Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mehman Əliyev: “Mehriban Əliyeva namizəd ola bilər…”

“Seçki prosesində Qərbin və Rusiyanın dəstəyini qazanmaq çox vacib olacaq”


“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin “Yeni Müsavat”ın ötən sayında geniş müsahibəsi gedib. Həmin müsahibədə Mehman bəy azadlığa çıxdıqdan sonra “Turan”ın fəaliyyətini necə bərpa etməsindən, ölkə daxilində gündəmdə olan mövzularla bağlı mühüm açıqlamalar verib. 

Onunla müsahibənin ikinci və sonuncu hissəsini təqdim edirik:


- İstər Amerika, istərsə də Rusiya olsun, bu seçkilərdə hakimiyyət qarşısına öz mənafelərinə uyğun sürpriz bir isim çıxara bilərlər?

- Buna inanmıram. Hansı möcüzə ola bilər ki, birdən-birə tanınmayan bir şəxs çıxsın və desin ki, bu xalqın qəhrəmanıyam. Azərbaycanda strukturlaşmış güclü bir hakimiyyət var. Digər tərəfdə isə tanınmış bir müxalifət mövcuddur. Böhran o qədər xaos həddinə çatmayıb ki, kimsə ortaya çıxsın. Məsələn, 1988-ci ildə mitinqlər başlayanda fəhlə olan Nemət Pənahlı meydana çıxmışdı. Bax xaos bu idi. O zaman nə siyasi partiyalar, nə də siyasi xadimlər var idi. Yalnız Kommunist Partiyası mövcud idi. Ona görə birdən-birə Nemət Pənahlı, Etibar Məmmədov kimi simalar ortaya çıxdılar. Belə vəziyyətlərdə bu cür hallar normaldır. İndi amma hər şey idarə olunur, hesablanır, belə bir şəraitdə sürpriz isimlərin meydana çıxması mümkünsüzdür.

- Ənənəvi müxalifət var, bir də siyasi arenaya çıxan yeni qüvvələr var. Məsələn, həbsdəki İlqar Məmmədov, Tural Abbaslı, Əli Əliyev və bu tipli 5-6 siyasi lider. Bu şəxslərin ənənəvi müxalifətdən fərqli olaraq, 2018-ci ildəki şanslarını necə görürsünüz?

-  Biz yeni qüvvələr desək də, əslində belə deyil. Məgər İlqar Məmmədov AMİP-in üzvü deyildi? Yaxud başqaları siyasətdə olmayıblar? Gənclər hərəkatları olub, onların rəhbərləri indi yeni qüvvələr sayılırlar. Əslində bu şəxslər sınaqdan keçmiş adamlardır. Onların arxasında bu gün güclü bir sistem, təşkilat da yoxdur. Halbuki bu çox vacib amildir. REAL hərəkatı da yeni deyil. Səhəri gün partiyaya çevrilsələr belə, yeni qüvvə sayılmırlar ki. 20-25 il tarixlərinin olmaması heç nə demək deyil. Digər tərəfdən seçkilərə 10 ay qalır ki, bu da uzun zaman deyil. Bu müddətdə nə baş verə bilər ki, yeni qüvvə meydana çıxsın. Nə olsa ortada olan qüvvələr birləşib, birlik formasında edə bilərlər. Bunun üçün də zamanın sifarişi olmalıdır ki, bunu da hələ ki görmürəm. Proseslər çevik şəkildə dəyişir, bu baxımdan hər şey ola bilər. Bu da hakimiyyətin edəcəyi səhv nəticəsində baş verə bilər.

- Hakimiyyət daxilindən yeni namizədin ola biləcəyi barədə də iddialar var. Bu ehtimal nə qədər yüksək görünür?

- Daha çox fikirləşirəm ki, Mehriban Əliyeva namizəd ola bilər. Düzdür, konstitusiya bir şəxsin bir neçə dəfə namizəd olmasına icazə verir. Amma dördüncü dəfə namizəd olmaq müəyyən çətinliklər hakimiyyətə yarada bilər. Belarusda belə hal ola bilir, çünki qapalı dövlətdir. Bizi demokratiyaya doğru getməyə vadar edirlər. Vitse-prezident təyinatından sonra bu cür iddiaların meydana çıxması gözlənilən idi və hakimiyyət də bunu bilirdi. Bu baxımdan seçkilərə doğru proseslərin daha da intensivləşəcəyini düşünürəm. Bu iddialar gələn il daha aktiv olacaq. Düşünürəm ki, keçid dövrü üçün optimal variant onun namizədliyidir. Referendumun da razılaşdırıldığı hər kəsə məlumdur. Çünki heç bir Qərb ölkəsi buna etiraz etməmişdi. Hətta o zaman Azərbaycana qarşı təzyiqlər birdən-birə səngimişdi. Bu baxımdan daha çox fikirləşirəm ki, Mehriban Əliyeva namizəd ola bilər. Bəziləri də əksini düşünür. İstənilən halda tamam başqa bir namizəd hakimiyyət daxilində görmürəm. Ya indiki prezidentin özü, ya da  vitse-prezident namizəd olacaq. İstənilən halda, seçki prosesində Qərbin və Rusiyanın dəstəyini qazanmaq çox vacib olacaq.

- Referendumdan sonra həbsinizə qədər daha çox islahatlardan danışırdınız. Müəyyən dəyişiklər oldu, son olaraq da, Qubanın icra başçısı vəzifəsini itirdi. Bunları islahatların davamı saymaq olarmı?

- İslahatlarla bağlı demişdim ki, hakimiyyət buna getməyə məcburdur və başqa bir yolu da yoxdur. Müəyyən islahatlar aparılır. Amma köklü, gözə çarpan islahatları bir görmürük. İqtisadiyyatın inkişafının qarşısını alan prinsipial məsələlər var ki, burada heç bir dəyişiklik yoxdur. Əslində hakimiyyətin islahatları yubandırmağa çalışdığı görünür. Buna səbəb də, neftin qiymətinin bir az qalxmasıdır. Sanki hakimiyyət bir qədər rahatlanmış durumda görünür. Vəziyyət daha da pisləşməlidir ki, hakimiyyət desin ki addımlar atırıq. Neftdə artım var, cəmiyyət də susur, nəticədə hökumət atacağı addımları yubadır. Açığı hesab edirəm ki, hakimiyyət seçkilərə qədər hər hansı bir ciddi dəyişikliklərin aparılmasında maraqlı deyil. Çünki fikirləşirlər ki, bu hər hansı bir fəsadlar verə bilər. İslahatların yubanmasını neftin qiymətindəki artımla əlaqələndirirəm. Bu dəfə dövlət büdcəsinə beş milyard artırdılar, bunu da neftin hesabına etdilər. Əslində vəziyyət getdikcə pisləşir.

“Yaxşı münasibətlər əbədi deyil, əsas olan əbədi maraqlardır”

- “MTN inqilabı”ndan sonra həyata keçirilən məhkəmələr ötən həftə başa çatdı. Bu məhkəmələri necə dəyərləndirirsiz?

-  O vaxt yazdığım yazımda MTN hadisələrinə başqa cür yanaşdığımı qeyd etmişdim. Əvvəl dövlət çevrilişinin hazırlandığı deyilirdi. Sonradan vəzifədən sui-istifadə edildiyi bildirildi. 500 nəfərə yaxın şəxs vəzifəsindən azad olundu, çoxsaylı həbslər oldu. MTN elə bir strukturdur ki, orada nəsə baş versin, kənara heç bir informasiyanın sızdırılmaması mümkün deyil. Çünki orada hamı bir-birinə nəzarət edir. Hələ də o proseslərin başqa bir proses olduğu düşüncəsindəyəm. Hesab edirəm ki, xarici qüvvələrin təsiri altında bu proseslər baş verdi. MTN-in beynəlxalq bəzi məsələlərdə iştirakı üzə çıxmışdı. Məsələn, MTN hadisələrindən bir müddət əvvəl Amerikada İŞİD-in maliyyələşdirilməsi məsələsinə 28 dövlətin iştirakı ilə baxılmışdı, hesabat var idi ki, bir sıra MDB ölkələri vəsait ayırırlar ki, onlara toxunmasınlar, stabilliyi pozmasınlar. Bunları baş düşürəm, ölkəni qorumaq üçün edilir. Eldar Mahmudovun işdən çıxarılmasının hansı məlum ərəfəyə təsadüf etdiyini də unutmayaq. Rabitə Nazirliyində də gedən proseslər də təsadüfi deyil. Bunlar bir-birinə bağlı məsələlərdir. Burada elə məsələlər var idi ki, böyük dövlətlərin maraqlarına toxunmuşdu. Açığı MTN hadisələrində xəyanət görmürəm, ola bilər ki, kimlərsə bunun olduğunu düşünür, bəlkə də var. Mahmudovun guya əlində olan bəzi kompromatlara görə azadlıqda qaldığı deyilir, amma bunun belə olduğunu düşünmürəm.

- Hazırda Amerikada iş adamı Rza Zərrabın gedən məhkəməsi dünya gündəmində ciddi maraq doğurub. Bu Qərbin Türkiyəyə “Rza Zərrab oyunu” kimi qəbul edilir...

- Vaxtaşırı belə hallar bir çox dövlətlərə qarşı  olur. Maliyyə axınları o qədər ciddi izlənilir ki, sonunda bu cür vəziyyətlərdə istifadə olunur. Belə vəziyyətləri hər an gözləmək olar. Düşünürlər ki, bizim filankəslərlə yaxşı münasibətlərimiz var, bizə qarşı belə etməzlər. Amma unutmaq olmaz ki, yaxşı münasibətlər əbədi deyil. Əsas olan əbədi maraqlardır. Maraqlar da dəyişə bilər. Böyük dövlətlərin maraqları dost və digər münasibətlərdən üstündür. Dövlətin maraqları ortaya çıxanda hər dövlət öncəliklə özünün maraqlarını təmin etməyə çalışır. Açığı bilmirəm ki, bu məsələlərdə indi hansı şərtlər qoyulub. Türkiyədə də eyni vəziyyətdir və bunun təzyiq olduğunu düşünürəm.

- NATO-nun təlimlərində Türkiyəyə qarşı məlum təxribatından sonra Rza Zərrab məsələsinin ortaya çıxması təsadüfdürmü?

- Bu təsadüfi də ola bilər, sistemli şəkildə də. Ola bilər ki, qıcıqlandırmaq üçün belə edirlər ki, sən nə cavab verəcəksən. Necə ki, Məhəmməd Peyğəmbərin karikaturaları yayılır, müsəlman dünyası ayağa qalxır, aksiyalar keçirilir. Amma ikinci dəfə bu hal baş verəndə artıq adi qarşılanır. Bu baxımdan bu məsələlərdə Türkiyəni qıcıqlandırmaq niyyəti var. Amma bunun əsas məsələ olduğunu düşünmürəm. Burada tərəflərin gücü və səviyyəsini göstərmək məqsədi daha real görünür. Mühüm məsələlərlə bağlı qapalı formada danışıqların getdiyini zənn edirəm. Qarşı tərəf müəyyən məsələlərin Türkiyə tərəfindın həyata keçirilməsinə çalışır. Bu məsələlərin nədən ibarət olduğu təbii ki, tam məlum deyil.

- Son sualım, Dağlıq Qarabağla bağlı son aylarda bir sıra ciddi hadisələr baş verdi. Rusiya XİN-in rəhbəri Sergey Lavrov Bakıya gəldi, məlum etiraz doğuran açıqlama verdi, buradan da İrəvana getdi. Eyni zamanda, noyabrın 24-də Brüssel sammiti oldu...

- Dağlıq Qarabağla bağlı müəyyən aktivlik var. Bu aktivliyin qısamüddətli olacağını düşünürəm. Çünki gələn əvvəl Ermənistanda, sonra da biz də seçki prosesləri başlayır. Qərb və Rusiya tərəfindən AzərbaycanErmənistana daha çox tələblər qoyulur ki, bu seçkilərdə Dağlıq Qarabağ faktorundan istifadə olunmasın, çalışırlar ki, qeyri-stabillik yaranmasın. Atəşkəsin qalmasında, status-kvonun qorunmasında maraqlıdırlar. Əslində danışıqlar bunun ətrafında gedir. Anjey Kasprşikin Müşahidə Şurasının genişləndirilməsi barədə dedikləri təsadüf deyil. Əslində nəzarəti gücləndirirlər. Qarantiyanın olmasını istəyirlər ki, atəşkəsin pozulmayacağına əmin olsunlar. Tərəflər prinsipcə bu vəziyyətdə maraqlıdırlar. Brüssel sammitindən güclü çıxdığımızı deyə bilmərəm. Çünki saziş imzalamadıq. İndiyə qədər Rusiyanın təzyiq etdiyini deyirdik, Gürcüstan nümunəsini gətirirdik. Amma Ermənistan sazişi imzaladı. Bizim əl-qolumuz Ermənistandan fərqli olaraq açıqdır. Düşünürəm ki, Avropa qurumları ilə danışıqların hər birində demokratiya, insan haqları və bu kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Qarşıdan gələn seçkilərdə də bunlar hakimiyyət üçün olduqca vacib olacaq. Hakimiyyətin tezliklə sazişi imzalayacağını düşünürəm. Brüssel sammitinin yekunları bunu deyir. Seçkilərdə Avropanın dəstəyini almaq üçün o sazişə getmək iqtidar üçün çox vacib olacaq. Cəmiyyət olaraq, bu bizim üçün də çox faydalıdır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar