Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Nə qədər uyğun şəkildə bir görüş keçirilmiş olsa belə,...” - Politoloqdan Tramp-Ərdoğan görüşünə şərh

Tramp-Ərdoğan görüşündən sonra Vaşinqton-Ankara strateji münasibətlərində yeni səhifə açıldı?

Politoloq: “Prezidentlərinin görüşünün müsbət məcrədə keçirildiyini demək olar. Amma bu anlaşma və razılaşmaların nə dərəcədə yerinə yetirilib-yetirilməcəyi məsələsi o qədər də güvənilir deyil”.

“Türkiyə düşmənliyində olan bir çox şəbəkələr Türkiyə-ABŞ arasındakı münasibətlərini yenidən gərgin müstəviyə daşımağa nail olub”.

Bu sözləri politoloq Natiq Miri dünən baş tutan Tramp-Ərdoğan görüşünü PİA.az-a şərh edərkən qeyd edib.

Noyabrın 13-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ştatlarda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirildi. ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə ilə 100 milyard dollarlıq ticarət anlaşması barədə razılıq əldə etdik.

Tramp öncə Ərdoğana Sərkan Kölgənin sərbəst buraxılmasından dolayı təşəkkür edib, bunun böyük jest olduğunu vurğulayıb. O, daha sonra Türkiyənin həm NATO, həm də ABŞ üçün mühüm müttəfiq olduğunu qeyd edib.

ABŞ lideri Suriyada mühüm addımların atıldığını və atəşkəs rejiminin nə qədər qarışıq olsa da, vəziyyətin yaxşılaşdığını söyləyib.

Tramp Türkiyənin S-400 almasının onlar üçün böyük çətinliklər yaratdığını, ancaq həll yolu tapmaq üçün hələ də danışıqların getdiyini deyib.

Ərdoğan da öz növbəsində ABŞ-la yeni səhifə açmağa hazır olduqlarını bəyan edib. O vurğulayıb ki, ABŞ-la Türkiyə İŞİD-i tamamilə məhv etmək üçün birgə çalışa bilər və bölgədə Amerikanın ən güvəndiyi ölkə Türkiyə olmalıdır.

Bundan başqa, Ərdoğan FETÖ-nun ABŞ-da da məhv edilməsi yönündə tələb və gözləntilərinin olduğunu bildirib.

PKK/YPG-nin düşərgələrindən qaçaraq Türkiyənin nəzarətindəki bölgələrə gələn qadın və uşaqların da olduğu 287 nəfəri yaxaladıq. Həmçinin Cerablusa 365 min suriyalının geri dönüşünü təmin etdik. “Sülh çeşməsi” əməliyyatı ilə şəhər və kəndlərə geri dönüşlər də başladı”, - Ərdoğan söyləyib.

Ərdoğan həmçinin qondarma erməni soyqırımı məsələsinə də toxunub:

“Nümayəndələr Palatasında 29 oktyabrda qəbul edilən qərarların türk millətini incitdiyini və münasibətlərimizə kölgə salmağı hədəflədiyini bildirdim. Alnımız ağ, başımız dik və özümüzə inamımız tamdır. Türkiyə bu mövzuda dialoqdan və azad müzakirə mühitindən yanadır”.

Demək olarmı ki, ABŞ-Türkiyə münasibətlərində son bir neçə ildə meydana çıxan problemlərin arxada qalxdı və Vaşinqton-Ankara strateji münasibətlərində yeni səhifə açıldı?

Mövzunu PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Gələcək prespektivdə Türkiyəyə qarşı sanksiya tətbiq olunarsa, bu ikili münasibətlərə ciddi zərbə vuracaq”.

Bu görüşün Türkiyə-ABŞ arasında gələcək münasibətlər nöqteyi nəzərindən çox həll edici olduğunu deyən politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, S-400 və F-35 məsələsində ABŞ Türkiyənin qarşısına konkret tələblər qoyub. Amma Türkiyə bu tələbləri qəbul etməyib. Çünki bu tələblər S-400 alınmış olsa belə, onların müəyyən regionlarda yerləşdirilərək aktivləşdirilməməsi anlamına gəlir:

“Görüşün konkret nəticələri ilə bağlı hələlik ciddi açıqlamalar mövcud deyil. Amma bildiyimiz kimi bu görüş bir növ Türkiyə-ABŞ arasında gələcək münasibətlər nöqteyi nəzərindən çox həll edici görüş sayılırdı. Çünki bu vaxta qədər bir neçə məsələdə iki dövlət prezidenti arasında müəyyən razılaşmaların olmasına baxmayaraq hələ də Türkiyə düşmənliyində olan bir çox şəbəkələr Türkiyə-ABŞ arasındakı münasibətlərini yenidən gərgin müstəviyə daşımağa nail olub.

Məlumdur ki, Türkiyə ilə ABŞ arasında Suriyanın şimalından PKK, YPG terrorçularının çıxarılması ilə bağlı 13 maddəlik anlaşma sənədi mövcud idi. 120 saat ərində PKK, YPG terrorçularının bu ərazilərdən tamamilə çıxarılmasını üzərinə öhdəlik götürən ABŞ göründüyü kimi buna nail ola bilmədi. Yenə də həmin ərazilərdə PKK, YPG terrorçuları mövcuddur və zaman-zaman həm Türkiyə ordusuna, həm də Suriya milli ordusuna hərbi təxribatlar, yaxud da hücum xarakterli əməliyyatlar keçirilər. Düşünürəm ki, bu məsələ prezidentlərin görüşündə ciddi müzakirə obyekti olub. Bir çox faktlar ABŞ prezidentinin qarşısına qoyulub.

Həmçinin məlumdur ki, bu konteksdə YPG-nin lideri sayılan və ABŞ rəsmilərinin general Məzlum Kobani adlandırdığı Abdi Şahinin həbs olunaraq Türkiyəyə təhvil verilməsi tələb olunacaq. Çünki ABŞ-ın gündəliyində bu terrorçunun ABŞ-a rəsmi səfəri gözlənilirdi. Bu da əslində terrorçuluğun ABŞ səviyyəsində leqitimləşməsi anlamına gəlir və bir terrorçunun ABŞ səviyyəsində qəbul olunması absurt olduğu qədər də beynəlxalq hüquqa tüpürmək anlamına gəlir.

Natiq Miri: “ABŞ Konqresində “qondarma erməni” soyqırımı ilə bağlı qərar qəbul olundu. Bu qərar təbii ki, hüquqi bir qərar deyil. Bu siyasi qərardır və bu qərar konkret şəbəklərin geosiyasi maraqlarına bilavasitə xidmət edir”.

Ayrıca əgər bu gün İŞİD terrorçularının başçısı Əbu Bəkr Bağdadinin öldürülməsi ilə fəxr edən ABŞ çox maraqlıdır ki, başqa bir terror təşkilatının başçısı Abdi Şahini general statusu ilə (Abdi Şahinin bu gemerallığı harada aldığı hələ heç kimə bəlli deyil) ABŞ-a dəvət edirlər. Türkiyə də terrorçu başının ABŞ-a səfər etdiyi təqdirdə həbs olunub Türkiyəyə təhvil verilməsini tələb edəcək. Düşünürəm ki, bu məsələ də prezidentlərin görüşündə müzakirə mövzusuna çevrilib.

Konkret isə hansı nəticələrin olacağını gələcək prespektivdə görəcəyik. Mən ona görə belə deyirəm ki, bildiyimiz kimi zaman-zaman ABŞ rəsmilərinin, eyni zamanda prezident Trampın Türkiyəyə verdiyi bir çox söz və vədlər var. Amma maraqlıdır ki, sonradan bu vədlər yerinə yetirilməyib. Necə ki, təhülkəsizlik bölgədən PKK, YPG tamamilə çıxarılmadısa, necə ki, ABŞ qoşunları Suriyadan çıxarılaraq yenidən neft bölgələrinə qaytarıldısa, bu söz də verilsə, açığı bunu ABŞ-ın yerinə yetirib yetirməyəcəyini sonrakı proseslər göstərəcək.

ABŞ Konqresində “qondarma erməni” soyqırımı ilə bağlı qərar qəbul olundu. Bu qərar təbii ki, hüquqi bir qərar deyil. Bu siyasi qərardır və bu qərar konkret şəbəklərin geosiyasi maraqlarına bilavasitə xidmət edir. Bu məsələnin arxasında dayanan birbaşa türk düşmənliyi ilə bəhrələnən və Türkiyəyə qarşı düşmənçilik mövqeyində olan insanlar durur. Hesab edirəm ki, bu məsələ də iki prezident arasında ciddi müzakirə olub və konkret sənəd, faktlarla Trampa bu məsələ tamamilə aydınlaşdırılıb. Amma bu o demək deyil ki, Nümayəndələr Palatası bu qərarı geri çəkəcək. Ən azından Senat səviyyəsində bu qərarın qəbul olunmaması ilə qərarın keçərliliyinin qarşısı alınacaq.

Doğrudur bu qərar hüquqi deyil və məcburi şəkildə bu qərarın Türkiyə tərəfindən qəbul edilməsi deyə hər-hansı məsələ deyil. Amma hər bir halda bu məsələnin beynəlxalq ictimai rəydə leqitimləşdirməklə Türkiyə əleyhində beynəlxalq rəy formalaşdırlır ki, bu da heç bir həqiqətə söykənmir. Çünki heç kəsə sirr deyil ki, 20-ci əsrin əvvələrində əslində Türkiyə Birinci Dünya Müharibəsinə qoşulduğu üçün əsasən o bölgələrdə kişilər əsgəri xidmətdə olduğu üçün erməni terrorçuları daha çox qadın, qoca və uşaqları tamamilə məhv ediblər. Düşünürəm ki, bu faktlar sənədlərlə prezident Trampa çatdırırlıb.

Natiq Miri: “Sanksiya məsələsi Konqresdə müzakirə predmeti olduğu təqdirdə Trampın dediyi hələ də havadan asılı vəziyyətdə qalmaqda davam edir”.

Bundan başqa Türkiyə ilə ABŞ arasında bir anlaşma var. Bu anlaşmanın yerinə yetirilməsi növbəti dəfə ciddi müzakirə olunub. Bu da ticarət əməkdaşlığı məsələsində əməkdaşlığı 100 milyard dollar civarına çatdırmaqdan ibarətdir. Bunun üçün Türkiyənin ticarət naziri prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə nümayəndə heyətinin tərkibindədir. Bu məsələ müzakirə olunub və gələcək prespektivdə ticarət əməkdaşlığını 100 milyard dollar səviyyəsinə çatdırılması məsələsi müzakirə olunub.

Prezidentlər arasında Türkiyənin F-35 qırıcı təyyarə proqram layihəsindən çıxarılması məsləsi də müzakirə olunub. Bu məsələdə ABŞ Türkiyənin qarşısına konkret tələblər qoyub. Amma Türkiyə bu tələbləri qəbul etməyib. Çünki bu tələblər S-400 alınmış olsa belə, onların müəyyən regionlarda yerləşdirilərək aktivləşdirilməməsi deməkdir. Türkiyənin təhlükəsizliyini, xüsusilə də havadan təhlükəsiziliyini yenidən təhdid altında qoyduğu üçün Türkiyə bu tələbləri qəbul etməyib.

Ayrıca Türkiyə bunun müqabilində Patriot raketlərini Türkiyənin maraqları çərçivəsində (əgər ABŞ-Türkiyəyə satmağa razılıq verərsə) alınması məsələsini gündəmə gətirib. Təbii ki, bununla bağlı Trampın müəyyən vədləri və sözləri olmuş olsa da, gələcək prespektivdə bunun belə olub-olmayacağı sual altındadır. Çünki bu məsələ təkcə ABŞ prezidentinindən asılı olan məsələ deyil. Bu gün yenə də Konqres səviyyəsində Türkiyəyə iqtisadi sanksiyaların tələb olunması məsələsi gündəmədir. Yəni bu sanksiya məsələsi Konqresdə müzakirə predmeti olduğu təqdirdə Trampın dediyi hələ də havadan asılı vəziyyətdə qalmaqda davam edir.

Natiq Miri: “Nə qədər uyğun şəkildə bir görüş keçirilmiş olsa belə, gələcək prespektivdə ciddi proqnozlar vermək çox çətindir”.

Ən nəhayət gələcək prespektivdə Türkiyəyə sanksiya tələb olunarsa, bunun ikili münasibətlərə ciddi zərbə vurması demək olacaq. Eyni zamanda bu sanksiyaların təkcə Türkiyə üçün deyil, həm də ABŞ üçün zərərli olacağı Trampın nəzərinə çatdırılıb.

Bütün bunlara görə prezidentlərinin görüşünün müsbət məcrədə keçirildiyini demək olar. Amma bu anlaşma və razılaşmaların nə dərəcədə yerinə yetirilib-yetirilməcəyi məsələsi o qədər də güvənilir deyil. Çünki Tramp xarakter nöqteyi nəzərindən güvənilir bir prezident, siyasətçi deyil. Həm də Trampa həm Konqres, həm də Pentaqon səviyyəsində çox ciddi basqıların, təzyiqlərin olduğunu da bilirik. Buna görə də nə qədər uyğun şəkildə bir görüş keçirilmiş olsa belə, gələcək prespektivdə ciddi proqnozlar vermək çox çətindir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ən çox oxunanalar