Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Professor: “Qərbin məqsədi Türkiyəni parçalamaqdır” - Müsahibə  

Məhməd Yücə: “Amerika və müttəfiqləri yeni dünya düzəni qurmağı planlaşdırır“

Uludağ Universitetinin (Bursa) prorektoru, professor Məhməd Yücə qeyd edir – Türkiyə istiqlal savaşından bəri ən mürəkkəb dönəmlərdən birindən keçir. “Türkiyə Qərbin yeni dünya düzəni qurmaq üzrə planının ortasındadır, – o deyir. – Bu coğrafiya Qərb üçün müqəddəsdir. Bizansın qalıqları burada yerləşir. Qərb dünyası Bizansı unutmayıb, onu diriltmək və canlandırmaq istəyir”.

Türk dünyasının öyrənilməsilə məşğul olan və eyni zamanda Yaxın Şərq olaylarını diqqətlə izləyən professor Məhməd Yücə Türkiyə, Yaxın Şərq və türk dövlətləri ətrafında baş verənlər haqda sualları cavablandırıb.

Reyting.az saytı M. Yücənin “Yeni Akıt” nəşrinə müsahibəsini təqdim edir:

– Türk mədəniyyətindən söz açsaq, türk dünyası haqda əsərlərinizdən danışın. Türk dünyasının qəfəsdən çıxması və supergücə çevrilməsi üçün nə məsləhət verərdiniz?

– Mən, hər şeydən əvvəl, 2001-də Qırğızıstana gedərək praktikada türk dünyasını araşdırmaqla məşğul olmuşam. Yolda sıradakı misralar yadıma düşdü:

Orada, bir kənd var uzaqda,

O kənd bizim kəndimizdi.

Getməsək də, varmasaq da,

O kənd bizim kəndimizdir…

Amma hesab edirəm ki, “getməsək, bu kənd bizim olmaqdan çıxar”.

O torpaqda ki yoxsunuz, sizin deyil. Münasibətdə olmadığınız bölgə sizin deyil. Türk dünyası gözəl, maddi və mənəvi baxımdan dedikcə varlı, qədim, amma həm coğrafi, həm də ideoloji baxımdan son dərəcə səpələnmiş bir bölgədir. Türklərin yaşadıqları torpağın adı Orta Asiya deyil, Türküstandır. Bu bölgəyə Orta Asiya adını 1991-də dağılmış Sovetlər Birliyi qoyub. O, yaddaşımızda bu cür möhkəmlənib.

Türküstan məkanına nəzər salaraq çox müxtəlif əlifbalar görürük. Görünür, bu, bütün Yer kürəsində ancaq türklərə qarşı istifadə edilən sistemdir. Məsələn, ingilis və amerikalıların əlifbası birdir. Hətta bizə ən yaxın türk xalqı azərbaycanlıların yazısı Türkiyədəki yazıdan fərqlənir. Əlifbaların belə rəngarəngliyi niyə meydana çıxıb? Bu məsələnin məğzi Nikolay İlminskinin sisteminə gedib çıxır. Ruslar çar dönəmində düşünürdülər: “Türkləri necə parçalaya bilərik?” Türk dünyası o dönəmdə bütünlükdə cığatay dilindən istifadə edib, buna görə də İstanbulda çıxan kitabı bütün bu məkan boyu oxumaq olurdu. Nikolay İlminski bu məsələylə məşğul olub və sıradakı qərara gəlib: “Türkləri mədəni baxımdan parçalasaq, onlar bir-birinə yadlaşacaqlar. Bunun üçün müxtəlif əlifbalar tətbiq etmək lazımdır”. Bu cür əlifbalar hazırlandı və tətbiq edildi.

Cığatay dili ərəb qrafikasına malik idi. Rusiyanın təsirində olan türk birliyinin Türkiyə ilə bağlarını kəsmək üçün onu latın əlifbasına keçirdilər. Türkiyə latın əlifbasına keçəndə onları kirillə keçirdilər. Kirillə keçidin də öz oyunu var idi. Müxtəlif hərflər eyni səsə uyğun gəlməyə başladı. Məsələn, qırğız və qazax dillərində eyni səsi ifadə etməkdən ötrü müxtəlif hərflər işlədilir. Deməli, türk xalqları bir-birinin yazısını anlamağı yadırğadılar. Qazaxın yazdığını qırğız başa düşmür, qırğızın yazdığını özbək anlamır. Vahid əlifba olmayınca, türk dünyası bütövləşməyəcək.

Mənşəcə tatar İsmayıl Qaspıralı dil və əlifba birliyi mövzusunda çox ciddi araşdırmalar aparıb. Onun gözəl sözləri var: “Dildə, düşüncədə və əməldə birlik”. O, bu məqsədlə cədid məktəbləri (“üsuli-cədid” – yeni üsul-red.) açıb. Rusiya bunun cavabında İlminskinin yuxarıda sözügedən layihəsini həyata keçirib. İlminskinin hazırladığı sistem çərçivəsində Rusiya təhsil müəssisələrindən və mətbuatdan istifadə edərək dilləri ayırmaqla yazılı, dialekt və ləhcəyə çevrilən xeyli sayda yazılı dil törədilib, bunun ardınca isə bir-birinə hörülmüş etnik qruplar “vasitəçi dil” qismində rus dilini öyrənməyə məcbur olub. İlminski Rusiya Təhsil Nazirliyi ilə türk bölgələrində açılan rus məktəblərində türk uşaqlarının təkcə ruslaşması deyil, həm də xristianlaşmasına böyük səylər qoyub. İlminski bu məktəblərdə rus diliylə yanaşı rus əlifbasını tətbiq edərək türk xalqlarının istifadə etdiyi ayrı-ayrı dillər kimi dialektləri tədris edib. Bu qayda ilə, bir tərəfdən, türk gəncliyi rus məktəblərində ruslaşma və xristianlaşmağa məruz qalıb, digər yandan, İsmayıl Qaspıralının cədid məktəbləri vasitəsilə yaratmağa çalışdığı dil və mədəni birliyin qabağı alınıb.

– Bəs 1991-də Sovetlər Birliyi dağılanda Türkiyənin Türküstana münasibətdə siyasəti düzgün idimi?

– Təəssüf ki, gözlənilən uğur əldə olunmayıb. Turqut Özalın dönəmində (Türkiyənin səkkizinci prezidenti-red.) Orta Asiyaya önəm verdik, orada olduq, amma Amerikanın ağzıyla danışdıq, Qərbi təmsil etdik. Biz bölgənin daxilində kök atmış satqın struktur vasitəsilə onları incitdik. Onları başa düşməyə cəhd etmədik, onlar da bizə yad kimi baxdılar.

Uğur əldə edə bilməməyimizin ikinci səbəbi isə bu bölgəni tanımamağımız idi. Sovetlər dağılana qədər bu ərazilərlə yetərincə işləməmişik, biz onlara yad idik; SSRİ dağılandan sonra yenidən formalaşan türkdilli dövlətlərin üzləşdiyi ehtiyac və gözləntiləri incələyə bilmədik. Həll hazırlamaq üçün isə əvvəlcə ölkələri və insanları tanımalıyıq. Hazırda Türkiyə İşbirliyi və Koordinasiya üzrə Agentliyi (TİKA) və Yunus İmrə İnsitutu önəmli iş aparır. TİKA-ya haqq qazandırmaq gərəkdir: o, hətta ən ucqar guşələrdə öz xidmətlərini təklif edir, yatırımçılarla əməkdaşlıq edir və yollarını təmizləyir. Buna görə də TİKA və Yunus İmrə İnsitutunun işi düzgün yöndə irəliləyir.

– Cənab Yücə, bizə yaxın bölgələrdə də nələr baş verdiyindən danışmağınızı istərdik. Siz Yaxın Şərq olaylarını diqqətlə izləyirsiniz. Bu hadisələrin pərdəarxasında nələr var? Türkiyəni nə gözləyir?

– İndiki zamanda Türkiyə istiqlal uğrunda savaşdan bəri ən mürəkkəb dövrlərdən birini yaşayır. Çünki Amerika və müttəfiqləri yeni dünya düzəni qurmağı planlaşdırır. Bu yeni dünya düzənində coğrafi xəritələri dəyişmək və yeni mikrodövlətlər yaratmaq istəyirlər. Onlar özləri də artıq bunu gizlətmədən danışırlar. Türkiyə bu baxımdan olduqca problemli bölgədə yerləşir. Səbəb – Türkiyənin coğrafi durumu, mədəni strukturu və üzərinə qoyulmuş missiyadır. Türkiyə Şərqlə Qərb arasında körpü rolunda çıxış etməklə geostrateji duruma malikdir. Bu coğrafiya Qərb üçün müqəddəsdir, çünki Bizansın qalıqları buradadır. Qərbdə Bizansın yenidən yaradılması uğrunda assosiasiyalar indiyədək var, internetdə axtarış vermək yetər. Qərb Bizansı unutmayıb və onu bərpa etmək istəyir. Çünki Bizans Qərb mədəniyyətinin beşiyi idi, Qərb üçün böyük mənası var idi.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

O biri yandan, Qərbin Türkiyəyə hansı rolu ayıracağı haqda çaşbaşlıq var. Qərbə hansı Türkiyə lazımdır: qarışdırılmış, ya Qərbin müəyyən etdiyi siyasət çərçivəsindən qırağa çıxmayan üzüyola Türkiyə? Ya da problemlərlə çarpışan, amma Şərqlə Qərb arasında bufer rolu oynayan qismən sabit Türkiyə?

Qərbin variantları içində Türkiyə ayaqüstə duran və bölgənin rekonstruksiyasında öz üzərinə rol götürən oyunçu kimi yoxdur. Buna görə də ABŞ və Qərb dünyası duruş gətirdiyi və bölgə oyunçusu mövqeyi tutmağa cəhd etdiyinə görə Türkiyəni bədəl ödəməyə məcbur etməyə çalışır. Türkiyə onların görmək istədikləri kimi olmayınca, dayanmaq niyyətində deyillər.

Yaxın Şərqi qarışdırmaq üçün ABŞ-ın əl atdığı yollardan biri “ərəb baharı”ydı. Yaxın Şərqdə demokratiya şüarı altında sabitsizləşmə prosesləri başlandı. Bu, “mötədil islam” layihəsi adlanırdı. Amma bu layihə gərəkdiyi kimi getməyəndə, məsələn, Misirlə Türkiyə arasında əlverişli münasibətlər yarananda, onlar “dur” dedilər və ehtiyatda saxladıqları layihəni işə saldılar. Bu layihənin məqsədi, bölünmüş, radikallaşdırılmış və qarışıq Yaxın Şərqdir. Onlar radikallaşdırılmış bölgədə İŞİD kimi terrorçu təşkilatlardan faydalanaraq, bir yandan, bölgəni parçalayıblar, o biri yandan, müsəlmanlara münasibətdə kin və nifrət toxumu səpərək bütün dünyada antimüsəlman atmosferi yaradıblar. Təəssüf ki, bu radikal təşkilatlar islamın arxasında gizlənib ona ard-arda zərbə vurub. Burada daha bir məqamı qeyd etmək istərdim: bu qurumlar sünni islamı kimi təqdim olunub. Amma, əslində, onlar sələfilik və vəhhabiliyin şaxələridir. Məlum olduğu kimi, vəhhabilik Osmanlı imperiyasını dağıtmaq üçün britaniyalılar tərəfindən yaradılıb. Bu radikal təşkilatlar oxşar məqsəd üçün qurulub. Onların vəzifəsi Yaxın Şərqi qarışdırmaq və Türkiyəni bölməkdir.

– Bu prosesdə görürük ki, Türkiyə Rusiya ilə sıx münasibətlər qurur. Bu işbirliyi sürəkli ola bilərmi?

– Sabitsizləşdirilmiş və terrorçu təşkilatların qaynaşdığı Yaxın Şərqdə mübarizə aparmaq Türkiyəyə asan deyil. Bu şəraitdə təbii addım müttəfiqlərdən dəstək almaq idi. Amma ənənəvi müttəfiqlərimiz fəlakət içində bizi tərk etdilər, hətta dövlət çevrilişi cəhdi təşkil etməyə səy göstərən satqınları bizə sırıdılar və bunu hətta gizlətmədilər. Buna görə də yeni müttəfiqlər qazanmağımız gərəkdir. Türkiyə Rusiya ilə ittifaq qurmalıydı. Və düzgün hərəkət edib. Türkiyənin Rusiya ilə işbirliyi zəruridir, bnununla belə, habelə bu əməkdaşlığın nə vaxtadək çəkəcəyi və özülünün nə qədər etibarlı olduğu haqda məsələni müzakirə etmək lazımdır. Bizim bir çox mövzular və sahələr üzrə Rusiya ilə ciddi fikir ayrılıqlarımız var. Türkiyə Rusiya ilə münasibətlərdə balans qurmalıdır. Bizim müxtəlif prioritetlərimiz var, amma əməkdaşlıq etməliyik. Birtərəfli əlaqəyə əsaslanan siyasət zamanı bu bölgədə iştirak praktik olaraq mümkünsüzdür.

Türkiyə bölgə oyunçusu olmalıdır. Türkiyə Qərbin ona ayırdığı rolu qəbul etsə, ölkə çox tezliklə dağılacaq. Qərb Türkiyəni Çingiz Aytmatovun “Gün var, əsrə bərabər” kitabında obrazını qələmə aldığı manqurta çevirmək istəyir: öz “mən”ini anlamaqdan məhrum olmuş, onu öz xalqına və dəyərlərə düşmən kimi tərbiyə edən kəsə tabe olan və ona tapşırılan bütün rolları qüsursuz icra edən məxluqa. Əlbəttə, ona nisbətdə aparılan manqurtlaşma siyasətini anlayan və öz milli maraqları əsasında strategiya hazırlayan Türkiyə Qərb üçün arzuolunmazdır. Qərb buna görə də belə bir Türkiyə modelini qəbul etmir. Onun fikrincə, Türkiyəni yenidən tərbiyə etmək gərəkdir. Bunun üçün isə bütün üsullar yaxşıdır. Amma Qərbin habelə unutmağı lazım deyil ki, biz manqurt deyil, qədim tarixi olan cəmiyyətin fəxri təmsilçiləriyik. Biz öz ölkəsi və bayrağı naminə istənilən bədəli ödəməyə və istənilən qurbana dözməyə hazır olan bir xalqıq.

Türkiyə öz milli maraqları əsasında əzmli siyasət yürütməlidir. Bunu edərkən konstruktiv və barışdırıcı üslubdan istifadə etməliyik. Beynəlxalq siyasət strategiyasını məharətlə tətbiq etməliyik. Bu siyasətin uzun zaman sürməsi və etibarlı özülə söykənməsi üçün güclü iqtisadi struktur da formalaşdırmaq gərəkdir. Güclü iqtisadiyyat sahibi deyilsinizsə, onda, ola bilsin, seçilən yoldan dönməyiniz lazım gələcək. Buna görə də müdafiə sənayesində əldə edilmiş uğurları başqa sahələrə də yaymaq gərəkdir. Hər şeydən qabaq, milli brendlər istehsal etməyimiz lazımdır. Məsələn, “Honda”, “Lamborgini”, yaxud “Mercedes” deyəndə hansı ölkədən söhbət getdiyi aydın olur. Türkiyə ilə səsləşən brendlər istehsal etməsək, öz siyasətini aparan bölgəsəl, kürəsəl oyunçu ola bilmərik.(Tərcümə Strateq.az-ındır)


pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar