Çərşənbə, 20 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Çingiz Mehdiyevin davamçıları kimlər idi - Video

Azərbaycanda ən qədim insan məskənlərindən biri olan Qobustanda üst paleoit dövrünün sonundan orta əsrlərədək aid edilən 7000-dən çox qayaüstü rəsm mövcuddur

Böyük tarixi dəyəri ölçülən Qobustanın zənginliyi bununla yekunlaşmır. Qayaüstü rəsmlərlə yanaşı, Qobustan ərazisində “qavaldaş” adlanan qaya parçası da var.

Qayanın özəlliyi odur ki, onu əl, ayaq və yaxud hər hansı bir cisimlə döyəclədikdə, qavalın tembrinə uyğun səslər alınır. Belə güman edilir ki, həmin qaya parçası ulu əcdadlarımız tərəfindən zərb aləti kimi istifadə olunduğundan bu günümüzə "qavaldaş” adı ilə gəlib çatıb. “Qavaldaş” bu gün də zərb alətlərinə xas olan keyfiyyətlərini saxlamaqdadır.

Qeyd edək ki, “qavaldaş” 1947-ci ildə arxeoloq İshaq Cəfərzadə aşkarlayıb. Amma onu Azərbaycana məşhur nağara ifaçısı, mçərhum xalq artisti Çingiz Mehdiyev tanıdıb. İlk dəfə Azərbaycan radiosu üçün 1975-ci ildə “qavaldaş” haqqında hazırlanmış verilişdə Çingiz Mehdiyev “qavaldaş”da ifa edib. 1978-ci ildə isə o, Azərbaycan televiziyası vasitəsilə “qavaldaş”ı geniş tamaşaçı auditoriyasına təqdim edib.

Hacı Ağayevin “Barmaqların möcüzəsi” adlı kitabça-albomunda Ç.Mehdiyevin “qavaldaş”la bağlı xatirələri maraqlıdır: “1978-ci ildə məni Qobustana çağırdılar. Dedilər ki, xarici qonaqlar gəlib. Dalımca maşın gəlmişdi. Elə bildim konsertə çağırırlar. Nağaramı götürüb yola düşdüm. Tarixi abidələrimizin aşkar edilməsində əvəzsiz xidmətləri olan mərhum alim İsaq Cəfərzadə məni mehriban qarşıladı. O, Qobustan qayaları ilə bağlı rəvayəti danışandan sonra əlindəki daşı qayaların birinə vurdu. Qəribə səslər eşidildi. Mən də, qonaqlar da təəccüb etdik. Mən Qobustan qayalarında çalmağa başladım, xoşa gələn ritmlər alındı. Beləliklə, Qobustan “qavaldaş”ı kompozisiyası yarandı. Mənə elə gəldi ki, qayalar üzərindəki təsvirlər, qəribə rəqslər nağaranın sehri ilə yaranıb.

Bu nömrə ölkəmizdən çox-çox uzaqlarda da rəğbətlə qarşılandı. Qobustan qaval ritmlərini televiziya üçün çaldım və lentə yazdırdım”.

Çingiz Mehdiyevin çoxşaxəli zəngin yaradıcılıq yollarından biri də onun pedaqoji fəaliyyətidir. Uzun illər Yasamal rayonundakı Pionerlər evində çalışıb. İlk dəfə olaraq 1970-ci ildə ritmlər qrupunu yaradıb və zəngin təcrübəsini gənc nəslə həvəslə öyrədirdi. Bu illər ərzində böyük bir nağaraçalanalar ansamblı yetişdirib.

Çingiz Mehdiyevin yetirmələrindən biri də oğlu Həsən idi. O, kiçik yaşlarından musiqiyə həvəs göstərmiş, atasının sənət yolunu davam etdirmək üçün səylə çalışmışdı. Həsən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdı. İlk dəfə olaraq 1982-ci ildə Aktyorlar evində Çingiz Mehdiyevin anadan olmasının 50 və yaradıcılığının 30 illiyində ata ilə oğulun ilk duet çıxışını tamaşaçılar böyük rəğbətlə qarşılamışdılar. Bu duetin xoş sədası xarici ölkələrin mətbuatında əks olundu.

Çingiz Mehdiyev 1992-ci ilin martında ürək çatışmazlığından dünyasını dəyişib. Və təəssüf ki, 2005-ci ilin mart ayında oğlu Həsən də bu xəstəlikdən vəfat edib.

“Qavaldaş”ı daha sonralar Sadıq Zərbəliyev, Tahir Hüseynov, Cavanşir Qasımov, Eldəniz Hacağayev, Ələkbər Heydərəlioğlu, Sahib Bünyadzadə, Heydər Davulçu və Natiq Şirinov səsləndiriblər və onların ifası geniş tamaşaçı auiditoriyasına təqdim edilib.

İndi Qobustanı hər gün yüzlərlə turist ziyarət edir. Tarixi abidələrimizin qorunması və bütün dünyaya təbliğ olunması məqsədilə həmin ərazidə yaradılan Qobustan Milli tarix-bədii qoruğu isə bu istiqamətdə əməli işləri ilə seçilir.

Qoruğun elmi katibi Rəhman Abdullayev muzeyin fəaliyyəti, tarixi abidələrin, o cümlədən “qavaldaş” və qayaüstü rəsmlərin qorunması, təbliği haqqında Modern.az-a danışıb. O bildirib ki, ölkəmizi ziyarət edən turistlər tarixi abidələrimizlə yaxından maraqlanır, Azərbaycanın zəngin irsini yüksək qiymətləndirirlər:

“Qobustan Milli tarix-bədii qoruğu hər il çoxsaylı turist qəbul edir. Turistlərin qoruq daxilindəki gəzinti marşrutuna qayaüstü rəsmlərin, “qavaldaş”ın yerləşdiyi ərazilər, daş və metal dövrlərinə aid mağara və düşərgələr daxildir. Onlara bu abidələr haqqında geniş məlumat verir, tarixindən danışırıq. Xüsusilə, “qavaldaş” turistlərin marağını cəlb edir”.

- 70-ci illərdə nağaraçalan, mərhum xalq artisti Çingiz Mehdiyevin “qavaldaş”da ifası məşhur idi. İndi buna maraq göstərənlər varmı?

- Çingiz Mehdiyevin ifa etdiyi “qavaldaş” Böyük daş dağının aşağı səkisində yerləşir. Mərhum sənətkarın ifasını əks etdirən kadrlar Azərbaycan Dövlət Televiziyasının çəkilişidir. Bununla bağlı xatirələrini Qobustanın tədqiqatçısı və direktoru olmuş Cəfərqulu Rüstəmov “Qobustan dünyası” kitabında yazıb. Ən son “Natiq” Ritm Qrupunun rəhbəri Natiq Şirinov müraciət edərək, “qavaldaş”da ifa etmək istədiyini bildirmişdi. Ona imkan yaradıldı, klip də çəkildi. O, “qavaldaş”da ən son ifa edən sənətkardır. Hazırda isə bununla bağlı müraciət edən yoxdur.

- Bununla bağlı hər hansı layihə hazırlayacaqsınızmı?

- Qoruq olaraq vəzifəmiz abidələrin qorunması, öyrənilməsi və təbliğidir. Hazırda “qavaldaş”da ifa edən gənclər yetişdirməklə bağlı planlarımız yoxdur. Buna baxmayaraq, bizə müraciət edənlərə köməklik göstərməkdə maraqlıyıq. Bu,“qavaldaş”ın, Qobustan tarixi abidələrinin təbliği, ictimaiyyətə çatdırılması, xarici ölkələrdə işıqlandırılması baxımından da maraqlı olar.

pia.az

 

Şərh yazın.

loading...