Bazar, 25 Avqust 2019
USD : 1.7
EUR : 1.9178
Hava
+29 ° Baku
+31 ° Quba
+23 ° Qusar
+32 ° Gəncə
+28 ° Lənkəran
+30 ° Naxçıvan
+35 ° Salyan
+32 ° Şəki

Nazir Bakıda “pul ağacı” aldı, evində bərəkət kəskin artdı…

Azərbaycanda ilk dəfə Respublika Sənətkarlıq Festivalı keçirilir. Ayın 3-dən başlayan festivalda ölkənin müxtəlif bölgələrindən olan 60-dan çox sənətkar əl işlərini nümayiş etdirir

Sərgi-satış yarmarkasında “xalçaçılar kəndi”, “dulusçular məhəlləsi”, “misgərlər qəsəbəsi” və bu kimi güşələr yaradılıb. Digər sərgi-satış yarmarkalarından fərqli olaraq bu dəfə nə satıcılar, nə də alıcılar narazı görünmürlər, baxmayaraq ki, qiymətlər çox da ucuz deyil.

"Kaş kənddə bu mənzərəni görəydilər..."

Astaralı sənətkar Rüfət Rzayev həsirin üstündə oturub həsirdən zənbil toxuyur. Deyir ki, 1968-ci ildə anası ilə Bakıya gəlib, anasına həsir zənbil götürdüyünə görə “kəndçi” dediklərini hələ də unutmayıb. Amma indi dəblə uyğunlaşan gənc qızlar həsirdən toxunan çanta sifariş edirlər, o da üstünə bir qədər bəzək vurub satır. “Dünən bir qadın gəlmişdi, dedi ki, gördüyünüz bax bu zənbili 30 ildir götürür, indi qulpu qopub, təmir edib verəcəm”.

Usta əlavə edir ki, kəndlərdə iş var, sadəcə çoxları özünü əziyyətə salmaq istəmir. Boş-boş çayxanada vaxt keçirməkdənsə həsirdən zənbil, kilim, papaq toxuyub sata bilərlər. “Otururam televizorun qarşısında zənbilimi toxuyuram. Həm ekoloji təmiz maldır, həm daim hərəkətdəyəm,xəstələnmirəm, həm də çörək pulumu qazanıram”.

Amma Rzayev həsir sənətinin getdikcə sıradan çıxmasına təəssüflənir. Deyir ki, Astarada bu işlə məşğul olanların sayı azalır. Çünki sənət, sənətkar təbliğ olunmur. Halbuki Bakıdakı mağazalarda xaricdən gətirilən həsir çantaların qiyməti əl yandırır.

“Televiziyada mənasız verilişlər verirlər. Kəndlərdə kimin nəyinə lazımdır hansı müğənni neçə dəfə ərə getdi, ərəb Bakıda neylədi? Bizim sənətimizi, sənətkarları göstərsinlər, cavanlar da sənətə təlabat olduğunu inansınlar, zəhmətlə məşğul olsunlar. Bəzən olur ki, zənbili ərzağa dəyişirəm. Hamı ali məktəbə girə bilməz, amma sənət öyrənib ailə dolandırmaq olar, yetər ki, zəhmət çəkələr”,-usta deyir.

Və zənbillərdən bir neçəsini satır. Alıcılardan biri əcnəbidir, şlyapanı başına qoyub müxtəlif pozada şəkil çəkdirir. Usta gülür, deyir ki, kaş kənddə bu mənzərəni görərdilər.

Həsir zənbillər baha deyil, ölçüsünə görə 3 manatdan 20 manatadəkdir.

15 min manatlıq əsəri hansı biznesmen aldı?

1-ci qrup əlil Aybəniz Nəsirova isə kətan üzərində toxuduğu əl işlərini sərgiyə çıxarıb. Deyir ki, 9 yaşından bu sənətlə məşğuldur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsərləri İsveçrədə sərgiyə çıxarılıb və Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının qızıl medalı ilə təltif olunub: “Əsərlərin satışından 2100 manat qazandım, 1000 manat da medala görə verdilər”.

Nəsirova satışdan şikayətçi deyil, deyir ki, hətta satış onu çox da maraqlandırmır, əl işlərinə qiymət verilməsi yetərlidir. Bu dəfəki festivala çıxardığı əsərləri içərisində yun sapla toxunmuş Azərbaycan bayrağı da var. Elə ziyarətçilərin əksəriyyəti də məhz bayraqla maraqlanır, şəkil çəkdirirlər. Ən bahalı əsəri isə kətan üzərində toxuduğu “Sarı gəlin”dir. “Baxın tacın, kəmərin, bəzək əşyalarını muncuqla işləmişəm. Əsərin birini azərbaycanlı bisnesmen 15 min manata aldı, digəri hələ satılmayıb”,-Nəsirova şəkilləri göstərir.

1ci qrup əlil Mehriban Məcidova isə toxuduğu gəlincikləri, əşyaları satışa çıxarıb. Deyir ki, bu sənəti internetdən öyrənib, toxuyub satır, öz xərclərini çıxarır. “Qadınlar qrupu var, sərgi olan kimi bir-birimizə xəbər veririk”.

Şəbəkə sənəti

Şəkidən gələn usta Soltan İsmayılovun isə şəbəkə sənəti nümayiş olunur. Şəbəkə tərcümədə hörümçək toru mənasını verir. Sənətkar həvəslə işləri haqda məlumat verir: “Şəbəkə təbiətdən götürülən elementlərdir. Daha çox kafe, restoran, muzeylər və məscidlər üçün alırlar. Sakit aura yaratdığı üçün alıb evinə qoyanlar da var”.

Əsərlərin əksəriyyəti 500 manatdan bahadır.

Xaçmazdan gələn usta isə əlvan metal üzərində döymə üzrə ixtisaslaşıb. Deyir ki, hətta respublikada yalnız özü bu sənətlə məşğuldur. Əl işləri dünyanın 42 ölkəsinə çıxarılıb.

11 min kibrit çöpündən hazırlanan “ev”

Şəmkirli sənətkar Aruzun ən maraqlı və diqqətçəkən əl işlərindən biri 11 min ədəd kibrit çöpündən hazırlanmış Kəbə ziyarətgahının maketinidir. Qiyməti 1000 manat olan bu sənətkarlıq nümunısinə usta təxminən 1 ay vaxt sərf edib.

Həmsöhbətimiz deyir ki, əl işlərinə daha çox işin incəliyindən xəbərdar olan sənətkarlar dəyər verir. Alıcılar isə bahalıqdan şikayət edir. Aruzun sözlərinə görə, peşəkar əl işinin hazırlanması üçün aylarla vaxt sərf etmək lazım gəlir. Bu işdən hər ay qazanc gözləmək isə sadəlövhlükdür, ən yaxşı halda 3-4 aya bir əsər satmaq olar. Ən çox əmək sərf elədiyi isə qeyri-adi piramidadır. Hazırda sərgidə nümayiş olunmayan əsərin yalnız şəklini görməklə kifayətlənirik. Usta deyir ki, gözünün nurunu qoyduğu bu əl işini dəyərindən aşağı qiymətə satmağa əli gəlməyib. Ona görə də əsərə nə az, nə çox, 3 min manat qiymət qoyub. Amma hələ ki, zəng edib maraqlanlar var, real alıcı isə yoxdur. Festivala çıxardığı “Qız Qalası”nı 9 gün gecələr yatmadan hazırlayıb, buna görə də 900 manatdan aşağı satmaq niyyəti yoxdur.

Gədəbəyin Slavyanka kəndindən gəlmiş Vüqar Əliyev isə ağac üzərində oymalar, taxtadan kiçik suvenirlər hazırlayır. Dediyinə görə, əl işlərinə rayonda da maraq böyükdür. Məsələn, əhali yaşadığı rayonda sevimli musiqi aləti olan sazın kiçik suvenirlərini həvəslə alır. Vüqar deyir ki, əsərlərini bu ay Gədəbəy rayonunda keçiriləcək “Yaylaq festivalında” da nümayiş etdirmək niyyətindədir.

Nazir “pul ağacı” aldı, çox məmnun qaldı...

Sərgidə ən çox diqqət cəlb edən köşələrdən biri də ağdaşlı rəssam Məlahət İsmayıla məxsusdur. O, peşəkar rəssam olmaqla yanaşı həm də qeyri-adi əl işlərinin müəllifidir. Dediyinə görə, əsərlərinə müştəri çıxanlar arasında xeyli tanınmışlar, hətta nazir də var.

“Mədəniyyət naziri Əbülfəs Qarayev sərgilərdən birində “Pul ağacı” adlanan rəsm əsərimi bəyənmişdi. Onu nazirə hədiyyə etdim, dedim ki, bu əsər evinizə bərəkət gətirəcək. Dünən sərginin açılışına gələndə təsdiqlədi ki, həqiqətən bu əsər gələndən sonra bərəkəti artıb”,-M.İsmayıl əlavə edir.

Rəssam Ağdaş rayonunda emalatxanası, tələbələri olduğunu, tez-tez sərgilər təşkil etdiklərini deyir. “Yaxşı qazancım da olur, narazılığım yoxdur. Rayonda yaşasam da, alıcılarım var”.

Avarçəkmə üzrə paralimpiyaçı Asif Qasımov da sənətkarlar arasındadır, ağacdan hazırlanmış müxtəlif əl işlərini nümayiş etdirir. Onun sözlərinə görə, taxta üzərində işlərə zaman sərfi başqa incəsənət növləri ilə müqayisədə daha çoxdur. “Çünki bu işlər mərhələ-mərhələ həyata keçirilir. Məsələn, ağacı özümüz tapırıq, onu doğrayırıq, dərmanlayırıq, yonuruq. Bütün bu işlər də xeyli vaxt aparır. Digər növlər, məsələn, toxuma işi bundan xeyli asandır, sadəcə ipi alıb başlamaq lazımdır”.

Qiymətlərə gəlincə isə, həmsöhbətimiz deyir ki, xarici ölkələrlə müqayisədə qiymətlər çox münasib olsa da, alıcılar daha ucuz əl işi axtarırlar: “Mənim 35-40 manata satdığım əl işlərinin eynisi mağazalarda, muzeylərdə 120-150 manata satılır. Oradan alırlar, amma bizdən almırlar. Ola bilər ki, alıcılara bu işlər baha görünə bilər, əslində biz zəhmətimizin qarşılığında qiymətləri çox ucuz qoyuruq ki, hər kəs ala bilsin”.

Festival iyulun 7-dək davam edəcək.(virtualaz.org)

pia.az

 

Etiket: Festival

Şərh yazın.

loading...