Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlkin Həsəni: “Qalstuklu əmi”lər özlərini pis aparırlar

PİA.az tanınmış aparıcı və aktyor İlkin Həsəninin oxu.az-a müsahibəsini təqdim edir:

- Aparıcılıq, prodüserlik, aktyorluq və son olaraq biznesmenliyə başlamısınız. Xidmət sahəsinə gəlməyiniz nə ilə bağlıdır?

- Restoran biznesi mənim üçün yeni deyil. Həmişə xidmət sahəsini sevmişəm. Ona görə də, müxtəlif illərdə bu işlə məşğul olmuşam. Hər zaman hər yerdə yaxşı xidmət görmək istəmişəm deyə, restoranımın olmağını da istəmişəm. Orada müştərilərlə necə davranmaq lazımdır, onlar nəyi sevib, nəyi sevmirlər və sairə kimi nüanslara diqqət edilməsinin tərəfdarı olmuşam.

Əfsuslar olsun ki, əksəriyyət bu işlə məşğul olsa da, peşəsini sevmir, məcburiyyət qarşısında qalıb çalışır deyə, müştəri ilə xoş danışmır. Bütün bunlar xidmət sahəsinin çatışmazlıqlarıdır.

- Baş çəkdiyiniz məkanlarda belə hallarla qarşılaşanda hansı reaksiyanı verirdiniz?

- Getdiyim məkanlarda belə hallarla qarşılaşanda çalışmışam ki, qarşımdakı insanın xətrinə dəymədən, onu başa salım ki, bunu belə etməzlər və ya bunu başqa cür etsən daha yaxşı olar. İstəmişəm ki, başqa yerdə görə bilmədiyim xidməti öz restoranımda, işlətdiyim klubda görüm. Bir neçə il öncə restoran-klub işlədirdim. O klub o qədər məşhur idi ki, hətta şənbə günləri özüm oturmağa yer tapmırdım. Sonda gedib, barın kənarında bir yerdə əyləşirdim.

Üstündən bir neçə il keçdi, düşündüm ki, yenidən niyə də bu sahəyə üz tutmayım? Bugünədək bir çox təkliflər var idi ki, sən bu işdən anlayışın var, ətrafın genişdir, yaxşı reklam edə bilirsən. Mən də onu başa salırdım ki, kimdənsə ödəniş alıb, onun müqabilində hansısa məkanı reklam etməmişəm. O məkan ya dostlarımın, ya da partnyor olaraq çalışdığımız şəxslərin olub.

Bu gün bir nəfər də deyə bilməz ki, İlkinə pul verdim, məni reklam etdi. Düşündüm ki, reklam baxımından da əlimdə imkanlar var. Əvvəllər hamı televiziyaya, jurnallara qaçırdısa, artıq hər kəs bunu sosial media vasitəsilə həyata keçirir.

Çox adam fikirləşir ki, restoranın pulu yatırımı, təmiri mənə aiddir. Yox, bu, belə deyil. Menecmentliyi sıfırdan götürdük. Restorandakı ofisiantdan tutmuş, müğənniyə kimi hər kəsi sıfırdan yığdıq, dəyişikliyimizi etdik. On gündür ki, fəaliyyətə başlamışıq.

- Xidmət sahəsindəki çatışmazlıqları qeyd etdiniz. Maraqlıdır ki, məkana işçiləri seçməyi HR menecerə həvalə edirsiniz, ya birbaşa özünüz seçirsiniz?

- İşçilərin seçilməsi bir az çətin prosesdir. Heç kim əvvəlcədən sığortalaya bilməz ki, mən gələcəyəm və uzun illər yaxşı xidmət göstərəcəyəm. Baxmayaraq ki, 10 gün çox qısa bir zaman kəsiyidir, amma xidmətləri qane etmədiyi üçün biz artıq 4-5 nəfərlə vidalaşmışıq. Burada ilk növbədə müştərinin fikri maraqlıdır. Araşdırılır, kameralara baxılır, əgər həqiqətən də pis xidmət göstəribsə, kobudluq edibsə, biz onunla vidalaşırıq.

- "Bozbash Pictures" layihəsini bitirdiniz... Buna səbəb "Ağsaqqal"ın komandadan ayrılması idi?

- "Bozbash Pictures" hər dəfə bitir və yenidən başlayır (gülür). Layihədən heç kim getməyib. Bizim çəkilişlərimiz bölgələrdə olurdu, gedəndə isə bir neçə rayonda çəkiliş edirdik. Çəkiliş günlərini əvvəlcədən müəyyən edib, işlərimizi ona görə planlaşdırırdıq. Hətta elə günlər olub ki, mənim tədbirim, aparıcılıq edəcəyim toy olub, amma onlardan belə imtina etmişəm ki, çəkilişlər var.

May ayında Azərin (Azər Baxşəliyev - red.) toyu olduğu üçün o mart və aprel aylarından bizimlə çəkilişlərə gedə bilmədi. Biz də ssenarini elə dəyişdik ki, guya "Ağsaqqal"ı polislər yaxalayıb, aparıblar.

Tamaşaçımız da qəribədir, ayrı vaxt deyirdilər ki, bu "Ağsaqqal"ı yığışdırın, daha sonra onun üçün darıxmağa başladılar. Bir müddət sonra Azərlə birlikdə açıqlama verdik ki, dostluğumuz davam edir, ancaq toyu ilə bağlı olaraq Azər seriala çəkilə bilmir. Son seriyamızda isə Azəri də çəkdik.

- "Buğlama" adlı proyektlə geri qayıdırsınız. Maraqlıdır ki, burada kimlər "buğlanacaq"?

- Burada baş aşpaz rolunda İlkin Misgərli ilə Nicat Rəhimovdur. "Bozbash Pictures"la əlaqəsi olmayan bir layihədir. Yeni obrazlardır, neçə aydır onları fikirləşmişik. Hər dəfə hər iki aktyor 6 ayrı obraz canlandıracaq.

- "Bombaltı" adlı filminiz ənənəvi olaraq mart ayında təqdim olunacaq. Aktrisa Ülfət Bəşir "Stalinin başı" adlı filminizə çəkiləndən sonra medianın diqqət mərkəzində idi. Bu ekran işində bizi hansı yeni sima və yeniliklər gözləyir?

- Ülfət filmdən daha çox geyimləri ilə yadda qalır (gülür). Hər filmimizdə yeni bir sima olur, Ülfət Bəşir rejissor Emil Abdullayevin seçimi idi. Kaprizi olmayan, çəkiliş vaxtı heç bir problem yaratmayan aktrisadır, biz onu komanda olaraq çox sevdik.

"Bir xalanın sirri" filmində isə Beyrək Rüstəmzadə çəkilib, maraqlı obraz yaratmışdı. "Bombaltı" adlı ekran işimizdə isə aktrisa Duyğu Dəvəli "Qılman"ın həyat yoldaşını, məxfi agenti canlandıracaq. İndiyədək bir neçə filmə çəkilsə də, partlayışı bizimlə olacaq. "Qılman" isə onun məxfi agent olduğunu bir neçə il sonra biləcək.

Ümumiyyətlə, yeni filmimiz ssenari, məzmun və hadisə baxımından çox zəngindir. Rusiyada fəaliyyət göstərən gizli bir agent Azərbaycana gəlir və Mingəçevir Su Anbarını partlatmaq, illər öncə oraya yerləşdirilən bombanı aktivləşdirmək istəyir. Bu baxımdan dövlətə agent kimi ağıla gələ bilməyəcək insanlar lazım olur. Dövlət də "Şəmi", "Şöşü", "Qılman", "Fəlakət", "Ağsaqqal" və "Şirin"ə müraciət edir ki, onlara bu məsələdə kömək olsunlar. Onlar da çox gülməli situasiyaya düşürlər. Çəkilişlərimiz Bakı və Mingəçevirdə gerçəkləşdirilib, Sankt-Peterburq hissəsi isə hələ ki qalıb. Yaxın aylarda çəkiliş edəcəyik.

- Belə baxıram ki, ölkədə iki gün işığın sönməsinin səbəbi sizin filminiz imiş.

- Bizim ssenarimiz tam hazır idi, işıq problemi ortaya çıxdı. Yazarlardan tutmuş, rejissora qədər hər kəs təşviş içində idi ki, bu cür problemdən sonra biz gedib Mingəçevirdə çəkiliş edə biləcəyikmi? Çünki elə vaxtlar olur ki, çəkiliş üçün dövlət qurumlarına müraciət edirik. Həmin anda bizim strateji əhəmiyyətli bir məkanda, üstəlik, komediya çəkmək üçün müraciət etməyimiz müşkül məsələ idi. Hamı deyirdi ki, çəkilişi yaddan çıxarın, məkanı dəyişib Şamaxı Rəsədxanası edin. Sonra gördük ki, hər şey sırf su anbarı ilə bağlıdır. Sağ olsunlar ki, başda Fövqəladə Hallar Nazirliyi olmaqla, dövlət qurumları müraciətimizi müsbət qiymətləndirdilər. Təbii ki, "olmaz"lar var idi. Bunları çox gözəl bilirdik və normal da qarşıladıq. Onu da qeyd edim ki, Mingəçevir Su Anbarının ətrafında, içində, bəndin üstündə film çəkən ilk və yeganə komanda bizik.

- İkinci - Şamaxı Rəsədxanası versiyası ilə də "problemlər" yarana bilərdi.

- Sağ olsunlar, onu da eşitdik, dedik nə yaxşı ki, Şamaxı Rəsədxanasında çəkiliş etməyib, Mingəçevirə getmişik (gülür).

- İndiyədək ən çox büdcəsi olan və izlənilən filminiz hansı olub?

- Ən çox büdcəsi və ən çox izlənilən filmimiz "Stalinin başı" olub.

- "Bir xalanın sirri" o rekordu yeniləmədi?

- Yox, nə büdcə baxımından, nə də tamaşaçı marağı baxımından "Stalinin başı"nı keçə bilmədi. İndəyədək Azərbaycan nümayiş etdirilən heç bir film bizim rekordumuzu təzələyə bilməyib.

"Bombaltı"nın büdcəsi "Stalinin başı" filmindən daha çoxdur. Burada bahalı və maraqlı səhnələri çox etmişik. Məsələn, əvvəl "Vaz 2106-21-07" partladırdıqsa, bu il bir "BMW" partlatmışıq, "Opel" aşırtmışıq. Əvvəl qrafik səhnələrə girə bilmirdik, indi qrafik, dava və silahlı səhnələrimiz çoxdur. Bu filmimizdə sevgi, aqresiyya, döyüş və bol gülüş olacaq.

- "Bozbash Pictures"ın obrazları bəzi kütlə tərəfindən bayağılığı təbliğ etdiyinə görə tənqid olunur. Buna münasibətiniz...

- Bugünkü gün bizim layihələrimizdə səsləndirdiyimiz mahnılar, geyimlər bir güzgüdür. Göstəririk ki, baxın görün kənardan necə görünürsünüz. Adətən, "Bozbash Pictures"ı onun bir seriyasına belə baxmayıb, hansısa müəyyən hissəsini görən insanlar tənqid edir. Başlayırlar ki, bizim uşaqlarımıza belə təsir edir, onlar bayağıdır və s.

Amma oturub diqqətlə izləsələr, görərlər ki, bizim serialımızda nə qədər sosial mesajlar var. Açıq-aşkar deyə bilmədiyimiz məsələlər var ki, biz onu "Şəmi"nin, "Fəlakət"in adı ilə dilə gətiririk. İnternet memlər var ki, hamı onları paylaşır, tənqid edirlər, həmin hadisələri "Bozbash Pictures"da işıqlandırırıq. Bu məsələlərdə həmin tamaşaçıları anlamıram.

Qardaş, baxma, bu, elə bir şeydir ki, kimsə səni buna məcbur etmir. Kanallarımız çoxdur, yerli kanallara baxmırsan? Əcəb edirsən! Türkiyə, Rusiya, Avropa kanallarına bax. Nəyisə tənqid edirəmsə, ona baxmıram. Seçim o qədərdir ki...

Görürəm ki, kimsə təpik atır, kimisə söyür, dombalaq aşır, kanalı çevirirəm, yaxud da silirəm. Əksər evlərdə Smart TV-lər, "Youtube" var, aylıq 10 manat kabel televiziyasına pul ödəyirəm, amma ondan istifadə etmirəm. Çünki mənə nə lazımdırsa, "Youtube"da var. Axşam saat 5-də TV-də filan şey var, qaçım, ona baxacağam dövrü artıq geridə qalıb.

- Bəs hazırki televiziyada sizi nə qane etmir?

- Çox şey qane etmir. Baxımlılıq çox zəifləyib. Onları köhnə vəziyyətinə gətirmək üçün fikirləşmək, sistemi, idarəçiliyi dəyişmək lazımdır. Azərbaycan kanallarına baxmayan tamaşaçını yenidən qaytarmaq labüddür. Belə gedişlə, bir neçə ilə Azərbaycan kanallarına heç kim baxmayacaq. Nəyisə tənqid edəndə verilişdən həmin hissəni kəsib, paylaşacaqlar ki, filan proqramda belə bir hadisə baş verib.

Bu yaxınlarda ARB TV-də Mehriban Xanlarova ilə bir "Vandam" hadisəsi oldu. Mən onda bildim ki, sən demə, o kanalda belə bir veriliş var və aparıcısı Mehriban xanımdır. Həmin hadisə olmasaydı, veriliş illərlə davam etsəydi, bəlkə də, mənim və mənim kimi yüz minlərlə tamaşaçının bu proqramdan xəbəri olmayacaqdır.

TV-lərimizin vəziyyəti yaxşı deyil, tamaşaçılarımız artıq fəxrlə deyir ki, mən yerli telekanallara baxmıram. Mən tamaşaçının tərəfindəyəm. Bunun üçün də kifayət qədər həll edilməli problemlər var ki, tamaşaçıları yenidən geri qaytara bilək.

- İnsanlarımızda qəribə xüsusiyyət var. Aktyoru çəkildiyi rolla eyniləşdirirlər. Bir də görürsən biri qışqırır ki, "Ayə, Şəmi, nətəhərsən?", "Ayə, Şöşü, bura gəl". Belə hallarda hansı reaksiyanı verirsiniz?

- "Şəmi"dən öncə İlkin Həsəni olmuşam deyə, məndə belə hallar nadir hallarda yaşanıb. Bizim digər dostlarımız obrazları ilə tanınıb deyə, bəzən rayonlarda "Ayə, Şöşü, nətəhərsən?", "Ayə, Fəlakət, bura gəl, görüm" deyirlər, hiss edirəm ki, uşaqların xətrinə dəyir. Obrazdasansa, insanların sənə elə müraciət etməsi normaldır, amma obrazda deyilsənsə, dostlarınla yemək yediyin vaxt birinin sənə elə müraciət etməsi düzgün deyil. O zaman başa salırsan ki, qardaş, mənim adım İlkindir, yanımdakının adı Elşəndir və s. Elə adam var başa düşür, eləsi var anlamır. Bunun da hamısı tamaşaçı sevgisi ilə bağlıdır. Onlar bizi belə sevib, belə mənimsəyir.

- Sosial şəbəkədə zaman-zaman "qalstuklu əmi"lərə sataşırsınız. Sonra "qalstuklu əmi"lər sizə problem yaratmır ki?

- Yox, "qalstuklu əmi"lərin bəziləri dostlarımız, bəziləri tanışlarımızdır. Bəzən lazımi qərarlar vermirlər, özlərini pis aparırlar (gülür). Ona görə də, hərdən onları yad edirəm. "Qalstuklu əmi"lərdən boluq, hər tinbaşı o "qalstuklu əmi"lərdən var. Kiminin vəzifəsi çoxdur, kiminin azdır. Hərdən az olan da, özünü çox olan, lap çox olan kimi aparır. Bir idarəyə gedirsən, bilmirsən ki, bu adam buranın rəisidir, ya mühafizəsidir. Bununla hər kəs qarşılaşır. Bütün qurumlarda hamı özü üçün rəisdir, direktordur.

Baxırsan ki, "müəllim" deyə müraciət etdiyin adam, qapıda durub qonaqları qarşılayan mühafizəçi imiş. Ortada bu məsələlər var. Son illər isə sevindirici islahatlar var. Onlar da "qoca qalstuklu əmi"lərin "cavan qalstuklu əmi"lərlə əvəz olunmasıdır. Yeni idarəetmə sistemi yaranır, tezliklə modern bir Azərbaycan görəcəyik.

- "Pul hər şeyi həll edər" deyən adam, pul üçün hər şeyi edər fikri ilə razısınız?

- Bu gün hamıya məlumdur ki, pul ölümdən başqa hər şeyi həll edir. İnternetdə insanların pul üçün hər şey etdiyini görürük. Nəinki, Azərbaycanda, dünyanın istənilən nöqtəsində hər şey pulla bağlıdırsa, deməli, o hər şeyi həll edir.

- Sahib olduqlarınızla kifayətlənən insansınız, ya daha artığını istəyirsiniz?

- Bəzən fikirləşirsən ki, bir az artığı olsa, nə olar? Yaxud onun haqda fikirləşməyə başlayırsan. Həyatın o qədər standart gedir ki, nə isə başqa bir yöndə özünü sınamaq istəyirsən. Alınmamaq ehtimalını düşünsən də, ona gedirsən. Gündəlik gördüyün tanışlardan başqa yeni xasiyyətlər, simalar tanımaq istəyirsən. Yeniliyə haradasa açığam, bilirəm ki, az olsa da, müsbət tərəfləri olacaq.

- Subay İlkin, evli İlkin və ata İlkin bir-birindən nə ilə fərqlənir?

- Subay İlkinin məsuliyyəti başqa idi. Valideynlərinin, iş yoldaşlarının qarşısında məsuliyyəti var idi. Evli İlkin bir evli kişi olaraq məsuliyyəti öz üzərinə götürür. Ata İlkin isə övlad sahibi bir kişinin məsuliyyətini daşıyır. Subay İlkinlə ata İlkin arasında olan fərq odur ki, adam içindəki saflığı, uşağı nümayiş etdirmək istəyir. Dostlarınla daha sərbəst olmaq istəyir, bir anlıq kənardan bir səs gəlir ki, "Ayə, sən qız atasısan, neynirsən?"(gülür). Kimsə kənardan o sözü deməklə, əhvalını korlayır. Belə şeylər də olur.

Oxu: Ata olan İlkin Həsəni: İllərdir bu günü gözləyirdim
Üç İlkin arasındakı fərq odur ki, məsuliyyətim artıb, bir də ki, xərclərim (gülür). Subay olanda işıq pulunu düşünmürsən, "Mətbəxin işığı niyə yanır? Söndürün" demirsən. Elə şeylər var ki, üstündən xətt çəkmişdim. Ağlıma gəlmirdi.

Subay olanda düşünürdüm ki, atama deyəcəyəm, atam edəcək. İndi atam deyir ki, hə, özün həll et görüm, necə edirsən? (gülür).

- Adətən, cəmiyyət içində səmimi və pozitiv olan adamlar, evdə başqa cür olur. Siz necə? Evdə zəhmlisiniz?

- Əksinə, evdə pozitivliyin iki qatı olur. Çünki yoldaşım da pozitiv insandır. İkimiz də eyni bürcdən olduğumuz üçün zarafatlarımız, hadisələrə reaksiyamız, yanaşmamız da eyni olur.

- Evləndikdən sonra sizdən əlini üzən qadın fanatlarınıza sözləriniz...

- Çox sağ olun ki, indiyədək izləmisiniz, yazmısınız, xoş sözlər demisiniz. Bilirəm və normal qarşılayıram. Yoldaşım belə bunu normal qarşılayır. Deyir ki, tanınmış insansan, subay olmusan, yazıblar, hədiyyələr göndəriblər. Elə olur ki, hansısa restorana gedəndə qadınlar gəlir şəkil çəkdirir, həmin fotoları yoldaşım çəkir. Normal qəbul edir. Fanatlar da, izləyicilər də sağ olsun ki, sərhədi saxlayırlar. Çünki bunlar olmasa, indi evimizdə qırğınlar olardı (gülür).

- Siz həm şou-biznesə aidsiniz, həm də deyilsiniz. Eyni əldə iki qarpızı tutmaq çətin deyil?

- Əvvəl mənə sən də şou-biznes adamısan deyəndə, xətrimə dəyirdi. Deyirdim ki, televiziya adamıyam. Diplomumda da "Televiziya rejissorluğu" yazılıb. Sadəcə elə olub ki, ikinci kursda oxuyarkən, çalışmağa, maaş almağa başlamışam. Eyni zamanda tanınmağım da o illərə təsadüf etdi.

Necə ki, biz bütün xarici mahnılara rep deyirdik. Həmin dövrlərdə də bütün televiziya adamlarını şou nümayəndələri adlandırırdılar. Heç vaxt şou adamıyam deməmişəm, xəbərlərim şou bölməsində çıxanda, xəbərimin yanında hansısa müğənninin soyunması ilə bağlı informasiya yer alanda özümə pis gəlirdi.

Bunu idarə etmək çox çətindir. Sən şou-biznesdən hamını tanıyırsan, amma özünü onların arasından saymırsan. Dostlarım da bilir ki, şou-biznesdən kiminsə toyu olanda güclə gedirəm. Orada sıxılıram. Girirsən, saat 6-da başlayan toyda 9-a kimi öpüşüb, görüşürsən, bir də görürsən ki, toy bitdi. Hər zaman özümü ayırmışam ki, mən şou-biznes adamı deyiləm. Əvvəllər "ATV maqazin" proqramına görə sıx münasibətdə idik. Artıq müğənnilərlə, şou-bizneslə uzaqlaşmışıq. Yalnız toylarda görüşürük.

- Əsasən, saytlarda çalışan jurnalistlər hansısa müğənnini tənqid edəndə zənglər gəlir, hədə-qorxular və s. olur. Sizin zamanınızda da belə bir şey var idi?

- Təbii ki, olurdu. "ATV maqazin" yayımlananda həm ona görə, həm də sondakı "Bozbash Picturesh" rubrikasına görə problemlər yaşayırdıq. İlk növbədə klipləri, sonra filmləri dublyaj etməyə başladıq. Mətnləri isə mən yazırdım, hər dəfə də hiss edirdim ki, müğənninin xətrinə dəyə bilər, amma onu edirdim. Həmin dövrlər elə idi ki, tamaşaçı müğənnilərlə "məzələnənməyimizi" sevirdi. Sujetlər hansısa müğənniyə sətiraltı söz vuranda deyirdilər ki, filankəsə necə yaxşı dedin (gülür).

Problem də səhəri gün başlayırdı. Müdir bizi çağırırdı otağına, həmin müğənni də otururdu orada.

Bir dəfə müdiriyyət bizi çağırdı ki, dünən neyləmisiniz? Gətirdik, videoya baxdı, gülməyə başladı. O qədər güldü ki, gözündən yaş gəldi. Dedi ki, bu müğənni buraya gələcək, sizi çağırıb danlayacağam. Tamaşaya hazır olun.

Bir neçə saat sonra müdiriyyət hirsli səslə çağırdı ki, gəlin yanıma görüm. Dedi ki, utanmırsınız bizim bu cür sənətkarımız var, onu lağa qoyursunuz? Müğənni də qayıtdı ki, nəyə görə mənim övladlarıma məktəbdə sənin atan "bozbaş"dır deməlidirlər?

Müdir dedi ki, sizin maaşınızdan 100 manat kəsirəm, orada yaxşı qurulmuş tamaşa da var idi ki, biz maaşın kəsilməməyini xahiş edirdik və s. Müğənni gedəndən sonra zəng edirdi ki, lağa qoyanda baxın kimi lağa qoyursunuz, bunun da bir təhəri var axı (gülür).

Elə müğənnilər var idi, deyirdi ki, bu həftə məni "Bozbash"da lağa qoyun. Əhvalatlarımız belə idi, zəngin biri bir qəpikdən, söyüşün biri bir qəpikdən, müdiriyyətimiz isə bizi yola verirdi.

- İndi həmin ifaçılarla münasibətiniz necədir?

  • Hamısı ilə münasibətimiz normaldır, bir dənə toyuma çağırmadıqlarım inciyə bilər, vəssalam (gülür).

pia.az


Etiket: İlkin Həsəni

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar