Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əliyev-Paşinyan razılaşması: Müharibə təhlükəsi uzaqlaşdı?

Natiq Miri: “Qısa müddət ərzində Dağlıq Qarabağ problemi kontekstində hansısa ciddi irəliləyişin olacağını düşünmək doğru deyil”

“İndiki qlobal və regional gərgin müstəvidə Rusiya bölgədə yeni bir Qarabağ savaşının çıxmasında qətiyyən maraqlı deyil”.

Bu sözləri politoloq Natiq Miri Azərbaycanla Ermənistan arasında razılaşma olduğunu iddia edən Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən PİA.az-a müsahibəsində qeyd edib.

Məlumdur ki, Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsi ilə bağlı mövqeyində daim sərtlik nümayiş etdirib. Belə ki, son zamanlar səsləndirdiyi bəyanatlar Azərbaycan-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə səbəb olmuşdu. Bu gərginliyin cəbhə xəttində də açıq hiss olunması isə nəzərdən qaçmayan amillərdən biri idi.

Ekspertlər tərəfindən isə Nikol Paşinyanın tez-tez fikir dəyişikliyi yaşadığı zaman-zaman mətbuatda yayımlanır. Maraqlıdır ki, bir neçə gün öncə Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdəki görüşü zamanı Nikol Paşinyan yenə öz ampulasında olub. Belə ki, erməni baş nazir Nikol Paşinyan “Facebook”da keçirdiyi canlı yayımda bildirib ki, qonşu ölkələrin ikitərəfli münasibətlərində Azərbaycan prezidenti İlham Əliyevlə üç məqamı müzakirə ediblər. Ermənistan hökumətinin başçısı qeyd edib ki, görüşdən dərhal sonra əldə olunan razılaşma fonunda Ermənistan-Azərbaycan sərhədində və Qarabağ münaqişəsi zonasında istənilən hadisələrin qarşısı alınmalıdır. Eyni zamanda Qarabağ məsələsinin sülh yolu ilə həlli vacibdir. Atəşkəs rejimini qoruyub saxlamaq üçün belə əlaqənin olmasının çox mühüm olduğunu qeyd edən Paşinyan əldə olunan razılıqdan məmnunluğunu da ifadə edib. Nikol Paşinyanın bəyanatı fonunda Azərbaycan tərəfinin səssiz münasibəti isə diqqət çəkən məqamlardan biri olub.

Bu baxımdan Azərbaycan prezidenti İlham ƏliyevErmənistanın baş naziri Nikol Paşinyanın Tacikistanda üç məqamda razılığa gəlməsi ilə bağlı PİA.AZ-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müsahibə hazırlayıb.

PİA.az həmin müsahibəni oxucularına təqdim edir:

Natiq Miri: “Paşinyan anladı ki, sərsəm açıqlamalar verməklə Azərbaycanı qorxutmaq və ya geri çəkilməyə vadar etmək mümkün deyil”.

-Natiq bəy, son zamanlar ziddiyyətli bəyanatlar səsləndirən Paşinyanın Tacikistanda sərgilədiyi mövqe barədə nə deyə bilərsiniz və sizcə, əldə olunan razılaşma müharibə təhlükəsini uzaqlaşdırdı?

-Paşinyanın Azərbaycan, xüsusilə də işğal olunmuş Qarabağ və ətraf əraziləri ilə bağlı bir çox sərsəm bəyanatlarından sonra Düşənbədəki görüşdə Azərbaycan prezidenti ilə görüşü heç də təsadüfi olmayıb. Hesab edirəm ki, bu görüş Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfəri zamanı razılaşdırılıb. Məhz bunun nəticəsi olaraq, Paşinyan Azərbaycan prezidentinə yaxınlaşaraq müəyyən söhbət əsnasında bu məsələləri danışıq predmentinə çevirib.

Diqqətdən qaçırmaq lazım deyil ki, son zamanlar Paşinyanın Qarabağla bağlı sərsəm açıqlamaları iki dövlət arasında çox böyük bir gərginliyə səbəb olmuşdu. Təbii ki, bu gərginlik özünü Qarabağ cəbhəsində də hərbi mənada biruzə verirdi. Yəni, hərbi aktivlik artıq ciddi şəkildə müşahidə olunurdu və son günlərdə bir neçə erməni hərbçisinin öldürülməsi ilə bağlı faktlar var idi. Eyni zamanda Azərbaycan ordusunun sarsıdıcı zərbələr vurması ilə bağlı təhdidləri də Ermənistanı narahat etməyə bilməzdi.

Bu fonda Paşinyan ən azından anladı ki, sərsəm açıqlamalar verməklə Azərbaycanı qorxutmaq və ya geri çəkilməyə vadar etmək mümkün deyil. Ona görə də Azərbaycanla savaşmaqdansa, masa arxasında danışmaq daha doğrudur. Bununla yanaşı, regionda yeni bir savaş təhlükəsi qaldığı üçün Paşinyana müəyyən təzyiqlərin olması da mümkündür. Çünki indiki qlobal və regional gərgin müstəvidə Rusiyanın özü də bölgədə yeni bir Qarabağ savaşının çıxmasında qətiyyən maraqlı deyil. Müharibə təhlükəsinin getdikcə artdığını Rusiya da hiss edirdi. Bu baxımdan Paşinyanın İlham Əliyevlə danışması və müharibə təhlükəsinin qarşısını almaq üçün Rusiya hərəkətə keçib. Nəticə olaraq düşünürəm ki, Düşənbədə MDB çərçivəsindəki görüşdə hər iki prezidentlər arasında danışıqlar olub.

Natiq Miri: “İlham Əliyevlə Paşinyan arasında operativ əlaqə kanalının yaradılması dövlət başçıları arasında müəyyən mənada etimad yarada bilər”.

Doğrudur, bu danışıqlar qısamüddətli və bütün məsələləri əhatə edəcək səviyyədə deyil. Lakin bəzi əhəmiyyətli məqamlar mövcuddur. Bu məqamların başında duran Azərbaycanla Ermənistan arasında birbaşa açıq danışıq xəttinin tutulması ilə bağlı razılıqdır. Münaqişənin davam etdiyi 26 il ərzində belə razılıq olmayıb. Yəni, Azərbaycanla Ermənistan rəhbərliyi arasında birbaşa açıq xətt heç vaxt mövcud olmayıb. Bütün danışıqlar mütləq mənada ya ATƏT-in Mİnsk qrupu həmsədr dövlətləri, ya da Rusiya vasitəsilə aparılıb. İlk dəfədir ki, AzərbaycanErmənistan arasında birbaşa danışıq aparmaq və yaxud hansısa təxribat xarakterli hərbi hadisələrin qarşısını almaq üçün xüsusi xətt mexanizminin yaradılması razılaşdırılıb. Bu razılaşma gələcəkdə təxribatların qarşısını almaq üçün əhəmiyyətli ola biləcək bir hadisədir.

Digər tərəfdən, hansısa vasitəçi dövlət olmadan AzərbaycanErmənistan arasında müəyyən diplomatik açıq xəttin yaradılması Dağlıq Qarabağ problemində yeni bir məqamdır. Ən azından digər dövlətlərdən müstəqil qaydada aparılmasına imkan yarada bilər. Bu gün Dağlıq Qarabağda gedən hərbi təxribatlar, atışmalar və bütün proseslərə Paşinyan hökuməti birmənalı olaraq nəzarət edə bilmir. Çünki Dağlıq Qarabağda olan hərbi ünsürlər Rusiya xüsusi xidmət orqanları ilə bilavasitə əlaqədə olan cinayətkar ünsürlərdir. İkinci məqam odur ki, Dağlıq Qarabağda mövcud olan hərbi xunta keçmiş prezident Serj Sərkisyanın bilavasitə nəzarətində və ona yaxınlığı ilə tanınan insanlardan ibarətdir. Bu baxımdan Paşinyana qarşı olan Qarabağ klanı istənilən an Dağlıq Qarabağda yeni bir hərbi təxribat yaratmaqla, Paşinyanı çox çətin bir duruma sala bilər. Ona görə də iki dövlət arasında birbaşa açıq xətt mexanizminin yaradılması bu təxribatın qarşısını ala bilər. Artıq iki ölkə arasında hansısa danışığı təşkil etmək üçün Rusiya rəhbərliyinə müraciət etmək lazım olmayacaq.

Düzdür, hələlik bu mexanizm yaradılmayıb. Lakin ən azından iki prezident arasında razılığın əldə edilməsi ilə bağlı Paşinyan açıq bəyanat verib. Bu bəyanat Azərbaycan tərəfindən təkzib olunmadığı üçün bu razılığın gerçək olması mümkündür.

-Əldə olunmuş bu razılıq münaqişənin bütövlükdə həlli üçün yeni mühitin formalaşmasına, xüsusən İlham Əliyevlə Paşinyan arasında operativ əlaqə kanalının yaradılması tərəflər arasında etimadın artmasına yol aça bilərmi?

-Bu razılaşma hələlik baş verməyən hadisədir. Gələcəkdə bu mexanizm yaradılarsa və işlək formaya keçərsə, ən azından dövlət başçıları arasında müəyyən mənada etimad yarada bilər. Təbii ki, bu etimad Ermənistan rəhbərliyinin davranışından asılı olacaq. Yəni, sözdə və əməldə fərqli davranış ortaya qoyularsa, belə xəttə ehtiyac qalmayacaq. Etimad qazanmaq üçün sözlə əməl bir olmalıdır. Ayrıca, birbaşa təmas etimad mühitini yarada biləcək amil ola bilər.

Natiq Miri: “Paşinyanın Azərbaycandan alacağı zamana ehtiyacı var. Fikrimcə, Düşənbədəki danışıqları bu kontekstdə də dəyərləndirmək lazımdır”.

-Ermənistanda parlament seçkiləri baş tutana və yeni hökümət formalaşana qədər münaqişənin həlli üçün danışıqların baş tutacağına inanırsınız?

- İstər demokrat, istərsə də avtoritar bir lider olmasından asılı olmayaraq, Paşinyanın bir erməni olduğunu diqqətdən qaçırmaq lazım deyil. Paşinyan bir erməni lider olaraq, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ya müstəqil düny subyekti olmasında maraqlıdır. Bu günə qədər Paşinyanın verdiyi sərsəm açıqlamaları nəzərə alsaq, qısa müddət ərzində Dağlıq Qarabağ problemi kontekstində hansısa ciddi irəliləyişin olacağını düşünmək doğru deyil. Ona görə də Azərbaycan Paşinyanın hansısa razılıq əldə edilməsi ilə bağlı verdiyi açıqlamalara o qədər də aldanmamalıdır. Mən bu bəyanatları Paşinyanın zaman qazanmaq üçün atdığı gediş kimi dəyərləndirirəm. Çünki bu gün zaman Paşinyana hava, su kimi dəyərlidir. Paşinyanın mütləq mənada Ermənistanda öz hökumətini möhkəmləndirmək üçün zamana ehtiyacı var. Ona görə ki, Ermənistanda yeni seçki konstitusion dəyişikliklərə, həm də köhnə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var.

##relatedPostMilli##Bu vaxta qədər Paşinyanın Azərbaycandan alacağı zamana ehtiyacı var. Fikrimcə, Düşənbədəki danışıqları bu kontekstdə də dəyərləndirmək lazımdır. Mətbuatda “Paşinyan Qarabağ məsələsində Azərbaycanla anlaşır” kimi başlıqlar vermək lüzumsuz hərəkət olar. Azərbaycan mediası da ictimaiyyəti bu cür aldadıcı hadisələrə yönləndirməməlidir.Növbədənkənar seçki tezliklə keçirilmədiyi təqdirdə Paşinyan hökumətinin Ermənistanda dayanıqlı olması mümkün deyil. Paşinyan anlayır ki, gələcək Ermənistanda köklü isalahatlar aparmaq və eyni zamanda ölkəyə yeni maliyyə maraqları yaratmaq üçün mütləq mənada yeni parlament seçkilərinin keçirilməsi və Paşinyanın özünün siyasi mərkəzinin parlamentdə çoxluq əldə edərək yeni hökumət formalaşdırması lazımdır. Məhz bundan sonra Paşinyan hökumətinə Qərb dünyasında ciddi dəstək veriləcək. Əks halda isə mövcud qeyri-müəyyənlik davam edəcək. Bu isə Paşinyanın ictimai rəydə getdikcə zəifləməsinə səbəb olacaq. Bu baxımdan Paşinyan tələsir.

-Hesab edirsinizmi ki, Paşinyan höküməti danışıqlar aparmaq üçün legitim hakimiyyətdir?

- Əslində Paşinyanın hökumət formalaşdırması mövcud legitim parlamentin qərarı idi. Ona görə Paşinyanın qeyri-legitimliyini iddia etmək mümkün deyil. Əgər küçədən gəlmiş və xalqın təzyiqi ilə qeyri-legitim qərar olsaydı, bu halda Paşinyan hökumətinin legitim olmaması ilə razılaşmaq olardı.

Xalqın təzyiqi ilə olmuş olsa da, Paşinyan legitim parlamentın verdiyi qərarla hökumət başına təyin olunub. Əgər hökumət başçısı legitim qərarla xalqın başçısıdırsa, deməli, xalqın adından danışmaq səlahiyyətinə sahibdir. Bu baxımdan düşünürəm ki, danışıqlar tam legitim və hüquqidir.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar