Şənbə, 16 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycanda nəsil artımı azalıb - Səbəbini sosioloq açıqladı

Sosioloq: “Əhalinin azalmasının səbəbi odur ki, son vaxtlar ailələrdə çox böyük problemlər yaranıb”

“Çalışmaq lazımdır ki, istər qanunvericilk baxımından, istər sosial müdafiə baxımından elə bir siyasət həyata keçirək ki, hər ailədə üç uşaq olsun”.

Bu fikirləri sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda təbii nəsil artımının azalması faktını PİA.az-a şərh edərkən qeyd edib.

Statistika Komitəsinin məlumatına görə ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9950512 nəfərə çatıb. Ölkə əhalisinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Bu ilin yanvar-avqust ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 90523, yaxud hər gün orta hesabla 373 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,8 təşkil edib. Doğulan körpələrin 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1680-i əkiz, 78-i üçəmdir.

Ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Bu ilin 8 ayında qeydiyyat şöbələri tərəfindən 40235 nikah və 9877 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub.

Qeyd edək ki, 1989-cu il ilə müqayisədə Azərbaycan əhalisi 40 faiz artıb, Gürcüstan əhaisində bu artım 31 faiz olub, Ermənistanda isə əhali 9,12 faiz azalıb.

Göründüyü kimi Statistika Komitəsinin məlumatına əsasən ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,5 faiz artıb. Ekspertlərin fikrincə isə son illər əhalinin təbii nəsil artımı azalan temp üzrə gedir. Azalma bu templə davam edərsə, bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq. Azərbaycanda təbii nəsil artımının azalmasında hansı faktorlar rol oynayır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğluna müraciət edib.

Əhməd Qəşəmoğlu: “Biz bütün diqqətimizi yönəltməliyik ki, elə bir hümanitar siyasət həyata keçirək ki, ailələrdə üç uşağın böyüdülməsinə imkan olsun”.

Əhalinin artım tempinin azalmasının səbəbini son vaxtlarda ailələrdə çox böyük dolanışıq və yaşam problemlərinin əmələ gəlməsi ilə əlaqələndirən sosioloq Əhməd Qəşəmoğlunun fikrincə bu azalma tempini durdurmaq üçün sosial müdafiə baxımından elə bir siyasət həyata keçirilməlidir ki, hər ailədə ən azı üç uşaq olsun. Azərbaycan ailəsinin heç vaxt indiki kimi gərgin olmadığını qeyd edən PİA.az-a açıqlamasında əlavə edib ki, hətta hər ailədə iki uşaq olsa belə, bu da əhalinin azalmasına gətirib çəxarır:

“Çox təəssüf ki, bu fakt doğrudur. Ölkədə nəsil artıma tempi azalıb. Bu azalma da arzuolunmayan haldır. Çünki istənilən bir ölkədə əhalinin sayı azalanda orada işçi qüvvəsinə ehtiyac olur və ölkəyə miqrasiya axınına zərurət yaranır. Bu da ölkədə demokratik , etnik, psixoloji cəhətdən problemlər yaradır. Buna görə əhalinin azalmağı ölkənin milli, mənəvi tərəqqisinə sonunda ziyan vuran bir faktordur.

Əhalinin azalmasının səbəbi odur ki, son vaxtlar ailələrdə çox böyük problemlər yaranıb. Azərbaycan ailəsi heç vaxt indiki kimi gərgin olmayıb. Buna görə bir çox ailələrdə uşaqlar da azdır. Yəni hətta hər ailədə iki uşaq olsa belə, bu da əhalinin azalmasıdır. Çünki nəzərə almalıyıq ki, bəzi insanlar obyektiv, ya da subyektiv səbəblər ucbatından ailə qura bilmir, ailə quranların hamısında da iki uşaq olmur.

Mən dəfələrlə dediyim kimi çalışmaq lazımdır ki, istər qanunvericilk baxımından, istər sosial müdafiə baxımından elə bir siyasət həyata keçirək ki, hər ailədə üç uşaq olsun. Çünki üç uşaq olanda bu bir çox problemlərin həlinə kömək edir. Əvvəla uşaq evdə tək böyüyəndə çox eqoist böyüyür. Onun yaxın ətrafı öz babası, nənəsi, atası, anası olur. Ailədə iki uşaq olanda onlar bir-biri ilə dalaşa-dalaşa böyüyürlər. Bu da uşaq psixologiyasında münaqişəyə meyillik yaradır. Ən əsası isə dediyim kimi ailədə bir-iki uşağın olması əhalinin azalması anlamına gəlir. Amma ailədə üç uşaq olanda həm evde uşaq mühidi yaranır, həm də əhalinin artımı lazımı qədər tənzimlənir.

Əhməd Qəşəmoğlu: “Elmi əsaslanmış, bütün reallıqları nəzərə alan bir ailə prlatformamız olmalıdır”.

Təbii ki, lap çox uşağın olmağı o qədər də arzuolunan hal deyil. Çünki uşaqlar çox olanda, bu onların keyfiyyətinə təsir edir. Böyüyəndə onları lazımı şəkildə yetişdirmək çətin olur. Buna görə biz bütün diqqətimizi yönəltməliyik ki, elə bir hümanitar siyasət həyata keçirək ki, ailələrdə üç uşağın böyüdülməsinə imkan olsun. Bu istiqamətdə biz gənclərin vaxtında evlənməyinə kömək etmək lazımdır. Bir yandan da ailələrin möhkəmlənməsi üçün işlər görmək lazımdır.

Bütün bunların başında isə o dayanır ki, bizim çox ciddi ailə platformamız olmalıdır. Elmi əsaslanmış, bütün reallıqları nəzərə alan bir ailə prlatformamız olmalıdır. Çox təəssüf ki, bu gün o platforma yoxdur”.

Nərminə UMUDLU
pia.az

 

Şərh yazın.

loading...
-->