Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stalinin kürsüsünə oturan, amma sonra Kremldən qovulan şəxs – unudulmuş Malenkov

O, çox şanslı insan olub. Hələ gənc yaşlarından siyasi karyerasında daha yüksəklikləri fəth etmək üçün bütün qapılar onun üzünə açılıb. Ancaq o, bu imkanlardan lazımi qədər bəhrələnə bilməyib. Georgi Malenkov bütün siyasi fəaliyyəti dövründə iradəsizliyi, qətiyyətsizliyi ucbatından şanslarını əldən verib

Müstəqil şəkildə qərar çıxara bilməyən, siyasi mövqeyini lazımi məqamda sərgiləməyi bacarmayan Malenkov həlledici məqamlarda sahib ola biləcəyi kürsülərdən kənarda qalıb.

Elə günü bu gün də SSRİ rəhbərlərinin adları çəkiləndə İosif Stalindən sonra Nikita Xruşova keçid edilir. Nədənsə Georgi Malenkovun çox qısa bir müddətdə də olsa SSRİ rəhbəri olduğu xatırlanmır.

Malenkov çox gənc yaşlarından bacarıqlı kadr kimi Kreml məmurları arasında fərqlənib, məsul vəzifələrə təyinat alıb. 1930-cu illərin ortalarından başlayaraq Stalin komandasının ən fəal üzvlərindən biri olan Malenkov mövcud dövrün siyasi proseslərində yaxından iştirak edib.

1935-1936-cı illərdə İosif Stalinin “Hər şeyi kadrlar həll edir” şüarı altında partiya üzvlərinin ciddi yoxlanması və şəxsən rəhbərin bu təftişə nəzarəti zamanı Malenkov Mərkəzi Komitənin təşkilat şöbəsinin başçısı kimi kommunistlər arasında “təmizlik” işini Stalini qane edəcək dərəcədə icra edib.

Georgi Malenkov 1937-ci ildən başlayan kütləvi repressiyalarda ən fəal siyasi fiqurlardan biri olub. O, bu işi kabinetində deyil, birbaşa yerlərdə həyata keçirib. Təkcə Ermənistana səfəri zamanı müttəfiq respublikada bütün siyasi rəhbərlik, rayon partiya komitələrinin katiblərindən tutmuş Ermənistanın birinci katibinə qədər xeyli kadr bir neçə günün içində repressiya qurbanlarına çevriliblər.

Malenkov hərb adamı olmayıb. O, nə at çapmağı, nə də silahdan mükəmməl istifadə etməyi bacarmayıb. Amma repressiya proseslərində sorğu-sual zamanı ağılasığmaz işgəncələr vermək üzrə əsl “peşəkarlıq” nümayiş etdirib.

“NKVD”-nin rəhbəri Nikolay Yejovla yaxın dostluq münasibəti olan Malenkov cəlladlıqda heç də ondan geri qalmayıb. Xarakteri həlim, mülayim olsa da Stalinin göstərişi olduğu təqdirdə Malenkov əsl canavara çevrilib.

Malenkovun “repressiya usta”lığı və Yejovla yaxın dostluğu o səviyyəyə gəlib çatıb ki, 1938-ci ildə Yejov Stalindən Malenkovun “NKVD”-yə müavin vəsifəsinə gətirilməsini xahiş edib. Stalin bu təklifi bəyənsə də, razılıq verməyib. Nikita

Xruşov öz xatirələrində bu təklif haqqında fikirlərini belə bölüşüb:
“Nikolay Yejov Malenkovu öz müavini postunda görmək istəyirdi. Onlar həm də yaxın dost idilər. Amma Stalin bu təkliflə razılaşmadı və fikrini belə izah etdi:

- Əlbəttə, təklif yaxşıdır. Amma biz Malenkovu sizə verə bilmərik. Çünki hazırda Malenkov Mərkəzi Komitədə kadr məsələləri ilə məşğuldur. O getsə, bu vəzifəyə kimi təyin edəcəyik? Axı bu o qədər də asan iş deyil və bu işdə Malenkovu əvəz edə biləcək bir adam görə bilmirəm. Siz isə yoldaş Yejov, öz vəzifənizdə məsuliyyəti bir az da artırın.

Bununla Stalin həm Malenkov haqqında yüksək fikirdə olduğunu bildirdi, həm də Yejova kiçik bir xəbərdarlıq da etdi...”

Malenkovla Yejovun dostluğu uzun çəkməyib. Yejov elə Malenkovun kabinetində Lavrenti Beriyanın içtirakı ilə həbs edilib. Malenkov üçün yeni dost “peyda” olub – Lavrenti Pavloviç Beriya.

1939-cu ildə Georgi Malenkov daha böyük siyasi səhnəyə qədəm qoyub. Partiya qurultayında ona Mərkəzi Komitənin katibi və həm də kadrlar idarəsinin rəisi vəzifəsi həvalə edilib, daha sonra isə Siyasi Büroya üzv seçilib.

Müharibə illərində Malenkov madafiə sənayesi ilə məşğul olub. Bu sahədə onun xidmətləri olduqca müsbət qiymətləndirilərək qənaətbəxş hesab olunub.

1946-cı ildən Georgi Malenkov partiya xətti ilə faktiki olaraq Stalinin müavini sayılıb, qeyri-rəsmi isə o, Stalinin ən yaxın adamlarından biri olub. Və Siyasi Büro üzvləri onu da dərk ediblər ki, Malenkov Stalindən sonra ölkənin birinci şəxsi olacaq.

Belə də oldu, amma bu rəhbərlik uzun çəkmədi, Xruşov böyük hiyləgərliklə baş kürsünü ələ keçirdi.

Stalin vəfat etdiyi günün elə səhərisi Malenkov rəhbərin kabinetinə keçib. Stalinin dəfn mərasimində ilk nitqi Malenkov söyləyib. SSRİ-nin yazılmamış qanunlarına görə birincilərin dəfn mərasimində birinci çıxış edən adam növbəti birinci şəxs sayılıb. Sonra Kremldə keçirilən müşavirədə Beriya Malenkovun SSRİ Nazirlər Sovetinin sədri vəzifəsənə təyin olunması ilə bağlı təklif irəli sürüb. Təklif qəbul olunub. Müşavirədə ölkənin idarəetmə sistemi müəyyənləşdirilib. Qərara gəlinib ki, Leninin dövründəki praktika tətbiq edilsin, ölkəyə Nazirlər Sovetinin rəhbəri başçılıq etsin və o həm də Mərkəzi Komitənin rəyasət heyətinin, plenumların sədri olsun. Bununla da ölkənin idarəetməsi sistemi müəyyənləşib. Malenkov partiya xəttindəki katiblik vəzifəsindən ayrılıb. Həmfikir olan Malenkov və Beriya özlərinə ciddi rəqib saymadıqları Xruşovu isə partiyaya rəhbərlik etməsinə etiraz etməyiblər. Bu isə Xruşov üçün böyük şans, hakimiyyəti ələ keçirmək üçün əla fürsət idi.

Lavrenti Beriyanın həbsindən bir neçə gün sonra rəyasət heyətinin iclası keçirilərkən Malenkov iclas zalına daxil olanda Xruşovun sədr kürsüsündə əyləşdiyini görüb və dərhal təəccüblə reaksiyasını bildirib:

- Nikita Sergeyeviç, axı biz qərara gəldik ki, ölkənin idarəetmə sistemi Leninin dövründəki kimi olacaq.

Xruşov gülümsəyərək cavab verib:

- Siz özünüzü Lenin sayırsınız?

Malenkov əsas dəstəyi olan Beriyanı itirdikdən sonra siyasi qətiyyət nümayiş etdirə bilməyib. Xruşov baş katib (o dövrdə Sov.İKP MK-nın birinci katibi) kürsüsündə hakimiyyəti asanlıqla ələ keçirib.

1955-ci ildə Malenkov Nazirlər Sovetinin sədri vəzifəsindən uzaqlaşdırılaraq elektrostansiya naziri təyin edilib.

1957-ci ildə Malenkov Vyaçeslav Molotov və Lazar Kaqanoviçlə Xruşovu vəzifədən devirməyə cəhd etsələr də, alınmayıb. Və bu üçlük (sonradan onlara Şepilov da qoşulub) “antipartiya qrupu” adlandırılaraq Mərkəzi Komitənin plenumunda müzakirəyə çıxarılıb. Malenkov Mərkəzi Komitənin üzvlüyündən çıxarılaraq “sürgün”ə, Ust-Kamenoqorska zavod direktoru vəzifəsinə göndərilib. 1961-ci ilin noyabrında isə Malenkov partiya sıralarından xaric edilərək təqaüdə göndərilib.

Siyasətdən tam kənarlaşdırılan Georgi Malenkov 1961-ci ildən sonra bir dəfə də olsun Kremlə ayaq basmayıb, heç bir imtiyaz tələb etməyib. Heç Kremldə də onu xatırlamayıblar.

O, mənzil şəraitinin çox pis vəziyyətdə olmasına baxmayaraq, ölkə rəhbərliyinə heç vaxt müraciət etməyib. Yalnız 1980-ci ildə vəziyyətdən xəbərdar olan Yuri Andropov Malenkova ikiotaqlı mənzilin verilməsinə köməklik edib.

Sıravi vətəndaş kimi həyat sürən, ictimai nəqliyyatdan istifadə edən, arada bir şüşə araq və konservləşdirilmiş balıq almaq üçün ən adi mağazalardan alış-veriş edən Georgi Malenkov ömrünün sonuna qədər unudulmuş rəhbər kimi yaşayıb.

Geogi Malenkov 14 yanvar 1988-ci ildə vəfat edib. Mərkəzi qəzetlər onun vəfatı ilə bağlı heç bir məlumat verməyiblər.(musavat.com)

pia.az


Etiket: Stalin Malenkov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar