Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağ separatçıları Düşənbə anlaşmasına qarşı

Azərbaycan və Ermənistan rəhbərliyinin əldə etdiyi razılaşmanı pozmaq yönündə işğal zonasında davamlı cəhdlər başlanıb; Qarabağ və Abxaziya separatçıları bir araya gəldilər; politoloq: “Razılaşmanın yerinə yetirilməsi çətindir, çünki...”

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşmalara erməni tərəfinin necə əməl edəcəyi əsas müzakirə mövzularındandır.

Qeyd edək ki, Azərbaycan prezidenti və erməni baş nazir münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistanla Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar. N.Paşinyanın razılaşma ilə bağlı açıqlamaları ondan xəbər verir ki, Azərbaycan prezidentinin prinsipial mövqeyi qarşı tərəfi, nəhayət, konstruktiv mövqe tutmağa və danışıqların formatının toxunulmazlığı prinsipini qəbul etməyə vadar edib.

Azərbaycan dövləti işğalçı ölkədən hərtərəfli üstün olsa da, əvvəlki dövrlərdə bəyan etdiyi kimi, danışıqlara sadiqliyini nümayiş etdirdi və bununla da faktiki olaraq Ermənistan rəhbərliyinə doğru-düzgün seçim etmək şansı verdi. Azərbaycan ərazilərini işğaldan azad etməklə Ermənistan həm özünün inkişafına nail ola, həm də Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsiz yaşamasını təmin edə bilər. İstənilən hərbi qarşıdurma təbii ki, oradakı mülki əhalinin də təhlükəsizliyinə təhdiddir. Bir sıra hallarda Ermənistan rəhbərliyi Dağlıq Qarabağdakı ermənilərin həyatına görə narahat olduğunu iddia edib, ərazilərin geri qaytarılmasını mümkünsüz sayır. Ancaq təkcə Bakıda təhlükəsiz şəraitdə 30 min erməninin yaşaması faktı ondan xəbər verir ki, İrəvanın iddiaları əsassızdır. Azərbaycan dövləti onun ərazi bütövlüyünə, suverenliyinə hörmət edən hər bir vətəndaşının - milliyyətindən asılı olmayaraq - təhlükəsizliyinə təminat verir, uzun illərin təcrübəsi bunu sübuta yetirir.

Ancaq təəssüf doğuran odur ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlar işğalçı tərəfin razılığa əməl etmədiyi qənaətini yaradır. Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 34 dəfə pozub.

Bir sıra müşahidəçilər hesab edir ki, N.Paşinyan üçün parlament seçkiləri ərəfəsində təmas xəttində və cəbhə xəttində sakitliyin olması hava və su kimi lazımdır. Odur ki, indiki məqamda o, sakit şəkildə seçki prosesini həyata keçirməkdən ötrü Azərbaycanla münasibətləri gərginləşdirməkdə maraqlı deyil. Lakin hesab olunur ki, Ermənistan ordusundakı “Qarabağ klanı”na yaxın hərbçilər sakitliyin qorunmasında maraqlı deyillər. Onlar hətta erməni əsgərlərinin ölümü bahasına olsa belə, gərginliyi tətikləməyə, bununla da Paşinyanın daxildəki dayaqlarını zəiflətməyə çalışırlar. Elə razılaşmadan sonra Ermənistanın işğal zonasındakı əsgərlərindən birinin müəmmalı ölümü də erməni ordusundakı təxribatçı qrupların mövcudluğunu deməyə imkan yaradır. Sərkisyan-Köçəryan qruplaşmasının ordudakı təmsilçiləri nə yolla olursa-olsun, Paşinyana qarşı etirazları gücləndirməyə, onun parlamenti ələ keçirməsinə mane olmağa çalışır. Əks halda, Paşinyan parlamentin mütləq əksəriyyətini ələ keçirəsi olsa, “Qarabağ klanı”nın ordudakı dayaqlarının da kökünü kəsəcək. Bu mənada gərginlik həmin qüvvələrə sərfəlidir. Ancaq bütün bunlara baxmayaraq, Düşənbə görüşü barədə nikbin mövqelər də az deyil.

Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş və əldə olunmuş razılaşma Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfədir”. Bunu “Trend”ə Qlobal siyasət və Transatlantik münasibətlər üzrə ekspert (ABŞ) Piter Teys deyib. O bildirib ki, növbəti aylarda bu razılaşmanın nəticələri müşahidə olunacaq: “Bu səviyyədə müzakirələr yalnız konkret fəaliyyət və nəticələr olduqda vacib əhəmiyyət daşıyır”.

Politoloqun sözlərinə görə, Azərbaycan regionda sülhün təmin olunması üçün bütün mümkün variantlardan istifadə edir və regionda sülh və çiçəklənmə üçün çoxlu investisiya yatırıb: “Baş nazir Nikol Paşinyan Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşması üçün öz rəhbər mövqeyindən istifadə etməli və aqressiyadan dövlət idarəçilik aləti kimi istifadə etməkdən çəkinməlidir. İrəvan beynəlxalq hüquqa hörmət etməli və Qafqazda etibarlı tərəfdaşa çevrilməlidir”.

Qarabağdakı qondarma qurumun təmsilçiləri Düşənbə görüşündən sonra Azərbaycana yönəlik sərsəm fikirlər səsləndirirlər. Ola bilsin ki, bu fikirlərlə onlar sayılmaq, qarşı tərəfdən iddialarına cavab almaq və bununla da “tərəf” olduqlarını nümayiş etdirmək istəyirlər. Ancaq rəsmi Bakı daim bəyan edib ki, danışıqların dəyişilməz formatı var, Dağlıq Qarabağın erməni icması ancaq Azərbaycan icması ilə danışıqlar apara bilər.

Qarabağ separatçıları bu arada növbəti təxribata əl atıblar. Belə ki, özünü “xarici işlər naziri” adlandıran Masis Mailyan Suxumidə tanınmamış “Abxaziya Respublikası”nın “xarici işlər naziri” Daur Kove ilə görüşüb. Danışıqlarda mühüm anlaşma əldə olunduqdan sonra həyata keçirilən bu görüş təbii ki, təxribatdır. Ancaq bu təxribatın cavabı öncə Ermənistan rəhbərliyindən gəlməli idi, əgər o, danışıqlara sadiqdirsə...

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, Ermənistanın baş naziri münaqişənin həllinə hazır deyil: “Bunu Paşinyanın BMT-dəki çıxışı da göstərir. Paşinyanın bir ay ərzində verdiyi təxribatçı açıqlamalar bunlardır: ”Dağlıq Qarabağda referendum keçirilməlidir", “Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir”, “Dağlıq Qarabağın Azərbaycana aidiyyəti yoxdur”. Nyu-Yorkda Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri görüşdü. Bu görüşdən də nəticə çıxmadı. Çünki Qarabağ məsələsində Ermənistanın yeni hakimiyyəti də köhnə hakimiyyət kimi düşünür. Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir".

E.Şahinoğlu bildirdi ki, Paşinyan yaxın aylarda Qarabağ münaqişəsinin həlli ilə məşğul olmayacaq: “Onun əsas istəyi parlament seçkisi keçirməkdir. İrəvanda mer seçkiləri keçirildi. Paşinyanın dəstək verdiyi namizəd böyük səs çoxluğu ilə qələbə çaldı. Ona görə də Paşinyan fikirləşir ki, eynilə parlament seçkisində də qələbə qazana bilər. Bu məsələdə Paşinyan haqlıdır. Ermənistanın baş naziri iqtisadi və sosial problemləri həll edə bilməyəcək. Paşinyanın korrupsionerlərə qarşı mübarizəsi onun reytinqini artırıb. Ancaq digər problemləri həll edə bilməyəcəksə, onun reytinqi aşağı düşəcək. Ona görə də Paşinyan parlament seçkisini erkən tarixdə keçirmək istəyir. Buna baxmayaraq, bölgədə müharibə Ermənistanda parlament seçkisinə qədər də baş verə bilər. Çünki düşmən tərəfin təxribatları davam edir. Əslində Paşinyan ehtiyatlı olmalı idi. Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan Paşinyan qədər təxribatçı açıqlamalar vermirdilər”.

Politoloq bildirdi ki, Paşinyanın Qarabağ siyasəti erməni müxalifətinin də narahatlığına səbəb olur: “Çünki onlar da başa düşürlər ki, bu təxribatlar Ermənistana ciddi problemlər yaradacaq, rəsmi Bakı Ermənistana qarşı siyasətini sərtləşdirəcək. Paşinyan Düşənbədə İlham Əliyevlə görüşdü. Onlar atəşkəsə riayət edəcəklərinə razılaşdılar. Ancaq bu razılaşmanın yerinə yetirilməsi çətindir. Paşinyan Dağlıq Qarabağla bağlı təxribatçı açıqlamalarına davam edərsə, bu, cəbhə bölgəsindəki vəziyyətə mənfi təsir edəcək”.

Ekspert onu da dedi ki, ATƏT-in Minsk Qrupu bölgədəki gərgin vəziyyətə təsir edə bilmir: “AzərbaycanErmənistan xarici işlər nazirləri Nyu-Yorkda görüşdülər. Həmin görüşü Minsk Qrupu həmsədrləri təşkil etmişdi. Bundan sonra həmsədrlər bəyanatla çıxış etdilər. Bəyanatda deyilir ki, həmsədrlər tərəflərdən narahatçılıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istəyiblər. Həmsədrlər buna görə tərəfləri xəbərdar ediblər. Vasitəçilər onu da qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək. Həmsədrlərin ritorikası sərtdir. Cəbhə bölgəsindəki vəziyyətin gərginləşməsi həmsədrləri narahat edir. Buna baxmayaraq, Ermənistanın təxribatları artır və bu təxribatlar bölgədə vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Ermənistan Dağlıq Qarabağda girov saxlanılan iki azərbaycanlını azad edərsə, bu, gərginliyin azalmasına xidmət edər”.

Qeyd edək ki, AzərbaycanErmənistan XİN rəhbərləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyan bu ilin sonunadək yenə də bir araya gələcəklər. Bu barədə 2 oktyabrdakı brifinqi zamanı Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan deyib.

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar