Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türkiyənin çökdürülməsindən sonra növbə digər müsəlman dövlətlərə çatacaq”

Son zamanlar ABŞ-Türkiyə münasibətləri xeyli gərginləşib

Tramp hakimiyyətinin qardaş ölkəyə qarşı yürütdüyü siyasətlər Türkiyədə ağır iqtisadi böhrana səbəb olub. Bunu Türkiyə rəsmiləri də gizlətmir, yaşanan böhranı ABŞ-ın qardaş ölkəyə iqtisadi savaşı kimi qiymətləndirirlər.

Bir zamanlar yaxın müttəfiqləri olan iki ölkə arasında yaşanan böhranın əsl səbəbi nədir? Türkiyənin indiki ağır zamanında qardaş ölkə və strateji müttəfiq kimi Azərbaycan nə etməlidir?

Bu suallarla bağlı Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik:

– İlyas müəllim,Türkiyədə yaşanan son hadisələri necə şərh edərdiniz?

-Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan şəxsi ləyaqətini və əsasən də vətəninin maraqlarını rəhbər tutaraq, sağlam düşüncə ilə müstəqil siyasət yürütməyə çalışır. Bu da dünənədək bir çox platformalarda əməkdaşlıq etdiyi müttəfiqlərini qıcıqlandırır. Türkiyəyə qarşı elan olunmamış iqtisadi müharibələrin və təxribatların əsas səbəbi bununla bağlıdır. Köhnə müttəfiqlər Türkiyəni yenidən özlərindən asılı vəziyyətə gətirmək üçün onu hər tərəfdən təzyiq altında tutmağa çalışırlar. Bir yandan sərhədlərində Türkiyənin də ərazi bütövlüyünü təhdid edən siyasi proseslərə start veriblər, digər yandan isə onun iqtisadi gücünü zəiflədən iqtisadi təzyiqlərini artırıblar. Sərhədlərindəki təxribatları həll etmək üçün hərbi əməliyyatlar aparmağa məcbur olan Türkiyənin iqtisadi cəhətdən həmlələrə məruz qalması istər-istəməz bu fəaliyyətini zəiflədir, onu ağır vəziyyətə salır.

Çünki hərbi əməliyyatlar böyük maliyyələr hesabına başa gəlir. Bu mənada Türkiyəyə qarşı başladılmış təzyiqləri yalnız iqtisadi sahə ilə məhdudlaşdırmaq düzgün deyil. Türkiyə kompleks hücumla üz-üzədir. Bu ağır vəziyyətdən çıxmaq üçün kompleks tədbirlər həyata keçirməlidir. Bir tərəfdən iqtisadi gücünü bərpa etməli, digər tərəfdən isə sərhədlərində baş verən təxribatların qarşısını almalıdır. Bütün islam dünyası da bu savaşda Türkiyənin yanında yer almalı, onun üzləşdiyi böhrandan uğurla çıxmasına kömək etməlidir. Əks halda, İslam dünyasının bu gün əsas hamisinə çevrilən Türkiyənin çökdürülməsindən sonra növbə digər dövlətlərə gələcək və heç kim bu savaşlar qarşısında ayaq üstə dura bilməyəcək.

-Bilindiyi kimi, ABŞ-ın Türkiyədən əsas tələbi keşiş Endryu Bransonun həbsdən azad olunması ilə bağlıdır. Türkiyə niyə həmin keşişi azadlığa buraxıb özünü bu ağır təzyiqlərdən xilas etmir?

-Keşiş Endryu Bransonun həbsi ABŞ-ın Türkiyəyə qarşı təzyiqlərinin səbəbi yox, bəhanəsidir. Bunu ABŞ yetkililərinin açıqlamalarından da aydın görmək olar. Məsələn, Ağ evin sözçülərindən biri bu yaxınlarda mətbuata verdiyi açıqlamasında bəyan etmişdi ki, Branson azad edilsə belə, Türkiyəyə qarşı təzyiqlərini dayandırmayacaqlar. Keşiş üçün sadəcə Türkiyənin iki nazirinə tətbiq etdikləri sanksiyaları qaldıracaqlar. Halbuki, həmin nazirlərin ABŞ-da, yəqin ki, heç mülkiyyətləri də yoxdur və onlara qarşı qoyulan sanskiyalar simvolik xarakter daşıyır. Deməli, keşişin azadlığı ilə əldə edilən uğur da simvolik olacaq. ABŞ-ın Türkiyədən tələbləri isə çox ağırdır və heç bir dövlət bu şərtləri yerinə yetirməz.

-ABŞ başqa hansı tələbləri irəli sürür?

-Bu yaxınlarda Azərbaycan mətbuatında dərc olunan bir yazıda həmin tələblər sıralanmışdı. Məlumata görə, ABŞ Türkiyə ilə münasibətlərini nizamlamaq üçün 8 şərt irəli sürüb:

Keşiş Endryu Branson daxil olmaqla, 15 iyul dövlət çevrilişinə cəhdlə bağlı saxlanılan 20 ABŞ vətəndaşı azad edilməlidir. 15 avqusta qədər Bransonun azadlığa buraxılması üçün Ankaraya vaxt verilib.

Türkiyə əhatəli şəkildə İrana sanksiya tətbiq etməlidir.

Rusiyadan S-400 havadan müdafiə sisteminin alınmasından imtina edilməlidir.

Ankara Qüds siyasətinə yenidən baxmalıdır.

Kipr adası ətrafında qaz və neft axtarışından imtina edilməlidir.

“Xalqbank”a tətbiq ediləcək cəzaya razı olmalıdır.

Ankara Fətullah Gülənin ekstradisiyasını tələb edən dosyeni bağlamalıdır.

Türkiyə sahib olduğu önəmli mədənlərdə lisenziyaları ABŞ şirkətlərinə verməlidir.
Bütün bu şərtlər müharibədə məğlub olan tərəfin imzaladığı təslimiyyət (kapitulyasiya) aktına bənzəyir. Türkiyənin öz milli maraqlarından tamamilə imtinasını tələb edirlər. Düşünürəm ki, məğrur və qürurlu türk xalqı alçaldıcı şərtləri qətiyyən qəbul etməz. Şərtlərin bu cür ağır olması iki dövlət arasındakı mövcud gərginliyin adi bir anlaşılmazlıq yox, səssiz müharibə olduğunu təsdiqləyir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

-Haqlısınız. Amma gəlin, razılaşaq ki, bu şərtlər arasında ən sadəsi və yumşağı keşişin azadlığa buraxılmasıdır. ABŞ da ən çox bu şərti səsləndirir. Türkiyə keşişi azadlığa buraxmaqla ABŞ-ı xeyli sakitləşdirə və vaxt qazana bilər. Niyə o zaman bu fürsətdən yararlanmır?

-Düşünmürəm ki, Bransonun azadlığa buraxılması ən sadə və həyata keçirilə bilən şərtdir. Siz hadisələri Azərbaycan hakimiyyətinin mentaliteti və arşınıyla ölçürsünüz. Ona görə də casusluqda ittiham olunan bir adamın ABŞ-a təhvil verilməsini mümkün sayırsınız. Türkiyə bizdən fərqli olaraq böyük dövlətdir. Onun yüzillərlə formalaşmış dövlət ənənələri var. Həmin ənənələr isə Ərdoğan hakimiyyətinə belə bir addım atmağa imkan vermir.

Əvvəla ona görə ki, Branson sizin və ABŞ-ın dediyi kimi, adi bir din adamı deyil. Barəsində irəli sürülən ittihamlardan belə anlaşılır ki, o, keşiş simasına girmiş məxfi agentdir və Türkiyənin ərazi bütövlüyünü hədəfə alan fəaliyyətlərlə məşğul olurmuş. Dövlətlər öz ərazi bütövlüyünə, siyasi xarakterinə qarşı yönələn bu cür fəaliyyətlərə laqeyd yanaşmırlar. Casusluq ən ağır cəzaya layiq görülür. Bunun ən bariz nümunəsi bu yaxınlarda Çində yaşandı. ABŞ-ın kəşfiyyat orqanlarının Çindəki casus şəbəkəsi aşkarlandı və 30-dan artıq agent edam olundu. Həmin agentlərin arasında eynilə Branson kimi missionerlik cildinə girənlər də var idi. Çinlə müqayisədə Türkiyə, Bransona olduqca humanist yanaşır. Hər halda Branson məhkəmədə günahı tam sübuta yetirilənə qədər ev dustaqlığına buraxılıb. Bu da onun günahsız azadlıqdan məhrum olunma ehtimalını azaldıb. Türkiyə bundan artıq heç bir güzəştə gedə bilməzdi.

İkincisi, Türkiyə Konstitusiyasına görə, hüquqi dövlətdir. Hüquqi dövlətlərdə hakimiyyət bölgüsü prinsipi var. Heç bir hakimiyyət qolu digərinin işinə kobud müdaxilələr edə bilməz. ABŞ Türkiyə məhkəmələrinə aid olan bir səlahiyyəti icra qanadının rəhbərindən tələb edirsə, deməli, bu ölkənin demokratikliyinə şübhə ilə yanaşır. Qanuna görə, prezidentin casusluqda ittiham olunan birisini məhkəmə hökmü olmadan əfv etmək səlahiyyəti yoxdur. Odur ki, Rəcəb Tayib Ərdoğandan belə bir addımın tələb olunması heç bir ölçüyə sığmır və Türkiyə prezidenti heç vaxt bunu etməz. Özünün və ölkəsinin adına kölgə salmaz.

-Belə olduğu halda, ABŞ niyə Türkiyə qarşısında edə bilməyəcəyi tələblər qoyur? Bu düşmənçilik onun nəyinə lazımdır?

-ABŞ üçün müqəddəs heç bir dəyər yoxdur və onun beynəlxalq hüquqa hörmətsizliyi yalnız Türkiyə ilə münasibətlərdə özünü göstərmir. Yadınızdadırsa, ABŞ İraqa da BMT TŞ-nın qərarı olmadan girdi. Hazırda özünün və bəzi böyük dövlətlərin İranla bağladığı nüvə sazişindən imtina etdi və indi bu ölkəyə qarşı ağır sanksiyalar qoyub. Digər dövlətləri də özünün qanunsuz sanksiyalarına tabe olmağa məcbur edir. Ümumiyyətlə, bu dövlət özünü dünyanın jandarması kimi aparır. Hər şeyi hədə və zorla həll etmək istəyir.

-İlyas müəllim, bir keşiş necə casusluq fəaliyyəti ilə məşğul ola bilər? Axı, din adamının hakimiyyət orqanları ilə ciddi bağlantıları olmur…

-Casusların dövlət orqanlarında işləməsi vacib deyil. Bir çox hallarda baş casuslar gözdən uzaq yerlərdə öz fəaliyyətlərini davam etdirərlər. Heç kəsin ağlına gəlməyən şəxslər bəzən böyük bir casusluq şəbəkəsini idarə edərlər. Ona görə də hər hansı bir keşişin casus ola bilməyəcəyi iddiası doğru deyil. Türkiyə təhlükəsizlik orqanlarının Bransonun kimliyi barədə yaydığı məlumatlar var. Bildirilir ki, o, İzmirdə yaratdığı kilsədə kürd dövləti quruculuğu üçün casuslar hazırlayırmış. Suriyadan gələn Əhməd adlı bir şəxsi xristianlaşdırıb və ABŞ agenti ilə evləndirib, bu iki şəxs vasitəsilə öz missiyasını həyata keçirirmiş. Hətta kilsədə kürd dilində ibadətlər edilirmiş. Kürd dilini bilməyənlər bu ibadətlərə buraxılmırmış. Həmin toplantılarda nələrin müzakirə edildiyini demək çətindir.

Bransonun Türkiyədə 15 iyul hərbi çevrilişində mühüm rol oynadığı da iddialar arasındadır. İttiham aktında bunu təsdiqləyən çox ciddi dəlillər var və Türkiyə mediası artıq bu dəlilləri ictimailəşdirib. Məsələn, onun 15 iyul çevrilişinin baş tutmamasından üzülərək yaxın adamına yazdığı mesajda belə deyilir: “Türkləri silkələyəcək bəzi hadisələri gözləyirdik. İsa peyğəmbərin zühur etməsi üçün lazımi şərait yaranmışdı. Çevriliş təşəbbüsü bir şok idi. Bir çox türk keçmişdə də olduğu kimi əsgərlərinə güvənir, ancaq bu dəfə alınmadı. Və çevriliş cəhdindən sonra başqa bir silkələnmə baş verəcək. Güman edirəm ki, hadisələr daha da pisə gedəcək. Sonda biz qazanacağıq”.

Bilirsiniz ki, xristianlıq dininə görə, qiyamətdən əvvəl İsa peyğəmbər zühur edəcək və Yer üzündən bütün fəsadları aradan qaldıracaq. ABŞ-da hakimiyyətdə olan evangelistlər də bu zəhərli düşüncəyə inanırlar və guya, öz aləmlərində Məsihin qayıdışını asanlaşdırırlar. Bransonun bəhs etdiyimiz mesajından anlaşılır ki, o da dünyaya yeni nizam gətirmək istəyən siyasi şəbəkənin üzvüdür və Türkiyədə hərbi çevriliş planlarında iştirak edib. Onun 15 iyul çevriliş cəhdinin aparıcı şəxslərilə ciddi əlaqələri var idi və onları idarə edirdi.

Ümumiyyətlə, bu adam barəsində xeyli iddialar irəli sürülür. Bu iddiaların nə dərəcədə haqlı olub-olmadığını bilmək üçün məhkəmə qərarını gözləmək lazımdır. ABŞ isə buna imkan vermir, Bransonun qeyd-şərtsiz azadlığını tələb edir.

-Azərbaycan ictimaiyyətini ən çox maraqlandıran məsələlərdən biri də budur ki, Türkiyə super gücün bu təzyiqlərindən necə xilas ola biləcək? Fikrimcə, bu narahatlıq yersiz deyil. Çünki qardaş ölkə iqtisadi cəhətdən xarici sərmayədən asılıdır. Xarici sərmayədarlar isə ABŞ-a bağlıdır…

-ABŞ-ı bu qədər əvəzolunmazlığı fikrilə razılaşmıram. Düzdür, hazırda dünyanın bütün bank sistemləri, transmilli iqtisadi şirkətlər müxtəlif tellərlə ABŞ-a bağlıdır. Amma tədricən bu bağların zəiflədiyi də sirr deyil. Artıq onunla qlobal güc yarışına girən və bəzi uğurlar qazanan dövlətlər, iqtisadi və hərbi qüdrətlər meydana çıxır. Məsələn, Çin ixracat sahəsində ABŞ-ı üstələyib. Türkiyənin qarşısında Rusiya kimi sənaye və kənd təsərrüfatı məhsullarına möhtac böyük bir bazar var. BRİCS adlanan və 5 inkişaf etməkdə olan ölkəni özündə birləşdirən yeni ittifaqlar yaranır və açıq şəkildə beynəlxalq ticarətdə ABŞ dollarından imtina etmək çalışmaları yürüdürlər.

Bu, onların da ABŞ-dan kənar iqtisadi birlik arzusunda olduqlarını göstərir. Türkiyə ABŞ-la kəsilən iqtisadi əlaqələrini bu ölkələrlə davam etdirə, böyüyə bilər. Qonşusu İran da ABŞ-ın haqsız sanksiyalarına məruz qaldığından Türkiyə ilə ticari münasətlərdə maraqlıdır. Hesab edirəm ki, Türkiyə bu fürsətləri dəyərləndirəcək və qısa zaman ərzində böhrandan çıxa biləcək. Hörmətli Rəcəb Tayib Ərdoğan da çıxışlarının birində bu ehtimalı istisna etməmiş və müttəfiqini dəyişə biləcəklərini dilə gətirmişdi.

-Bayaq özünüz də qeyd etdiniz; Türkiyə həm də İslam dünyasına hamilik edən bir dövlətdir. İslam dünyası isə təbii sərvətlərlə zəngindir. İslam ölkələri öz hamisini qorumaq üçün hansı addımları atmalıdır?

-Sözsüz ki, ilk növbədə Türkiyə ilə iqtisadi münasibətlərini gücləndirməlidirlər. Bu, həm Türkiyənin iqtisadi inkişafına təkan verər, həm də islamfobiya siyasəti yürüdən Qərb ölkələrinə, o cümlədən ABŞ-a gözəl mesaj olar. ABŞ-ın yürütdüyü embarqolar özünə qarşı çevrilər.

Atıla biləcək ikinci addım Türkiyədə investisiyalar qoymaq və ona güzəştli kreditlər ayırmaqdır. Etiraf edək ki, bu istiqamətdə müəyyən addımlar atılır. Qətərin Türkiyəyə 15 milyard dollar kredit verməsi bunun ən bariz nümunəsidir. Biz eyni həssasiyyəti müsəlman olmayan ölkələrdən də görə bilirik. Məsələn, Çinin, Rusiyanın bu barədə tədbirlər planı hazırladıqları bildirilir. Ümidvaram ki, Azərbaycan da qardaş ölkədən öz köməkliyini əsirgəməyəcək. Türkiyə ən ağır anımızda bizim, biz onun yanında dayanmışıq. Hətta fərqli rejimlər belə bizi ayırmayıb. Vaxtilə Nəriman Nərimanov Türkiyəyə Azərbaycanın Cəvahirat Fondundan tonlarla qızıl vermişdi. Türkiyənun Qurtuluş savaşını qazanmasında bu yardımlar da rolu olmuşdur. Yəqin ki, Azərbaycan rəsmiləri qardaş ölkəyə yenə eyni diqqəti göstərəcəklər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar