Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifətin 2018-də favorit namizədi kim ola bilər...

İqbal Ağazadə: “Bəlkə kimsə gizli danışıqlar aparır”; Əli Əliyev: “Müxalifətin düzgün qərarları nəticəsində birləşdirici namizəd də yetişə bilər”


2018-in astanasındayıq. Gələn il ölkəmizdə prezident seçkisi keçiriləcək.

 Deməli, seçki ilinə daxil olmağımıza da sayılı günlər qalır. Hakimiyyətin seçki hazırlıqları üçün kifayət qədər insan, maddi, inzibati resurslarının olduğu aydındır. Bu resurslar iqtidarın işini şübhəsiz ki, asanlaşdırır. İqtidarın işini asanlaşdıran daha məqam isə müxalifətdən fərqli olaraq hakimiyyətin bir namizədinin olmasıdır. Müxalifət düşərgəsindən isə təcrübə göstərir ki, seçkidə çoxlu sayda namizəd irəli sürülür. Müxalifət hələ heç bir seçkidə vahid namizədlə çıxış edə bilməyib. Ən yaxşı halda müxalifətin bir hissəsi hansısa şəxsin namizədliyini dəstəkləyib.

2003-cü il və 2013-cü il prezident seçkilərində məhz bu cür olub. 2013-cü il seçkisinin qismən fərqi həm də o idi ki, ənənəvi müxalifət təşkilatlarının əksəriyyəti bir proje ətrafında toplanmışdılar və öz üzvləri sıralarından hansısa siyasi lideri deyil, siyasətdən uzaq birini - dramaturq, kinorejissor Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürmüşdülər. Belə demək mümkünsə, seçkidə müxalif düşərgədə favorit namizəd kimi İbrahimbəyov bəlli bir mərhələyədək meydana çıxmışdı. Bəs 2018-ci ildə keçiriləcək seçkilərdə favorit namizədin ortaya çıxacağı gözlənilirmi? Bu namizəd hazırda namizədliyi elan olunan müxalifətçilər sırasından olacaq, yoxsa 2013-cü ildəki kimi qəfildən peyda olan kənar şəxs ola bilər? 

Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a bildirdi ki, əvvəla, namizədlərin hamısı hələlik bəlli deyil, ikincisi, favorit namizədin kimliyi seçki kampaniyasının gedişində bəlli olacaq. İndidən favorit namizədin kim olacağı barədə dəqiq fikir yürütmək olmaz: “Proqnoz verməklə məşğul olmuram. 2013-cü ildə olduğu kimi ənənəvi müxalifət sıralarından olmayan bir şəxsin qəfil meydana çıxması və favorit namizəd olmasının gözlənilib-gözlənilmədiyi barədə suala gəlincə, bu barədə mən bir söz deyə bilmərəm. Biz belə bir projenin içində nə 2013-cü ildə olmamışıq, nə də indi əgər belə bir proje varsa onun içərisində yer almırıq. Başqalarından kimsə bəlkə o cür projenin içərisindədir, biz Ümid Partiyası olaraq belə bir projedə yoxuq. Bəlkə kimsə gizli danışıqlar aparır. Ona görə də deyə bilmərəm ki, hansısa namizəd qəfil peyda olacaq, ya olmayacaq. Dəqiq bilmədiyim məsələ haqda proqnoz vermək istəmirəm”.  

ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, Azərbaycanda demokratik seçkilər keçirilərsə, yalnız o zaman şans və favorit namizəd məsələsi ciddi əhəmiyyət daşıyar: “Seçki demokratik olmayanda, seçki kampaniyası ədalətli olmayanda bu cür seçkilərdə şansın olub-olmamasının əhəmiyyəti olmur. Belə vəziyyətdə hakimiyyət və seçki komissiyaları hansı qüvvənin əlindədir şans da yalnız ondadır. Hazırkı vəziyyətdə müxalifət düşərgəsindən heç kimin xüsusi olaraq fərqlənmək şansı yoxdur. Digər tərəfdən, favorit namizəd seçki kampaniyasının gedişində əsasən bəlli olur və yəqin ki, bu dəfə də olacaq. Ancaq favorit namizədin olması o demək deyil ki, prezident olmaq şansı da var. Seçki demokratik olmadığı halda hansısa namizədin favorit olması da həlledici əhəmiyyət daşımır. Hansısa namizədin şəxsiyyəti diqqəti cəlb edə, cəmiyyətdə ümid yarada bilər. Amma təkcə bu amil seçkinin taleyini həll eləmir”.

ADP sədri hesab edir ki, Azərbaycanda hakimiyyətə qarşı favorit namizəd böyük maliyyə resurslarına sahib olan namizəd ola bilər. Əgər bu gün bəlli olan namizədlərin sırasında böyük maliyyə resurslarına malik olanı yoxdursa, deməli, favorit bunlardan olmayacaq: “Ukrayna və Gürcüstandakı məlum siyasi proseslər göstərdi ki, postsovet məkanında hakimiyyət dəyişilmələri yalnız böyük maliyyə resurslarının və xarici dövlətlərin ciddi dəstəyi ilə mümkün olur. Belə bir resursu və dəstəyi olmayan kimsə Azərbaycanda seçkilərdə böyük dəyişikliklərə, qələbəyə nail ola bilməz”.

 “Maliyyə resurslarının yoxluğunda və beynəlxalq dəstəyin olmamasında müxalifət liderlərinin illərdir apardıqları siyasətin, davranışın da rolu varmı?” sualına isə Sərdar Cəlaloğlu belə cavab verdi: “Azərbaycan qloballaşmanın, geosiyasi mübarizənin episentrlərindən biri olduğu üçün burada çox şey daxili güclərdən asılı deyil. Məsələn, nə Ukraynada, nə Gürcüstanda daxili güclər prioritet təşkil eləmədi. Orada həlledici amil kimi Qərbin dəstəyi və ortaya maliyyə resursları olan liderlərin çıxması rol oynadı. Xüsusən xarici faktor Rusiyanı neytrallaşdırdı və hakimiyyətin zor tətbiq etməsinin qarşısını aldı. Neçə ki Azərbaycana da münasibətdə belə bir xətt seçilməyib Rusiyanın təsiri öz rolunu oynayacaq, hakimiyyət sərt yolu tutacaq və müxalifət düşərgəsi nə edir-etsin müsbət nəticə olmayacaq. Çünki belə bir şəraitdə Azərbaycan müxalifətinin seçkilərdə nə isə nəticə əldə etməsini gözləmək düzgün olmaz. Hətta favorit namizəd meydana çıxsa belə, bu mümkün deyil”.

VİP sədri Əli Əliyev qeyd etdi ki, siyasətdə hər bir gedişatı mümkün saymaq lazımdır. Lakin ehtimal dərəcəsini fərqləndirmək olar: “Hakimiyyət daxili böhranı adlamış görünür. YAP seçkiyə köhnə namizədlə qatılır. Fikrimcə, iqtidardaxili konsolidasiya beynəlxalq gücü xeyli zəiflədib. Buna baxmayaraq, əsas təsir gücü bu günə məhz xaricdədir. Müxtəlif dünya qütblərinin əvvəlki illərdə olduğu kimi yenə də ortaq qənaətdə ola biləcəkləri də maraq doğurur. Əsas məsələlərdən biri müxalifətin durumu və xalqı toparlamaq bacarığıdır. Əgər siyasi mübarizənin əsas personajlarından olan siyasi müxalif düşərgə təşkilatlana, narazı elektoratı inandıra, seçki qutusu başına gətirə bilsə, həm beynəlxalq, həm də YAP daxilindəki situasiyanı öz xeyrinə dəyişə bilər. Təəssüflə deməliyəm ki, hələlik pozitiv bir iş görmək olmur. Müxalifətin düzgün qərarları nəticəsində birləşdirici namizəd də yetişə bilər. Bu ehtimallar müəyyən zaman içərisində mümkün ola bilər”.

AMİP katibi Əli Orucov isə bildirdi ki, Azərbaycanda əlverişli, demokratik seçki mühiti yaradılmayınca, seçkilərə münasibət müsbət istiqamətə dəyişməyincə, müxalifətin favorit namizədi olmayacaq: “Favorit namizəd olmaq üçün seçkilərdə mübarizə apara biləcək resurslar olmalıdır. Sosial baza olmalıdır. Təkmil qanunverici sistem olmalıdır. Bu gün müxalifət bütün bunların hamısından məhrum edilib. Müxalifət öz mövcudluğunu güclə saxlayır. Üstəlik də beynəlxalq şərtlər də hələ dəyişməyib. Odur ki, ilkin olaraq bu vacib məsələlər öz həllini tapmalıdır. Əks halda heç bir uğurlu nəticə və yaxud da hansısa favoritdən danışmaq sadəlövhlük olardı. 2013-cü ildəki ssenarinin təkrarlanmasının mümkün olub-olmadığını isə bu gün dəqiq söyləyə bilmərəm. AMİP o zaman həmin ssenaridə iştirak etməyib. İndi də iştirak etməz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar