Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nəsimi” stansiyasında bıçaq zərbələri - İstintaq yekunlaşıb

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə ittiham olunan Türkmənistan vətəndaşı 47 yaşlı Vahid Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

PİA.az Virtualaz.org-a istinadən xəbər verir ki, hadisə ötən il sentyabrın 4-də Bakı Metropoliteninin “Nəsimi” stansiyasında baş verib. Stansiyanın platformasında 47 yaşlı Elnarə Quliyevanı bıçaqlayan V.Abdullayev hadisə yerindən qaçmağa cəhd etsə də, polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayətə aparıb çıxaran səbəblər isə belə görünür ki, həm də yoxsulluq, işsizlik və evsizlik kimi sosial problemlər olub.

İstintaq araşdırıb ki, V.Abdullayevlə E.Quliyeva 1998-ci ildən qeyri-rəsmi olaraq bir yerdə yaşayıblar. 2014-cü ildən etibarən Elnarə Vahiddən ayrılıb. Vahid ona dəfələrlə zəng vuraraq barışmaq istəyib. Əks təqdirdə öldürəcəyi ilə hədələyib. Elnarənin “mənə heç nə edə bilməzsən” deməsindən və telefonu söndürməsindən əsəbləşən Vahid onunla haqq-hesab çəkmək qərarına gəlib. Evdən bıçaq götürüb, Elnarənin metropolitendə xadimə işləyən bacısı Şailənin yanına gedəcəyini güman edərək oraya yollanıb. Platformada pusquda dayanaraq onun qatardan düşməsini gözləyib. Qadına yaxınlaşaraq bayıra çıxmasını tələb edib, razılaşmadığını görəndə bıçaqla zərbələr endirib. Ətrafda qatar gözləyən şəxslər və polis əməkdaşları hadisəyə müdaxilə etdiklərindən onu Elnarəni öldürə bilməyib. E.Quliyeva təcili xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

“Elnarəylə ailə qurdum, onu özümlə Türkmənistana apardım”

Təqsirləndirilən Vahid Abdullayev ifadəsində ona elan olunan ittihamla özünü təqsirli bilməyib. İfadəsində Ucar rayonunda anadan olduğunu, 1978-ci ildən 2004-c ilədək Türkmənistanda yaşadığını, oradakı qohumlarından birinin vasitəsilə Elnarənin bacısı Şailəni tanıdığını deyib: “Şailənin vasitəsilə onun Azərbaycanda yaşayan bacısı Elnarəylə tanış olmuşdum. Onunla danışıb razılaşdıqdan sonra 1998-ci ildə Azərbaycana gəlib Elnarəni özümlə Türkmənistana aparıb ailə qurdum. Beş il orada yaşadıq. Birgə nikahdan 19 yaşlı oğlumuz var. Elnarə deportasiya olunduğuna görə oğlumla birgə Lənkərana – anasıgilə gəldi”.

Türkmənistanda həbs həyatı

Qonşu respublikada yaşadığı müddətdə V.Abdullayev iki dəfə - dövlət əmlakını taladığına və adam döydüyünə görə məhkum olunub. Ailə üzvləri Azərbaycanda yaşadığına görə Vahid də həbsdən çıxandan sonra onların ardınca vətənə köçüb, birlikdə müxtəlif ünvanlarda kirayə yaşayıblar. Fəhləlik etməklə ailəsini dolandıran Vahidin maddi vəziyyəti ağır olsa da həyat yoldaşının işləməsinə icazə verməyib: “Təbitcə qısqanc adamam. Arvadımla aramızda tez-tez mübahisələr olurdu. Beş bacısı bizim ailə işlərimizə müdaxilə edirdi. Ailəmiz onun bacılarının ucbatından dağıldı. Hətta Şailə rayonda anasının yanında olan Elnarəni yataqxanaya öz yanına köçürmüşdü. Həmin vaxtlar mən ustalıq edib rayona pul göndərirdim. Oğlum liseydə oxuduğuna görə xalasıgildə qalırdı. Anasının oraya köçməsini də oğlum mənə demişdi”.

“Dedim işləmə, hər gün sənə 20 manat verəcəyəm”

Vahidin ifadəsinə görə, arvadının paytaxta köçdüyünü eşidən kimi birbaş baldızı evinə gəlib. Mənzil sahibi yeznəsiylə mübahisə edib, onu tutduracağı ilə hədələyib, evdən qovub. Şailənin digər bacılarının ailəsini dağıtdığından öz ailəsinin dağılmasından ehtiyat etdiyini, bu səbəbdən də yaxınlıqda mənzil kirayələdiyini və kənardan arvadına nəzarət etdiyini deyib. Nəhayət, ər-arvad qutab satmaq üçün balaca bir obyekt götürüblər. Üç ay həmin obyekti işlədiblər. İcarə haqqını ödəyə bilmədiklərin obyekti təhvil veriblər. Elnarəylə belə razılığa gəliblər ki, sonuncu heç yanda işləməsin, hər gün ona 20 manat verəcək.

“Elnarə Şailənin evində qalırdı. İşim zəiflədiyi üçün ona 20 manat verə bilmirdim. O da mənimlə görüşməkdən yayınırdı. Axır vaxtlar mebel sexində fəhlə işləyirdi. Onun işləməsini istəmirdim. Bir neçə dəfə iş yerinə getdim, axtarıb tapmaq istədim, tapa bilmədim. Elnarə həmişə Şailənin xadimə işlədiyi “Nəsimi” metrostansiyasına gəlir, birgə evə gedirdilər. Elnarəylə təklikdə görüşüb söhbət etmək istəyirdim, neçə dəfə zəng vurdum, cavab vermədi”,-təqsirləndirilən şəxsin ifadəsində belə deyilir.

Zəng vurub deyir: “Səni harda tutsam öldürəcəyəm...”

Hadisədən bir neçə gün öncə Vahid Elnarəyə zəng vurub yenidən bir yerdə yaşamağı təklif edib, əks təqdirdə harada tutsa onu öldürəcəyini deyib. Elnarə isə onu cəsarətsiz olmaqda ittiham edərək ünvanına söyüş söyüb: ”Əsəbimdən telefonu yerə çırpdım. Elnarənin hərəkətləri məni daha da hiddətləndirdi deyə onunla haqq-hesab çəkmək qərarına gəldim. Kirayədə yaşadığım evi təhvil verdim, əşyalarımı torbaya yığdım və bıçaq götürüb evdən çıxdım. Elnarəylə söhbət etmək üçün iki gün “Nəsimi” metrosunun qarşısında müşahidə apardım, ərazidəki oturacaqlarda gecələdim”.

Vahid deyir ki, hadisə baş verən gün Elnarənin qatardan çıxdığını görüb. Ona yaxınlaşdıqda qadın platformada quraşdırılmış sütunun arxasında gizlənib. Arxadan yaxınlaşıb, əlini Elnarənin çiyninə qoyub və çölə çıxmasını tələb edib. Elnarənin ona “başımdan cəhənnəm ol” deməsi ilə Vahidin bıçağa əl atması bir olub. O, corabında gizlətdiyi bıçaqla qadına ardıcıl zərbələr endirib. Ətrafa yığışanlara “bu ailə məsələsidir, qarışmayın” deyib və yerə yıxılan Elnarəyə zərbə vurmaqda davam edib.

V.Abdullayev Elnarəni öldürmək niyyəti olmadığını, onu qısqandığını və qorxuzmaq üçün bıçaqla vurduğunu deyib.

Oğlu ilə kirayə qalıb, “peraşki” bişirib satıb...

Zərərçəkmiş Elnarə Quliyeva ifadəsində həyat yoldaşı Türkmənistanda həbs edildikdən sonra oğluyla birgə Azərbaycana deportasiya olunduqlarını, anası ilə birgə müxtəlif ünvanlarda kirayə yaşadığını, peraşki, mebel sexində fəhlə işlədiyini, ailəsini dolandırdığını göstərib.

“2005-ci ildə Vahid də Bakıya gəldi, bacılarımın vasitəsilə bizi tapdı. Təxminən bir ay bir yerdə yaşadıq. Heç yerdə işləmirdi deyə tez-tez mübahisələrimiz olurdu. Mebel sexində yemək bişirən işləyirdim, yanımda işə gedib-gəlirdi. Deyirdi ki, işləyib səni saxlayacağam. Amma işləmirdi, içki içir, evə söz-söhbət salırdı. Şailənin razılığı ilə onun kirayə qaldığı evə köçmüşdük. Bir dəfə Vahid evə bir kişi gətirdi, onunla içməyə başladı. Mənə də yemək hazırlamağı tapşırdı. Dedim ki, camaatın evinə niyə yad kişi gətirirsən. Vahid həmin kişinin yanında məni söydü və çıxıb getdi. Təxminən üç il onu görmədim”,-bıçaq zərbələrinə tuş gələn qadın ifadəsində deyib.

Üç ay sonra yenidən Vahidlə qarşılaşır...

Zərərçəkmişin ifadəsinə görə, üç il sonra yenidən Vahidlə qarşılaşıb. Bu dəfə əri ona artıq ağıllı-başlı adam olduğunu deyib və bir yerdə yaşamağı təklif edib: “Razılaşdım, təxminən 7 ay bir yerdə qaldıq. Oğlum 4-cü sinifdə oxuyurdu. Vahid bizi ac-yalavac saxlayırdı. Ev kirayəsini ödəyə bilmirdik. Məhəllədəki bütün dükanlara borcumuz vardı. Məcbur olub oğlumu da götürüb rayona anamgilə köçdüm. Oğlum rayonda məktəbi bitirdi. Bakı metropoliten liseyində təhsilini davam etdirdi. Bacım oğlumun təhsil almasına kömək eləyirdi, onun yanında qalırdı. Son üç ildə mən də bacımın yanına köçmüşdüm. Peraşki bişirmə yerlərində işləyirdim. Vahid yenə də gəlib məni tapır, iş yerimdə söz-söhbət yaradırdı. Artıq onun əlindən gizlənirdim ki, məni tapa bilməsin”.

“Deportasiya olunması üçün Miqrasiya Xidmətinə müraciət etmişdim”

Ərinin hədələrindən bezən E.Quliyeva polisə şikayət edib, Vahidin Azərbaycandan deportasiya olunması üçün Miqrasiya Xidmətinə müraciət ünvanlayıb: “Dəfələrlə zəng vurub mənə hədə-qorxu gəlirdi, öldürəcəyini deyirdi. Onun hədələrinə fikir vermirdim, çünki həmişə elə deyirdi deyə ciddiyə almırdım. Hadisə günü işdən çıxıb bacımın yanına gəldim. Vahid metroda məni görüb çölə çıxmağımı tələb etdi. Sonra bıçaqla vurdu. Polislər onu tutdular. Daha sonra özümdə olmadığıma görə baş verənləri xatırlamıram”.

İş məhkəməyə gedəndə isə vəziyyət dəyişib, zərərçəkmiş ərizə ilə məhkəməyə müraciət edərək V.Abdullayevlə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını deyib. Lakin məhkəmə qadının ürəyinin yumşalmasını nəzərə almayıb və Vahid Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar