İzmirin Bayındır bölgəsində meşə yanğını baş verib
Lütuflar kəndi yaxınlığında meşə ərazisində hələ müəyyənləşdirilməmiş səbəblərdən yanğın baş verib. Güclü külək səbəbindən yanğının alovu daha çox yayılıb.
Trend yerli kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, İzmirin Meşə İdarəsinə məxsus bir neçə helikopter və yanğınsöndürən təyyarə yanğının söndürülməsində iştirak edib. Manisa Meşə İdarəsi də yanğının şimal sərhədini nəzarət altına almağa çalışır və yanğınsöndümə briqadalarını hadisə yerinə səfərbər edib.
İzmirin Meşə İdarəsinin rəhbəri Şahin Aybalın sözlərinə görə, xilasedicilərin müdaxiləsi nəticəsində, yanğının yaşayış bölgələrinə sürətli yayılmasının qarşısı alınıb. Buna baxmayaraq, təhlükə hələ də qalmaqdadır. Ş. Aybal, bir neçə saat içində yanğını tamamilə söndürməyə nail olacaqlarına inandığını ifadə etdi.
Yanğının baş vermə səbəbləri dəqiqləşdirilir.
pia.az