Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda superpartiya yaradıla bilərmi?


İqbal Ağazadə: “Yeni bir siyasi qurum yaradılarsa...”


Türkiyənin sabiq daxili işlər naziri Meral Akşenerin günlər öncə yaratdığı İYİ Partiya  Azərbaycanda da geniş müzakirələrə səbəb olub.

 Hamıya məlumdur ki, xanım siyasətçi yeni partiyasını 2019-cu ildə ölkəsində keçiriləcək prezident seçkilərinə yönəlik qurub. Təsadüfi deyil ki, bu qurumda vaxtı ilə qardaş ölkədə yüksək postlarda təmsil olunmuş bəzi şəxslər də yer alırlar. Bu da partiyanın  nə qədər ciddi müxalif qurum olacağından xəbər verir.

Bir ildən sonra Azərbaycanda keçiriləcək prezident seçkisinə qədər belə bir super gücün mövcud olub-olmayacağı barədə müxtəlif fikirlər var. Düzdür, M.Akşenerin rəhbəri olduğu qurum bir siyasi partiyadır. İndiki şəraitdə Azərbaycanda belə bir gücün ortaya çıxması inandırıcı görünmür. Amma belə bir şansın tam itirildiyini demək də mümkün deyil, çünki ən azından siyasi qurumların bir birlik yaratmaları, yaxud bəzi partiyaların birləşib, bir siyasi partiya adı ilə çıxış etmələri kimi imkanlar qalır.

İndiyə qədər bu cür təcrübələr olub. Müstəqillik illəri ərzində müxalifətin ilk böyük birlikləri 1998-ci ilin prezident seçkiləri ərəfəsinə təsadüf edir. O zaman Müsavat və AXCP-nin əsasını təşkil etdiyi DemKonqres və bir çox siyasi partiyaların, nüfuzlu şəxslərin qoşulduğu Seçki İslahatları və Demokratik Seçkilər Uğrunda Hərəkat (SİDSUH) yaradılmışdı. O zaman hakimiyyətdən 2-3 il öncə istefa verən eks-spiker Rəsul Quliyev, keçmiş dövlət katibi Lalə Şövkət Hacıyeva, sabiq ədliyyə naziri İlyas İsmayılov kimi əsas fiqurlar keçmiş komandalarına qarşı müxalifət cəbhəsində mübarizə aparırdılar. Lakin ciddi güc mərkəzləri olmalarına baxmayaraq, vahid namizəd məsələsində güzəştə gedilməməsi sonunda demokratik düşərgənin məğlubiyyəti ilə nəticələnmişdi. O zaman heç bir bloka qoşulmayan AMİP lideri Etibar Məmmədov təkbaşına seçkilərə qatılmış və təhlükəli rəqib olmağı bacarmışdı. Bu da müxalifətin həmin seçkidəki uğursuzluğundan doğan günahların birbaşa öz ayaqlarına yazıldığının sübutudur.

1998-ci il seçkilərdən beş il sonra demokratik düşərgə yenə də vahid güc mərkəzi yaratmağı bacarmış, Müsavatın keçmiş başqanı İsa Qəmbərin rəhbərlik etdiyi “Bizim Azərbaycan” bloku ilə seçkilərdə əsas rəqib olmuşdu. O zaman da ənənəvi olaraq, E.Məmmədov, L.Şövkət və AXCP sədri Əli Kərimli kimi əsas siyasi fiqurlar İ.Qəmbərin yanında yer almadılar. Nəticə isə göz qabağındadır.

Son olaraq, prezident seçkiləri ilə bağlı müxalifət 2013-cü ildə Milli Şura adında qurumda birləşdilər. Bu dəfə namizəd seçimində ciddi səhvlərə yol verildi. Əvvəlcə,  Rusiyada yaşayan kinorejissor Rüstəm İbrahimbəyovun namizədliyi üzərində dayanıldı. Sonradan onun ölkəyə qayıdışının mümkünsüz olduğu anlaşıldı və bir deputat mandatına görə Ə.Kərimlinin yanından uzaqlaşaraq, Milli Məclisdə oturan tarixçi alim Cəmil Həsənlinin üzərində dayanıldı. Bu və ya digər səhvlər növbəti uğursuzluğu gətirdi.

İndi isə gözlər M.Akşenerin yaratdığı partiyadan  sonra Azərbaycan müxalifətinə dikilib. Türkiyədəki bu hadisənin təsirlərinin olub-olmayacağı, müxalifətin birlik üçün hansı addımları atacağı suallar doğurur.

Ümid Partiyasının sədri İqbal Ağazadə Azərbaycanda yeni bir siyasi qurumun yaradılmasına ehtiyac duymur: “Azərbaycanda kifayət qədər ciddi siyasi partiyalar var, yaranmaq istəyənlər də var. Ölkəmizdə baş verən proseslər geopolitik duruma, ölkə daxilindəki situasiyaya və digər dövlətlərin ölkəmizə olan münasibətinə çox bağlıdır. Biz Türkiyə kimi nəhəng dövlət deyilik ki, hər şey içərimizdə həll olunsun. Bu baxımdan yeni bir partiyaya ehtiyac olduğunu düşünmürəm. Əgər yeni bir siyasi qurum yaradılarsa, ora vaxtı ilə hakimiyyətdə təmsil olunan şəxslərin qoşula biləcəyini deyə bilmərəm, qoşula da, qoşulmaya da bilərlər. Meral Akşenerin yaratdığı partiyanın Azərbaycana təsir edəcəyini düşünmürəm. Azərbaycanda seçkilərə qədər yeni bir nüfuzlu siyasi partiyanın yaradılması çətindir. Ölkədə proses yoxdursa, ayrı-ayrı fərdlərin, qrupların edə biləcəyi çox az şey var”.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, vaxtı ilə iqtidarda təmsil olunan şəxslərin sonradan müxalifətdə siyasi partiyalar yaratma halları Azərbaycanda da olub: “İsgəndər Həmidov da Meral Akşener kimi Əbülfəz Elçibəy zamanında daxili işlər naziri idi. Sonradan Meral Akşener kimi partiya yaratdı. Azərbaycan bu baxımdan Türkiyəni qabaqlayıb. Əksinə Akşener Azərbaycanı yamsılayıb. Bu sıraya İlyas İsmayılov, Rəsul Quliyev, Lala Şövkət kimi isimlərin adlarını daxil edə bilərik. Azərbaycanda bir çox əsas siyasi partiyalar vaxtı ilə hakimiyyətdə təmsil olunan şəxslər tərəfindən yaradılıb. Meral Akşener o qədər də güclü siyasi qüvvə deyil. Sadəcə MHP daxilində olan bir qrup narazı kəsim partiya yaradıb. Türkiyə siyasətində ciddi yer tutacaqlarını düşünmürəm. Yəni bir şəxsin vaxtı ilə hakimiyyətdə təmsil olunması, sonradan yaratdığı partiyanın güclü və ya uzunömürlü olacağına dəlalət etmir. Azərbaycanda da belə olub. Rəsulzadənin birlik haqqında çox gözəl bir fikir var, deyir ki, birlik o yerdə yarana bilər ki, o birliyə daxil olanların hamısı eyni təhlükə ilə üz-üzə olsunlar. İnsanların maraqları müxtəlif olanda heç vaxt bir araya gəlməzlər. Azərbaycan müxalifətinin maraqları bir-birindən olduqca fərqlənir. 

Biz yaxşı bilirik ki, birlik yaratdığımız zamanlarda ölkənin əsas müxalif güc mərkəzinə çevrilmişik. Yalnız Etibar Məmmədov birliklərə qoşulmama siyasəti yürüdürdü. O da nəticəsi göz önündədir. AMİP olduqca zəifləyib. Real siyasi birliyin hazırda olmaması müxalifəti zəiflədən başlıca səbəbdir. Müxalifət bir araya gəlməsə, xalq da bir arada olmayacaq. Eləcə də, xalq bir arada olmadıqca ciddi siyasi nailiyyətlər qazanılmayacaq. Müxalifətin bir arada olmaması onu göstərir ki, Azərbaycanda demokratiya uğrunda mübarizə getmir. Hər şeyin adını demokratiya qoyanda demokratik mübarizə olmur ki, Xalqın iştirak etmədiyi heç bir şey demokratiya deyil. Əgər mitinqlərə xalq gəlmirsə, o demokratik mübarizə deyil”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar