Bazar, 24 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Seçkidən sonra Amerika - Nə dəyişəcək?

Məhəmməd Əsədullazadə: “Demokratların hakimiyyətində loyal xarici siyasətdə kardinal dəyişikliklər edən Trampa qarşı Demokratlar müqavimət göstərəcək”

Əhəd Məmmədli: “Demokratların Konqresin aşağı palatasında çoxluğa sahib olması ABŞ-ın xarici siyasətinə kardinal şəkildə təsir edən deyil”.

Xəbər verdiyimiz kimi ABŞ-da noyabrın 6-da keçirilmiş aralıq seçkilərində vətəndaşlar 100 nəfərlik Senata 33 yeni senator, Nümayəndələr Palatasının isə bütövlükdə yeni tərkibini seçiblər.

Seçkilərin nəticələrinə əsasən, respublikaçılar 51 senator yeri əldə etməklə, Konqresin yuxarı palatası – Senatda üstünlüklərini qoruyub saxlamağa nail olublar. Demokratlar isə 43 yerlə kifayətləniblər.

Əvəzində demokratlar Nümayəndələr Palatasına seçkilərdə 209 mandat əldə edərək, 194 yer qazanmış respublikaçıları üstələyiblər. Bununla belə, Nümayəndələr Palatasında nəzarəti təmin etmək üçün demokratların bu say üstünlüyünü 218-ə qaldırmaları tələb olunur.

Konqresə aralıq seçkilərinin nəticələrinin ABŞ-ın xarici siyasətinə təsir göstərməsi mümkündür. Çünki ABÇ-da xarici siyasətlə əlaqədar bütün konseptual müzakirələr Konqresdə aparılır. Müxtəlif ölkələrə yönəlik siyasətin müəyyənləşməsi, sanksiyaların tətbiqi və bir çox mühüm məsələlər Konqres Komitələrinin müzakirəsindən keçir. Bu baxımdan aralıq seçkilərinin nəticələri ABŞ-ın xarici siyasətində müəyyən korrektələrə səbəb ola bilər. Həmçinin Tramp digər prezidentlərdən fərqli olaraq, istədiyi xarici siyasəti yürüdə bilsə də, bəzən Konqreslə hesablaşmaq məcburiyyətində qalacaq.

Demokratların Konqresin aşağı palatasında çoxluğa sahib olması ABŞ-ın xarici siyasətinə necə təsir edə bilər? Xüsusən Vaşinqtonun İran və Rusiya siyasətində hansısa dəyişikliklər mümkündürmü və bu dəyişikliklər əsasən hansı istiqamətdə ola bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadəyə və “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədliyə müraciət edib.

Məhəmməd Əsədullazadə: “Xarici siyasətdə Tramp Demokratların təzyiqi ilə üzləşəcək”.

Demokratların hakimiyyəti dövründə qəbul edilən və bağlanan müqavilələrdən Trampın imtina etdiyini xatırladan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, ona görə də Demokratların hakimiyyətində loyal xarici siyasətdə kardinal dəyişikliklər edən Trampa qarşı Demokratlar müqavimət göstərəcək:

“ABŞ-da Konqrensin Senat və Nümayəndələr Palatasına keçirilən aralıq seçkiləri Tramp adminstrasiyası üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki, daxili və xarici siyasətdə Trampa qarşı Demokratlar qanunverici orqanda müəyyən qanunların qəbuluna əngəl olurdular. Noyabrın 6-da keçirilən seçkilərdə Senatda Respublikaçılar, Nümayəndələr Palatasında Demokratlar üstünlüyü ələ aldı. Təbii ki, nümayəndələr məclisində fərq Respublikaçılar arasında fərqdən böyük olmasa da, müəyyən qanunların qəbuluna Demokratlar mane olacaq.

Qeyd edim ki, Demokratların hakimiyyəti dövründə qəbul edilən və bağlanan müqavilələrdən Tramp imtina edir. Ona görə də Demokratların hakimiyyətində loyal xarici siyasətdə kardinal dəyişikliklər edən Trampa qarşı Demokratlar müqavimət göstərəcək. Tramp müəyyən vaxtlarda Rusiyaya mülayim siyasət sərgiləyir. Amma Demokratlar buna qarşıdı. Bundən əlavə Demokratlar İranla altılıq ölkələri arasında bağlanan nüvə müqaviləsindən çıxmaqla Trampın İran siyasətini tənqid edir.

Hesab edirəm ki, xarici siyasətdə dediyim nüanslar üzrə Tramp Demokratların təzyiqi ilə üzləşəcək. Daxildə isə impiçment məsələsi və Rusiya ilə mümkün əlaqələrin araşdırılması gündəmə gətiriləcək. Bu da növbəti seçkilərdə Respublikaçıların zəiflədilməsinə hesablanacaq”.

Əhəd Məmmədli: “Beynəlxalq siyasətdə böyük dəyişikliklər olmayacaq. Rusiya və İrana qarşı sərt siyasət davam edəcək”.

Demokratların Konqresin aşağı palatasında çoxluğa sahib olması ABŞ-ın xarici siyasətinə kardinal şəkildə təsir etməyəcəyini vurğulayan politoloq Əhəd Məmmədli fikrini onunla əsaslandırıb ki, Senatda yenə üstünlük Respublikaçılardadır. Konqresin aşağı palatasında da Demokratlar böyük üstünlüyə malik deyillər:

“Fikrimcə, Demokratların Konqresin aşağı palatasında çoxluğa sahib olması ABŞ-ın xarici siyasətinə kardinal şəkildə təsir edən deyil. Çünki Senatda yenə üstünlük Respublikaçılardadır. Konqresin aşağı palatasında da Demokratlar böyük üstünlüyə malik deyillər.

İran və Rusiya siyasətinə gəldikdə isə , Rusiyaya qarşı Demokratlar, İrana qarşı isə Respublikaçılar daha sərt davranışın tərəfdarlarıdırlar. Fikrimcə beynəlxalq siyasətdə böyük dəyişikliklər olmayacaq. Rusiya və İrana qarşı sərt siyasət davam edəcək”.

Nərminə UMUDLU
pia.az

 

Şərh yazın.

loading...