Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vüsalə Əhmədova: “Neftin qiyməti 160 dolları keçə bilər”

“Ticarət müharibələri ABŞ iqtisadiyyatına ciddi ziyan vurur, vergi islahatlarının müsbət təsirlərini neytrallaşdırır və Amerikaya olan etibarı zəiflədir. Birləşmiş Ştatlar və dünya ölkələri arasında ticari müharibə gərginliyinin artması ABŞ iqtisadiyyatını təhlükə altında qoyur”

Bu barədə iqtisadçı-ekspert Vüsalə Əhmədova teleqraf.com-a müsahibəsində bildirib. Xanım iqtisadçı ilə olan müsahibəni təqdim edirik.

- ABŞ ayrı-ayrı ölkələrdə dolların məzənnəsini necə müəyyən edir? Bunun bir mexanizmi varmı?

- Hazırda beynəlxalq ticarətin təxminən 60%-i dollarla, 40%-i avro ilə, 20%-i isə digər valyutalarla həyata keçirilir. Beynəlxalq ehtiyatların da böyük qismi dollar, avro və qızıldan ibarətdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ Federal Ehtiyatlar Sistemi (FED) dollar vasitəsilə dünya pul tədavülü üzərində hakimiyyəti ələ keçirdi.

1945-ci ildə Prezident Harri Trümenin dövründə 44 müttəfiq ölkə ABŞ-ın liderliyində “Bretton Woods” razılaşmasına imza atdılar. Razılaşmanın ən önəmli xüsusiyyəti bu idi ki, dünya valyutalarının ABŞ dollarına, dolların isə qızıla indeksasiya edilməsi nəzərdə tutulurdu. Ölkələr isə istədikləri zaman əllərindəki dollarları qızıla çevirə biləcəkləri rahatlığı ilə dollar toplamağa davam etdilər. Məhz həmin dövrdən Amerikanın dünya üzərində hakimiyyətinin təməli qoyuldu, necə deyərlər “Amerika əsri” başladı.

1971-ci il dekabr ayında Prezident Riçard Niksonun hakimiyyəti dövründə “Bretton Woods” razılaşması ləğv edilsə də, dollar məhdudiyyətsiz formada çap edilməyə başladı. Yəni, köhnə sistem çöksə də ayrı-ayrı ölkələr ehtiyatlarındakı dollarlardan istifadəyə və ehtiyat olaraq saxlamağa davam etdilər. Zamanla daha çox ölkələr dollardan istifadəyə başlayınca, bu, trendə çevrildi.

- 1973-cü ildə baş vermiş qlobal neft böhranınında buna təsirləri istisna deyildi...

- Həmin ilki dünya neft böhranından sonra ərəb neftinin dollara yönəldilməsi nəticəsində isə dollara olan tələbin sabitləşməsi təmin edildi və Amerika hegemoniyası “yeni dünya düzəni” adı altında təkrar təsdiqləndi. Dünyanın ən geniş istifadə olunan valyutası dollar ABŞ-ın dünyanın valyuta birjasını nəzarəti altında saxlamasını təmin edən ən önəmli vasitələrdən biridir. Məhdudiyyətsiz dollar çap etmək səlahiyyəti FED-in əlindədir. FED isə dövlətin mülkiyyətində deyil.

Xatırladım ki, ABŞ prezidentləri Avraam Linkoln və Kennedi dönəmində dolların mövcud statusuna qarşı bır sıra cəhdlər edilsə də, həmin prezidentlərin müəmmalı aqibəti bu günədək gizli qalır. 2008-ci il qlobal iqtisadi böhranından sonra QE (Quantitative Easing) adı altında yürüdülən pul siyasəti ilə, əvəzsiz çap edilərək tədavülə buraxılan trilyonlarla dolların təxminən, yarısının beynəlxalq bazarlarda hakimiyyəti ələ almış maliyyə inhisarçılarının xəzinələrinə axdığı müəyyən olundu. 1972-ci ildən günümüzədək məhdudiyyətsiz çap edilərək tədavülə buraxılan, kağız dəyəri sadəcə 6 sent təşkil edən dolların dünyadakı məcmu dövriyyə miqdarı nə qədər qəribə olsa da, ictimaiyyətə açıqlanmır.

ABŞ dolları İnkişaf Etməkdə Olan Ölkələrin xarici ticarətdə istifadə etdikləri əsas pul vahididir və ölkələrin iqtisadi həyatlarında tam olaraq müəyyənedici rola malikdir. Ölkələrə dolların girişi 4 istiqamət üzrədir. Bunlar xaricə satılan mal və xidmətlər, cari transferlər, xaricilər tərəfindən həyata keçirilən birbaşa investisiyalar, qısamüddətli maliyyə investisiyaları və bəzi bəlli olmayan mənbələr vasitəsilə daxil olmalardır. Məhz ölkələrdə dolların məzənnəsini müəyyən edən əsas faktorlar da bunlardır.

- Bəs hansı valyuta gələcəkdə dolları üstələyə bilər?

- Son dövrlərdə gündəmdə xarici ticarətdə dollardan və ya digər bir üçüncü sərbəst dönərli valyutadan imtina edilməsi və milli valyutaların daha işlək vəziyyətə gətirilməsi mövzuları yer alır. Ümumiyyətlə, dollarsız ticarət nə deməkdir? Bunun üçün, razılıq əldə edəcək ölkələrin Mərkəzi Bankları milli valyutalarında bir sabitləşmə həyata keçirirlər. Məsələn, 1 manat müəyyən bir miqdar rus rubluna bərabər götürülür və ixracatçı Rusiyaya satdığı malların qarşılığını rus rublu ilə almış olur. Aldığı Rusiya valyutasını Mərkəzi Bankda dəyişərək manata çevirir. Daha sonra isə Azərbaycan həmin rus valyutası ilə Rusiyadan idxal edəcəyi malların haqqını ödəyir.

Beləliklə iki ölkənin xarici ticarətində dollar və ya avro kimi xarici valyutaların funksionallığı aradan qalxmış olur. Bu isə dolayısıyla, xarici ticarətdə xarici maliyyə ehtiyaclarını aradan qaldırır. İdxal-ixrac həddinin daha yüksək səviyyələrə çatdırılması, xarici ticarətdə ödəmələrin başqa ölkə və qurumlara ehtiyac qalmadan Mərkəzi Bank vasitəsilə həyata keçirilməsi, istər iqtisadi və istərsə də siyasi baxımdan ölkə adına ciddi qazancın əldə edilməsi təmin edilir. Ölkələrin Mərkəzi Bankları arasında SWAP razılaşmalarının əldə edilməsini və bununla da qarşılıqlı ticarətin milli valyutalar ilə icra edilməsini ümumilikdə təqdirəlayiq saymaq olar.

Həmçinin, son dövrlərdə dünyada kriptovalyutalara da böyük ümidlər bəslənməkdədir. Hal-hazırda kriptovalyutalarla bağlı vəziyyət bir qədər qeyri-müəyyəndir. Digər tərəfdən də, kriptovalyutaların kağız pulun yerinə keçə biləcəyini də istisna edə bilmərik. Kriptovalyutalar dövlətlərin pul emissiyası üzərində inhisarını aradan qaldıra bilər. Yaxın gələcəkdə bir sıra dövlətlərin valyutasının sıradan çıxacağı və bitcoinə keçəcəyi gözləniləndir. Təbii ki, bütün bu proses göründüyü kimi sadə deyil, bunun üçün uzun bir zaman və əmək tələb olunur.

Ancaq hazırda ümumi ictimai rəy böyük spekulyasiya dalğasına səbəb olur. İnsanlar digərlərinin kriptovalyutalardan böyük pullar qazandığını eşidərək bu valyuta növünə böyük maraq göstərirlər və nəticədə qiymətlərdə süni artım yaranır. Qiymətlərin reallığı tam olaraq əks etdirməməsi nəticəsində çoxları böyük maliyyə itkilərilə üzləşə bilərlər. Virtual pulun spekulyasiya dalğası çox ciddi fəlakətlərlə nəticələnərsə, bu, mənfəət əldə etmək üçün bu sektora milyonlarla dollar sərf edən investorların və maynerlərin iflasına səbəb ola bilər. Belə olan halda kriptovalyutaları texnoloji tənəzzül gözləyir. Ola bilər ki, hər şey daha 5-10 il boyunca olduğu kimi davam etsin.

ABŞ hökuməti artıq gizli kriptovalyutalar əldə etməyə başlayıb və onları digər ölkələrlə kölgə tranzaksiyaların icra edilməsi üçün sərf edəcəyi ehtimal olunur. Bu proses artıq gedir və 2018-ci ilin sonlarına doğru bum yaşanacağı da gözlənilir. Bundan əlavə, kriptovalyutaların mərkəzləşdirilməmiş məlumat bazasına sahib olmaları maliyyə cinayətlərinin törədilməsinə ideal zəmin yaradır. Bu gün nəzəri olaraq ifadə etsək, dünyada bitcoin-in bünyəsindəki 900 trilyon dollarlıq virtual iqtisadiyyatın yalnız 70 trilyon dollar real qarşılığı var. Balans 830 trilyon dollarlıq virtual kəsirə malikdir. Yenə də nəzəri olaraq qeyd etsək, 900 trilyon dollarlıq virtual əməliyyat həcminə malik olan virtual pulun 1%-nin nağda çevrilməsi istənilsə, 9 trilyon dollarlıq nəhəng likvid pula ehtiyac yaranacaq. Qanuni olaraq hələ formalaşmamış virtual bazarlara nəzarət olunmamaqla yanaşı, dünya böyük bir “qumarxanaya” çevrilir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

- Dünyanın valyuta bazarına birbaşa təsir edən nefti nə gözləyir, hesab etmək olarmı ki, “qara qızıl erası” başa çatır?

- Son dövrlərdə neftin qiymətindəki artımın dünya iqtisadiyyatı üçün ciddi bir təhdid təşkil etdiyi vurğulanır. Hələ 2001-ci ilin noyabrında 18 dollar olan, İraqın işğalından sonra 25 dollar səviyyəsinə yüksələn neftin bir barelinin qiyməti son dövrdə 67-77 dollar arasında dəyişir. Bu, 1973-1974, 1978-1980, 1989-1990-cı illərdə yaşanan qiymət artımı və bundan sonra baş verən qlobal iqtisadi durğunluq dönəmini xatırladır.

Məsələyə makro və mikro səviyyədə iki ayrı istiqamət üzrə baxmaq olar. Makro səviyyədə neftin qiymətinin artmasının 4 əsas amilini göstərə bilərik: dünyanın ən zəngin neft ehtiyatlarına sahib olan regionlarında hərbi münaqişələr və silahlı qarşıdurmalar; dir sıra bölgələrdən dünya bazarına daxil olan xam neftin istər texnoloji, istərsə də geosiyasi və geoiqtisadi səbəblərdən istənilən zamanda və miqdarda istehsala daxil edilməməsi; son illərdə ciddi iqtisadi inkişaf yaşayan Asiya ölkələrində neftə olan tələbatın artması; Dünyanın böyük neft və təbii qaz istehsal sahələrinin yerləşdiyi regionlarda baş verən təbii fəlakətlər...

Mikro səviyyədə baxdıqda isə qiymət artımına azalan təklif, artan tələb və maliyyə spekulyasiyalarının səbəb olduğunu söyləyə bilərik. Daha aydın desək, 1997-ci ildən bu gündədək OPEC neft kvotalarını manipulyasiya edir. Hazırkı neft qiymətlərinin hələ bir müddət 60-70 dollar səviyyəsində qalacağını deyə bilərik.

ABŞ 2019-cu ildə hasilatı 11,3 milyon barelə çıxarmağı hədəfləyir. ABŞ-ın hasilatı artırmaq cəhdləri, dünyada xam neft qiymətlərinin 120 dollardan hazırkı səviyyələrədək enməsinə gətirib çıxarıb. Ancaq düşünürəm ki, ABŞ-dan Avropaya neft daşınmaları son dövrlərdə 4 dəfə artsa da, ABŞ hələ ki, Avropa bazarında Rusiyaya ciddi rəqib deyil. Avropanın neftayırma müəssisələri hələlik ABŞ xam neftini emal edəcək təchizata sahib deyillər.

- İrana tətbiq edilən sanksiyaların da prosesə təsiri ciddi olmalıdır...

- Hesab edirəm ki, ABŞ-ın İrana tətbiq edəcəyi sanksiyalar da qiymətləri artıra bilər. Buna görə də, ilin sonunadək “qara qızıl”ın qiyməti 80 dolları ötə bilər. Uzun müddətli perspektivdə baxdıqda isə, nəqliyyat sektorunun gələcəkdə elektrikləşməsi gözləntiləri olduqca böyükdür. Bu isə neftə olan tələbin enməsinə səbəb ola bilər və dolayısıyla, neft qiymətlərinin uzun dövrdə 70 dollardan çox olması ehtimalı da azalmış olur.

Bundan sonra yaşana biləcək müharibələr, terror hücumları və təbii fəlakətlər kimi səbəblərdən dolayı neftin barel qiymətinin 160 dollara yüksələ biləcəyini ehtimal etmək olar. Ancaq digər bir tərəfdən, yeni neft rezervlərinin istismara açılması, gələcəkdə isə alternativ enerji mənbələrindən istifadənin artması, elektromobillərin kütləvi istehsalına başlanması neft qiymətlərinin düşəcəyini göstərir.

- ABŞ-ın iqtisadi potensialı imkan verirmi ki, iqtisadi savaş açdığı dövlətlərin hücumları qarşısında tab gətirsin?

- Yalnız 2017-ci il boyunca ABŞ Belarus, Myanma, Kuba, Konqo, İran, Liviya, Şimali Koreya, Sudan, Suriya, Zimbabve və bəzi Balkan ölkələrinə sanksiyalar tətbiq etdi. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) embarqo siyahısında faktiki olaraq, 6300 özəl şirkət mövcuddur. Amerikanın təzyiqi ilə bəzi böyük şirkətlər sanksiyalar tətbiq edilən ölkələrin bazarlarından çəkilmək məcburiyyətində qalırlar.

Bu isə həmin şirkətlərə və dolayısıyla Avropa İttifaqı ölkələrinə və eləcə də ABŞ-a iqtisadi cəhətdən öz mənfi təsirini göstərir. ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya yönəlik sanksiyaların genişləndirilməsinin Amerika investorlarına zərər verəcəyi ilə bağlı xəbərdarlıq da etmişdi. Bu haqda məlumat ABŞ Maliyyə Nazirliyinin qapalı hesabatında da yer alır. Xüsusilə, sanksiyaların genişləndirilməsi iri Amerika şirkətlərinin rəqabət qabiliyyətinə də təsir göstərir. Qlobal maliyyə bazarı və şirkətlər üçün potensial mənfi yan təsirlərə səbəb olur.

Ticarət müharibələri ABŞ iqtisadiyyatına ciddi ziyan vurur, vergi islahatlarının müsbət təsirlərini neytrallaşdırır və Amerikaya olan etibarı zəiflədir. Birləşmiş Ştatlar və dünya ölkələri arasında ticari müharibə gərginliyinin artması ABŞ iqtisadiyyatını təhlükə altında qoyur. Rəsmi Vaşinqton tərəfindən hər dəfə yeni tariflərin tətbiq edilməsi ABŞ-ın ÜDM həcmini ciddi şəkildə azaldır. Bu, ÜDM –ün həcmini 0,3-0,4% azaldacaq. Ticari müharibələr istehlakçıların, iş adamlarının və investorların etibarını zədələməyə başlayarsa, ABŞ iqtisadiyyatına mənfi təsirlər daha güclü ola bilər. Belə olan halda, şirkətlər gələcəkdə yaranacaq qeyri-müəyyənliyə görə investisiyalarını geri çəkə bilərlər.

Daha öncə də qeyd etdiyim kimi, bütün bunlara rəğmən Amerika iqtisadiyyatını çökməyə qoymayan limitsiz dollar çap etməsidir. Loru dildə desək, istədiyi qədər dollar çap edir və hər şeyi satın alır. Hələ 1970-ci illərdə - dolların qızıla indeksasiya edildiyi dövrlərdə ABŞ-ın sahib olduğu qızılın böyük bir qismi ölkə xaricinə axırdı. Bunun səbəbi isə ABŞ-ın xarici ticarət kəsirinin sürətlə artması idi. O dövrkü Prezident Riçard Nikson problemin həlli olaraq 1971-ci ildə dolları bir öhdəlik, bir borc sənədi vəziyyətinə gətirdi. Limitsiz dollar çapına görə, hazırda ABŞ-ın xarici ticarət kəsiri və dünyaya ödəmək məcburiyyətində olduğu borc sənədlərinin miqdarı son dərəcə yüksəkdir. Bu vəziyyət həm ABŞ, həm də digər dünya ölkələri üçün problemə çevrilməyə başlayıb. Bu səbəbdən də, hazırda Prezident Donald Tramp başda olmaqla ABŞ-da təkrar qızıl standartına keçmə təklifini irəli sürənlərin sayı az deyil.

- Bəs yaxın gələcək üçün manatın məzənnəsini necə olacaq?

- 2018-2019-cu illər üzrə dünya bazarında neftin qiymətinin bir qədər stabil olması milli valyutamızın dəyərinin müəyyən qədər qorunmasına imkan verəcək. Azərbaycanda neft hasilatının gündəlik 0,7-0,8 milyon barel olmaqla 2040-cı ilədək stabil saxlanılacağı deyilir. Hasilat stabil saxlanılacaqsa, bölgədəki geosiyasi vəziyyəti və daha çox dünya bazarındakı neftin qiymətini nəzərə alsaq 2018-ci ilin sonu və 2019-cu ilin ortalarınadək manatın məzənnəsinin cüzi dəyişikliklər xaricində stabil qalacağını söyləyə bilərik.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar