Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səud xanədanına səs vermiş sovet müftiləri... –Tarixin kölgədə qalmış səhifəsi 

Yuri Barmin

“Əl-Cəzirə” (15 oktyabr 2017)

Riyad və Moskvanın 1920 və 30-cu illərdə olduqca səmimi münasibətlərdə olması az bilinən faktdır. Sovet İttifaqı əslində, Səudiyyə Ərəbistanında diplomatik pioner olub: o, 1926-cı ilin fevralında Hicaz məliki və Nəcd sultanı Əbdüləziz əl-Səudu (kral Salmanın atası) tanıyan ilk dövlətdir.

1920-ci illərdə Ərəbistanın yarımadasında sovet siyasi həmləsi Moskvanın bölgədə sabit mövqe qazanmaq üçün çoxsaylı cəhdlərdən biri idi. Bundan əvvəl, 1900-cü illərin əvvəlində Rusiya İmperatorluğunun hərbi gəmiləri Körfəz sahillərinə baş vurub və əsasən Küveytdə lövbər atıb.

Məşhur “Varyaq” kreyseri 1901-ci ilin dekabr ayında Küveytdə olub və onun kapitanını, Böyük Britaniya ilə xarici təmsilçiləri qəbul etməmək barədə razılaşmaya baxmayaraq, əmir Mübarək əl-Sabah qarşılayıb.

Bu səfər zamanı ruslar ilk dəfə böyük oğlu Əbdüləzizlə birlikdə Küveytə sürgün edilmiş Əbdürrəhman əl-Saudla tanış olublar. Bir il sonra o, rəqiblərindən, əl-Rəşid xanədanından Riyadı geri alıb.

Əl-Səud xanədanı o zamanlar beynəlxalq dəstək axtarırdı, London gənc Əbdüləzizə şübhə ilə baxırdılar, buna görə də o, İranın Buşəhr şəhərindəki Rusiya konsulluğuna müraciət edərək konsula rəsmi dəvət göndərib.

Konsul 1903-cü ildə Küveytdə rus hərbi gəmisi səfərə çıxıb və bu da Londonda etiraz doğurub.

Kral Əbdüləziz. 1930-cu il

Lakin bolşevik inqilabından sonra Moskva Körfəzə daha ciddi diqqət göstərməyə qərar verib. Sovet İttifaqı, Rusiya imperiyası kimi, bölgədə diplomatik mövcudluğu İngiltərəyə qarşı duruş vasitəsi kimi görüb.

Əl-Səud xanədanı ilə əlaqələrdən başqa, Sovet İttifaqı Məkkə və Mədinəyə nəzarət edən Hicaz hökmdarı Şərif Hüseynlə də əlaqələrə bütün müsəlman dünyasını əhatə etmə yolu olaraq nəzərdə tutub. Şərif Hüseyn Londonla pis münasibətlərdə olduğundan güclü xarici müttəfiqlər axtarıb, buna görə də onun Romadakı nümayəndəsi Sovetlərlə danışıqlar aparıb.

Sovet xarici işlər komissarı Georgi Çiçerin və sovet diplomatları ilə geniş diplomatik əlaqə, Ərəbistan yarımadası və müsəlman dünyasında onun rolunun necə əhəmiyyətli olduğunu göstərir.

Sovet müsəlmanının Hicazda nümayəndə təyin olunması fikrini müdafiə edən Çiçerin qeyd edirdi: “Məkkəyə girmək bizim üçün vacibdir, çünki Ərəbistanda və ətrafda nüfuzumuzu artıracaq”. O etiraf edib ki, hər il keçirilən həcc ziyarəti İngiltərə və Fransanın müstəmləkələrindən olan minlərlə müsəlman arasında təbliğat və və antimüstəmləkəçi duyğuları alovlandırmaq üçün mükəmməl fürsətdir.

1924-cü ilin avqustunda sovet konsulu Kərim Həkimov, tatar, sovet müsəlmanı Ciddə şəhərinə gəlib. Həkimovun Ciddəyə gəlişindən sonra Əbdüləziz Hicazı ələ keçirməyə başlayıb.

Kərim Həkimov

 

Sovet Xarici İşlər Komissarlığı Həkimova heç bir tərəfə üstünlük vermədən özünü bütün ərəblərin müttəfiqi kimi göstərmək əmri verib. Çiçerin teleqramında yazıb: “Əgər İbn Səud ərəbləri birləşdirmək siyasətini davam etdirirsə, bu maraqlarımıza uyğundur və ərəbləri birləşdirməyə çalışan Hüseynlə də əlaqə quraraq ona yaxınlaşmağa çalışmalıyıq”.

Sovet İttifaqı ərəblərin birləşdirilməsini regionda müsəlmanların gücləndirilməsi və Britaniya hökmranlığını pozmaq üçün ilk addım kimi görüb.

1924-cü ilin dekabrına qədər Əbdüləziz Məkkəni fəth edib və Həkimov İbn Səudun özü ilə tanış olmaq qərarına gəlib. 1925-ci ilin aprelində Ciddə mühasirəyə alındıqda, sovet səfirinə İbn Səudun iqamət etdiyi Məkkəyə ümrə ziyarəti üçün icazə verilib.

Beləliklə, Qərbin heç bir diplomatına giriş icazəsi verilmədiyi halda, Həkimov mümkün olmayanı edib.

Onun Moskvaya göndərdiyi məktublar göstərir ki, Əbdüləzizlə görüş son dərəcə yaxşı keçib və hətta Hicazla Nəcd arasındakı sovet vasitəçiliyi ideyasını da İbn Səud müsbət qarşılayıb.

1925-ci ilin sonunda İbn Səud Ciddəni nəzarətinə alıb və 1926-cı ilin fevralında özünü Hicaz məliki və Nəcd sultanı elan edib. Sovet missiyası bu xəbəri alan kimi Həkimov İbn Səudun hörməti və dostluğunu qazana bilib.

Fevralın 16-da Kərim Həkimov sovet bayrağı olan maşınla Ciddədən İbn Səudun səhradakı iqamətgahına təşrif gətirib, Sovet İttifaqının onu kral kimi tanıyan ilk dövlət olduğunu bildirib. Əbdüləziz Hüseynlə müharibə zamanı neytrallığına görə Sovet İttifaqı hökumətinə təşəkkür məktub yazaraq “SSRİ və onun vətəndaşları ilə münasibətlər”ə hazırlığını bəyan edib.

1926-cı ilin iyun ayında (Məkkə və Mədinə ilə bağlı mübahisəni həll etmək məqsədi ilə) Məkkədə Pan-İslam Konqresi keçirildikdə, Sovet-Səudiyyə münasibətləri daha da inkişaf edib. O dövrdə İbn Səudun bu müqəddəs yerlərə nəzarət etməsinə İslam liderləri müxalif idi, buna görə də, kralın konqresdə tanınması çox əhəmiyyətliydi.

Sovet İttifaqı bunu dərk edərək ateizm ideologiyasının təməllərinə zidd olan şeyləri edib: konqresdə iştirak etmək üçün altı sovet alimini (Ufadakı dini idarənin başçısı R. Fəxrəddinov başda olmaqla müftilər: Kaşşafəddin Tərcümani (Ufa), Qabdurrəhman Qoməri (Həştərxan), Tahir İlyas (Qazan), Müsləhəddin Xəlil (Krım), Mehdi bin Maqsud (Sibir),
Əbdülvahid əl-Qari (Türküstan) – red.)) Ərəbistana göndərib. 30 milyon sovet müsəlmanı ilə Moskva kral Əbdüləzizə dəstək verib, səsvermədə onun konqresin prezidenti seçilməsini təmin edib. Bundan başqa, Həkimovun səyləri nəticəsində, sovet nümayəndəsi konfransın vitse-prezidenti seçilib.

1928-ci ildə Sovet İttifaqı krallığa yeni missiya rəhbəri olan Nəzir Bəy Turyakulovu göndərib və o, kral Əbdüləzizlə diplomatik əlaqələr qurub.

Ciddədə sovet təsirinə dair Londonun əsas narahatlığı həcc zamanı müsəlmanlar arasında kommunist təbliğatının yayılması idi. Həqiqətən, bu, Moskvanın Ciddədəki diplomatları üçün tapşırılan ideyalardan biri idi, amma əslində, sovet missiyası həm yerli əhali, həm də hacılarla əlaqədə çətin anlar yaşayıb.

##relatedPostMilli##

Böyük müqavimətlə üzləşən sovet diplomatları səyləri Qara dəniz limanları ilə Hicaz arasında ticarət əlaqələrinin yaradılmasına yönəlməyi qərara alıblar. Həkimov kral Əbdüləzizi sovet mallarına məhdudiyyətlərin qaldırılmasına razı sala bilib.

1929-1930-cu illərdə sovet yükləri Odessa limanından krallığa çatdırılıb. Ciddədəki sovet diplomatlarının ən böyük nailiyyəti kerosin və benzin bazarına giriş idi, o, demək olar ki, tamamilə ingilislərin inhisarındaydı. Sovet İttifaqı həcc zamanı hacılara qayğı göstərmək üçün krallığa bir qrup təbib də göndərib.

Həkimovun İbn Səudla əlaqələrini daha da inkişaf etdirmə cəhdləri nəticəsində, 1932-ci ildə varis şahzadə Feysəl 1932-ci ildə geniş Avropa turnesi zamanı Sovet İttifaqına səfər edib. Moskva Feysəli və məiyyətini heyran etmək üçün sovet sənayesinin nailiyyətləri ilə tanış edərək, daha sonra Səudiyyə borcunu bağışlayıb, ən əsası, kralı Əbdüləzizə lazım olan maliyyə yardımı təklif edib. Neft bumu yaşayan Sovet Azərbaycanına səfər edərkən, şahzadə Feysəl ölkənin neft sənayesinə heyran olub, eyni texnologiyanı krallığa gətirmək arzusunu bildirib.

1932-ci ildə Sovet İttifaqına səfər Səudiyyə-Sovet münasibətlərindəki böyük uğur idi. Kral Əbdüləziz Moskvanın maliyyə yardımı təklifini Londondan yardım almaq üçün istifadə edib və SSRİ-nin təklifini heç vaxt qəbul etməyib. Bu andan iki dövlət arasındakı əlaqələr yerində sayıb. Stalin hakimiyyəti gücləndikcə, kommunist rejimlə İslam ölkəsi arasındakı əlaqələr nahamar olub. 1932-ci ildə Sovet İttifaqı müsəlmanlarının həcc ziyarətinə qeyri-rəsmi qadağa qoyub.

Vəliəhd Şahzadə Sovet İttifaqında

Sovet həkimləri səltənətdə işləməyə və diplomatik missiya Səudiyyədə sovet təbliğatını yaymaqda davam edib. 1937-ci ildə sovet konsulunun həkim arvadı bir neçə ay şahzadə Feysəlin sevimli arvadı olub.

Yəməndə və Moskvada bir neçə il keçirdikdən sonra Kərim Həkimov 1935-ci ildə missiya rəhbəri kimi Ciddəyə qayıdıb, onun yoxluğunda tədricən axsamış əlaqələri canlandırmaq istəyib. Həkimov padşahla yeni ticarət müqavilələrinə dair danışıqlar aparıb, amma Moskva artıq buna maraq göstərməyib.

Hitler Avropada daha da güclənirdi və SSRİ Körfəzdə mövcudluğa bədbin yanaşırdı. Əslində, Körfəzdə siyasi ambisiyanı tərk etmək, Moskvanın düşündüyü kimi, Sovet İttifaqının Hitlerə qarşı mübarizəsində İngiltərə ilə əməkdaşlığa kömək edəcək bir jest idi.

1937-ci ildə Stalinin siyasi terroruna qurban düşdükdən sonra “Sovet Lourensi”nin karyerası sona çatıb. Həmin ilin sentyabrında Həkimov Xarici İşlər Nazirliyinə çağırılıb, amma vətənə gəldikdən sonra o, casusluq ittihamı ilə həbs edilib. Həkimovla birlikdə Səudiyyədə işləmiş həmkarı Turyakulov da 1937-ci ilin oktyabrında repressiyaya məruz qalıb. Həkimov 1938-ci ilin yanvarında güllələnib.

Kral Əbdüləziz dost hesab etdiyi iki sovet diplomatının öldürülməsindən hiddətlənib. Həkimovun Moskvada edam edilməsindən iki ay sonra Amerika geoloqları Dəhranda dünyanın ən böyük xam neft yatağını kəşf ediblər. Bu, Sovet İttifaqının 1938-ci ildə Ciddədə yeni bir missiya başçısı təyin etməsinə səbəb olub. Lakin kral Əbdüləziz Ciddədə Həkimovdan və ya Turyakulovdan başqa kimsəni görmək istəmədiyini söyləyib. O, Moskvanı müsəlman dünyasında inqilab yaratma təxribatında ittiham edib və Sovet İttifaqı ilə diplomatik əlaqələri pozub.

1938-ci ilin sentyabrında sovet diplomatları Ciddəni tərk edib və missiya bağlanılıb. Sovet İttifaqı rəqib kimi aradan qaldırıldıqdan sonra İngiltərə, daha sonra ABŞ Səudiyyə neftinin inkişafı və istismarını əllərinə alıb.

Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı münasibətlər yalnız 1992-ci ildə Sovet İttifaqının dağılmasından sonra tamamilə bərpa olunub. O vaxtdan bəri 25 il keçib və Rusiya-Səudiyyə əlaqələri simvolik səfərlərdən kənara çıxmayıb.

Kərim Həkimovun Moskva ilə Riyad arasında güclü və davamlı əlaqələr yaratmaq üçün diplomatik səyləri bənzərsiz qalır.(Tərcümə: Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar