Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nasist feldmarşal sonda Hitlerin devrilməsini zəruri sayıb – SSRİ-yə əsir düşmüş Paulusun Drezdendə bitən ömrü

Fridrix Paulus – Vermaxtın əsas simalarından biri, Adolf Hitlerin inandığı, güvəndiyi, etibar etdiyi feldmarşal, qatı nasist, kommunistlərin dostu, “Stalinin şəxsi əsiri”...

Onun adının qarşısında daha çox təzadlı titullar yazmaq olar. 66 illik ömür yolunda Paulusun həyatında çox dəyişikliklər olub, zaman, şərait, qəbul olunan və olunmayan gerçəkliklər onu bu addımları atmağa məcbur edib. Amma o, heç vaxt özünü əqidəsindən dönən bir şəxs saymayıb, fəaliyyətinin hər dəqiqəsini, verdiyi qərarların hər birini məntiqlə əsaslandırmağı bacarıb.
Fridrix Paulus 1890-cı ildə Almaniyada, Qukshagen kommunasında (qəsəbə) anadan olub. Gimnaziyanı bitirdikdən sonra Bavariya Universitetinin hüquq fakültəsinə daxil olub. Amma o, universitetdə sonacan təhsil almayıb, bir ildən sonra könüllü orduya gedib, üç aylıq hərbi kursları bitirdikdən sonra fanen-yunker (gizir) rütbəsini alıb, gələcək həyatını hərbi sahəyə bağlayıb.

Hərbi xidmətinin ilk illərində Fridrix Paulus zadəgan nəslindən olan Yelena Rozetti ilə ailə həyatı qurub. Həyat yoldaşı onun hərbi karyerasında böyük rol oynayıb, ali hərbi təhsil almasına köməklik göstərib.
I dünya müharibəsində kapitan rütbəsində olan Fridrix Paulus alay qərargahının rəisi vəzifəsində xidmət edib, döyüşən ordunun ən yaxşı zabitlərindən biri kimi tanınıb, bir sıra uğurlu hərbi əməliyyatlara imza atıb.
II dünya müharibəsi başlanana qədər Paulus hərbi karyerasında böyük nailiyyətlər əldə edib. Yüksək hərbi vəzifələrdə xidmət edən Paulus general rütbəsi alaraq 10-cu ordunun qərargah rəisi vəzifəsinə təyin edilib. Hitler hakimiyyətinin seçilən hərbçilərindən biri kimi tanınan general, II dünya müharibəsi başlananda Polşada apardığı hərbi əməliyyatlarla fərqlənib və 1940-cı ildə Hitler onu qəbul edərək general-leytenant rütbəsi ilə mükafatlandırıb.

1940-cı ilin iyul ayından dekabr ayına qədər Almaniya ordusunun baş qərargahında SSRİ-yə hücumla bağlı geniş plan hazırlananda ali zabitlər qrupuna Fridrix Paulus da daxil edilib. SSRİ-yə hücumdan sonra isə 6-cı ordunun komandanı kimi şərq cəbhəsinə göndərilib. 1942-ci ilin ortalarına qədər SSRİ ərazisində apardığı hərbi əməliyyatlarla yadda qalan general, döyüş meydanlarında bir neçə dəfə Hitlerin şəxsi imzası ilə mükafatlara layiq görülüb.
Hitlerin təşəbbüsü və Vermaxtın qərarı ilə Paulusun başçılıq etdiyi 6-cı ordu 1942-ci ilin avqust ayında çənub cəbhəsinə istiqamət alıb və həmin ilin sentyabrında başlanan Stalinqrad döyüşlərində iştirak edib.
Stalinqrad döyüşlərində üstünlüyün sovet ordusunda olduğunu anlayan Paulus məxfi radioqramma ilə Hitlerə müraciət edib. General alman qoşunlarının müvəqqəti olaraq geri cəkilməyini, yenidən səfərbər olaraq hərbi əməliyyatlara başlamağı fürerin diqqətinə çatdırıb. Hitler onun müraciətini qəti və konkret şəkildə rədd edib, yeni qüvvələrin cəlb olunacağını generala çatdıraraq döyüşləri davam etdirməyi əmr edib.

1942-ci ilin qışında Stalinqradda olan alman qoşunları sovet ordusu tərəfindən mühasirəyə alınanda Paulus Hitlerə yenidən müraciət edib, Stalinqrad cəbhəsində təslim olmağın qaçılmaz olduğunu qeyd edib. Fürerin bu dəfəki cavabı tam fərqli olub.
O, Fridrix Paulusun feldmarşal rütbəsinə təqdim olunması ilə bağlı əmrin surətini ona göndərib və aşağıdakıları qeyd edib:
“Siz artıq feldmarşalsınız. Almaniyanın tam qələbəsi üçün Stalinqrad cəbhəsində davam gətirməyiniz mütləq şərtlərdən biridir. İnanıram ki, hava yolları vasitəsi ilə əlavə canlı qüvvələrin və silah-sursatın çatdırılmasına qədər cəbhədə üstünlüyü saxlayacaqsınız. Bir məsələni də diqqətinizdə saxlayın – feldmarşal təslim olmur və əsir düşmür...”
Hitler Stalinqrad cəbhəsində yaranmış vəziyyətdən çıxmaq, qələbə qazanmaq üçün hava yolu vasitəsi ilə cəbhəyə canlı qüvvə və silah-sursat göndərmyi çıxış yolu kimi qəbul edib. Bu fürerin II dünya müharibəsinin gedişində buraxdığı ən böyük səhvlərdən biri olub. Yəqin ki, Hitler qarşı tərəfin hərbi havahava hücumundan müdafiə qüvvələrinin mövcudluğunu nəzərə almayıb.

Məhz elə bu ərəfədə Stalinqrad cəbhəsində olan Konstantin Rokossovski Dövlət Müdafiə Komitəsinə “tam məxfi” qriflə aşağıdakı mövzuda radioqramma göndərib: “Bu günlərdə sovet ordusu müharibənin gedişatını dəyişmək şansı qazanıb. Cənub cəbhəsindəki ayrı-ayrı qoşun növləri, hərbi birləşmələr Stalinqrad döyüşlərində böyük üstünlük əldə ediblər. Düşmən qüvvələri mühasirəyə alınıb. Onlar yalnız hava yolları ilə hərbi kömək ala bilərlər. Buna yol verməmək üçün təcili olaraq hərbi havahava hücumundan müdafiə qoşunlarının əlavə qüvvələri əməliyyat ərazisinə cəlb edilməlidir...”
Rokossovskinin bu müraciəti Dövlət Müdafiə Komitəsində cəmisi 40 dəqiqə ərzində müzakirə olunaraq baş qərargaha müvafiq göstəriş verilib.
Stalinqradda isə mühasirə halqası daralmağa başlayıb. Qərargahı Stalinqrad univermağında yerləşən feldmarşal Fridrix Paulus sovet ordusunun qərargahına təslim olması ilə bağlı məktub göndərib. 39-cu motoatıcı briqadanın zabiti baş leytenant Fyodor İliçenko əsgərlərlə birlikdə Paulusun univermaqdakı qərargahına gəliblər. Paulus könüllü olaraq özünü əsir kimi onlara təhvil verib, Vermaxtın 6-cı ordusunun təslim olması haqqında akt imzalanıb.
Feldmarşal Moskvaya aparılıb. Stalinin göstərişi ilə o, bir neçə ay ciddi müalicə olunub, bağırsaqlarında cərahiyyə əməliyyatı keçirilib. Daha sonra əsir generallar üçün nəzərdə tutulmuş düşərgədə saxlanılıb. Yenə də Stalinin göstərişi ilə Paulusa heç bir işgəncə verilməyib, əksinə, ona qarşı xüsusi diqqət göstərilib. Elə “Stalinin şəxsi əsiri” ifadəsi də buradan yaranıb.
Sorğu-sual zamanı Paulus özünü əsl marşal kimi aparıb. O, nasist olduğunu, ömrünün sonuna qədər əsir qalsa da. Hitlerə sədaqətli olacağını qürurla söyləyib.

1943-cü ildə alman əsirlərinin saxlandıqları düşərgədə “Alman Zabitləri İttifaqı” antifaşist təşkilatının təsis qurultayı keçiriləndə Paulus həmin qurultayda iştirak etməkdən imtina edib və qurumda birləşənləri xəyanətkarlar adlandırıb.
Feldmarşalı “sındırmaq” üçün “NKVD” əməkdaşları və yüksəkçinli hərbi vəzifəlilər xeyli vaxt sərf ediblər. Ona həyat yoldaşının məktubunu catdırıblar. Həmin məktubda Hitlerin milyonlarla insanın məhv edilməsində günühkar olduğu həyat yoldaşı tərəfindən qeyd olunub. İkinci cəbhənin açılması ilə faşist Almaniyasının məğlubiyyətə gedən yolları haqqında ona faktlarla zəngin məlumatlar veriblər. Oğlunun müharibədə həlak olmasını da ondan gizlətməyiblər. Daha sonra birgə döyüş yolları keçmiş bir neçə generalın Hitler tərəfindən güllələnməsi haqqında da onu məlumatlandırıblar.
Nəhayət, real vəziyyət haqqında tam anlayışlı olan Paulus 8 avqust 1944-cü ildə alman xalqına müraciət ünvanlayıb:
“Bu fikirləri sizə bildirməyi özümə borc sayıram. Alman xalqı Adolf Hitleri təcili olaraq hakimiyyətdən uzaqlaşdırmalıdır, müharibəyə son qoyulmalıdır. Yeni hakimiyyət Almaniyanın gələcəkdə bir dövlət kimi mövcud olması üçün bu günkü rəqibləri ilə sülh danışıqlarına getməlidir, dostluq münasibətləri yaratmalıdır...”
Bu müraciətdən sonra Paulus əsl antifaşist təbliğatçılarından birinə çevrilib.
Fridrix Paulus 1946-cı ildə iki ay Nürnberq məhkəməsində şahid kimi iştirak edib. Həmin ərəfədə ona həyat yoldaşı ilə görüşməyə icazə verilib.
Feldmarşal 1953-cü ilə qədər SSRİ-də saxlanılıb. Stalinin vəfatından sonra, 24 oktybar 1953-cü ildə onu Almaniyaya buraxıblar. O, SSRİ-dən gedəndə bir fikri xüsusilə vurğulayıb: “Mən SSRİ-yə düşmən kimi gəlmişdim, dost kimi gedirəm...”

Berlin şəhərinə gələn Paulus Almaniya Demokratik Respublikasının rəhbərliyi ilə görüşəndə fikrini birmənalı və qəti şəkildə bildirərək qeyd edib ki, Şərqi Almaniyada yaşayacaq. Feldmarşal Drezden şəhərində məskunlaşıb, onu mənzil və işlə təmin ediblər. O, ömrünün sonun qədər Drezdendə Şərqi Almaniya Hərb Tarixi İnstitutunda çalışıb, ali təhsil ocaqlarında mühazirələr söyləyib və bütün görüşlərində “mən müharibə illərində əmrə tabe olan əsgər idim” deyə bütün günahlarını Hitlerin üstünə yıxıb.
Fridirx Paulus 1957-ci ildə, 66 yaşında müharibə illərində qazandığı bağırsaq xəstəliyindən vəfat edib. (Musavat.com)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar