Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ali Attestasiya Komissiyasındakı “plagiat” oyunları və ya akademiklər necə günahkar elan edilir?

Ali Attestasiya Komissiyası varsa, institutlar nəyə yarayır? Bu suala cavab verməmişdən öncə keçək bir nəfərin aspiranturaya daxil olandan sonra keçdiyi prosedurlara

Alim olmağa iddialı şəxs sənəd verib, aspiranturaya daxil olur. Aspiranturaya daxil olmaq üçün öncə ingilis dili, ixtisas fənni və fəlsəfədən imtahan verir. Əgər aspiranturaya daxil oldu və bitirdisə, yenə 3 fəndən – ingilis dili, ixtisas üzrə və kompüterdən imtahan verməli olur. Aspiranturanı bitirən şəxs yenidən niyə imtahan verməlidir ki? İxtisasdan imtahan nəyə lazımdır? Aspiranturaya daxil olan şəxs axı buraya təhsil almaq üçün yox, tədqiqat aparmaq üçün girib. Bu gülünc deyilmi?

Aspirant götürdüyü mövzunu işləyib hazırladıqdan sonra iş müzakirəyə çıxarılır. İlk müzakirədə qeydlər deyilir, alim olmağa iddialı şəxs gedib düzəlişlərini edir və gəlir ikinci müzakirəyə. İkinci müzakirə isə video çəkilişlə olur, şəxs elmi işin plagiat olub-olmaması ilə bağlı çıxarış gətirir. Əgər hər şey qaydasında olursa, aspirant elmi işini müdafiəyə çıxarır. Akademiklər, professorlar elmi işə rəy verdikdən sonra iş gönərilir Ali Attestasiya Komissiyasına. Və komediya bundan sonra başlayır. Bu qədər prosedurları keçib, akademiklər və professorlardan rəy almış elmi işə AAK plagiat damğası vurur. Bunu niyə əminliklə yazıram? Çünki mövzu ilə bağlı 10-a yaxın alimin görüşlərini almışam. Və demək olar ki, hamısı da bildirir ki, AAK-ın bunu sırf pul üçün etdiyinə dair qənaət formalaşıb. Ümumiyyətlə, AAK-a alimlər pul tələsi kimi baxırlar. Neçə alimlər var ki, elmi işi AAK-da yatır. Hər halda bu alimlərin iddiasıdır. Bizi maraqlandıran sual isə başqadır.

Əgər Elmlər Akademiyasının şöbələri, elmi seminarı, elmi müdafiə şurası elmi işə rəy veribsə, AAK işi niyə görə saxlamalıdır?

Maraqlıdır, bakalavr, magist diplomunu tələbənin təhsil aldığı müəssisə verdiyi halda, niyə görə aspirantura, elmlər doktoru diplomunu AAK verməlidir?

Azərbaycan alimləri elmi dərəcə almaq üçün xaricdəki bir jurnalda mütləq məqalə çap etdirməlidirlər. Bəli, Azərbaycan alimlərinin xaricdə məqalə çap etdirməsi o qədər də problem olmamalıdır. Dəqiq elmləri qoyaq kənara, azərbaycanlı alimin ictimai-humanitar elm sahəsi ilə bağlı məqaləsi xarici jurnal üçün niyə maraqlı olmalıdır ki? İctimai-humanitar mövzular götürən alimlər özləri də deyir ki, mövzuları Biləcəridən o tərəf üçün əhəmiyyətli deyil. Biləcəridən o tərəf üçün əhəmiyyəti olmayan bir mövzu xarici jurnalda niyə çap edilməlidir? Qoyulan bu qayda xarici jurnalların cibini doldurmaqla məşğuldur. Xaricdəki jurnallar perspektivsiz mövzular üçün təbii ki, 3-4 qat pul tələb edirlər. Azərbaycan aliminin aldığı maaşı nəzərə alsaq, bu qayda nə qədər məntiqlidir?

Bu qərar artıq Azərbaycan elmində qara bazar yaradıb. Xaricdəki adlı-sanlı elmi jurnalların saxtaları çap edilir və AAK-ın təbii ki, bundan xəbəri var. Alimlərə söhbət zamanı bildirirlər ki, saxta jurnalların çıxarılmasında birbaşa AAK-da oturanların əli var və onlar alimlərdən xarici jurnalların pulunu alırlar.

AAK-ın elmi işini təhvil verənlərə ən çox verdiyi suallardan biri də “niyə görə “google” axtarış sistemində yazı çıxmır”dır. Məqaləyə istinad olmayandan, məqalə maraqsız olandan sonra o yazı necə axtarışda çıxa bilər ki? Azərbaycanlıların marağında olmayan bir elmi iş xarici alimin niyə marağında olmalıdır?

Niyə görə, Azərbaycanlı alimlərin riyaziyyat, kimya, fizika ilə bağlı məqalələrini xarici jurnallar sorğu-sualsız qəbul edir, ancaq ictimai-humanitar sahəni yox?

“Thomson Reuters” beynəlxalq əhəmiyyətli məqalələri götürür və çap edir. Və azərbaycanlı alimlər o jurnalda məqalə çap etdirməyə məcburdur. Alimlərimizin həmin jurnalda məqalə çap etdirdiyini də bilirik. Maraqlıdır, məqalə jurnalda çap edilir, ancaq jurnalın saytında görünmür. Səbəb? Təbii ki, jurnal Azərbaycanda saxta yolla hazırlanır və AAK-ın da bundan xəbərsiz olması imkansızdır.

AAK elm sahəsində saxtakarlığın qarşısını almaq üçün yaradılıb. Müdafiədən keçmiş elmi işlər AAK-da qalır və çoxuna da saxta, plagiat damğası vurulur. Çox gözəl. Əgər AAK məqalənin plagiat olduğunu bildirirsə, demək ki, müdafiədə iştirak edən alimlər, akademiklər, professorlar da plagiat məqalənin müdafiədən keçməsinə qol qoyublar. Yəni elmi işin sahibi ilə akademiklər, professorlar əlbirdirlər. O zaman sual ortaya çıxır: bu məsələyə görə hansı alim, akademik, professor cəzalandırılıb? Əgər belə hal olubsa, deyin, biz də bilək.

Bəlkə mövzudan kənar olacaq. Son dönəmlər ən çox elmi iş götürənlər prokurorlar və icra başçılarıdır. Təbii ki, onlar məqaləni özləri yazmır, yazdırırlar. Kimsə deyəcək, sübut elə. Şəxsən mənim tanıdığım bir neçə adam var ki, onun əmək kitabçasına “elmi iş yazan” yazılmalıdır.(yenicag.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar