyyən oyunbazlar bu işi siyasiləşdirdilər və məsələnin aktuallığı gündəmdən çıxdı. Sonra “Qaçqınkom”un keçmiş sədri, baş nazirinin müavini Əli Həsənovun rəhbərliyi ilə komissiya yaradıldı, amma o komissiyanın fəaliyyəti baş tutmadı. Çünki komissiyada Qarabağ əlilləri, şəhidlər, veteranlarla bağlı maraqlı QHT-lər olmadı.

Rəy Kərimoğlu: “Qarabağ əlillərinə, veteranlara göstərilən xoş münasibət, diqqət və qayğı gənclərdə vətənpərvərlik hissini artıracaq”.

İndiki şəraitdə deputat Məlahət İbrahimqızının təklifini təqdir edirik. Çünki burada incə məqamlar da var. Əgər bu dövlət komissiyası yaradılarsa, bizim də bir çox vacib təkliflərimiz olacaq.

Bəzi problemlərin həllində QHT-lərin fəaliyyətinə ehtiyac var, dövlətin yanında olub bu işə dəstək lazımdır. Əslində nəzərdə tutduğumuz problemlərin bəzilərinin həlli üçün əlavə vəsaitə də ehtiyac yoxdur. Sadəcə olaraq məmurların, müəyyən strukturların özbaşınalıqları və problemə yanaşma metodlarının yanlışlaqlarını aradan qaldırmaq lazımdır.

Eyni zamanda bəzi məsələlər var ki, onları komissiyada həll etmək olar. Bu baxımdan deputatımızın təklifi çox düzgün addımdır. Ümid edirik ki, dövlət qurumları bu çağırışa müsbət rəy verəcəklər və komissiya yaradılacaq. Komissiya yarandıqdan sonra bura işi bilən QHT rəhbərləri yönləndirilməlidir ki, məsələlər müsbət şəkildə öz həllini tapsın. Əslində dövlət əlillərin, şəhid ailələrinin, veteranların problemlərinin həlli üçün yetərincə vəsait ayırır və bu istiqamətdə cənab prezident İlham Əliyevin tapşırıqları var. Təəssüf ki, bu tapşırıqlar istənilən səviyyədə icra olunmur.

Deputatın təklifinin Qarabağ məsələsinə təsirinə gəlincə, Qarabağ əlillərinə, veteranlara göstərilən xoş münasibət, diqqət və qayğı gənclərdə vətənpərvərlik hissini artıracaq. Əlində silah torpaqlarımızın müdafiəsində dayanan əsgər və zabitlərimizə əlavə stimul verəcək. Onlar biləcəklər ki, sabah başlarına bir iş gəlsə, dövlət onların ailələrinə, özlərinə sahib çıxacaq. Dövlətin Qarabağ döyüşçülərinə olan münasibəti həm də Qarabağ probleminə olan münasibətdir”.

Cavid İmamoğlu: “Azərbaycanda sosial planda müdafiə olunmamış insanlar üçün preventiv mexanizmə ehtiyac var”.

Sosial müdafiə sisteminin inkişafı üçün ciddi addımların atılmasını zəruri hesab edən sosioloq Cavid İmamoğlunun fikrincə, vətəndaşların problemlərinin həlli üçün sosial müdafiə siyasətində çoxprofilli komanda yaradılmalıdır:

“Ümumiyyətlə, sosial planda müdafiə olunmalı təbəqələrin vəziyyəti ilə bağlı davamlı işlərin görülməsinə ehtiyac var. Son zamanlar yaranan böhran fonunda Milli Məclisdə yeni komissiyanın yaradılması təklifi irəli sürülüb. Halbuki sosial elmdə deyilir ki, qarşısı almaq müdaxilə etməkdən qat-qat zəruridir.

Azərbaycanda istər şəhid ailələri, istər veteranlar və istərsə də sosial planda müdafiə olunmamış digər əhali kütlələrinin müdafiəsi istiqamətində hansısa bir qurum olmalıdır ki, vətəndaşın problemləri nəzərə alınsın və həll yolları ilə bağlı xüsusi plan hazırlansın. Bu planın icrasına isə aidiyyatı dövlət qurumları cəlb olunmalıdır.

Sosial müdafiə sistemində çoxprofilli komanda anlayışı var. Bu anlayışa görə, hansısa vətəndaşın probleminin mahiyyətinə uyğun olaraq digər dövlət orqanları ilə birlikdə əməkdaşlıq edilir. Əgər vətəndaşın problemi maddiyyatla bağlıdırsa, burada Sosial Müdafiə Nazirliyi ilə yanaşı, icra hakimiyyəti və müvafiq qurumun nümayəndələri də komandanın tərkib hissəsində olurlar.

Təəssüflər olsun ki, Azərbaycan reallığında hələ bu sistem formalaşmayıb. Buna görə də böhranlı hallar ortaya çıxdıqda etirazların aradan qalxması üçün müdaxilə planları hazırlanır. Halbuki etirazların qarşısı vaxtında alınmalıdır.

Əslində Azərbaycanda sosial planda müdafiə olunmamış insanlar üçün preventiv mexanizmə ehtiyac var. Azərbaycan ümumilikdə sosialyönümlü bir dövlətdir və öz vətəndaşlarını sosial planda müdafiə etməyə borcludur. Eyni zamanda sosial müdafiə sistemində yeniliklərin edilməsi zəruridir”.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar