Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Toğrul İsmayıl: “Bu razılaşma Türkiyə üçün olduqca vacib idi”

"Bəşər Əsədin indiki mərhələdə ABŞ-ın nəzarətində olan kürdlərə qarşı əməliyyat keçirmək imkanı yoxdur"

PİA.AZ teleqraf.com-a istinadən Türkiyədə yaşayan azərbaycanlı professor, siyasi şərhçi Toğrul İsmayılla müsahibəni təqdim edir:

- Toğrul bəy, Soçidə Ərdoğan-Putin görüşü və əldə olunan razılaşmanı necə qiymətləndirirsiniz?

- Soçidən əvvəl Tehran görüşü zamanı qeyd etmişdim ki, Rusiya bölgədəki problemi Türkiyə ilə birlikdə həll edə bilər. Başqa sözlə, Rusiyanın təkbaşına bu problemi həll etməsi mümkünsüz və çətin işdir. Əlbəttə, burada həm Rusiyanın, həm də Türkiyənin öz maraqları var. Ancaq nəzərə almaq lazımdır ki, Astana prosesi zamanı bölgələrdə gərginliyin azaldılması, təhlükəsizlik zonalarının qurulması razılaşdırılıb. Bu çərçivədə İdlib Türkiyənin nəzarətində idi. Üstəlik bölgədə Türkiyəyə yaxın olan nisbətən liberal silahlı güclər də var. Belə olduğu təqdirdə Kremlin Bəşər Əsəd rejimini dəstəkləyərək, orada hərbi əməliyyatlar aparması Türkiyə ilə münasibətləri poza, üstəlik Rusiyanın etibarlı müttəfiq olması imicini zədələyərdi. Unutmayaq ki, Rusiya bölgədə hakim olmaq istəyir, amma buna təkbaşına etmək istəyini də gördük. Türkiyənin və digər bölgə ölkələrinin dəstəyi olmadan Rusiyanın buna nail olma imkanı yoxdur. Bu səbəbdən də Moskvanın sonda Ankara ilə razılığa gəlməsi lazım idi.

Ən önəmli məsələ odur ki, Soçi görüşündən əvvəl İstanbulda Fransa, Almaniya, Türkiyə və Rusiyanın iştirakı ilə görüş keçirilib. Bu görüşdə də Suriya problemi və İdlib məsələsi müzakirə edilib. Düşünürəm ki, bu görüşün Soçidə razılıq əldə edilməsinə təsirləri olub. Əsas məsələ İdlib problemi ilə bağlı tərəflərin mövcud olan gərginliyi artırmadan, konsensusa gəlməsidir. Bu konsensusa əsasən, İdlibdən ağır silahlar götürülməli, Rusiya və Türkiyə birlikdə ortaq təhlükəsizlik dəhlizi yaratmalıdır. Yəni bunlar gərginliyi artırmayacaq tədbirlər kimi görünür. Məncə, belə razılaşma Türkiyə üçün olduqca vacib idi. Bu səbəbdən də Soçidə əldə olunan razılaşmanı müsbət addım saymaq olar.

- Soçi razılaşmasına əsasən, Türkiyənin üzərinə müəyyən öhdəliklər düşür. Ankara ağır silahların İdlibdən çıxarılması, buradakı silahlı dəstələrin Rusiya hərbi bazalarına atəş açmaması, İdlibin hərbisizləşdirilməsi kimi ciddi vəzifələrin öhdəsindən gələ bilərmi?

- Razılaşmaya əsasən, həm də terrorçulara qarşı birgə mübarizə aparılacaq. Bunların hər biri qəbul olunandır. Onsuz da Türkiyə tərəfinin əsas məqsədi İdlibə ediləcək hücum və bunun nəticəsində yaranacaq humanitar fəlakətin qarşısını almaq idi. Türkiyə bu təşəbbüslərini Tehran görüşü zamanı da irəli sürdü. Əsas məsələ terrorçulara qarşı birgə mübarizədir. Çünki İdlibdə hədəfləri dəqiq müəyyən etmədən müharibəyə başlamaq çox ağır nəticələrə səbəb olar. İndi hədəf daha konkretdir. Üstəlik, Türkiyə bölgəyə daha çox hakimdir. İdlibdə Türkiyənin 12 müşahidə məntəqəsi var. Rusiya, İran və Əsədin İdliblə bağlı əməliyyatı türk əsgərlərinin mühasirəyə düşməsinə səbəb ola bilərdi. Bu da mümkün olmayan bir işdir.

Digər tərəfdən, Türkiyə razılaşma əsasında üzərinə düşənləri həyata keçirmək imkanına malikdir. Müzakirə olunan bölgədə hakim olan, oranı daha yaxşı tanıyan Türkiyədir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

- Son bir ayın ən ciddi müzakirə mövzusu Rusiya, İran və Əsədin İdlibə mümkün hücum planı ilə bağlı olub. Artıq razılıq əldə edildi, İdlibə hücum olmayacaq. Bəs bundan sonra Suriya prosesində nələr olacaq?

- Mən Suriya böhranının başa çatdığını düşünmürəm. Bu, bir prosesdir və davam edəcək. Əsas məsələ orada mövcud olan qüvvələrin bir-birilə silahlı qarşıdurmaya girməməsi, terrorçulara qarşı birgə fəaliyyətdir. Bu, olduqca vacibdir.

- ABŞ da Rusiya, İran və Əsədin İdlib hücumuna ciddi etiraz edirdi. Məlum razılaşma Vaşinqtonun maraqlarına uyğundurmu?

Hesab edirəm ki, ABŞ bu razılaşmanı anlayışla qarşılayacaq. Bu mənada sıxıntı yaşanmayacaq.

- İdlib istisna olmaqla Əsədə tabe olmayan yeganə silahlı qüvvə ABŞ tərəfindən dəstəklənən və YPG adlandırılan kürd qruplarıdır. Bəşər Əsədin növbəti mərhələdə bu qüvvələri zərərləşdirmək istəyi ortaya çıxa bilərmi?

- Mən düşünmürəm ki, Bəşər Əsəd YPG-yə qarşı əməliyyat keçirsin. YPG ABŞ tərəfindən ciddi dəstəklənir. Digər tərəfdən, indiki mərhələdə əsas məqsəd Suriyada hərbi fazaya imkan verməməkdir. Bəşər Əsədin indiki mərhələdə ABŞ-ın nəzarətində olan kürdlərə qarşı əməliyyat keçirmək imkanı yoxdur. Növbəti mərhələdə Əsədin kürdlərə qarşı əməliyyat keçirib-keçirməyəcəyi bəlli olacaq.

- Bu mərhələdə rəsmi Ankaranın Bəşər Əsədlə diplomatik əlaqələri bərpa etməsi mümkün görünür?

- Bu, mümkün deyil. Türkiyə zamanında mövqeyini açıqlayıb. İkincisi, nəzərə almaq lazımdır ki, Suriyada hakim güc Bəşər Əsəd deyil, ruslardır. Ruslar Bəşər Əsədin arxasından çəkilən kimi Suriyada xaos yarana, Əsəd hər şeyini itirə bilər. Bu səbəbdən Türkiyə Bəşər Əsədlə deyil, ruslarla müzakirələr aparır.

İkincisi, Astana prosesi çərçivəsində Suriyanın yeni konstitusiyasının hazırlanması razılaşdırılıb. Bu mənada ara mərhələdə Bəşər Əsədin orada qalmasına Türkiyə göz yuma bilər, amma Bəşər Əsədlə barışmaq, yəni minlərlə insanı öldürən diktatorla bir araya gəlmək ağlabatan deyil.

- Suriyada Türkiyə, İran, Rusiya, ABŞ, Fransa, İngiltərə və digər dövlətlər, habelə onlara bağlı olan yerli silahlı dəstələr var. Bundan sonra Suriyada hansı mərhələ başlayacaq?

- Proseslər davam edəcək. Bu xəmir hələ çox su aparacaq. Suriyada olan oyunçular bundan sonra da orada qalacaq. Maraqlar tələb etdiyi üçün indiki şərtlərdə maraqlı tərəflər orada iştirakını davam etdirəcək.

- Bəşər Əsədin hava hücumundan müdafiə qüvvəsi Rusiyaya məxsus və göyərtəsində 15 hərbçinin olduğu təyyarəni vurub. Bu fakt Kremli ilə Bəşər Əsədin münasibətlərini zədələyə bilərmi?

- Bu fakt Moskva-Dəməşq arasında problem yaratmayacaq. Müharibə bölgəsində belə hallar olar. Əlbəttə, Bəşər Əsəd buna görə cəzasını ala bilər. Lakin münasibətlər sıradan çıxmayacaq. Nəzərə almaq lazımdır Bəşər Əsədin silahlı qüvvəsi İsrailə məxsus qırıcıları hədəfə alarkən səhvən rus təyyarəsini vurub.

- Türkiyə-ABŞ münasibətlərinin qaydaya düşmə perspektivi varmı?

- İndi bu haqda danışmaq tezdir. Hazırda münasibətlər gərgindir. Hələlik münasibətlərin qaydaya düşməsinin işartıları görünmür.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar