Cümə axşamı, 21 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Liberalizmin ölümü – Ələkbər Əliyevdən skandallı yazı

“İdeologiyalar cəfəngiyat kimi doğulur, etiqada çevrilib, ölürlər” - demişdi

F.Engels. Biz də, liberalizmin Azərbaycanda necə imana çevrilib, öldüyünə şahid olduq.

Hər şeyi öz adı ilə çağırmaq lazımdır; bizdə liberallar, həqiqi liberal filan deyillər, onlar qərbçidirlər. Səmimi, qeyri-səmimi - fərqi yoxdur, onlar bütün hallarda quru qərbçidirlər. Liberalizm onları, məsələn, iqtisadi bir ekol kimi maraqlandırmır. Onları heç nə maraqlandırmır, maliyyə axınının davamlılığından başqa. Bəyan etdikləri ideologiyaları da qısaca budur ki, “biz, hər şeyin doğrusunu bilən azlıq, heç nə bilməyən çoxluğun üstündə hakim olmalıyıq. Çoxluğa nə lazım olduğunu, çoxluğun özündən yaxşı bilirik. Bizdən olmayan cındırdır, satqındır”.

“Liberallar” ölkədə terror əsdirdilər: yetənə yetdilər, yetməyənə yekə bir daş atdılar. Donoslar yazdılar, insanların taleləri ilə oynadılar. Bu günün özündə də, nə qədər adam, liberal pritonun kilolu “mama roza”sından, onun yazacağı donoslardan qorxur, “mama roza” ilə açıq qarşıdurmaya getmək istəmir.

Qrant üstündə Azərbaycanda əlbəyaxa dava gedən illərdə, səlahiyyətli orqanları “Soros Fondu”nun Bakı ofisini bağlamağa dəvət etmişdim. O zaman, fondun qılıncının dalı da, qabağı da kəsirdi. Qrant anakondaları oturmuşdular direktorlar şurasında, fondun dəhlizlərində isə vəhhabilər göbək atırdı.

Axır ki, “Soros”u da, üstəlik başqalarını da bağlayıb, ölkədən rədd etdilər. Beləliklə, maliyyə axınının qarşısı kəsildi və ortalıqda liberal qalmadı. İslamçılar, mühafizəkarlar, hətta kommunistlər bu gün də durur, amma liberallar yoxdur. Təsəvvür edin, bir ideologiya, fond bağlanınca, qrant kəsilincə, yoxa çıxsın. Dəhşətdir, multfilmdir.

Bir yoldaşla, bu haqda mübahisəmiz düşmüşdü. Məni inandırmağa çalışırdı ki, ABŞ-ın və Avropanın fondları Azərbaycanda xeyirli işlər də görmüşdülər, bunu inkar etmək olmazmış. Qrant alanlar da pis-yaxşı, cəmiyyətə nəsə fayda vermişdilər. Məsələn, bizim xalqa “müasir dəyərləri” başa salmışdılar...

“Bu günün özündə də, nə qədər adam, liberal pritonun kilolu “mama roza”sından, onun yazacağı donoslardan qorxur, “mama roza” ilə açıq qarşıdurmaya getmək istəmir”

Mən də demişdim ki, kənd təsərrüfatı, icmalar, iqtisadiyyatın müxtəlif sferaları, nə bilim, təhsil və s. kimi sahələrdə, beynəlxalq təşkilatlarla əməkdaşlığa kimin etirazı var ki? ABŞ və Avropa fondları, bu gün də Azərbaycanda fəaliyyət göstərirlər. Kimin onlarla bir problemi, ixtilafı var? Söhbət ideoloji fəaliyyət yürüdən, bizə “həyatı” başa salmağa iddialı qurumlardan, adamlardan gedir.

Gəlin baxaq, liberalizmin mələk üzlü elçiləri Azərbaycanda nə işlər gördülər və nəyə nail oldular? Heç nəyə. Nəticə - sıfır!

Qərblilər deyirdilər ki, azərbaycanlılara demokratiya, insan haqları, tolerantlıq, sülhsevərlik öyrətməyə gəliblər. Bir qrup adam da, uzun illər bu fondları əmdilər, ortaya da bir iş qoymadılar. Məlum oldu ki, dava pul davası imiş.

Halbuki, fondlar olsa da, olmasa da - azərbaycanlıların hansı birindən soruşsan ki, “Azərbaycanın Avropa kimi olmasını istərdinmi”, deyəcək, “hə”. Çünki Avropada nə olub-bitdiyini, Avropanın keyfiyyət və standartlar baxımından alternativsiz olduğunu bilir. Azərbaycanlılar tərəqqiyə qapalı deyil, əksinə, yeni ideya və texnologiyalara çox açıqdırlar. İstənilən azərbaycanlı övladını oxutmaq istəyir. Bəzi bölgələrdə, bəzi marginal dini icmaları çıxsaq, Azərbaycanda qız uşağını oxudub-oxutmamaqla bağlı tərəddüd belə yoxdur.

“Gəlin baxaq, liberalizmin mələk üzlü elçiləri Azərbaycanda nə işlər gördülər və nəyə nail oldular? Heç nəyə. Nəticə - sıfır!”
Bu halda, bu adamlar bizə hansı “müasir dəyərləri” öyrətməyə iddialıydılar? Bir də, bu nə matah dəyərlərmiş ki, onların bizə öyrədilməsi üçün, moşennik liberallar milyonlarla dollar pulu silməliydilər?

Dediyim kimi, bizdə liberal oldu, olmadı, qərbçi oldu, olmadı – hər kəs, institutların Avropadakı kimi işləməsini, ictimai qaydaların Avropadakı kimi olmasını istəyir. İstəyir ki, bir səhər oyanıb təmiz küçəyə çıxsın, kondisionerli səliqəli avtobusa minsin, basabas görməsin, qışqırıq eşitməsin, sərnişinlər bir-birlərini dişləməsinlər. Gömrükdə, sərhəddə dilənçilik olmasın. Yol polisi (yaxşı, biz cəhənnəmə) heç olmasa ölkəyə gələn turistləri yollarda saxlayıb, rüşvət almasın, bizi biabır etməsin.

Mən də sual edirəm: ey azərbaycanlı, sən nə etdin də, bunları arzulama haqqını özündə gördün? Özündə nəyi dəyişdirdin? Özünü, ailəni, yaxınlarını və ölkəni bu standartlara, hansı haqla layiq bildin?

Bu sualı vermək üçün, mən, pula ehtiyac duymadım. Həmkarlarım da duymadılar. Xalqla sağlam dialoq qurduq, işimizi gördük, nəticəsi də oldu - yüzlərlə, minlərlə gənc maarifləndi, tənqidi düşünməyə başladı.

Bəs, qrant ovçusu “liberallar” nə iş gördülər? Milyonlarla pul yedilər, nəticəsi hanı? Bu gün, hesab günüdür. Bizə cavab versinlər.

pia.az

Etiket: Liberalizm analiz

Şərh yazın.

loading...