Bazar ertəsi, 20 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

NATO tarixinin ən gərgin sammiti – ABŞ və Avropa arasında uçurum daha da dərinləşir

NATO-nun Londonda keçirilən növbəti sammiti başa çatdı. Bu sammitdən öncə NATO liderləri arasındakı qarşılıqlı sərt ittihamların şahidi olduq...

Londonda diqqətlər əsasən üç ölkəyə - ABŞ, Türkiyə və Fransaya yönəlmişdi. Bəlkə də, bu, alyansın tarixində yaşanan ən gərgin zirvə toplantısıydı.

Makronun sammit öncəsi sözləri kəskin narazılıq yaradıb.

Amerika prezidenti Trampla Fransa prezidenti arasında bağlı qapılar arxasında keçən 20 dəqiqəlik görüş hamıda böyük maraq doğurdu. Yəqin ki, onlar arasındakı söhbət - Makronun sammitdən öncə dediyi sözlərə aydınlıq gətirməsi və həmçinin də Baltik ölkələriylə əlaqədar layihə üzərində köklənmişdi. Belə ki, Fransa prezidenti sammitdən əvvəl “The Economist” jurnalına verdiyi müsahidə demişdi ki, NATO-nun “beyni ölüb”.

Makron, bununla nə demək istəyirdi? “Beyin” deyəndə ABŞ-ı nəzərdə tutub? Yəni, onun sözlərindən belə çıxır ki, ABŞ bir mərkəz kimi öz funksiyasını yerinə yetirə bilmir? Ola bilər ki, Makron Amerikadan qurtulmaq üçün bu kəlimələri işlədib. Axı, artıq 20 ilə yaxındır ki, Fransa və Almaniya Avropa ordusu qurmaq istəyir. Çünki onlar SSRİ dağlandan sonra Amerikaya gərək görmürlər. Hər halda Makronun bu sözləri Trampın heç ürəyincə deyildi. 

NATO-nun baş katibi Yens Stoltenberq Makronun sammit öncəsi sözlərindən bərk qəzəblənib və bu, onun Fransa prezidentinin fikirlərini şərh etməsindən də görünür. Stoltenberq Fransanın “Le Figaro” qəzetinin əməkdaşıyla söhbətində deyib: “Bu, çox təhqiredicidir. Fransada yüksək işsizlikdir. Belə bir problemi olan ölkə üçün bu, çox sərt bəyanatdır. Bu cür şərhlər vermək olamaz. Çox hörmətsilikdir. Hamıdan çox Fransanın NATO-ya ehtiyacı var. Belə bəyanatlar xeyli dərəcədə təhlükəli ola bilər”.

Trampla Makron öz aralarında keçiridikləri qısa danışıqdan sonra jurnalistlərin suallarına cavab veriblər. Makron maliyyə yükünün bölünməsi məsələsindəki əsas müddəaların aydın olmamasından şikayətlənib. Fransız lider deyib ki, bizim ümumi düşmənimiz terrorizmdir, lakin bizim terrorizmin müəyyənləşdirilməsindəki düşüncələrimiz fərqlidir. Əlbəttə, bu sözlərlə o, Türkiyəyə ehyam vurub.

Tramp deyib ki, o, Fransanın Malidə terrorçulara qarşı apardığı əməliyyatlardan məmnundur və orada həlak olan əsgərlərin xatirəsini uca tutur. Tramp söyləyib ki, bu gün NATO üç il bundan öncəsindən daha güclüdür. Tamp dolayı yolla bununla özünün xidmətlərini yada salıb. Əlavə olaraq, ABŞ prezidenti, Makronun Rusiyanın NATO-nun rəqibi olmamasıyla bağlı fikrini belə şərh edib: “Mən onun həqiqətən də buna inandığını düşünmürəm”.

Söhbət Suriya məsələsinə keçəndə maraqlı vəziyyət yaranıb. Tramp deyib: “Biz xeyli sayda “İŞİD” döyüşçüsü yaxalamışıq. Onların arasında fransız, alman, britaniyalı var... Əksəriyyət avropalıdır. Mən hələ prezidentlə bu barədə danışmamışam: Siz İŞİD döyüşçülərinin geri qaytarılmasınımı istəyirsiniz?”

Makron isə əvəzində söyləyib: “Gəlin ciddi olaq. Həqiqətən də Suriyada xarici yaraqlılar var, amma onlar azlıqdadır. Ən başlıca iş – “İŞİD”-in bitirilməsidir”.

Tramp isə mətləbə qayıdaraq deyib: “Bax, ona görə, o, müdrik siyasətçidir. Bu, cavabdan gözəl qaçışdır...”

Tramp İrandakı iğtişaşlar barəsindəki suala konkret olaraq cavab vermək istəmədiyini bildirib.

Türkyə ilə bağlı məsələ
Sammitdən bir qədər öncə Emmanuel Makron Türkiyənin S-400 raketləri almasına sərt münasibət bildirmişdi:“NATO üzvü olan ölkə necə S-400 ala bilər? Texniki baxımdan bu mümkün deyil”.

Amma məsələnin kökündə heç də Türkiyənin S-400 raketləri alması durmayıb. Fransa prezidenti ilk olaraq Rusiya raketlərindən söz salsa da, ancaq sonradan əsas marağını ortaya qoyub.

Onun narahatlığı Türkiyənin Suriyaya girməsiylə bağlıdır və ona görə də, YPG-ni terror təşkilatı adlandırmaqdan qaçır. Makron bu məsələylə əlaqədar deyib: “Ərdoğan istəyir ki, Suriyada onun hücuma məruz qoyduğu kürd dəstələrinə terror qrupu kimi baxılsın. Biz bu müəyyənləşdirməylə razı ola bilmərik”. 

Ancaq Fransa prezidenti sammitdə geri addım atmağa məcbur oldu. O, Türkiyə barəsində “Türkiyə böyük ölkədir və mənim türk xalqına dərin hörmətim var” sözlərini söyləyib. Sammitdə Ərdoğan liderlərə Türkiyə kommunikasiya departamenti tərəfindən dörd dildə hazırlanmış “Türkiyə - strateji alyansın güclü üzvü”, ”Türkiyənin terrorizmlə mübarizəsi” və “Suriyada yeni həyat” kitablarını təqdim edib.

Türkiyə prezidenti sammitdə YPG və PYD-nin terror təşkilatı adlandırılmasını istəyib. Lakin təbii ki, Ərdoğan çox gözəl bilirdi ki, NATO liderləri bu addımı atmayacaq, amma Türkiyə onlara qarşı güclü təzyiq mexanizmini işə saldı. Türkiyə sammitdən əvvəl bildirmişdi ki,əgər YPG/PYD terror təşkilatı kimi təsbit olunmazsa, onda o, Baltik ölkələriylə bağlı qərara veto qoyacaq. Ancaq sammitdə bu qərara qarşı veto qoyulmasa da, hər halda Türkiyə NATO-ya göstərdi ki, həmişə sizin zəif yerinizdən vuracağam.

Ümumiyyətlə isə, NATO sammiti oradakı ciddi böhrandan xəbər verir. Belə görünür ki, Amerika ilə Avropa arasında dərin fikir ayrılığı var. Kimin kimə nə deməsi, əslində ikinci dərəcəli məsələ kimi dəyərləndirilməlidir. Bu, mənzərənin yalnız zahiri görüntüsüdür, arxa planda razılaşdırılmamış hesablar var. Trampla Makronun jurnalistlərlə görüşündə diplomatiya, sanki bir kənara itələnmişdi.

 

Bəs, ziddiyyətin kökündə nələr dayanır? Əlbəttə, əgər mövzuya hərtərəfli yanaşsaq, gərək ən azından gedək çıxaq SSRİ-nin dağılmasına. Sovetlər dağılandan sonra artıq NATO-nun əvvəlki aktuallığı sarsılmağa başlamışdı. 

Avropanın iki böyük gücü var - Fransa və Almaniya. Almaniya iqtisadi, Fransa isə siyasi lokomativ rolunu oynayır. Fransa danışırsa, bu o demək deyil ki, Almaniya susur. Sadəcə siyasi müstəvidə Fransa önə verilir. Almaniya Rusiya ilə daha yaxın əlaqələr qurmaq niyyətindədir. ABŞ bunu bilir və ona görə də, Polşa və Baltik ölkələriylə bağlı yeni tədbirlər planı hazırlayır. Məqsəd həmin ölkələrin ərazisinə əlavə gücləndirilmiş hərbi kontingent yeritməkdir.

Vaqif NƏSİBOV

AzPolitika.info

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.


loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay