Cümə, 22 Mart 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Prezident: "Hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib"

Bunu Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında çıxış edərkən deyib

Dövlət başçısı bildirib:

"Bu gün Biləsuvar rayonunda çox gözəl bir gündür, biz yeni kənd yolunun açılışını qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu yol bir neçə kəndi birləşdirir. On beş kilometr uzunluğunda olan bu yol ən yüksək standartlara cavab verir. Bu kəndlərdə 16 min əhali yaşayır. Bu yol insanlara rahatlıq verəcək.

Biləsuvar rayonunda yol infrastrukturunun yenilənməsi uğurla davam edir. Son illərdə rayonun əksər kənd yolları əsaslı şəkildə təmir və bərpa olunub. Mənə verilən məlumata görə, Biləsuvar rayonunun kəndlərinin təqribən 80 faizi artıq müasir yollarla təmin edilib. Bu gün buraya gələrkən magistral yoldan Biləsuvar şəhərinə qədər - bu yola qədər yolun keyfiyyətinə fikir verdim və heç də mənim xoşuma gəlmədi. Bilirəm ki, sizin də bu yolla bağlı fikirləriniz var. Ona görə indi dərhal göstəriş vermişəm, müvafiq Sərəncam imzalanacaq, bu il Prezidentin ehtiyat fondundan ilkin vəsait ayrılacaq və gələn ilin təqribən yaz aylarına qədər bu yol tam əsaslı təmir ediləcək. Bu yolun uzunluğu 14 kilometrdir. Yol həm keyfiyyətsizdir, sıradan çıxıb, həm də ensizdir. Göstəriş vermişəm, daha da enli yol salınsın ki, Biləsuvar şəhərinə giriş çox gözəl, möhtəşəm olsun.

Ölkəmizdə yol tikintisi ilə bağlı işlər uğurla gedir. Bu gün Masallı rayonunda bir neçə kəndi birləşdirən 24 kilometr uzunluğunda yolun açılışını qeyd etdik, indi isə Biləsuvarda. Yəni, biz bir gündə 40 kilometrə yaxın kənd yollarının açılışını qeyd etdik.

Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.

Bu gün ölkə əhəmiyyətli Bakı-Astara yolunun açılışını da qeyd etdik. Bu, çox gözəl yoldur. Deyə bilərəm ki, dünyanın ən yüksək standartlarına cavab verir, çox rahat, təhlükəsiz bir yoldur. Onu da qeyd etməliyəm ki, bu yol Bakıdan Astaraya olan məsafəni 40 kilometr qısaldır, çünki yolun məcrası dəyişib. Beləliklə, vətəndaşlar daha rahat gedib-gələ biləcəklər. Eyni zamanda, əvvəlki yol Biləsuvar şəhərinin içi ilə gedirdi və əlbəttə ki, şəhər sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Yadımdadır, 2000-ci ildə günlərin birində mən o yol ilə gələrkən mənim yaxın dostumla da görüşmüşdüm. 2000-ci ildə parlament seçkiləri ərəfəsində, Yay Olimpiya Oyunlarından sonra yolda dayanıb məni salamlayırdı, alqışlayırdı. Mən bu kişini tanımırdım. Maşını saxladım, görüşdük, tanış olduq. O vaxtdan bu günə qədər hər dəfə Biləsuvarda olarkən görüşürük. İndi isə magistral yol çəkilib. Biləsuvar rayonunun yolları əsaslı şəkildə təmir olunur.

Biləsuvar rayonuna diqqət daim yüksək səviyyədə olubdur. Bu, mənim Prezident kimi rayona altıncı səfərimdir. Əvvəlki səfərlər zamanı biz bir çox sosial, iqtisadi obyektlərin açılışında görüşmüşük - xəstəxananın, Olimpiya İdman Mərkəzinin tikintisi, məktəblərin açılışı. Bir sözlə, Biləsuvarda sosial-iqtisadi inkişaf uğurla gedir, rayonun infrastruktur layihələri icra edilir, qazlaşdırmanın səviyyəsi 90 faizə yaxındır. Göstəriş vermişəm ki, gələn il Biləsuvar rayonunun qazlaşdırılması 100 faizə çatdırılsın, bu günə qədər həll olunmayan layihələr də icra edilsin. Təqribən 5 il bundan əvvəl burada olarkən biz içməli su layihəsinin açılışını qeyd etdik. Azərbaycanda elektrik stansiyalarının tikintisi nəticəsində yeni yarımstansiyalar da inşa olunur, dayanıqlı enerji ilə təminat yaxşılaşır. Bir sözlə, infrastruktur məsələlərinin həlli gözəl imkanlar yaradır, həm insanların rahatlığını təmin edir, həm də iqtisadi inkişafa təkan verir.

Ölkəmizdə kənd təsərrüfatının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Biz əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq. Biləsuvar rayonunda kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və digər sahələr uğurla inkişaf edir. Pambıqçılığa gəldikdə, deyə bilərəm ki, son üç il ərzində əkin sahələri üç-dörd dəfə artırılıb. Məndə olan məlumata görə, bu il 12 min hektarda pambıq əkini təşkil edilibdir, üç il bundan əvvəl isə cəmi 3 min hektarda. Çünki pambıqçılıq Biləsuvar üçün ənənəvi kənd təsərrüfatı sahəsidir, əməktutumlu sahədir, məşğulluğu artırır, insanların rifah halını yaxşılaşdırır. Kənd təsərrüfatının digər sahələri də böyük önəm daşıyır. Bu ilin 8 ayında kənd təsərrüfatımız əhəmiyyətli dərəcədə artıb, sənaye istehsalı artıb, qeyri-neft sənayemiz isə təxminən 11 faiz artıb. Biz bu istiqamətdə işlərimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işləri aparılır və rayonların inkişafına böyük sərmayə qoyulur. Yol tikintisi, içməli su xətlərinin çəkilişi, qazlaşdırma - bütün bunlar böyük vəsait tələb edir. Azərbaycan dövləti bu istiqamətdə öz siyasətini aparır, insanların sosial rifahı, onların yaxşı yaşaması üçün bütün işlər görülür. Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir. Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik. Biz güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir.

Əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə gün bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir.

Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O, bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur.

Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz. Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb.

Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi. Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.

Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar.

Biz isə bundan sonra da uğurla inkişaf edəcəyik. Ordu quruculuğu, iqtisadi potensialın, beynəlxalq mövqelərimizin möhkəmlənməsi - bütün bu istiqamətlər üzrə uğurlu siyasət aparılır. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir, sabitlik adasıdır, təhlükəsizlik adasıdır, inkişaf, quruculuq yeridir. Bunun təməlində Azərbaycan xalqının zəhməti, xalq-iqtidar birliyi dayanır.

Mən sizi bir daha bu gözəl hadisə münasibətlə ürəkdən təbrik edirəm, sizə yeni uğurlar arzulayıram". (azərtac)

pia.az

Şərh yazın.

loading...