Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

"Kreml Gürcüstanı çox ciddi şəkildə təhdid edir"

Latviya, Litva, Polşanın xarici işlər nazirləri və Ukraynanın isə baş naziri Rusiya-Gürcüstan müharibəsinin 10-cu ildönümü münasibəti ilə Tiflisə gələrək qonşu ölkəyə öz dəstəklərini ifadə ediblər

Hətta, birgə bəyanatla çıxış edərək Gürcüstanın ərazi bütövlüyünün və suverenliyinin tez bir zamanda bərpasının vacibliyini vurğulayıblar. 5 günlük müharibə kimi tarixə düşən Rusiya-Gürcüstan münaqişəsinin 10-cu ildönümündə ABŞ-ın dövlət katibi Mayk Pompeo da rəsmi Tiflisə Ağ Ev adminstrasiyasının dəstəyini ifadə edib və rəsmi Vaşinqtonun Gürcüstanın ərazisinin işğal altında olması ilə heç vaxt barışmayacaqlarını bildirib.

İddialara görə, adıçəkilən ölkələrin Gürcüstana bu cür dəstək ifadə etmələri birbaşa olmasa da, dolayısı ilə Rusiyaya açıq mesajdır. Ekspertlər hesab edir ki, sözügedən ölkələrin nazir səviyyəsində Gürcüstana səfər etmələri, birbaşa Tiflisdən bu cür bəyanatlar səsləndirmələri Kreml hökumətinin 5 günlük müharibənin 10 illiyi ilə bağlı verdiyi açıqlama ilə bilavasitə əlaqəlidir.

Məsələni Cebhe.info-ya şərh edən siyasi analitik Natiq Miri qeyd etdi ki, Rusiya xarici işlər nazirliyinin saytında 5 günlük müharibə ilə bağlı verilən açıqlamada bir növ Gürcüstana müəyyən təkliflər verilir. O, hesab edir ki, açıqlama əslində sətiraltı hədə dolu təklifdir:

"Dolayısı ilə Gürcüstana çatdırılır ki, hücum etməmək haqqında Cənubi Osetiya və Abxaziya ilə yenidən bir müqavilə bağlasın və gələcəkdə ümumiyyətlə bu torpaqlar haqqında bir dəfəlik unutsun. Əslində, bu təkcə Gürcüstana verilən mesaj deyil, eyni zamanda Gürcüstanı müdafiə edən Qərb ölkələrinə də müəyyən mənada gözdağıdır. Düşünürəm ki, açıqlamanı bu konteksdə dəyərləndirmək lazımdır. Rusiyanın bu açıqlamasına cavab olaraq, ABŞ və digər Qərb ölkələri də Rusiyaya çatdırmaq istəyirlər ki, Kremlin bütün istəklərinə rəğmən status-kvonun beynəlxalq səviyyədə dəyişməyəcəyi və bunun tanınmayacağını bəri başdan bilmiş olun. Yəni, Cənubi Osetiyanın və Abxaziyanın bu ölkələr tərəfindən müstəqil subyektlər olaraq, tanınmayacağı Rusiyanın nəzərinə çatdırılır".

"Gürcüstanın ərazi bütövlüyü məsələsinin bazarlıq predmeti olmayacağı növbəti dəfə Rusiyaya xatırladıldı" - deyən N.Miri düşünür ki, bu qarşılıqlı bəyanatların Gürcüstanda NATO-nun hərbi təlimləri keçirilən zaman səslənidirilməsi məqsədyönlü şəkildə atılan addımdır:

"NATO-nun Gürcüstanda hərbi təlimlərinin keçirilməsi, eyni zamanda, Ermənistan və Azərbaycanın da burada iştiark etməsi, təbii ki, Rusiyanı narahat etməmiş deyil. Bununla yanaşı NATO-nun artıq Gürcüstanı bərabər hüquqlu üzv qəbul edəcəyi ilə bağlı açıqlamaları da Kremli narahat etməmiş deyil. Bu konteksdə Gürcüstan rəhbərliyinin də NATO-ya üzv olma məsələsi ilə bağlı açıqlamaları var.

Rəsmi Tiflisin bunun Gürcüstanın daxili işi olması ilə bağlı verdiyi açıqlamalar da təbii ki, Rusiyanı qıcıqlandırmamış deyil. Rusiya verdiyi açıqlamalarla Gürcüstana təhdid yolu ilə anlatmağa çalışır ki, əgər NATO üzvü olarsansa, birdəfəlik Cənubi Osetiya və Abxaziyadan əlini üzməlisən. Kreml gələcəkdə Gürcüstana yenidən müdaxilə edə biləcəyi ilə bağlı ehtimalı ortaya qoymaqla Gürcüstan çox ciddi şəkildə təhdid edir. Ona görə də, ABŞ və digər qərbyönümlü ölkələrin açıqlamalarını bu yöndə Gürcüstana dəstək kimi qəbul etmək lazımdır".

pia.az

Şərh yazın.

loading...