Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Suriya münaqişəsinin həlli xarici maraqların təmin olunmasından asılıdır

Sentyabrın 7-də Suriya problemi ilə əlaqədar İranın paytaxtı Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli sammitində tərəflər birgə bəyannamə imzalayıblar

Birgə bəyannamədə Suriyanın suverənliyinin dəstəklənməsi, suriyalı qaçqın və məcburi köçkünlər haqqında beynəlxalq konfransın keçirilməsi və sair bu kimi məsələlər öz əksini tapıb.Bəs görəsən bu bəyannamə, ümumiyyətlə bu kimi görüşlər Suriya probleminin həllinə necə təsir göstərir?Müsavat partiyasının Divan üzvü Elman Fəttah mövzu ilə əlaqədar ASTNA-nın suallarına cavab verir.

***

-Suriya problemi ilə əlaqədar İranın paytaxtı Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli sammiti keçirildi. Və tərəflər birgə bəyannamə imzaladılar. İmzalanan bəyannamənin Suriya probleminə müsbət təsir edəcəyini düşünürsünüzmü?

Elman Fəttah -Suala keçmədən öncə qeyd etməliyik ki, Suriya böhranı ilə bağlı daha geniş və beynəlxalq birlik baxımından daha legitim format 2012-ci ildən indiyə qədər davam edən və 8 dəfədən artıq görüş keçirilən Cenevrə formatıdır. Bu formatın 2016-cı ilin fevral ayında keçirilən (əslində baş tutmayan) 3-cü görüşünün nəticəsiz qalmasından sonra Suriyaya birbaşa təsiri olan 3 ölkənin, Rusiya, İran və Türkiyənin Suriya böhranı ilə bağlı üçlü görüşmələri start götürüb. 2016-cı ilin dekabr ayında Suriya böhranı ilə bağlı atəşkəs razılığına gələn bu 3 ölkə problemin sistemli həlli məqsədilə yanvar 2017-ci ildə Astana zirvəsinin keçirilməsini qərarlaşdırıblar. Astana zirvəsinin yekun bəyannaməsində qeyd edilib ki, Suriya probleminin hərbi yolla həlli yoxdur. Hər 3 ölkə Suriya höküməti və hərbi müxalifəti arasında razılaşdıqları atəşkəs rejiminin monitorinqi üçün 3 tərəfli mexanizm yaradırlar. Eyni zamanda müxalif qruplara İŞİD, Əl-Nusra kimi terror qrupları ilə əlaqələrini kəsməsi və onlarla savaşması üçün çağırış edilib. O cümlədən hər 3 ölkə Suriyanın ərazi bötövlüyünün pozulmamasına təminat verirlər. 1 ay sonra 2-ci Astana görüşməsini razılaşdırırlar. Bu görüşdəki ən əhəmiyyətli məsələ görüşdə Əsəd hökümətinin və Suriya müxalifətin təmsil olunması, həmçinin Rusiya, İran və Türkiyənin Suriya probleminin həlli məqsədilə 3 ölkənin birgə nəzarət gücünün yaradılması haqda razılaşma oldu. Ondan sonra yenə Astanada bir çox görüşlər keçirilib ki, həm İstanbulda, həm də 7 sentyabrda Tehranda keçirlən görüşlər Astana zirvəsinin davamıdır. Sonuncunun, Tehran görüşünün daha əvvəlki danışıqlardan mühüm fərqi isə burada müzakirə olunan məsələnin bütün Suriyaya yox, Suriyanın Əsədin nəzarətində olmayan İdlibə aid olmasıdır. Hansı ki, bu bölgə müxaliflərin və bir sıra terror qruplarının nəzarət etdiyi, eyni zamanda 3 milyona yaxın əhalinin yaşadığı bölgədir. İdliblə bağlı Tehran görüşündə masadakı əsas məsələ Astana zirvəsinin 4-cü görüşündə razılığa gəlinən, atəşkəsin qarantı olan 3 ölkənin Suriyanın İdlib vilayətinin tamamının, eyni zamanda Lazkiyə, Hələb, Hama və bir sıra digər vilayətlərin müəyyən hissələrinin döyüşsüz bölgə elan edilməsi haqda imzalanan deklorasiyanın yenidən müzakirəsidir. Hansı ki, Rusiya Tehran görüşündən bir neçə gün əvvəl döyüşsüz bölgə elan edilən İdlibə artıq hava zərbələri endirməklə yeni vəziyyət yaratmış oldu. Bu yeni stuasiya görüşün gərgin keçəcəyini əvvəlcədən bəlli edirdi. İdlibdə döyüş şəraitinin bərpası ən çox Türkiyənin maraqlarına zərbədir. Bu vilayət Türkiyənin sərhəddinə yaxın yerləşir. Döyüşlər qızışarsa daha öncədən Türkiyəyə sığınan 3 milyona yaxın Suriya qaçqınına yenidən 3 milyon da əlavə olunmaq təhlükəsi var. Ümumiyyyətlə, Suriyaya təsir imkanları baxımından Türkiyə ən zəif durumdakı ölkədir. Rusiyaİran birbaşa Əsəd höküməti ilə işləyir. Hansı ki, Əsəd artıq Suriyanın böyük hissəsinə nəzarət edir. Eyni zamanda Suriyanın müəyyən hissəsinə də birbaşa şiə məzhəbli Hizbullah təşkilatı nəzarət edir ki, bu da İranın Suriyadakı hərbi gücünün faktiki mövcudluğudur. Üstəlik Hizbullahın adamları Əsəd hökümət rəsmiləri içərisində də təmsil olunurlar və onlar həm Suriya müxaliflərinə, həm də digər sünni məzhəbli təşkilatlara qarşı savaşda xüsusi çəkiyə malikdir ki, bu da öz növbəsində hökümətinin ən sadiq üzvləri kimi onların Əsəd rejiminə təsir gücünün miqyasını görməyimizə kömək edir. Rusiyanın isə hələ sovet vaxtından Suriyada hərbi və siyasi mövcudluğu var. İndi də Suriyada hərbi baxımdan ən böyük kontingentə sahibdir. Bu da onun Suriya ilə danışıq masasında daha rahat və qətiyyətli olmağa sövq edir. Hansı ki, Tehran görüşünün yekun bəyannaməsindən də görünür ki, görüş əsasən Rusiyaİranın mövqelərinin Türkiyəyə qəbul etdirilməsi ilə yekunlaşıb. Sualın əsas hissəsinə qayıtmış olsaq, Tehran görüşü Suriya probleminin həllinə necə təsir edəcək? Bu suala birmənalı cavab vermək xeyli çətindir. Astana zirvəsi çərçivəsində indiyə qədər keçirilən 7-8 görüşün nəticələrinə görə Türkiyənin maraqlarının ən az təmin olunduğu görüş sonuncudur. Bu çox ciddi məsələdir. Üstəlik son görüşdə tərəflər arasında yaranmış fikir ayrılıqları əslində Astana zirvəsinin də Cenevrə formatı kimi uğursuzluq zolağına daxil olacağı şübhəsini yaradır. Nəzərə alsaq ki, Türkiyə Suriya problemi ilə bağlı Astana zirvəsi ilə paralel həm də ABŞ-la sıx əməkdaşlıq edir. Suriyada keçirdiyi bir neçə hərbi əməliyatı həm də ABŞ-la razılaşdırıb. Tamamilə mümkündür ki, Türkiyə indidən sonrakı Suriya siyasətində bölgədəki mövcudluğunu daha çox ABŞ-la birlikdə həyata keçirsin və Suriya ilə bağlı beynəlxalq danışıqlarda isə daha çox Cenevrə formatına maraq göstərsin. Bu baxımdan Tehran görüşünün hansısa müsbət nəticəsinin olacağını ehtimal etməkdənsə daha inandırıcı versiya kimi Astana prosesinin gələcək taleyinin sual altına düşə biləcəyini vurğulamaqdır.

-Ümumilikdə bu üç ölkənin birliyi bu problemin həllinə hansısa formada töhfə verə bilərmi? Yoxsa, əksinə daha da bu problemin ömrünü uzada bilər?

-Birinci sualınızda bu məsələyə az da olsa toxunduq. Bu 3 ölkənin strateji maraqları uzun vədə də üst-üstə düşmür. Ümumiyyətlə isə Türkiyənin strateji maraqları böyük ölçüdə Qərblə, ABŞ-la bağlıdır. Rusiyaİran Türkiyənin ortaq maraqlarından daha çox, geopolitik ziddiyətlərinin olduğu ölkələrdir. Sadəcə olaraq son dövrlərdə ənənəvi təhlükəsizlik sisteminin laxlaması, ABŞ-Avropa gərginlikləri, AB-nin yaşadığı dezinteqrasiya problemləri və Türkiyə hökümətinin Qərblə olan sürtüşməsi Ərdoğanı daxili siyasətdə avtoritarizmə meyllənməyə, xarici siyasətdə də ölkəsini belə çətin strateji oyunlarının tərəfinə çevirməyə həvəsləndirib. Konkret Suriya məsələsindən baxmış olsaq, qeyd etdiyimiz kimi Rusiyaİran Suriya probleminin həllinə Əsəd rejiminin müdafiə edilməsi, Türkiyə isə Əsəd rejimin olmadığı "Azad və bütöv" Suriya çərçivəsindən baxır. İndiyə qədər bu 3 ölkənin gəldiyi razılıqlar Suriya probleminin yekun həllinə dair razıllaşmalar deyil. Əsas etibarı ilə bu böhranın müəyyən aspektlərinin, müəyyən mərəhələyə qədər həllinə yanaşmadakı ortaq maraqlardan çıxış etmək imkanını nümayiş etdirməkdir. Suriya probleminin həlli yekuna doğru yaxınlaşdıqca Türkiyənin digər iki ölkə ilə maraq toqquşması da şiddətlənəcək. Mənim qənaətimə görə bu 3 ölkənin Suriya məsələnin həllinə verə biləcəkləri birgə töhfələr dövrü arxada qalıb. İndidən sonra Suriya məsələsində Astana formatının davam edib etməyəcəyini növbəti Moskva görüşünə qədər sahədə cərəyan edəcək hadisələrin müəyyən edəcəyini deyə bilərik.

-Əsas bizi maraqlandıran məsələlərdən biri Azərbaycanın bu məsələdə yeridir. Bu görüşdən sonra əvvəl Azərbaycan prezidentinin Rusiyaya səfəri baş tutdu. Bu günki sammitdən sonra isə sentyabrın 15-də Türkiyə prezidentinin Azərbaycana səfəri gözlənilir. Ayın sonunda isə Rusiya prezidentinin Azərbaycana gəlməsi gözlənilir. Çox güman ki, bu görüşlərdə Suriya məsələsi də müzakirə olunacaq. Sizcə, Azərbaycandan bu problemin həlli istiqamətində nələr istənilə bilər?

-Çətin sualdır. Azərbaycan hökümətinin siyasəti ilə bağlı informasiya qıtlığı daimi problemdir. İlham Əliyevin Rusiyaya niyə getməsi, Ərdoğanın, eləcə də Putinin Bakıya ehtimal olunan səfərlərinin məqsədi haqda rəsmi bilgilərə rast gəlmirik. Ümumiyyətlə, Rusiya-İran münasibətlərində Azərbaycan ən zəif həlqədir. Hətta qurban da deyə bilərik. Son 200 illik tarixdə təəssüflər olsun ki, bunu təsdiq edəcək xeyli üzücü hadisələr var. Üstəlik bura Əliyevlər hakimiyətinin diplomatiya meydanındakı naşılığını da əlavə etsək, bu səfərlərdə və ümumilikdə bu üçlü formatda Azərbaycan maraqları üçün müsbət nəsə görünmür.Suriya probleminə Azərbaycanın baxışına gəldikdə, eynilə susqunluq davam edir. Bu problemlə bağlı rəsmi Bakının mövqeyinin açıq ifadəsi Xarici İşlər nazirinin müavini Araz Əzimovun 2016-cı ilin fevralında Avstriyanın "Die Presse" qəzetinə verdiyi müsahibədə bildirmişdi ki, "Bashar Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər, prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik". Bu açıqlama Astana zirvəsi sonrası verilən , eyni zamanda Rusiyaİranın mövqeyini dəstəkləyən, Türkiyənin və Qərbin anti-Əsəd mövqeyinə qarşı olan açıqlamadır. Bu konteksdən baxsaq, Tehran görüşündə yaşanan fikir ayrılığı sonrası Ərdoğanın və Putinin Bakı səfərlərində müzakirə olunması ehtimal olunan Suriya məsələsində hər iki ölkə İlham Əliyevin Suriya ilə bağlı mövqeyinin özündən yana olmasına çalışacaq. Ancaq təcrübə göstərir ki, İlham Əliyevin açıq mövqeyi olacaqsa, bu, yenə də Rusiyanın Suriya siyasətinə dəstək şəklində olacaq.

-Azərbaycanın bu məsələdə təhlükəsizliyinə zəmanət varmı? Yəni bu məsələdə Azərbaycan üçün hansısa formada təhlükə, təhdid varmı? Ümumiyyətlə, Azərbaycan bu problemin həlli məsələsində necə mövqe tutmalıdır? Özünə harda yer etməlidir? Və hansı formada siyasət həyata keçirməlidir?

-Azərbaycanın təhlükəsizliyinə zəmanət varmı sualı ağrılı məsələdir. Təəssüflər olsun ki, rəsmi Bakı təhlükəsizlik məsələsində həm beynəlxalq, həm də regional müstəvidə əməkdaşlıq seçimini əslində ölkənin milli təhlükəsizliyinə təhdid təşkil edən Rusiyadan yana müəyyən edir. Suriya məsələsinə gəldikdə isə, Azərbaycan üçün indiki mərhələdə əhəmiyyətli məsələlərdən biri ölkənin Suriya prosesində iştirakı və tutacağı yerdir: Suriya ətrafında cərəyan edən proseslər tamamilə çökmüş beynəlxalq təhlükəsizlik sisteminin yeni formatda qurulmasına aparan yolun əhəmiyyətli nöqtəsidir. Bu məsələ ilə bağlı xeyli müddətdir Azərbaycana qapalı və açıq təsirlər fonunda ölkə hakimiyyətinin prosesdən kənarda qalmaq istəyi əslində real siyasət anlayışlarından çox uzaqdır. Ola bilsin ki, yeni təhlükəsizlik sistemi ikinci dünya müharibəsindən sonra yaradılan milli maraqların beynəlxalq təhlükəsizlik sisteminin içində təmin edilməsi kimi yox, ondan əvvəlki dövrdə olan "strateji müttəfiqlik" şəklində formalaşmış olsun. Bu zaman Azərbaycanın gerçək strateji müttəfiqlərinin kim olması zərurətə çevriləcək. İndiki kimi Rusiya ilə Qərb arasında və ya Rusiya- Türkiyə arasında rəqs eləməklə təhlükəsizliyi zəmanət vermək olmaz.

-Siz Suriya probleminin həllini necə görürsüz? Suriya problemi necə həll oluna bilər?

-Suriya probleminin həllini necə görməyimizə gəldikdə isə, təəssüf ki, hələlik bu promlemin həllini görmək mümkün deyil. Az öncə də qeyd etdik. Suriya qlobal geostrsteji çaxnaşmaların ən əhəmiyyətli nöqtələrindən biridir. Bu problemin həlli qlobal siyasətə hakim kəsilən xaosun nə zaman aydınlaşacağından asılıdır. Suriyada maraqları bir-biri ilə daban-dabana zidd olan ABŞRusiya kimi qlobal güclər, İran, Türkiyə, İsrail kimi regional güclər ya birbaşa, ya da dolayısıyla hərbi iştirakçıdırlar. Bu güclərin Suriyadan kənar maraq çatışmaları böyük ölçüdə həll edilməyənə qədər problemin həlli çətin ki, mümkün olsun.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ən çox oxunanalar