Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan DTK-sinin rəhbəri olan generalın müəmmalı intiharı - Tarix səhifəsi

Brejnevin ən etibarlı dostlarından biri olan Semyon Kuzmiç Sviqun baş katibin Moldaviya klanının əsas fiqurlarından biri sayılıb

Adətinə xilaf çıxmayan Brejnev daha yüksək postlara sahib olduqca, ona sədaqət göstərən məsləkdaşlarını, o cümlədən Sviqunu da yüksək vəzifələrə çəkib. Təbii ki, bu siyasi “mehribanlıq” əvəzsiz qalmayıb.

Semyon Sviqun 28 sentyabr 1917-ci ildə Ukraynada anadan olub, Odessa Pedaqoji İnstitutunun tarix fakültəsini bitirib, 1939-cu ilə qədər müəllim və məktəb direktoru işləyib, sonrakı taleyini dövlət təhlükəsizliyi orqanlarında xidmətə bağlayıb. II dünya müharibəsinin iştirakçısı olan Semyon Sviqun müharibədən sonra Moldaviya SSR və Tacikistan SSR-in dövlət təhlükəsizlik komitələrində müavin və sədr vəzifələrində çalışıb. 1963-1967-ci illərdə isə o, Azərbaycan DTK-sına rəhbərlik edib.

Brejnevlə dostluq münasibətlərinə baxmayaraq, Sviqun 1967-ci ilə qədər Moskvada ümumittifaq miqyaslı vəzifəyə sahib ola bilməyib. Bu da səbəbsiz deyil. Vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi olmuş, sonra Xruşovun təqdimatı ilə SSRİ DTK-sının sədri olan Semiçastnı ilə Sviqunun arasında soyuq münasibətlər hökm sürüb. Semiçastnı Moldaviyanın ikinci katibinə sui-qəsd cəhdində Sviqundan şübhələnib, ancaq konkret faktlarla onu ittiham edə bilməyib. Bu hadisədən sonra Sviqunun Moskvada xidmət etməsi Semiçastnı üçün arzulanmaz olub.

1967-ci ildə Siyasi Büronun iclasında DTK sədrinin gözlənilmədən iclasa çağırılması, Brejnevin kəskin çıxışı nəticəsində Semiçastnı vəzifəsindən uzaqlaşdırılıb, Brejnev hətta onun Moskvada qalmaması üçün Ukraynada yeni vəzifənin təsis olunmasına dair göstəriş verib. Beləliklə, Semiçastnı Ukrayna Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunaraq Kiyevə yola salınıb.

 

Yuri Andropov DTK sədri təyin olunduğu gün Brejnevin ona ilk “məsləhət”i belə olub:

- Sviqunu Moskvaya gətirmək lazımdır.

Brejnevlə Sviqunun isti münasibətlərindən xəbərdar olan Andropov öz arzusuna məcburən zidd olaraq səhərisi gün Sviqunun SSRİ DTK sədrinin müavini vəzifəsinə təyin olunması ilə bağlı Leonid İliçə təqdimat verib. Qısa müddətdən sonra isə Sviqun 1-ci müavin postuna təyin olunub, ordu generalı rütbəsi alıb, Mərkəzi Komitənin üzvü seçilib.

Əslində Sviqunun bu posta təyinatı SSRİ dövlət təhlükəsizliyi orqanlarında xidmətin keyfiyyətinin artırılmasından daha çox, Andropovu nəzarətdə saxlamaq xarakteri daşıyırdı. Və Sviqun bir çox ciddi, dövlət əhəmiyyətli məsələləri Andropovla deyil, birbaşa Brejnevlə müzakirə edib.

70-ci illərdə Brejnevlə Sviqunun yaxınlığı ilə bağlı cəmiyyətə ailə müstəvisində müxtəlif informasiyalar sızılıb. İki dostun bacanaq olduğu, Sviqunun həyat yoldaşının Viktoriya Brejnevanın bacısı olması kimi fikirlər söylənilib. Bu haqda Sviqunun həyat yoldaşı, yazıçı Roza Yermolovanın gündəliyində (bu gündəlik sonralar Sviqunun nəvəsi tərəfindən kitab kimi çap olunub) yazılıb:
“Biktoriya Brejneva ilə bacı olmaq mənim üçün şərəf olardı. Ona görə yox ki, o Leonid İliçin həyat yoldaşıdır. Viktoriya çox sadə, mehriban, qayğıkeş, ailəsini sevən bir xanımdır. Uzun illər aramızda çox yaxın münasibətlər olub. Sviqun Bakıda işləyərkən mən Moskvaya gələndə onlarda qalırdım. Bu ailədə insan özünü çox rahat və sərbəst hiss edir. Ancaq biz bacı deyilik. Yetər ki, doğulduğumuz yerlərə, soy kökümüzə nəzər salsınlar. Nəinki bacı, heç uzaq qohumluq əlaqələrimiz də yoxdur. Bu tarixçi-ssenarist Roy Medvedyevin təxəyyülünün məhsuludur. Və mən ona bu məsələ ilə bağlı kəskin və qəti etirazımı da bildirmişəm. Roy Medvedyevin yeni intiriqalar yaratmaq həvəsi bu uydurmanın ortaya çıxmasına səbəb olub...”.
Beynəlxalq icmalçı, jurnalist Leonid Melçinin isə Sviqunun həyat yoldaşı haqqında söylədikləri isə tamam fərqli fikirlərdir. Belə ki, Melçinin fikirlərinə görə, Sviqunun xanımı hələ onlar Moldaviyada işləyərkən Brejnevin məşuqəsi olub.

Hər halda bu fikrin nə qədər həqiqət olub-olmadığını indi araşdırmaq çətin məsələdir. Amma fakt odur ki, hər iki ailə bir-biri ilə çox mehriban olublar. Bu mehribanlığın arasında nələr dayandığını da anlamaq artıq bu gün üçün gecdir. Amma Roza

Yermolovanın gündəliyində maraqlı məqamlar az deyil:

Bakıdan uçan təyyarə məni Moskvaya gətirmişdi. Hava limanından birbaşa Leonid İliçgilin yaşadığı bağa yollandım. Viktoriya məni həmişəki kimi böyük sevinclə qarşıladı. Bir az keçməmiş Leonid İliç zəng vurdu, Viktoriya ona qonaq gəldiyimi söylədi. 20 dəqiqədən sonra Brejnev bağa gəldi. Qucaqlaşıb mehribanlıqla salamlaşdıq. Sonra hamımız qonaq otağına keçdik. Viktoriya süfrə açdı. Leonid İliç Sviqunu soruşdu, mən ona bildiyim qədər həyat yoldaşımın işlərindən danışdım. Xeyli zarafatlaşdıq, Leonid İliç araq, biz isə konyak içirdik. Sonda isə hamımız şərab içdik. Viktoriya çay süfrəsi düzəldəndə Leonid İliç Sviquna zəng etdi, hal-əhval tutdu, dedi ki, Moskvaya gələndə hökmən görüşməliyik, bəzi məsələləri müzakirə etmək lazımdır. Sonra zarafatlaşmağa başladılar:

- Semyon Kuzmiç, mən indi sənin yoldaşınla konyak içirəm. Viktoriya isə iki saatdan sonra gələcək, onda da çay içərik yəqin ki...

Bu anda Viktoriya dəstəyi götürdü:

- Semyon Kuzmiç, Moskvaya gəlmək lazımdır, biz konyak içərik, bunalrı isə çaya dəvət edərik.

Beləcə, çox maraqlı bir gecə keçirdik. Səhər Leonid İliç mühafizəçiyə mənə bağa gəlmək üçün uzunmüddətli buraxılışın verilməsi barədə göstəriş verdi...”.

Bütün bu münasibətlərin isti olduğu bir dövrdə, Sviqunun böyük nüfuz sahib olduğu bir vaxtda 1982-ci ilin yanvarın 19-da generalın intiharının səbəbini bilmək, qiymətləndirmək hələ də heş kimə müyəssər olmayıb. Belə ki, Semyon Sviqun məhz həmin gün öz bağında sürücüsünün tabel silahı olan tapança ilə özünü vuraraq intihar edib.

Sviqunun intihar etməsi ilə bağlı bir çox versiyalar var.

Birinci versiya briliyant oğurluğu ilə bağlıdır. Belə ki, sirk ustası İrina Buqrimovanın mənzilindən oğurlanan qızıl və briliyantlara görə “Qaraçı” adı ilə məşhur olan, Böyük Teatrın artisti Boris Buryats həbs olunmuşdu. Buryatsın bu işlə qrup şəkildə məşğul olması da aydınlaşmışdı və bu onun birinci oğurluq işi deyildi. Və bu qrupda Qalina Brejnevanın da adı hallanırdı. Çünki Qalina ilə Buryatsın sevgi məcaraları da heç kimə sirr deyildi və münasibətlər Leonid İliçin heç də xoşuna gəlmirdi. Versiyaya görə, Qalina Brejnevanın istintaqa cəlb olunması mütləq sayılıb, Andropov Sviquna deyib ki, bu məsələnin necə həll olunmasını Suslovla müzakirə etmək lazımdır və bu işi öz üzərindən ataraq ona həvalə edib. Bu versiyanı söyləyənlər qeyd edirlər ki, Suslovla Sviqunun arasında olan söhbət o qədər kəskin şəkil alıb ki, hər iki tərəfin hətta psixoloji durumuna mənfi təsir göstərib. Və bu görüşdən sonra Sviqun öz bağında sürücüsünün tapançası ilə özünü vurub. Bir neçə gündən sonra isə Suslov səhhətində qəfil yaranan problemlərdən vəfat edib.

##relatedPostMilli##

Bu versiyanı təkzib edənlər belə əsaslandırırlar ki, Qalina Brejneva ilə bağlı məsələni Sviqun heç vaxt Suslovla müzakirə edə bilməzdi. İstənilən vaxt birbaşa Brejnevlə görüşmək imkanı olan Sviqun təbii ki, bu məsələni onunla müzakirə edə bilərdi.

İkinci versiya Sviqunun xəstəliyi ilə bağlıdır. Belə ki, o xərçəng xəstəliyindən əziyyət çəkib. Bu haqda akademik Çazov öz memuarlarında qeyd edib:

“Sviqun xərçəng xəstəsi idi. Son zamanlar xəstəliyi şiddətlənmişdi. Belə hesab etmək olar ki, onun özünə sui-qəsd etməsi də elə bununla bağlı olub...”.

Bu versiya ilə razılaşmayanlar, xüsusilə də ailə üzvləri qeyd ediblər ki, Sviqun xəstəliyi ilə ömrünün son dəqiqəsinə qədər mübarizə aparmaq iqtidarında olan güclü bir adam olub. Həm də adətən belə hallarda intihardan qabaq nə isə yazırlar.
Üçüncü versiya, DTK generalı Kevorkovun xatirələrində yazdığına görə böyük məbləğdə rüşvətlə bağlı olub. Belə ki, hansısa bir işlə bağlı DTK-nın araşdırması zamanı qanun pozuntusunu ört-basdır etmək üçün Sviqun böyük məbləğdə rüşvət alıb. Onu Mərkəzi Komitəyə çağırıblar, sorğu-suala tutublar, bu haqda Breynevin məlumatlı olub-olmadığı ilə maraqlanıblar və bir gün vaxt veriblər ki, məsələ ilə bağlı özü özünə qərar versin. Bu hadisədən sonra Sviqun intihar edib.

Bu versiyanı elə həmin dövrdə DTK-nın yüksəkçinliləri təksib edib.

Sviqunun intiharı ilə bağlı versiyalar çox, onları təkzib edən faktlar da elə bir o qədərdi.

Semyon Kuzmiç Sviqun xarakter etibarı ilə qapalı insan olub. Və yəqin ki, o, bu qapalılığı ilə söylənilən bütün versiyaların heç birinə uyğun olmayan bir səbəbdən intiharının sirrini də özü ilə birdəfəlik aparıb.

Ordu generalının nekroloqunda isə ölüm səbəbi bir cümlə ilə əksini tapmışdı: “Uzun sürən xəstəlikdən sonra...”. Və bu nekroloqa uzun illərin dostu, silahdaşı, məsləkdaşı Leonid İliç Brejnev imza atmamışdı...

Kəşfiyyat mövzulu neçə-neçə kitabın, ssenarinin müəllifi olan, nəhayət, “Baharın on yeddi anı” filminin baş məsləhətçisi Sviqunun Azərbaycandan başlayan yüksəliş yolu Moskvada müəmma ilə bitərək SSRİ tarixinə 1982-ci ilin ən faciəli hadisələrdən biri kimi düşüb...

İlham Cəmiloğlu (Musavat.com)

pia.az

Fotolar





Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar