Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MOSSAD – uğurlu və uğursuz əməliyyatlar

Mossadın arxa planında ərəblərdən “qorxu” yatırdı

Şərq və qərb bloklarının geniş vüsət aldığı 50-ci illərin əvvəllərində Orta Şərqdə bir başqa kəşfiyyat sistemi formalaşırdı. Bu kəşfiyyat sistemi təbii ki, İsrail Xəbəralma Servisi – Mossad idi. 1998–2002 illərdə Mossad rəhbəri olmuş  Efraim Halevy onunla müsahibə aparan və daha sonra Mossadı yarı əfsanə formatında təqdim edən «Gideons Spies: The Secret History of the Mossad» (Gideonun casusları: Mossadın Gizli Tarixi) adlı kitabın müəllifi, müxbir Gordan Thomasa belə demişdi: «İsrail və kəşfiyyat dünyası bir-birinə bağlı bir ailə olmalıdır. Və bu ailədə Mossad, haqqında heç kimin danışmadığı bir dayı olmalıdır». Amma Halevy-nin sözlərinin əksinə son əlli ildir ki, haqqında ən çox spekulyasiya edilən gizli xidmət orqanı məhz Mossad olub.


Yaranmasına gedən yol

Mossadın arxa planında ərəblərdən “qorxu” yatırdı. 1917-ci ildə yayımlanan və Fələstin torpaqlarında yəhudi dövlətinin qurulmasını dəstəkləyən Balfour Deklarasiyasından bu yana Orta Şərqdə vəziyyət gərginləşmişdi. İsraillilər ərəblərlə olan mübarizələrinin ilk vaxtlarında ibranicə «müdafiə» mənasına gələn Haganah adlı kəşfiyyat sistemi qurmuşdular. Haganah İsrailin müstəqilliyi uğrunda maneə olan ərəblərə və ingilislərə qarşı hər cür terror imkanını səfərbər etmişdi. Bu arada ərəblər də, ixtilafın işlərini asanlaşdıra biləcəyini düşünərək yalan xəbərlərdən və propaqandadan ibarət Haganah siyasi şöbəsi qurmuşdu.

1942-ci ildə İsrail toplumunun gələcəyini müəyyənləşdirmək üçün Hayfada yığışan öncüllər arasında ölkənin ilk baş naziri olacaq David Ben Gurion və daha sonradan baş nazirliyə kimi yüksələcək və illər sonra fələstinlilərə qarşı sülh anlaşması imzaladığı üçün sui-qəsdə qurban gedəcək İzak Rabin də vardı. Və bu öncüllər qərarını vermişdi: Dörd tərəfi düşmənlərlə əhatəli olan İsrailin yaşaması üçün düşmənlərinin ağlından keçəni onlardan əvvəl bilmək lazım idi. Yəni Haganahın kəşfiyyat gücü artırılmalı idi.

İsrailin 1948-ci ildə müstəqil bir dövlət olaraq tanınmasının ardından ölkənin ilk baş naziri olan David Ben Gurion 2 mart 1951-ci ildə ərəblərə qarşı dağınıq şəkildə fəaliyyət göstərən kəşfiyyat qurumlarının bir dam altında toplanması əmrini verdi. Beləliklə, dünyanın kimlərə görəsə «ən güclü», kimlərə görəsə «ən qorxunc», amma parallel olaraq ən çox reklam edilən kəşfiyyat təşkilatı olan Mossada gedən yollar açıldı. İsraili belə bir coğrafiyada rahat yaşatmaq kimi missiyaya sahib gizli xidmət orqanı 1951-ci ildə Mossad (Ha–Mossad Le–Modinin Ulk–Tafkidim Meyuhadim – Özəl Məsələlər və Kəşfiyyat Təşkilatı) adıyla işə başladı.

Hazırda Mossadın tərkibində 1200-ə yaxın professional agent çalışır. Təbii ki, bu saya dünyanın müxtəlif bölgələrində yaşayan yəhudi toplusu arasındakı könüllü agentlər daxil deyil. Dünyanın müxtəlif ölkələrindəki 30 minə yaxın «etibarlı ev» servisin əməliyyatları üçün daim hazırdır. Mossad tərkibində özəl əməliyyatları gerçəkləşdirən MASSADA adlı qurumla yanaşı, 1960-cı illərdə formalaşan elmi-kəşfiyyat bölməsi LAKAM da vardır. Dünyanın dörd bir tərəfindəki texnoloji sirləri İsrailə çatdırmaqda məsul olan LAKAM 1968-ci ildə fransız Mirage döyüş təyyarələrinin planlarını əldə edərək bu barədə iddiasına nail olmuşdu. Bununla yanaşı, Mossadın tərkibində Al adlı bir başqa qrup da mövcuddur. Sadəcə ABŞ-da fəaliyyət göstərən Al-ın missiyası bu ölkənin texnoloji sirlərinə yiyələnməkdir.

SHİN BET

Mossadla yanaşı, daxili kəşfiyyat sistemi Shin Bet də (Sherut-ha-Bitachon ha-Khali – Ümumi Müdafiə Qurumu) qurulmuşdu. İngiltərədəki MI-6 və Amerikanın FBI-na bənzər missiyası olan Shin Bet «dəstək» və «əməliyyat» olaraq iki bölmədən ibarətdir. Dəstək bölümü əməliyyatların logistikası və sorğulama taktikalarına cavabdehdir, «Əməliyyat» hissəsi isə dövlət adamlarını, elçiləri, İsrailin müdafiə mərkəzlərini qoruyur, qonşu ərəb ölkələrindən sızmaları əngəlləyir və əks-kəşfiyyat əməliyyatları hazırlayır.

AMAN

2 milyonluq İsrailin kəşfiyyat qurumları bunlarla bitmir. Bir də hərbi kəşfiyyatla maraqlanan və «Kəşfiyyat Qanadı» mənasına gələn AMAN (Agah ha-Modi) da vardır. AMAN-nın vəzifəsi ərəb orduları haqqında bilgi toplamaq və toplanan bilgiləri analiz etməkdir. Təşkilat «Toplama» və «İstehsal» adlı iki bölmədən ibarətdir. Burada işləyən minlərlə yaxşı yetişmiş üzv digər ölkələrdən ələ keçirilən bilgi və sənədləri analiz edərək raportlar şəklində dövlətə təqdim edir. AMAN tərkibində eyni zamanda sərhədlərindən kənarda əməliyyatlar üçün istifadə edilən Sayaret Matkol adlı xüsusi qrup da var. Təşkilat daxilində «Uşaqlar» olaraq bilinən özəl qrup 1973-cü ildə Beyrutda gerçəkləşdirdiyi silsilə sui-qəsdlər və 1976-cı ildəki yəhudi əsirlərin xilası əməliyyatları ilə mediada rezonans doğurmuşdu.

Mossadı digərlərindən ayıran əsas özəlliyi bu günə qədər tərkibindən heç bir köstəbəyin (xainin) çıxmamış olmasıdır. Bu uğurda seçilən agentlərin ifrat dərəcədə millətçi olması və eyni zamanda Mossadın «xainləri harada olursa-olsun tapacağıq» imicinin payı çox böyükdür. Təşkilatın uğur faktorlarından digəri də, əlindəki KİV-lərin imkanlarından məharətlə istifadə edib «Yenilməz Mossad» inancını formalaşdırmasıdır. Burada təbii ki, dünyanın müxtəlif ölkələrindəki media sektorunda çalışan İsrailsevərlərin rolu da böyükdür. İngilis media rəhbəri yəhudi Robert Maxwell buna ən bariz nümunədir. Əlindəki bütün media orqanları ilə Mossad əməliyyatlarının şişirdilərək gündəmdə qalmasına çalışan Maxwell, özü də bir sıra əməliyyatlarda rol alıb. Zaman keçdikcə varlığı İsrailin varlığını təhdid etməyə başladığı üçün yenə Aralıq dənizinin ortasındakı gəmisində, başqa bir Mossad əməliyyatının qurbanı olaraq aradan götürülüb.

Bu arada mövzudan kənar olsa da, bir çıxarış etmək istərdim. Göründüyü kimi, Mossad, dünyanın ən güclü gizli servislərindən biridir. Bəzən onun şöhrəti, məharəti, bacarıqları haqqında heyranlıqla müzakirələrin, söhbətlərin getdiyinin də az şahidi olmamışıq. Hamı Mossadın, yəhudi xalqının gücündən, bacarığından danışır. Və elə bu yazıda Mossadı Mossad edən, onu digərlərindən fərqləndirən özəlliklərinə də toxunduq. Və gördük ki, bu özəlliyinin, bu bacarığının başında ilk öncə onun üzvlərinin ifrat vətən sevgisi, millətçiliyi gəlir. Mən də bununla «Azərbaycana millətçilik lazım deyil» deyənlərə cavab vermək istəyirəm. Bəlkə bu sözü deyənlərin içində elələri var ki, dövlətinin belə bir güclü kəşfiyyat sisteminə malik olmasını istəyir, hətta özünü Mossad agenti kimi təsəvvür edir. Ancaq vətəni hər şeydən çox sevməsək bu mümkün deyil. Bunu birdəfəlik anlamalıyıq. Millətini ən yüksək səviyyədə sevən kəs öz canından keçər, amma vətənini satmaz. Necə ki, Mossad üzvləri satmır. Nə isə… mövzuya davam edək.

CIA-dan sonra ən güclü kəşfiyyat sistemi kimi qəbul edilən Mossadın vacib özəlliklərindən biri də hədəflərinə çatmaq üçün, hətta İsrailin düşmənləri ilə də işbirliyi qurmasıdır. Məsələn, Mossadın ərəb qonşuları ilə potensial vasitəçi olaraq gördüyü Fas Kralı Həsəni müdafiəyə aldığı və hətta ona qarşı hücumları dəf etmək üçün 100 tank göndərdiyi ortaya çıxır. Bunun üçün Mossad Kral Həsən ilə 1962-ci ildə əlaqə qurur. O dövrün Mossad rəhbəri Rafi Eitam Fasa gizlicə gedir və onu müdafiə etmələrinin əvəzində ən böyük siyasi rəqibi Mehdi Ben Barkanı aradan götürür. Kral Həsən də 1978-ci ildə Misir ilə İsrail arasındakı imzalanan sülh müqaviləsinin gizli memarlığını edir. Beləcə, Mossadla Kral Həsən arasındakı əlaqə ölümünə qədər davam edir. Düşmənlə işbirliyinə başqa bir misal kimi Mossadın İran qalmaqalı əsnasında İrana satılan Amerika silahlarının bu ölkəyə transferində vasitəçi olmasını qeyd emək olar.

Struktur

Mossad rəhbəri birbaşa baş nazirə tabedir. Qurumun büdcəsi isə gizlidir. Hələ 1930 və 1940-cı illərlə eyni ismi daşıyan bir təşkilat dünyanın dörd bir yanına dağılmış yəhudiləri gizli yollardan Fələstinə gətirərək xalq arasında bir əfsanə yaratmışdı. Mossadın ürəyini – İsrailin düşmənlərinə qarşı mübarizə aparmaq və dünyanın harasında olursa-olsun yəhudilərə əziyyət etmiş olan insanları izləməkdə məsul olan Xüsusi Əməliyyatlar Qurumu təşkil edir.

Eichmann əməliyyatı

Qurumun İsser Harel başçılığındakı agentləri 1960-cı ildə sabiq nasist Adolf Eichmannı dünyanın obiri ucundan – Argentinadan gizli bir əməliyyatla qaçırdıb İsraildə məhkəməyə çıxarandan sonra, Mossad daha da məşhurlaşdı. Eichmann II Dünya müharibəsində ölən milyonlarla yəhudinin qatili olaraq mühakimə edildi. Bir növ Mossadın əzələ nümayişi şəklində keçən mühakimənin sonunda isə Eichmann 1962-ci ildə asıldı. Ancaq Eichmannın heç vaxt Argentinaya getmədiyini, II Dünya müharibəsindən sonra öldüyünü, Mossadın şou göstərmək üçün bir başqasını mühakimə etdiyini söyləyənlər də az deyil. Həqiqət isə tamam fərqlidir…


Eichmann doğrudanmı Mossad agenti Zvi Aharonin əsrarəngiz casusluq bacarığı sayəsində, İsraildən minlərlə km. uzaqdakı Argentinada tutulmuşdu? Təbii ki, xeyr… Bu ssenarinin üstündən sirr pərdəsini götürən İngiltərənin mətbu orqanı Guardian oldu. Belə ki, qəzetin 25 yanvar 2001-ci il tarixli xəbərinə görə Eichmann Mossad əməliyyatı ilə deyil, Argentinada yaşayan kor bir almanın sayəsində tutulmuşdu. Hadisə belə cərəyan edib: yarı yəhudi olan və sosialistlərə qarşı repressiyalar zamanı həbs olunaraq 1935-36-cı illərdə Dachau düşərgəsində işgəncə görən Lotar Hermann adlı alman, savaş zamanı Almaniyadan Argentinaya qaçır. Buenos-Ayresə gələn bu alman, düşərgədə aldığı zərbələrdən görmə qabiliyyətini itirir. Bu arada isə Hermannın qızı Silviya savaşdan sonra Klaus Eichmann adlı bir almanla dostluq edir. Və təbii ki, yəhudi düşmənliyi hələ də qalan Klaus tez-tez Hermanngilin evinə gəlir. Klaus, belə ziyarətlərində atasının nasist zabiti olmasından tez-tez qürurla danışarmış. Bir müddət sonra Hermann-ın ailəsi Coronel Suarez kəndinə köçür və beləcə Eichmannlarla əlaqə kəsilir.


İllər sonra, 1957-ci ildə Silviya Hermann qəzetdə Adolf Eichmannın axtarıldığına dair xəbəri atasına bildirir. Ata Hermann o saat bu adamın, yəni Adolf Eichmannın bir zamanlar qızı ilə dostluq edən Klausun atası ola biləcəyini düşünür və dərhal alman rəsmilərinə bir məktub göndərir. Məktubu Fritz Bauer adlı vəkil alır və Hermanndan sübut istəyir. Beləcə kor adam və qızı Buanes-Ayresə gedərək Eichmannın ünvanını öyrənir. Vəkil Bauer isə sənədləri Mossada çatdırır. Bundan sonra Mossad agenti Yoel Goren Argentinaya yola düşür. Ancaq qısa müddət sonra agent nasist zabitinin Buenos-Ayresin belə bir yerində yaşamasının imkansız olduğunu bildirir. Bununla Mossad Eichmann dosyesini bağlayır. Ancaq Hermann qərarlı çıxır. O, Eichmann haqqında məlumat toplamağa davam edir və onun Ricardo Klement adına hazırlanmış saxta pasportla həyatını davam etdirdiyini təsdiq edən sənədləri Mossada göndərir. Beləcə, onun Eichmann olduğuna inanan Mossad Argentinaya xüsusi qrup göndərərək onu tutur. 21 mart günü, İsrail Hava Yolları El Al pilotu forması geyindirilən Eichmann təyyarə ilə Təl-Əvivə gətirilir. Beləcə Mossad, kor bir alman sayəsində onu tutmağa nail olur. Mossadın əməliyyatları təbii ki, bununla bitmir.


Fransız gəmisinin qaçırılması, “Səbət əməliyyatı”, Entebbeyə basqın, Qara Sentyabr və digər əməliyyatlar


Mossad qurulduğundan bu yana CIA ilə yaxın əlaqələrdə olub. CIA Mossad yarandığı dövrdən agentlərinə təlimlər keçib, Mossadı ən son modern silahlarla təchiz edib. Elektronik və mikro-çip əməliyyatlarında isə Mossad dünyada bir nömrə kimi tanınır. Tərkibində güclü riyaziyyatçıları, kripto mütəxəssislərini birləşdirir. Bəzi rezonanslı əməliyyatların medianın da gücü ilə yayılması hesabına, təşkilatın adı əfsanələşib. Bəzi əməliyyatlara diqqət yetirək.


Mossad 1969-cu ildə Fransa dövlət başçısı Şarl de Qolun İsrailə göndərməkdən boyun qaçırdığı hücum botunu bu ölkəyə göndərdiyi dənizçi geyimli agentləri ilə qaçırtmağa nail olur. Bu əməliyyatı isə 1972-ci ildəki «Səbət əməliyyatı» davam etdirir. Belə ki, yüksək vəzifəli suriyalı kəşfiyyat zabitlərindən 5-i oğurlanır. Yenə eyni il FƏT (Fələstin Azadlıq Təşkilatı) tərəfdarı «Qara Sentyabr Təşkilatı»nın Münih Olimpiya Oyunları ərəfəsində 12 israilli idmançını öldürməsinin əvəzi olaraq, hücumu həyata keçirən «Qara Sentyabr Təşkilatı»nın 12 üzvünü Avropanın ayrı-ayrı paytaxtlarında aradan götürür. Bu əməliyyat üçün Golda Meir tərəfindən X komitəsi adlı xüsusi sui-qəsd qrupu yaradılır. 2 avqust 1976-cı ildəki «Entebbeyə Basqın» isə daha sonradan bir sıra filmlərin süjetinə çevrilərək Mossad imicini daha da möhkəmləndirdir. Belə ki, FƏT üzvləri tərəfindən Ugandanın Entebbe hava limanına qaçırılan İsrail təyyarəsi və içindəki yəhudi sərnişinlər Mossadın təşkil etdiyi əməliyyatla qurtarılır. Bundan başqa, 15 mart 1981-ci ildə İsrail Hava Qüvvələrinə aid altı F-15 və səkkiz F-16 İordaniya üzərindən İraqa girərək İraqın inkişaf etdirməyə çalışdığı nüvə mərkəzlərini yerlə bir edir. 1985-ci ildə İsrail hərbi qüvvələri Tunisdəki FƏT düşərgələrini bombaladıqda 3 min millik uçuş və havada yanacaqdoldurma tələb edən bir əməliyyatın da arxasındakı güc Mossad idi. Təşkilatın digər səs salan əməliyyatları içərisində FƏT-in önəmli üzvlərindən sayılan Ebu Cihad olaraq bilinən Xəlil Əl-Vəzirin Tunisdəki evində öldürülməsi də var. Yenə Fələstin mübarizəsinin önəmli üzvlərindən olan Yəhya Ayaşın cib telefonuna yerləşdirilən bomba ilə öldürülməsi təşkilatın texnoloji səviyyəsini açıq-aydın göstərir. Bütün bu əməliyyatlar isə bir az daha şişirdilərək ictimaiyyətə əfsanəvi şəkildə təqdim olunurdu. Bunun nəticəsidir ki, ərəb ölkələrində və bir çox başqa ölkədə «hər daşın altında Mossad barmağı var» fikri beyinlərə hakim kəsilib.


Uğursuz hesab edilə bilən əməliyyatlar


Bəs bu təşkilat doğrudanmı bu qədər əfsanəvidir və heçmi fiaskoya uğramayıb? Bəlkə də Mossad əməliyyatlarına dair bu qədər filmin çəkilməsi, mediada işıqlandırılması qəbirstanlıqdan keçən adamın fit çalmasına bənzər, qorxunu boğmaq vasitəsidir? Təşkilatın adına xələl gətirən əməliyyatlardan biri – Eichmann hadisəsi artıq sizə məlumdur. Şübhəsiz uğursuz əməliyyatlar da olub. Onlardan bir neçəsinə diqqət edək.


1954-cü ildə 11 misirli yəhudi Misir torpaqlarında ingilis və amerika maraqlarına zərər vermək iddiası ilə tutulmuşdu. Bu adamların sonradan İngiltərənin Süveyş kanalından çəkilməsi üçün müzakirələri davam etdirən Misirin Qərb ölkələriylə arasını vurmaqla vəzifələndirilmiş Mossad agentləri olduğu məlum olur. Agentlərdən biri həbsxanada intihar edir, 2-si isə edam edilir. Lakin bu son uğursuzluq deyildi. Mossad agentləri 1973-cü ildə «Qara Sentyabr Təşkilatı»nın lideri Əli Hassan Salam zənn etdikləri məsum bir ofisiantı Norveçdə öldürmüşdülər. Saxta pasportlu agentlərdən 10-u Norveçdən qaçarkən tutulur, onlardan  5-i 5 il həbs cəzası alır, amma 22 ay sonra həbsxanadan azad edilirlər. 1975-ci il Yam Kippur savaşında İsrail Mossadın ərəb orduları haqqındakı yetərsiz kəşfiyyatından dolayı xeyli zərər görmüşdü. Digər maraqlı bir hadisə 1991-ci il aprel ayında İran səfirliyinə dinləmə cihazı yerləşdirərkən tutulan 4 Mossad agentinin məhkəmədə müdafiə olunarkən «yuyunmaq üçün hamam axtarırdıq» deyərək özlərini və təşkilatlarını dünya ictimaiyyəti önündə gülünc duruma salması olmuşdur.


1995-ci ildə, bu dəfə İsrailin Amerika donanma kəşfiyyatındakı köstəbəyi Jonatan Pollard deşifrə olunur. «Mega» kod adlı Pollardın FBI tərəfindən tutulması ilə iki ölkə arasında böyük krizis yaşanır, prezident Bill Klinton hirsindən dəliyə dönür. Növbəti uğursuzluq bu dəfə 1997-ci ildə İordaniyada baş verir. Saxta Kanada pasportu olan 2 Mossad agenti Həmas təşkilatının Siyasi Büro rəhbəri Halid Meşalı zəhərli spreylə Ammanda öldürmək istəmiş, lakin ifşa olunduqları üçün öldürə bilməmişdilər. İordaniya isə öz ərazisində İsrailin əməliyyat keçirməsini pisləyərək münasibətlərdə gərginlik yaratmışdı. Belə ki, İsrail iki agentinin təhvil verilməsi qarşılığında aralarında Həmasın qurucusu və ruhani lideri Şeyx Əhməd Yasinin də olduğu 70 fələstinli məhbusu azad etməyə məcbur olmuşdu.


Təşkilatın başqa bir fiaskosu isə 1998-ci il fevral ayında İsveçrənin paytaxtı Berndə olur. Hizbullah qruplaşmasının istifadə etdiyi zənn edilən binaya dinləmə cihazı yerləşdirməyə çalışan agentlər xəta edincə tutulurlar. Təl-Əvivdəki planın Berndəki hesaba uymamasıyla başlayan qalmaqal belə baş vermişdi: İsrailli agentlər özlərindən razı şəkildə eyni təyyarə ilə Sürixə gəlirlər. Saxta pasportlarından deyil, İsrail pasportlarından istifadə edirlər. Hamısı eyni maşında Hizbullahın istifadəsində olduğu zənn edilən binaya gəlirlər. Təbii ki, mümkün qədər gurultusuz olmağı, ən sadə səbəbə görə polisə zəng eləməyə hazır avropalı qocaları oyandırmamağı nəzərə almırlar. Agentlərdən üçü cihazı yerləşdirmək üçün binaya girir, ikisi isə nəzarət üçün maşında qalır. Gecə yarısı maşında oturan iki kişinin diqqət çəkəcəyini düşündüklərindən öpüşərək «mavi» rolunu oynamağa çalışırlar. Lakin bu imitasiya belə, qocaların polisə xəbər verməsinə mane olmur. Hadisə yerinə gələn polis «mavi» agentləri tutur. Bu arada bina içində tutulan agentlər də «qalmaq üçün yer axtarırdıq» deyincə, İsveçrə polisi «mavi»lərdən şübhələnir. Dramın son nöqtəsini isə, polisin onlardan birinə tuşlanan silahı və agentin qəfil infarkt keçirməsi qoyur. Belə ki, çaxnaşmada dörd agent qaçıb Fransa ərazisində yoxa çıxır, ürək xəstəsi Mossad agenti isə mühakimə olunmaqdan qurtula bilmir. Beləcə, Mossadın dünya mediasına «fantastik uğurlarından biri» olaraq təqdim etməyə hazırlaşdığı əməliyyat faciə ilə bitir. Ən maraqlısı isə, bu binaya 4 ildir heç bir Hizbullah üzvünün daxil olmaması faktının sonradan üzə çıxmasıdır. O dövrün Mossad rəhbəri Danny Yatan hadisədən sonra istefa vermək məcburiyyətində qalır.


Göründüyü kimi, insanın olduğu hər yerdə xətanın olması qaçılmazdır. Mükəmməllik sadəcə Yaradana xasdır. İsrailli yüksək vəzifəli siyasətçilərin böyük əksəriyyəti karyeralarına Mossadda başlamışdır. İsrail ordusunda uzun illər xidmət edən və 1973-cü ildə Şimal cəbhəsi idarəsinə gətirilən general İzhak Hafi növbəti il Mossad başçısı olur və 1982-ci ilə kimi bu vəzifəsində qalır. Onun rəhbərliyi ilə 1982-ci ildə Beyrutdakı Sabra və Satilla düşərgələrində yüzlərlə müdafiəsiz fələstinlilərin öldürülməsi, Mossadı dünya ictimaiyyətinin gözündən xeyli salır.


Bundan başqa Haim Herzog, İzhak Şamir, Menahan Begin, 1995-ci ildə sağçı bir yəhudi tərəfindən öldürülən İzhak Rabin, son illərdə başnazirlik etmiş Benyamin Natanyahu və Ehud Barak kimi İsrail siyasətinin öndə gələn şəxsləri uzun sürən karyeralarında ya Mossad üzvü, ya da rəhbəri kimi xidmət ediblər. Son əlli ildir ki, haqqında tez-tez danışılan Mossad dünyanın ən güclü beş kəşfiyyat orqanı arasında qərarlaşıb. Xronik qeyri-sabitlik içində üzən Orta Şərqdəki son olaylara baxsaq, Mossadın səhnədə hələ çox aktiv olacağı dəqiqdir. (Rafiq Hunaltay, Azloqos)

pia.az


Etiket: Mossad İsrail


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ən çox oxunanalar