Bazar ertəsi, 20 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Suraxanıda şəhid Aydın Abdullayevin xatirəsi yad edilib

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Aydın Abdullayevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Suraxanı Rayonu Heydər Əliyev Mərkəzinin Elektron-Lektoriya zalında keçirilən tədbir Aydın Abdullayevə həsr olunmuş video çarxın nümayişi ilə başladı. Bir dəqiqəlik sükutla Aydın Abdullayevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini yad edilib.

Tədbiri giriş sözü ilə açan Suraxanı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov qeyd etdi ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla vuruşaraq canından keçən qəhrəman Vətən oğulları unudulmur. Şəhidliyi uca zirvə qəbul edərək ora yüksələn igid, cəsur oğul və qızlarımızın xatirəsi hər birimiz üçün əzizdir. Onların haqqında kitablar yazılır, filmlər çəkilir, mahnılar yazılır, xatirə gecələri keçirilir. Cəsur, qorxmaz, şücaətli oğullarımızdan biri də bu gün xatirəsinin işığına toplaşdığımız, 2013-cü il oktyabrın 26-da Tərtərin Qapanlı kəndi ərazisində şəhid olan kəşfiyatçı-snayper, gizir Aydın Əmirsoltan oğlu Abdullayevdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı Redaksiyası kəşfiyyatçı-snayper Aydın Abdullayevə həsr olunmuş “Gözlə gələcəyəm” kitabını çap etmişdir. Bu gün həmin kitab rayon ictimaiyyətinə təqdim olunur.

Barxudar Barxudarov bildirmişdir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı Redaksiyası “Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından bədii-publisistik kitabların nəşrinə başlamışdır. Bu seriyadan çap olunacaq kitablar Vətənimizin bütövlüyü, bölünməzliyi, müqəddəs torpaqlarımızın — doğma Qarabağımızın erməni işğalından azad edilməsi uğrunda şəhid olmuş övladlarımızın keçdiyi şərəfli ömür yolunu əks etdirəcək. Kəşfiyyatçı-snayper Aydın Abdullayevə həsr olunmuş “Gözlə gələcəyəm” sənədli povesti bu seriyadan olan ilk kitabdır.

Barxudar Barxudarov vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, müdrik rəhbərliyi nəticəsində Azərbaycanın Silahlı Qüvvələri dünyada ən güclü 50 ordu sırasında yer tutur. 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində Ermənistanın növbəti hərbi təxribatı ilə üzləşən ordumuz əks-hücuma keçərək işğalçılara güclü zərbələr endirmiş və qısa müddətdə iki min hektar ərazini düşməndən azad etmişdir. 2018-ci ilin may ayında isə Naxçıvan Muxtar Respublikasının 11 min hektardan çox ərazisi düşməndən azad edilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülüb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Xatirə Kitabı Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova qeyd etdi ki, “Xatirə Kitabı”redaksiyası çox uzun və şərəfli bir səfərə çıxır. Bu yol yurdumuzun hər qarışında uyuyan şəhid oğullarımızın böyüyüb boya-başa çatdığı ünvanlara aparacaq və onların haqqında səlnamələrin yaradılmasına, müasir tariximizin yeni qəhrəmanlıq səhifələrinin yazılmasına dəyərli töfhələrini verəcək.

Tədbirdə çıxış edən “Gözlə gələcəyəm” kitabın müəllifi İradə Sarıyeva, jurnalist Bəxtiyar Qaraca və digərləri çıxış edərək qeyd etdilər ki, “Respublika Xatirə Kitabı” Redaksiyasının başladığı iş şəhidlərimizin xatirəsinə ucaldılmış abidədir. “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan bədii, sənədli, publisistik yazılar hər bir məktəblinin, hər bir Azərbaycan gəncinin stolüstü kitabı olacaq.

Şəhid Aydın Abdullayevin atası Əmirsoltan Abdullayev Vətənin azadlığı uğrunda şəhid olanlara, onların ailələrinə, müharibə əlillərinə və iştirakçılarına göstərilən diqqət və qayğıya dörə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ailələri adından minnətdarlığını bildirib.

Tədbir bu sözlərlə yekunlaşdı: Azərbaycanın müstəqilliyi, ərəzi bütövlüyü uğrunda canlarını qurban vermiş hər bir vətəndaşımızın xatiərsi xalqımız üçün əzizdir, yad edilir və heç vaxt unudulmayacaq. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərildi.

pia.az

Fotolar


Şərh yazın.

loading...