Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

100 min dollarlıq yemək xərci, rüşvət və korrupsiya ittihamları…

Netanyahu ailəsi ətrafında bitməyən qalmaqallar İsraili növbədənkənar seçkiyə aparacaq?

Səs-küylü korrupsiya qalmaqalları fonunda 100 min dollar gülməli rəqəm kimi görünə bilər. Amma İsrail baş naziri Binyamin Netanyahunun xanımı Saranın bu məbləği restoranlara (yeməyə) xərcləməsi məhkəmə araşdırmasına səbəb olub və ölkəni növbədənkanar seçkilərə apara bilər.

Sara Netanyahu dələduzluqda və ictimaiyyətin etibarından sui-istifadə etməkdə ittiham olunur. İstintaqın qənaətinə görə, Sara Netanyahu və baş nazirin kargüzarlıq şöbəsinin baş direktorunun müavini Ezraya Saidof təkcə yemək sifarişinə 100 min dollar xərcləyiblər.

Baş nazir ştatında şəxsi aşpaz var və İsrail qanunvericiliyinə əsasən, restoranlardan qida sifariş etmək büdcə vəsaitlərini təyinatı üzrə xərcləməməkdir.

Dövlətin qoyduğu qaydalara görə, baş nazirin rezidensiyasındakı aşpaz hökumət başçısını və onun ailəsini yeməklə təmin etməlidir.

Kənardan yalnız o halda yemək sifariş verilə bilər ki, aşpaz həmin gün işdə olmasın. Amma bu halda belə, baş nazir ailəsi adambaşı 60 dollardan yuxarı yemək sifariş verə bilməz.

Sara Netanyahu ittihamları rədd edərək təqsirli olmadığını deyir: “Mən dost olmayan medianın siyasi ovununun qurbanıyam”.

Bu, İsrail baş nazirinin adı ətrafında başlayan ilk korrupsiya qalmaqalı deyil. Oktyabrın 5-də polislər Netanyahunun növbəti dəfə korrupsiya ittihamı üzrə dindiriblər.

“Reuters”in məlumatına görə, baş nazir və xanımı “Bezeq” telekommunikasiya şirkətinin rəhbəri Şaul Eloviçlə cinayət əlaqəsinə girməkdə də ittiham olunur.

İstintaq ehtimal edir ki, 2014-2017-ci illərdə – Netanyahu nazir postunu tutanda özü və ailəsi haqda mediada müsbət xəbərlərin işıqlandırılması müqabilində bu şirkətə əlavə səlahiyyətlər veribmiş.

Şaul Eloviç bu ilin fevralında həbs olunub və ona qarşı rüşvət, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək maddələri üzrə ittihamlar irəli sürülüb.

Netanyahu özü isə bütün ittihamları rədd edir və onları əsassız adlandırır.

Ötən ilin dekabrında minlərlə insan küçələrə axışaraq “İsrail Netanyahu ailəsinə yox, bizə məxsusdur” şüarı altında aksiya keçirmişdi. Aksiyalar zamanı keçirilən ictimai rəy sorğusunda respondentlərin 33 faizi bildirmişdi ki, Netanyahu hakimiyyətdə həddən artıq çox qalıb. 42 faiz bu fikirdə idi ki, yeni seçkilər keçirilməlidir. 36 faiz isə 2019-cu ildə baş tutacaq növbəti seçkilərə qədər gözləməyi məqbul saymışdı.

Etiraz və narazılıqlara baxmayaraq, İsrail baş nazirinin mövqeləri hələ ki möhkəm olaraq qalır. Bu ilin fevralında yerli “Channel 10” telekanalının apardığı araşdırma zamanı məlum olmuşdu ki, Netanyahuların adı ətrafındakı korrupsiya qalmaqalları Netanyahunun lideri olduğu “Likud” partiyasının populyarlığına təsir etməyib.

Knessetin keçmiş deputatı Yozef Şaqal da hesab edir ki, Netanyahunun mövqeləri kifayət qədər möhkəmdir. Bununla belə, Şaqal proqnozlaşdırır ki, ittihamlar təsdiqini taparsa, İsrail növbədənkənar seçkilərə gedə bilər: “Sara Netanyahu bu məsələni sülhlə bitirə bilərdi. Ona dəyən zərəri ödəmək, restorana xərclənən vəsaiti geri qaytarmaq təklif olunmuşdu. Lakin Sara prinsipial olaraq bəyanat etdi ki, özünü təqsirli saymır və bunu məhkəmədə sübut etməyə hazırdır.

Binyamin Netanyahuya gəlincə, ona qarşı digər ittihamlar olduqca ciddidir. Və onlar təsdiqini taparsa, İsraildə növbədənkənar seçkilər təiyn oluna bilər. Hələ ki, Netanyahunun mövqeləri kifayət qədər möhkəmdir. Hətta opponentləri belə, onu əvəz edəcək layiqli namizəd görmürlər”.

Qeyd edək ki, İsrail baş nazirinin təkcə xanımının yox, 26 yaşlı oğlu Yair Netanyahunun da adı tez-tez qalmaqalara qarışır. Bu ilin əvvəllində Yairin stripriz klubda dostu – İsrailin təbii qaz maqnatı Kobi Maymonun oğlu ilə sərxoş halda etdiyi söhbətin audioyazısı yayılmışdı.

Söhbətdən məlum olurdu ki, baş nazirin oğlu əxlaqsız qadının xidmət haqqını dostunun ödəməsini istəyir və bildirir ki, bu, atasının (Binyamin Netanyahunun) onun atasına (Kobi Maymona) etdiyi yaxşılığın yanında heç nədir. Sərxoş gənc bildirib ki, atasının dəstəyi ilə qarşı tərəf 20 milyard dollarlıq qaz sazişi bağlayıb.

Məhz həmin dövrdə (2015-ci il) İsraildə yeni təbii qaz yataqları ilə bağlı bəzi mübahisələr gedirdi.

İsrail cəmiyyətində böyük səs-küy yarandığını görən Y.Netanyahu spirtli içkinin təsiri altında söylədiyi fikirlərə görə peşman olduğunu deyərək üzr istəmişdi.

##relatedPostMilli##

Bu ilin mayında isə “İnstaqram” hesabından etdiyi paylaşımla Yair Netanyahu adı ətrafında növbəti gərginliyin yaranmasına səbəb olmuşdu. Gənc Netanyahu paylaşımında türkləri ağır şəkildə təhqir edərək Ankara ilə Tel-Əviv arasında onsuz da isti olmayan münasibətləri daha da pisləşdirmişdi.

Bütün bu ailə və korrupsiya qalmaqallarının fonunda İsrail baş naziri hələ ki, postunu və reytinqini qoruyub saxlayır. Bu reytinqin nə dərəcədə dayanıqlı olacağı isə istintaqın nəticəsindən asılı olacaq…(Strateq.az)

pia.az

Etiket:

Şərh yazın.

loading...