Britaniyanın Xüsusi Aviadesant Xidmətinin (xüsusi təyinatlı qüvvələr-SAS) snayperi iriçaplı pulemyotdan bir atəş açmaqla 1600 metrdən çox məsafədə İŞİD komandirini öldürüb
“Daily Express” xəbər verir ki, bu hadisə Əfqanıstanın şimalında, iyun ayında baş verib.
SAS komandoslarının bir qrupu İŞİD-in nəzarətində olan ərazidə gizli patrul fəaliyyəti zamanı yaraqlıların bazasını müşahidə ediblər, bu zaman ABŞ və Böyük Britaniyanın “güllələmə siyahısı”ında yer alan səhra komandirini görüblər.
Hərbçilərin snayper tüfəngi olub, ancaq onlar qərara alıblar ki, hədəfi bu məsafədən ancaq avtomobillərdən birinin üzərində quraşdırılmış iriçaplı pulemyotla vurmaq olar. Bundan ötrü komandoslar silahın üstündə xüsusi nişangah yerləşdiriblər.
Bildirilir ki, İŞİD komandiri təxminən 20 dəqiqə bir yerdə dayanıb, ətrafında oturmuş yaraqlılara nəsə izah edib. Pulemyotdan atılan güllə ona elə zərbə ilə dəyib ki, çiynini və qolunu yerindən qoparıb atıb, İŞİD komandiri yerindəcə ölüb. Onun məhv edilməsi xüsusi təyinatlı qüvvələrin Kabildəki Birgə mənzil-qərargahında dəstəklənib.
Mənbələr deyiblər ki, həmin pulemyotu silahlanmadan çıxaracaqlar və SAS-ın baş qərargahına apararaq xatirə eksponatı kimi saxlayacaqlar. Hazırda “Browning M2” tipli bu pulemyot NATO-nun və digər bir sıra ölkələrin silahlanmasında yer alır. Bu silah 1932-ci ildə işlənib hazırlanıb, ondan snayper atəşi üçün istifadə praktikası Koreya müharibəsində yaranıb. Bildirilir ki, Əfqanıstanda İŞİD komandirinin öldürülməsi pulemyotun bu cür məsafədən sərrast atəş üçün istifadə edildiyi ilk haldır.(Virtualaz.org)
pia.az