Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Natiq Miri: “Nəzarət etmədiyimiz ərazilər faktiki olaraq bizim deyil” - Müsahibə

Politoloq: “Lavrovun bu hədsiz açıqlamalarına Azərbaycan dövləti, xüsusilə Xarici İşlər Nazirliyi adekvat cavab verməlidir”.

“Lavrovun Laçın dəhlizinin mövcudluğu və orada Rusiya sülhməramlılarının bilavasitə prosesə nəzarət etməsi, eyni zamanda Ermənistandakı dövlət rəsmilərinin heç bir problem olmadan, yəni Azərbaycan dövlətindən icazə almadan Qarabağa çox rahatlıqla gəlib-getmələri ilə bağlı açıqlaması əlbəttə ki, Azərbaycan ictimaiyyətini hiddətləndirir”.

Bu sözləri politoloq Natiq Miri Lavrovun dünən Qarabağla bağlı səsləndirdiyi PİA.az-a şərh edərkən söyləyib.

Bazar ertəsi keçirilən mətbuat konfransında RF XİN başçısı Sergey Lavrov bildirib ki, Dağlıq Qarabağın statusu məsələsindən üç liderin 9 noyabr tarixli birgə bəyanatında qəsdən bəhs edilməyib. Regionun statusu məsələsi ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri məşğul olacaq.

“Dağlıq Qarabağın statusu məsələsi, Yerevanın və Bakının mövqelərini götürsək, ziddiyyətlidir, buna görə də üç lider bu məsələnin üstündən keçmək və onu gələcəyə saxlamaq qərarına gəlib”, deyə Lavrov qeyd edib.

Diplomat əlavə edib ki, Dağlıq Qarabağın statusunun müzakirə edilməsi gələcəkdə mümkün olacaq və bu mövzuya hələ qayıdılmalıdır, amma hazırda bunun vaxtı deyildi.

“Çox ümid edirəm ki, indi emosiyalar ikinci plana keçiriləcək. Yeri gəlmişkən, bəlkə də buna görə indi Dağlıq Qarabağın statusu mövzusunu prioritet kimi irəli sürmək üçün heç də yaxşı vaxt deyil.

Statusa qayıtmaq lazımdır və əsas odur ki, bu məsələ ilə bağlı ErmənistanAzərbaycan arasında regionda bərpa edilməli olan yaxşı qonşuluğa əsaslanan konkret, sakit hüquqi müzakirələr aparılsın”, deyə Lavrov qeyd edib.

Lavrovun Qarabağ haqqında açıqlamaları ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miriylə müsahibə edib.

Natiq Miri: “Bu gün bizim Laçında heç bir sərhədimiz yoxdur”.

PİA.az Natiq Miri ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Natiq bəy, Lavrovun dünənki Qarabağ açıqlamalarını necə dəyərləndirərdiz? Bu açıqlamalar Qarabağın gələcəyi üçün nikbin olmağa əsas verirmi?

- Lavrovun Laçın dəhlizinin mövcudluğu və orada Rusiya sülhməramlılarının bilavasitə prosesə nəzarət etməsi, eyni zamanda Ermənistandakı dövlət rəsmilərinin heç bir problem olmadan, yəni Azərbaycan dövlətindən icazə almadan Qarabağa çox rahatlıqla gəlib-getmələri ilə bağlı açıqlaması əlbəttə ki, Azərbaycan ictimaiyyətini hiddətləndirir. Çünki bu açıqlama əslində qanundan kənar açıqlamadır. Əgər Laçın da daxil, Qarabağda mövcud olan digər ərazilər beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi qəbul edilirsə və bunu bilvasitə Rusiyanın prezidenti Vladimir Putin də təsdiq edirsə, onda Azərbaycanın icazəsi olmadan hər-hansı bir xarici ölkənin rəsmilərinin əlini-qolunu sallayaraq Azərbaycan sərhəddindən keçərək Azərbaycana daxil olması absurd olduğu qədər, həm də qanunsuzdur. Bu hədsiz açıqlamadır.

- Rusiya rəsmisinin Azərbaycan əraziləri haqqında bu cür hədsiz açıqlamalar verməsində günahkar varmı?

- Bu məsələdə Azərbaycan hakimiyyətinin də böyük yanlışı var. Çünki 10 noyabr bəyanatını imzalayarkən çox maraqlıdır ki, Azərbaycan tərəfi Laçına olmayan bir statusun verilməsinə razı olub. Bildiyimiz kimi sənəddə Laçın dəhlizi deyilən bir dəhliz nəzərdə tutulub. Ancaq danışıqlar prossesində belə bir dəhliz statusunun Laçına verilməsi Azərbaycan dövləti tərəfindən heç bir zaman qəbul edilməyib.

Natiq Miri: “Bu gün Mehri dəhlizi hələ açılmadan və bunun gələcək perspektivi qeyri-müəyyən ikən Laçına dəhliz statusu verməklə, paralel olaraq bu dəhlizi Rusiya qoşunlarının nəzarətinə verməklə əslində nə boyda səhvə yol verdiyimizi anlamış olduq”.

Bu məsələ bir vaxtlar müzakirə obyekti olub. Xatırlayırsınızsa, Madrid prinsipləri çərçivəsində 5+2 rayonunun qaytarılmasından sonra bütün kommunikasiya və sərhədlərin açılması nəzərdə tutulurdu. Burada da Laçın dəhlizi kontekstində bir neçə kilometr uzunluğunda dəhliz nəzərdə tutulurdu. Bu dəhlizə də bilvasitə sülhməramlıların nəzarəti düşünülürdü. Amma bu ATƏT-in Minsk qrupu həmsədr dövlətlərinin verdiyi təklif idi və bundan ötəsi deyildi.

Çox maraqlıdır ki, bu sənəd birmənalı olaraq AzərbaycanErmənistan dövlələrti tərəfindən qəbul edilməmişdi. Danışıqlar masasında qəbul edilməyən dəhliz məsləsini 9 noyabr gecəsində Azərbaycan tərəfi çox rahatlıqla qəbul etdi. Bunu da guya Naxçıvanla Azərbaycanı birləşdirəcək Mehri dəhlizinin paralel olaraq yaradılması ilə kompensasiya etmiş oldular. Bu gün Mehri dəhlizi hələ açılmadan və bunun gələcək perspektivi qeyri-müəyyən ikən Laçına dəhliz statusu verməklə, paralel olaraq bu dəhlizi Rusiya qoşunlarının nəzarətinə verməklə əslində nə boyda səhvə yol verdiyimizi anlamış olduq.

- Laçın dəhlizinin Rusiyanın nəzarətində olması gələcəkdə Qarabağ üçün hansı təhlükələr yarada bilər?

- Biz 10 noyabr bəyanatındam dərhal sonra bu yöndə açıqlamalar verdik ki, bu çox böyük yanlış qərardır. Çünki bu dəhlizə Azərbaycan nəzarət etmirsə, onda aydındır ki, bu dəhliz vasitəsilə Rusiya istənilən qədər hərbiçini və silahı Dağlıq Qarabağa keçirə bilər. Bu isə Azərbaycanın milli təhlükəsizliyinə birbaşa təhdiddir. Biz hələ də Azərbaycanın Ermənistanla Laçin rayobubdan keçən sərhədinə nəzarət etmirik. Bütün hallarda Laçın dəhlizinin Azərbaycanın nəzarətindən kənarda olması gələcəkdə Azərbaycan və bölgə üçün əsas təhlükə ocağıdır.

Bu sərhəddən Qarabağda azərbaycanlılarla birgə yaşamağa razı olan ermənilərlə bərabər, hər an Azərbaycan əsgərini, mülki şəxsləri öldürməyə hazır olan erməni terrorçuları, yaraqlıları da keçirilir. Ermənistan bu dəhliz vasitəsi ilə Qarabağdakı hərbiçilərini də təmin edir və onları dəyişdirir. Biz Ermənistanın əsil məqsədini ard-arda Xocavəndin Hadrut qəsəbəsinin bir neçə kəndlərində Azərbaycan əsgərinə qarşı keçirilən təxribat əməllərində də gördük. Buna görə növbəti şəhidlər verdik. Yüzdən artıq erməni əsgəri bəyanat imzalanandan sonra Ermənistandan bizim nəzarətimizdə olan əraziyə atılmışdı. Rusiya sülhməramlıları bu gün bunun məsuliyyətini daşıyırlarmı? Daşımırlar, əksinə həmin təxribatçı terror dəstəsini hərbi əsir kimi dəyərləndirirlər.

- Natiq bəy, bu gün Qarabağda Azərbaycan əsgərinin şəhid olması təhlükəsi yenə də varmı? Söhbət təbii ki, Ermənistan hərbiçiləri ilə toqquşmadan gedir.

Bəli, var. Ermənistan ordusu tam olaraq Dağlıq Qarabağdan çıxarılmadan və qondarma qurum ləğv edilmədən və bu qurumun yaraqlıları silahsızlaşdırılmadan belə bir təhlükə hər gün var. Qarabağda separatçılar var olduqca və Rusiya dülhməramlıları onları qoruduqca, müharibə və itki təhlükəsi həmişə olacaq. Bizim üçün önəmli olan Dağlıq Qarabağın tamamilə silahsızlaşdırılması və bundan sonra humanitar fəaliyyətlərə başlamaqdır. Yalnız Dağlıq Qarabağ silahsızlaşdırırldıqdan sonra problemin siyasi həlli mümkündür.

Lakin bizim bu gün müşahidə etdiyimiz ondan ibarətdir ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda qanunsuz silahlıları və orda işğalçı simasında olan Ermənistan əsgərlərini qoruyur. Rusiya sülhməramlılarının missiyası bundan ibarətdir. Halbuki, 10 noyabr bəyanatında çox açıq şəkildə yazılıb ki, Rusiya sülhməramlıları Ermənistan ordusunu ərazidən çıxarmalı və qanunsuz yaraqlıları tərksilah etməlidir. Rusiya rəsmiləri və Lavrov isə bu barədə qətiyyən düşünmürlər və özlərini erməni yaraqlılarının müttəfiqləri kimi aparırılar.

Burada da ən böyük qüsur yenə də Azərbaycan hakimiyyətidir. Çünki Rusiya televizyalarına açıqlama verən Rusiya prezidenti Vladimir Putin bu yöndə konkret açıqlama verdi. Putin son statusun Qarabağda müəyyən olunana qədər status-kvonun razılaşdırıldığını dedi. Razılaşdıq deyəndə üçtərəfli bəyanatı imzalayan Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri nəzərdə tutulur. Yəni şifahi qaydada bir razılaşma var. Razılaşmaya görə status məsələsi bəyanatda qeyd edilməyib.

Natiq Miri: “Bu gün müşahidə etdiyimiz ondan ibarətdir ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağda qanunsuz silahlıları və orda işğalçı simasında olan Ermənistan əsgərlərini qoruyur. Rusiya sülhməramlılarının missiyası bundan ibarətdir”.

- Siz düşünürsünüz ki, əldə olunan şifahi razılaşmaya görə hazırkı status-kvo hələ uzun müddət davam edəcək? İndiki status-kvonun saxlanılması nə anlama gəlir?

- Status-kvonun saxlanılması o anlama gəlir ki, bəyanat imzalanan qədər Dağlıq Qarabağda mövcud olan qondarma rejim və onun başçısı yeganə idarəetmə forması kimi mövcud olacaq. Rusiya sülhməramlıları və onların başında duran hərbi rəhbərlik də bu idarəetmə formasını yeganə idarəetmə forması kimi qəbul edərək bütün məsələləri onlarla müzakirə edəcək. Biz özümüz qəbul etdiyimiz bu şərtə görə sabah rus generalının Araik Arutyunyanla qol-qola gəzişdiyini görəndə hidətlənməli deyilik. Çünki buna razılığı biz vermişik.

Bundan doğan daha bir şərt var. Əgər status-kvo qalırsa, Dağlıq Qarabağda olan qondarma qurumun silahlı dəstələri də Qarabağda qalmaqda davam edəcək. Bəyanatın birinci müddəasına diqqətlə baxmaq lazımdır. Orada da birmənalı olaraq göstərilir ki, sənəd imzalanan qədər Azərbaycan ordusu və Ermənistan ordusu harada idilərsə, orada da durmaqda davam edəcəklər.

Məhz bu sözdən sonra bir təmas xətti anlayışı var. Təmas xətti nə deməkdir? O deməkdir ki, ərazidə iki ordu var, onların arasında isə ruslar dayanıb. Əslində isə ermənilərin nəzarətində olan bütün ərazilər həm də Rusiyanın nəzarətindədi. O cümlədən Rusiya ordusu Dağlıq Qarabağda mövcudluğu Rusiyanın bütün Cənubi Qafqazda birbaşa hakim olması anlamına gəlir. Bu halda hazırkı status-kvonun nə qədər davam edəcəyini müəyyən etmək mümkün görünmür. Hər halı ilə bu status-kvo Moskvanı tam təmin edir. Ona görə də problemin siyasi həllilni də mən gözləmirəm. Status-kvonun nə zamansa, dəyişməsi isə bizə nə verəcək, bunu da hələ bilmirik. Çünki hər şey həmin vaxtın geosiyasi durumundan asılı olacaq.

Natiq Miri: “Rusiya Ermənistan ordusunu ona görə Qarabağda saxlmaq istəyir ki, hər hansı bir halda burdan çıxarsa, Qarabağ Azərbaycana qalmasın. Qarabağda erməni qoşunlarının varlığı Dağlıq Qarabağın Azərbaycana aid olmaması anlamını ifadə edir”.

- Rusiyanın öz ordusu Qarabağda varsa, niyə Moskva Ermənistan ordusunun da burda qalmasında bu qədər maraqlıdır?

- Rusiya Ermənistan ordusunu ona görə Qarabağda saxlmaq istəyir ki, hər hansı bir halda burdan çıxarsa, Qarabağ Azərbaycana qalmasın. Qarabağda erməni qoşunlarının varlığı Azərbaycana təzyiq mexanizmi olaraq düşünülür və Dağlıq Qarabağın Azərbaycana aid olmamsı anlamını ifadə edir. Yəni Azərbaycan istənilən bir qərarı müstəqil qəbul etmək istədiyi təqdirdə Qarabağ yarasını yenidən Rusiya qanatmağa başlayacaq. Əslində olan hadisələrin açıqlaması bunu diqtə edir.

Laçına dəhliz statusu verəndə kobud səhvi verən və səhvlə razılaşan məhz özümüzük. Buna görə də qazana atdıqlarımız çömçəyə acı şəkildə gələndə biz narazı olmamalıyıq. Lavrovun dedikləri də elə budur.

Xatırladım ki, Lavrov bu məsələnin illər boyu müzakirə obyekti olduğunu və Azərbaycan tərəfinin bu gün də bu məsələyə etiraz etmədiyini bildirib. Əslində Lavrovun dediklərində müəyyən həqiqət payı var. Ancaq, bu o demək deyil ki, bunu düzəltmək mümkün deyil. Azərbaycan birmənalı olaraq Ermənistanla bütün sərhədləri bağlamalıdırlar. Yəni Laçında, Ermənistanla sərhəddə Rusiya sülhməramlıları ilə paralel olaraq Azərbaycan sərhəd qoşunları və gömrük strukturları da yerləşdirilməlidir.

Həmçinin Ermənistandan istənilən bir şəxs Qarabağa gəlmək istəyirsə, mütləq mənada Azərbaycan tərəfinin yoxlanışından və filtrindən keçərək gəlməlidir. Çünki Azərbaycan dövləti əmin olmalıdır ki, Qarabağa gələn ermənilər Azərbaycan üçün heç bir təhlükə törətmir.

Ayrıca Qarabağa gələn bütün nəqliyyat vasitələrində nəyin gətirildiyini Azərbaycan tərəfi bilmir. Kimsə zəmanət verə bilməz ki, Qarabağa gələn nəqliyyat vasitələrində Ermənistandan silahda, canlı qüvvədə gətirilə bilər, üstəlik dəhlizdən narkodəhliz kimi də istifadə oluna bilər. Çünki bu məsələlərdə Rusiya birmənalı olaraq maraqlı ola bilər.

Buna görə də Laçına dəhliz status verməklə və bu sərhədləri Ermənistana tamamilə açmaqla böyük səhvə yol verdik. İndiki şərtlər altında Laçın dəhlizinə Azərbaycanın Rusiya ilə birlikdə nəzarət etməsinə nail olmaq çox vacibdir.

Natiq Miri: “Gələcək perspektivdə biz Qarabağda nə ilə qarşılaşacağımzı bilmirik və Laçın dəhlizi Rusiyanın, Ermənistanın nəzarəti altında olduğu müddətcə problemin siyasi həlli olmayacaq”.

- Natiq bəy, bayaq da qeyd etdiniz ki, Laçın dəhlizinin açılmasını Azərbaycanda ictimaiyyətinə uğurlu işin nəticəsi kimi təqdim etdilər. Buna səbəb nədir?

- Bəli, bu uğurlu iş kimi ictimaiyyətə təqdim edilir və dünən Lavrovun verdiyi bəyanatı da bizimkilər uğur kimi ictimaiyyətə təqdim edirlər. Hər halda buna cəhd edənlər var. Amma bir məsələni diqqətə çatdırdım. Əgər Naxçıvanla Mehri dəhlizi açılsa, bu dəhlizə də Rusiya qoşunları nəzarət edəcək. Bu gün Laçın dəhlizində bizə istənilən prosesə nəzarət etməyə imkan verməyən Rusiya sabah həmin dəhlizdən keçmək istəyən Azərbaycan və Türkiyə vətəndaşlarına, yaxud da ticarət maşınlarına ermənilə tanıdıqları haqqları tanımayacaqlar. Mən bundan əminəm.

Biz qeyri-müəyyən olan səbəblərə görə Laçın dəhlizini RusiyaErmənistana verdik. Rusiya indi məhz Laçın dəhlizinə nəzarət etdiyinə görə strateji üstünlüyə sahibdir. Eyni strateji üstünlüyə Ermənistan da sahibdir. Bu da həqiqətən Azərbaycan üçün böyük təhlükələr yaradır. Çünki gələcək perspektivdə biz Qarabağda nə ilə qarşılaşacağımzı bilmirik və Laçın dəhlizi Rusiyanın və Ermənistanın nəzarəti altında olduğu müddətcə problemin siyasi həlli olmayacaq. Ona görə ki, gəliş-gedişlərə və aparılanlara biz heç bir vəchlə nəzarət edə bilmirik.

Ona görə də düşünürəm ki, Laçın dəhlizi ilə bağlı yenidən qərar verilmədir. Yəni bu yöndə yeni bir anlaşma mövcud olmalıdır. Yalnız bundan sonra Rusiya sülhməramlılarının fəaliyyəti Qarabağda müəyyən məhdudiyyətlərlə mümkün ola bilər. Bu anlaşma mövcud olmadıqca Rusiya hədsiz davranışlarına davam edəcək. Lavrov kimi erməni xislətli bir şəxs də Qarabağın bir növ təkbaşına və faktiki sahibi kimi danışmağa davam edəcək.

Natiq Miri: “Dəhlizdə Azərbaycan ordusu ölkəmizin milli təhlükəsizliyini, ruslar isə mülki ermənilərin təhlükəsizliyini təmin etməlidir”.

Azərbaycan hakimiyyəti anlamalıdır ki, sərhədinin bir qisminə nəzarət etmirsə, demək ki, həmin əraziyə, nəzarət etmir. Bu gün bizim Laçında Ermənistanla heç bir sərhədimiz yoxdur və onlar istədikləri kimi Dağlıq Qarabağa girib-çıxırlar. Çünki bu sərhədə biz nəzarətimiz yoxdur. Nəzarət etmədiyimiz ərazilər isə faktiki olaraq bizim ərazilərimiz deyil. Buna görə də mütləq mənada sərhəd bərpa olunmalıdır. Azərbaycan qoşunları sərhəddə durmalıdır.

Paralel olaraq Rusiya sülhməramlıları da həmin dəhlizdə mülki erməni şəxslərin gəliş-gedişlərinə, onların təhlükəsizliklərinə nəzarət etməlidir. Dəhlizdə Azərbaycan ordusu ölkəmizin milli təhlükəsizliyini, ruslar isə mülki ermənilərin təhlükəsizliyini təmin etməlidir. Düşünürəm ki, yalnız bundan sonra Azərbaycanın ərazi bütövlüyündən danışmaq olar.

Ayrıca bildiyimiz kimi Türkiyə rəhbərliyinin bu yöndə konkret narazılığı var. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çox sərt açıqlama verdi ki, Ermənistandan dövlət rəsmiləri Azərbaycanın icazəsi olmadan Qarabağa gələ bilməz. Əgər bu ərazilər Azərbaycan ərazisi sayılırsa, icazə Rusiya sülhməramlılarından deyil, Azərbaycan dövlətindən alınmalıdır. Bu mesaj onu göstərir ki, milli təhlükəsizliyimiz üçün həqiqətən də böyük bir problem mövcuddur.

Belə bir vəziyyətin uzun müddət davam etməsi Azərbaycana xoşagəlməz hadisələr yaşada bilər. Gələcək perspektivdə biz hansı təhlükələr ilə üz-üzə qalacağını bəri başdan bilməliyik.

- Sizcə Lavrovun dünən Qarabağ haqqında dediklərinə niyə Azərbaycan tərəfi susqunluq nümayiş etdirir?

- Düşünürəm ki, Lavrovun bu hədsiz açıqlamalarına Azərbaycan dövləti, xüsusilə Xarici İşlər Nazirliyi adekvat cavab verməlidir. Amma çox təəssüf ki, Lavrovun Azərbaycanı aşağılayacaq, Azərbaycanın ərazi bütövlüyünə kölgə salacaq açıqlamalarına hələ də Xarici İşlər Nazirliyi səviyyəsində cavab verilməyib. Bu da o deməkdir ki, hələ də Azərbaycan hakimiyyəti Rusiyadanehtiyat edir. Məhz buna görə Azərbaycan 10 noyabr sazişini imzaladı. Buna görə də Azərbaycan tam zəfər çala bilmədi. Biz bunun acı meyvələrini dadmağa davam edirik.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar