Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Yalnız ADR-in yüz illiyi xatirinə qeyd etməliyik ki, indiki parlamentimiz 1918-20–ci illərdəki parlamentin varisi sayılır

Amma varislər heç də həmişə sələfləri kimi olmurlar. ADR dövrünün cəmi iki illik parlamentindən düz otuz ildir danışırıq, fəqət, mövzu bitib-tükənmir, di gəl ki, indiki müstəqil və çiçəklənən Azərbaycanın parlamentinin az qala, otuz illik fəaliyyətindən danışmaq üçünsə otuzca kəlmə belə tapa bilmirik.

Bəli, çox təəssüf, bizim şanlı indiki parlamentimiz ildə cəmi bir dəfə diqqətə gələ bilir. O, da adətən büdcə müzakirələri zamanı olur.

Deputatlarımızın qəfil yadına düşür ki, mandat alarkən onların qulaqlarına pıçıldamışdılar ki, lap xalis, mandatı dişi -dırnağı ilə qazanmış əsl deputatlar kimi nəzəri olaraq onların da irad bildirmək və yaxud da təklif vermək, hətta yüngülcə, əndazəni qəti aşmadan çox kiçik problemləri dilə gətirmək, “tənqid etmək” hüquqları da var.

Beləcə, büdcə müzakirələri zamanı bizim şanlı deputatlarımız da bir anlığa nə üçün və necə seçildiklərini, parlamentdə beş il kürsü məşğul etmək üçün hansıca qapıları döydüklərini və “kimlərin bığının altından keçdiklərini” guya tamam - kamal unudaraq başlayırlar bir azacıq qeyri-ənənəvi çıxışlar etməyə və hətta təkliflər səsləndirməyə.

Bu minvalla parlamentimiz bir anlığa lap əsl, klassik dünya parlamentlərinə, nə bilim, İngiltərənin İcmalar, yaxud da ABŞ-ın Nümayəndələr palatasına olmasa da, hər halda, qardaş Qırğızstanın təkpalatalı, 120 deputatlıq Jokorku Keneşinə, yəni qırğız parlamentinə bənzəməyə başlayır.

Elə özümüz də yalnız büdcə müzakirələri zamanı parlament dinləmələrinə diqqət kəsilirik, baxmayaraq ki, Azərbaycan müstəqil dövlət olandan büdcə ilə hansısa formada bağlı olmaq xoşbəxtliyi bizə nəsib olmayıb.

İndiki çıxışlarda ruhumuzu ən çox oxşayan təklif heç şübhəsiz ki, onlayın mediyaya maliyyə yardımının ayrılması haqqında təklif olmalı idi, çünki medianın özünə qazanmaq imkanı verilmirsə, onda bircə yol qalır – ona daim maddi yardım göstərmək. Və təqdirəlayiq haldır ki, bu da demək olar ki, hər il olur, amma hələki yalnız ənənəvi mətbuatı əhatə edir, çox yaxşı olardı ki, proses onlayın mediaya da şamil edilsin.

Amma biz çox da eqoist adam deyilik və büdcə müzakirələrini də tamamilə başqa bir məsələyə görə diqqətdə saxlayırdıq. Müzakirələrdən bir neçə gün öncə körpə uşaqlara verilən birdəflik müavinətin, ümumiyyətlə, uşaqlar üçün nəzərdə tutulan maddi vəsaitlərin artırılması təklif olunmuşdu. İnanın, bizimçün hətta onlayn mediaya vəsait ayrılmasından da vacib görünürdü bu, halbuki, nə kiçik yaşlı uşağımız, nə də nəvə-nəticəmiz var, amma bütün normal insanlar kimi biz də daim “Öncə uşaqlar!” deməyə alışmışıq...

Deputatlar bu məsələni dilə gətirdilər, hətta biri Belarusla müqayisə apardı. Amma onlara dərhal “irad” tutuldu ki, Azərbaycanı Belarusla müqayisə etmək lazım deyil, guya ki, demoqrafik vəziyyətlər tamamilə fərqlidir - bəli, bax, beləcə də dedilər.

Amma demədilər ki, özümüzü cəmi bir neçə il bundan əvvəl bizə 150 milyon dollara görə əl açan Belarusla da müqayisə edə bilmiriksə, onda bütün bu söz - söhbət daha nəyə lazımdır?..

Düzdür, ertəsi gün KİV-lər uşaqlar üçün birdəfəlik müavinətin artırılacağı haqda xəbərlər yaydılar, amma elə kiçik bir ədəd dedilər ki, şəxsən mən onu burada yazmağa utanıram, hətta düşünürəm ki, əcaba, bəlkə mən səhv eşitmişəm?

Demoqrafik vəziyyətə gəlincə, bununla bağlı araşdırma ilə tanış deyiləm, amma adi, həyati müşahidələrdən görürürk ki, artıq rayonlarda belə çoxuşaqlı ailələrə az təsadüf olunur, gənc ailələr də uzağı iki uşağa, bəzi hallarda isə hətta bir uşağa üstünlük verirlər.

Ona görə də qoy bizim demoqrafik vəziyyətimiz şanlı və qüdrətli məmurlarımızı və nazirlərimizi qətiyyən qorxutmasın, nökər-nayibin çox olmasının nəyi pisdir axı? Rəiyyətin çox olması həm də vergi verənlərin, xüsusən də əsgərlərin çox olması deməkdir...

O ki qaldı bizi hansı ölkələlərlə müqayisə etməyə, bunu düşünəndə şəxsən bizim ürəyimiz sızıldayır. Bilirsinizmi niyə? Uzun müddət bizə təlqin edildi ki, gənc Azərbaycan dövlətini Avropa ilə müqayisə etmək və “Oradakılardan burada niyə yoxdur?” –deyə gileylənmək lazım deyil, çünki biz gənc dövlətik, baxmayaraq ki, aparıcı məmurlarımız bəlkə də dünyanın ən yaşlı dövlət qulluqçularıdır. Nə isə. Dedik, olsun. Odur ki, hətta biz də demokratiyanın və liberala dəyərlərin təbliğilə bağlı yazılara ara verdik və qəbul etdik ki, əsl demokratik Azərbaycan sonranın işidir...

Amma bu, qətiyyən demokratiyanın və yaxud da liberalizmin ölümü, guya ki, bu kimi yazıların azərbaycanlılar üçün tamam gərəkəsiz olması anlamına da gəlməməlidir.

Birincisi, gözəl ideyalar heç vaxt ölmür, eləcə də liberal dəyərlər və demokratiya. İkincisi, düzdür, azərbaycanlılar da yuxudan ayılıb yollarını Almaniyanın yolları, ictimai nəqliyyatı lap London nəqliyyatı, nə bilim, səhiyyəni və təhsili Skandinaviya ölkələrindəki kimi görmək istəyirlər. Amma bu, çox azdır, çünki təkcə istək–xəyal hələ heç nəyi həll etmir, ikincisi də ki, liberal adam həm də odur ki¸bütün bunları, ən əsası da azadlığlı başqaları üçün də istəyir, onların da belə haqqının olmasını qəbul edir. Azərbaycanda isə sonuncu həmişə problem olubdu, çünki insanlarımız daim özləri üçün istəməyə alışıblar...

Qərəz, Avropa alınmadı. Dedik ki, onda heç olmasa, neft ölkələrilə müqayisə aparaq. Di gəl, bu da olmadı – buyurdular ki, onda başqa şeylər də neft ölkələrindəki kimi olmalıdır! Biz, əlbəttə, bunu qəbul edə bilməzdik. Bilirəm, deyəcəksiniz ki, guya bizdən nəsə soruşan - filan var? Bu da tamam-kamal doğrudur...

Odur ki, qardaşlar, gedirik, amma hara getdiyimizi özümüz də bilmirik, harasa gedirik – vəssalam...

Nə isə, bir sözü qoyub, digərinə keçmək olmasın, bu sətirləri yazırdım ki, bir də gördüm, televiziyada maraqlı şeylər danışırlar: sən demə, uzun illər bizim bəstəkarlarımızdan birini Türkmənistan bəstəkarı kimi təqdim edirlərmiş və biz də bundan yalnız yaxınlarda xəbər tutmuşuq!..

Elə ona görə də yazının nəticəsi artıq sizlikdir, əziz və hörmətli oxucular, ən əsası da, çox hörmətli seyrçilər! İndi özünüz tapın: biz hara gedirik və necə gedirik?..

Hüseynbala Səlimov (musavat.com)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Qazaxıstan hadisələri haqda üç ehtimal, bir nəticə...

Niyə hamının gözünə yalnız media görünür?..

Elə ölkə varmı ki, özümüzü onunla müqayisə edək?

Paşinyan siyasi səhnəni nə vaxt tərk edəcək...

Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..

Ən çox oxunanalar