Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Möhsün Nağısoylu: "Təəssüf ki, Nəsiminin avtoqraf nüsxəsi günümüzə gəlib çatmayıb" - Müsahibə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 1905.az saytına müsahibəsində Nəsimi irsi və yaradıcılığı barədə danışıb

PİA.az .az müsahibəni oxucularına təqdim edir:

– Nəsimi yaradıcılığının tədqiq olunmasını qənaətbəxş hesab etmək olarmı?

– Nəsimi yaradıcılığının öyrənilməsinə Azərbaycanda 1926-cı ildən başlanılıb. Ondan qabaq Firudin bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı ”kitabında qısa məlumatlar verilib. Amma nəşr sahəsində ilk iş 1926-cı ildə baş tutub. O düvrün görkəmli mətnşünas alimi Salman Mümtaz Azərbaycan ədəbiyyatı seriyasında “Seyid İmadəddin Nəsimi” adlı bir kitab nəşr etdirib. 1962-ci ildə Mirzağa Quliyev Nəsiminin seçilmiş əsərlərini çap etdirib. Amma Nəsiminin həm yaradıcılığının, həm də əsərlərinin nəşri sahəsində dönüş mərhələsi 1973-cü ildən başlayıb. Ulu Öndər ədəbiyyata, dilimizə böyük önəm verirdi. Həmin ildə şairin 600 illik yubileyi keçirildi. Yubiley çərçivəsində ustadım Cahangir Qəhrəmanov Nəsiminin əsərlərinin 3 cilddə elmi tənqidi mətnini təqdim etdi. Kitab ərəb qrafikası ilə nəşr olunub. 5 əlyazma əsasında hazırlanıb. İki əlyazma bizim Əlyazmalar institutundaydı, qalan üçü isə İrəvandan, Sankt Peterburqdan və Daşkənddən gətirilmişdi. Kitaba iki qədim çap da əlavə edilmişdi; XİX əsrə aid İstanbul çapı, biri isə Salman Mümtazın nəşri. Sonuncunun əsasında elmi tənqidi mətn nəşr olunmuşdu. Elmi tənqidi mətn nədir? Yəni, şairin qədim əlyazmalarını tədqiqatçı araşdıraraq birini əsas götürür, digərlərini onunla müqayisə edirək nüsxə fərqlərini göstərir. Bu zaman tədqiqatçı əsasən qədimliyə fikir verir. Çünki, qədim əlyazmalarda təhriflər olmur, sonrakı dövrün əlyazmalarında isə belə hallara geniş rast gəlinir. Bu baxımdan Nəsiminin müəyyən mənada bəxti gətirməyib. Fədakar, əqidəsi yolunda şəhid olmuş şair hürufiliyin ən qızğın təbliğatçısı olub. Faciəli ölümündən sonra davamçıları olan şairlər ustadlarına ehtiram əlaməti olaraq Nəsimi təxəllüsü ilə şeirlər yazırdılar. Onlardan biri XXII əsrdə yaşayıb Katiblər də köçürəndə başqa Nəsimilərin şeirlərini İmadəddin Nəsiminin adına yazıblar. Qədim əlyazmalarda belə təhriflər olmur. Məsələn, Nəsiminin öz dövrünə aid əlyazma olarsa, ora XVI əsrdə yaşamış Nəsiminin şeiri düşə bilməz. Və ya ən mötəbər qaynaq Nəsiminin öz avtoqrafı olarsa, orda heç bir səhvə qol verilə bilməz. Təəssüf ki, digər klassiklərimiz kimi Nəsiminin də avtoqraf nüsxəsi günümüzə qədər gəlib çatmayıb.

– Nəsiminin dövründə şairin əsərləri necə yayılırdı? Təbii ki, əlyazmalarla yanaşı şifahi də yayılırdı?

– Təbii ki, əlyazma da edirdi. Nizami, Füzuli kimi şairlərin ayrıca katibləri vardı. Qazi Bürhanəddinin divanının Böyük Britaniya muzeyində saxlanılan cəmi bir əlyazması var. Hansı ki, onun sağlığında köçürülüb. Çünki hökmdar idi; xəttatı da vardı, katibi də. Məsələn, Molla Pənah Vaqifin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Seyid Əzim Şirvaninin əsərlərinin avtoqrafı günümüzə qədər gəlməyib. Mirzə Fətəli Axundzadənin bütün əsərləri avtoqraf şəklində günümüzə qədər gəlib. Əsərləri katiblər köçürürdü, köçürəndə də müxtəlifliyə yol verirdilər. Tutaq ki, bir sözü anlamırdı, yerinə başqa söz yazırdı. Mətnşünasın da vəzifəsi odur ki, əsl mətni bərpa eləsin, yəni Nəsiminin özünün qələmindən çıxan şeirləri bərpa edə bilsin. Bu şərəfli və ağır bir işdir. Əsl mətn olmayanda yazıçı və şair haqqında düzgün fikir əldə etmək olmur. Məsələn, Cahangir Qəhrəmanov Nəsiminin əsərlərinin elmi tənqidi mətnində qeyd edir ki, XVII əsrdə köçürülən Nəsimi divanına başqa Nəsimilərin şeirləri daxil edilib.

– Bütün bu detallar indi də araşdırılırmı?

– Əlbəttə. Ondan sonra Nəsiminin yeni əlyazmaları aşkara çıxarılıb.

– Əlyazmalar əsasən hansı ölkələrdən tapılıb?

– Bizim Füzuli adına Əlyazmalar İnstitutunda Nəsimi divanının iki əlyazması saxlanılır. Amma qonşu Türkiyədə əlyazmaların sayı çoxdur. Şairin İraqda tapılan əsərini Qəzənfər Paşayev “İraq divanı” adı altında nəşr eləyib. Tədqiqat asan məsələ deyil; dil faktları, yazıçının yaşadığı dövr nəzərə alınmalıdır. Məsələn, son aparılan tədqiqatların nəticəsində bəlli oldu ki, məktəb dərsliklərinə salınmış “Ağrımaz” rədifli qəzəl Nəsimi yaradıcılığının məhsulu deyil:

Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar
Gər bu miskin aşiqi sərpa soyarlar, ağrımaz.

Uzun illər Nəsiminin ölüm ayağında yazdığı şeir kimi təqdim edilib. Guya Nəsiminin qətlinə hökm verən şəriət hakimi deyir ki, “bu o qədər kafirdir ki, qanı hara düşsə, oranı kəsib atmaq lazımdır”. Təsadüfən Nəsiminin qanı hakimin barmağına sıçrayır. O da həmən bildirir ki, “mən elə sözgəlişi demişəm”. Təbii ki, bu uydurmadır. Bunu Nəsiminin davamçıları olan şairlərdən biri yazıb. Nəsimi dar ağacına asılan zaman şeir yazması inandırıcı deyil. Hətta əvvəl deyirdilər ki, dərisi soyulub, sonra öldürülüb. Amma bu belə deyil. Son dövrdə tapılan mənbələr göstərir ki, Nəsimini mühakimə etmiş müxtəlif təriqətlərin nümayəndəsi olan üç şəriət hakimi onun günahını sübut edə bilməyib. Çünki, Nəsimi bütün əsərlərində fikir və ideyalarını Quran əsasında əsaslandırıb. O zaman bu məsələni şairin ideologiyasının əleyhinə olan Misir sultanı şeyx Əl-Müəyyədə çatdırıblar. O isə öz növbəsində Nəsiminin ölümü haqda fərman verib; dar ağacından asılaraq öldürülsün, meyidi meydanda 7 gün qalsın, dərisi soyulsun, əllərinin hər biri tərəfdarları olan hakimlərə göndərilsin.

– Demək Misir hakimi heç bir sübut olmadan Nəsiminin ölümünə fərman verib.

– Ölüm hökmü onun ideologiyasına görə verilib. Əsərlərində isə dinin əleyhinə heç bir dəlil sübut tapılmayıb. Hürufilər dini ideoloji dövlət yaratmaq istəyirdilər, tərəfdarları da vardı, məsələn, Cahanşah Həqiqi Qaraqoyunlu kimi. Şah İsmayıl Xətai sonradan şiəliyi yayanda Nəsiminin fikirlərinə çox istinad edib.

Sonradan akademik Həmid Araslı Nəsiminin əsərlərini çap etdirib. Ölkə prezidenti cənab İlham Əliyevin 2004 cü ilin yanvarında ədəbiyyat xadimlərinin əsərlərinin latın əlifbası ilə kütləvi şəkildə nəşri ilə bağlı bir sərəncamı oldu. O nəşr silsiləsində Nəsiminin əsərləri də iki cilddə Lider nəşriyyatında çap edildi. Axırıncı İraqdan tapılmış əlyazmalarının əsasında “İrak divanı” nəşr edilib. Türkiyədə də bir məşhur Nəsimişünas var; Hüseyn Ayan əsərlərini Türkiyə kitabxanasında olan əlyazmaları əsasında nəşrə hazırlayıb və mötəbər nəşr sayılır.

Bu il Nəsimi ilidir. İnstitutumuz da onun adını daşıyır, Nəsimi ilinə layiqli töhfələr verməliyik. Mətnşünas dilçi kimi bu məsələlərlə məşğul oluram. Baxıram ki, burda çoxlu problemlər var; yəni, Nəsiminin eyni bir qəzəli müxtəlif nəşrlərdə müxtəlif cür gedib:

Dilbəra, mən səndən ayrı təndə canı neylərəm?
Tacü-təxtü, mülkü-malü, xanimanı neylərəm?

İlk misradakı “təndə canı” 2004-cü il nəşrində “ömrü canı” ifadəsi ilə əvəzlənib. Niyə? Çünki, əlyazmaların birində katib “təndə” sözünü “ömrü” sözü ilə əvəzləyib. Mətnşünasın vəzifəsi qədim əlyazmaları araşdıraraq əsərin orijinallığını bərpa etməkdir. Ona görə də mən “Azərbaycan” qəzetində qarşımızdakı vəzifələrdən və təkliflərdən ibarət məqalə ilə çıxış etmişəm. Nəsimi əsərlərinin ilk nəşrinin üstündən 46 il keçib və şairin yeni əlyazmaları tapılıb. Füzuli adına Əlyazmalar İnstitutu onların surətlərini əldə edib. İndi mətnşünasların borcu yeni əlyazmalardan da istifadə etməklə Nəsiminin əlyazmalarının yeni elmi tənqidi mətnini hazırlamaqdır. Üstəlik, Nəsiminin əsərlərinin yeni akademik nəşrini hazırlamağa ehtiyac var. Akademik nəşr nədir? Bir var oxucular üçün kütləvi nəşr. Orda qədim sözlər müasirləşdirilib. Məsələn, Nəsiminin məşhur bir qəzəli var:

Yüzünü məndən nihan etmək dilərsən,etmegil!
Gözlərim yaşın rəvan etmək dilərsən,etməgil!

Qədim dilimizdə üz- yüz, ürək – yürək, ildırım – yıldırım, ilan – yılan kimi deyilirdi. Amma müasir oxucunun daha asan başa düşməsi üçün yüz – üz kimi yazlıb. Akademik nəşrdə isə belə etmək olmaz. Nəsimi necə deyibsə, elə də yazılmalıdır, şeirin orijinal mətninə toxunmaq olmaz. Vaxtilə Hüseyn Cavid deyirdi ki, mənim yazdıqlarıma toxunmayın. Necə yazmışamsa, o cür də çap edin. Hüseyn Caviddə Türkiyə təsiri var. Məsələn:

— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Peki, sənin anan, baban varmı?
— Evet, var.
— Nasıl, zənginmidir baban?

Burda nasıl,evet əvəzinə necə, bəli işlətmək olmaz. Nəsiminin əsərləri də orijinal variantda, latın qrafikası ilə hazırlanmalıdır. Əsərlərin ilk nəşri ərəb əlifbası ilə olub. Nəsimi haqda monoqrafiya barmaqla sayıla bilər. Məsələn, Mirzağa Quluzadə o vaxtı balaca bir kitab yazıb. ”Böyük ideallar şairi”. Həm də o dövrün ideologiyasının işığında yazıb, yəni Nəsimi ateist və Allahı danan şair kimi təqdim edilirdi. Halbuki bu yanlışdır. Ötən il Nəsiminin nəslinin davamçıları Azərbaycana gəlmişdilər. Söhbət edəndə dedilər ki, “Nəsiminin ateist şair kimi təqdim edilməsinə təəccübləndik”. Nəsimi Quranı kamil bilib, hədislərdən xəbərdar birisi olub. Bütün fikirləri isə Qurana əsaslanıb. Nəsiminin əsərlərinin yenidən araşdırılıb, ona həqiqi qiymət verilməsinə ehtiyac var. Nəsimi fars və ərəbcə yazıb. Onun fars divanından müəyyən tərcümələr var. Amma onu mükəmməl şəkildə yenidən çap eləmək lazımdır. Çoxları bilmir ki, Nəsimiyə aid edilən nəsr əsərləri var. Türkiyədə saxlanılan əlyazmalarından, “Müqəddümətül Həqayiq” yəni, həqiqətlərin başlanğıcı. Orda nəsrlə Quran təfsiri, hürufi yozumları var. O əsər indiyə kimi çap olunmayıb. Və ya Nəsimiyə aid edilən “Qiyamətnamə” adlı əsər var. Onun da sübuta və çapa ehtiyacı var. Nəsiminin əsərlərində sufi rəmzləri olduğu üçün şərh və izahlarla çapa ehtiyacı var. Məsələn, sufi rəmzlərinə görə qaş, saç, üz, göz, dodağın həqiqi ilə yanaşı rəmzi mənası da var. Çünki hürufilər hesab edirdilər ki, Allahın əlamətləri insanın üzündə öz əksini tapıb.

– Hürufilikdə İslamla ziddiyyət təşkil edən məqamlar varmı? Nəsimi “ənəlhəqq” deyirdi.

– Onu ilk dəfə XIII əsrdə yaşamış Hüseyn Mənsur Həllac deyib. Nəsimi ölümünü bilirdi. Bu onun şeirlərində var: Gər ənəlhəq söyləməkdə darə asılsam, nə qəm .

Başımı top edib yenə meydanə girmişəm
Meydanə girməsə yenə meydanə ər gərək.

Meydanda topu ayaqla vururlar, yəni ölümə hazıram. Nəsimi onun fikirlərinin bir çoxları tətəfində yanlış anıaşıldığını bilirdi. Mənsur Həllac “ənlhəqq” dediyinə görə dar ağacından asılmışdı. Nəsiminin ona böyük rəğbəti, sevgisi vardı. Ona görə bir çox şeirlərini onun təsiri ilə Hüseyni təxəllüsü ilə yazıb. Hürufi Fəzlulla Nəimi ilə tanış olandan sonra sufilikdən hürufiliyə keçdi. Bunların fərqi nədir? Sufilər Allaha olan məhəbbəti əsas götürürdülər. Onlar həyatın mənasını əsas Allaha qovuşmaqda görürdülər, bu dünyanı isə fani sayırdılar. Ən böyük sufilərdən Mövlanə Cəlaləddin Rumi müridlərinə deyirdi: “az yatın, az yeyin, gününüzü ibadətdə keçirin və Allaha qovuşmağa çalışın.” Hətta onun ölüm gününü müridləri “şəbi əruz” adlandırırdılar, yəni toy gecəsi. Hesab edirdilər ki, ölüm Allaha qovuşmaqdır. Bir maraqlı faktı da deyim. Füzulinin “Həqiqətüs Süəda” – xoşbəxtlər bağı adlı bir əsəri var. Sovet dövründə o əsər qadağan olunmuşdu. İlk dəfə onu 1992-ci ildə çap eləmişik. Əsərin qısa məzmunu belədir ki, Məhəmməd peyğəmbər ölüm ayağındadır və yeganə qızı ağlaya-ağlaya gəlir onunla vidalaşmağa. Çıxanda isə gülümsəyərək gedir. Səbəbini soruşurlar. Fatimə cavab verir, atam mənə müjdə verdi ki, dünyasını dəyişəndən sonra ona ilk qovuşan mən olacam.

Sufi inancına görə, insan ölmür, Alaha qovuşur. “Nəsimi” filmində Nəiminin dediyi kimi “gedən mənim cismimdir, ruhum isə yaşayır”. Həzrəti Fatimə də ölümü məhv olmaq deyil, Allaha qovuşmaq sayırdı. Sufilər az yeyib, az içir, dərviş həyatı keçirirdilər. Hürufilər isə ağıla üstünlük verirdilər və sufilərdən fərqli olaraq hakimiyyətə can atırdılar. Onlar öz fikirləri əsasında dini ideoloji dövlət qurmaq istəyirdilər. Bu istəklərinə onlar çata bilmədilər, amma şah İsmayıl Xətai həyata keçirdi.

– Həmin zaman mövcud dövlətdə din əsas faktor deyildi ki?

– Misir hökuməti şəriətə üstünlük verirdi. Yəni, müsəlmansansa, gündə beş dəfə namaz qılmalısan, oruc tutmalısan, həccə getməlisən, zəkat verməlisən. Amma sufilər deyirdilər ki, əsil ibadət qəlbin ibadətidir. Quran deyir ki, Allah bütün insanları eyni cür yaradıb. Şeyx Mahmud Şəbüstəri deyir ki, Allahın yaratdığında fərq yoxdur. Bütü də Allah yaradıb. Nəsiminin bir şeiri var: Ey həqqi hər yerdə hazırdır deyən əgri nəzər, yəni ey Allahı hər yerdə hazırdır deyən əyri nəzər. Bəs nə məni dən seçərsən Kəbədən bütxaneyi – bəs onda sən Kəbə ilə bütxanəni niyə fərqləndirirsən? Kəbəni də Allah yaradıb, bütxanəni də. Onların inancına görə, Allah ən son kamil varlıq olan insanı yaradıb ki, onu yer üzündə özünün xəlifəsi etsin.

– Nəsiminin qurmaq istədiyi hökumətlə Misirdəki mövcud kökumətin fərqi nədəydi?

– Misir hökuməti şəriətə üstünlük verirdi, hürufilər isə elmə. Onlarda əsas kamil insan götürülürdü, yəni özünü dərk edən insan. Hər insana kamil insan demək olmaz. Yalnız təriqət yollarını keçən, əzab, əziyyətə dözən, elmdə ucalan insana kamil insan deyirdilər. Yalnız elmlə ucalan insan üçün deyirdilər ki, Allahına qovuşa bilər. Nəsimi özünü günəş adlandırırdı:

Bir günəşdir Nəsimi kim anın
Neçələr zərrəsinə həsrətdir.

Sufizmdə belə bir fikir var ki, Allah günəşdir, insan da onun zərrələridir. Nəsimi də burda özünü günəş adlandıraraq “ənəlhəqq” deyimini təkrarlayır. Yəni mən heçəm, məndəki Allahdır.

Nəsimi Azərbaycan ədəbiyyatı və ədəbi dilinə bir neçə yenilik gətirib. Əvvəla ana dilində fəlsəfi qəzəlin ən kamil nümunələrini o yazıb. Ondan qabaq ana dilində Həsənoğlunun və qazi Bürhanəddinin bir iki şeiri var idi, fəlsəfi qəzəl yox idi. Yəni Azərbaycan şairlərinin, Nizami, Xəqani, Məhsəti Gəncəvinin fars dilində yazdıqları var idi. Lakin Nəsimi ilk dəfə üç dildə şeirin ən kamil nümunələrini yaradıb: farsca divanı mükəmməl formada gəlib çatıb, ərəbcə olan divanı isə tam deyil. Nəsimi Nizamidən sonra bir ədəbi məktəb yaradıb. Yəni, yaydığı fikirləri onun kimi yazan davamçıları olub. Nəsiminin ən böyük xidmətlərindən biri Azərbaycan ədəbi dilini zənginləşdirməsi olub. Onun dili elə bil coşqun bir bulaqdır, şəffafdır, safdır, təmizdir, axıcı və oynaqdır və musiqilidir. Məsələn:

Düşdü yenə dəli könül gözlərinin xəyalinə
Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə?
Al ilə ala gözlərin aldadı aldı könlümü,
Alini gör nə alidir, kimsə ilişməz alinə.

Yəni dəli könül yenə sənin gözlərinə aşiq oldu. Burda cinas qafiyə var, bir dənə də olsun ərəb fars sözlərindən istifadə edilməyib. İkinci beytdə al sözünün bir mənası hiylə deməkdir. İnsanı hiylə ilə aldadırlar. Aldatmaq sözünün kökü “al”dır. İkinci beytin ikinci misrasında isə al artıq rəng mənasında işlənir. Yəni, sevgilimin üzünün qırmızılığına bax ki, qan eləyir. Heç kimin üzünün qırmızılığı sevgilimin üzünün qırmızılığına çata bilməz. Dilin saflığı, təmizliyi, oynaqlığı, ahəngdarlığı Nəsiminin nümunəsində özünü aydın göstərir.

– Nizami fars dilində yazdığına görə, onu fars şairi kimi təqdim edirlər, bəs Nəsimi beynəlxalq aləmdə hansı millətin şairi kimi qəbul olunub?

İraqlılarla türkmənlər Nəsimini özünkü sayır. O dövr çətin dövr idi. Bəziləri deyir, Nəsimi Şirvanda doğulub, bəziləri Təbriz, bəziləri də İrakda doğulduğunu deyir. Bağdadın yaxınlığında vaxtilə Nəsim adlanan qəsəbə varmış, belə iddia edirlər ki, təxəllüs ordan götürülüb. Çox yanlış fikirlərdir, ilk öncə Hüseyni təxəllüsü ilə yazan şair Nəsimi təxəllüsünü ustadı Nəimiyə uyğunlaşdıraraq götürüb, mənası “səhər küləyi” deməkdir. Əsl adı İmadəddindir, dinin dirəyi mənasını daşıyır. Nəsimi şeirlərinin birində özünü “türkman” adlandırır. O zaman isə oğuzlara türkman deyirdilər. Yəni Nəsiminin Türkmənistan türkmənlərinə aidiyyatı yoxdur. Nəsimi o qədər böyükdür ki, hamıya sığar. Eləcə də Nizami Gəncəvini İran öz adına çıxır ki, farsca yazıb. Çingiz Aytmatov da rusca yazıb. Onu rus yazıçısı adlandırmaq lazımdır, yoxsa qırğız? Nizaminin dövründə farsca yazmaq ənənə olduğundan əsərlərini o dildə yazmışdı. Füzuli Bağdadda yaşasa da, Azərbaycan şairidir. Yaradıcılığının əsas hissəsi də bu dildədir. Nəsiminin də böyüklüyü ondadır ki, o, doğma dildə qəzəlin ən kamilini yazıb. Nəyə görə Nəsiminin şeirləri oynaqdır, ahəngdar, axıcı və musiqilidir? Çünki, Nəsimi o şeirlərini müridlər üçün yazırmış, onlar da musiqi sədaları altında oxuyub rəqs edirmişlər. Ona görə də onlarda təbii bir oynaqlıq var. Bir nüansı qeyd edim ki, Nəsiminin şeirlərində hürufi ideyalarından əlavə saf sevgi duyğularını da qələmə alıb. Məsələn:

Alinə vermişəm könül, ali çox alə düşməsün,
Yanağının qızılgülü üstünə jalə düşməsün.

Şairlik həm ilahi vergidir, həm də birbaşa eşqlə bağlıdır. Aşiq olmuş şairin içində sanki vulkan püskürür. Nəsiminin qəbri də Hələbdədir, nəslindən olanlar Suriyada, İrakda yaşayırlar.

– Dünya çapında Nəsimi yaradıcılığına müraciət varmı?

Avropanın bir sıra ölkələrində; Almaniya, Polşa, eləcə də Türkiyədə, İrak və Suriyada araşdırmaçılar var, əsərləri bir çox dillərə tərcümə olunub. Vəzifəmiz daha geniş şəkildə Nəsimini təbliğ etmək; əsərlərini başqa dillərə tərcümə etməkdir.

Şairin Nəsimini əsərlərində müasir dövrlə səsləşən işıqlı fikirlər var. Nəsimi insanı göylərə qaldırır:

Ey daşəvü türabə deyən qiymətli gövhər,
İnsan bu hüsnü lütf ilə gövhər degilmidir.

Topaqları işğal edənlər, qızıl, ziynəti qiymətlidir deyərək toplayanlar! İnsan bu gözəllik ilə gövhər deyilmi? Nəsimi insanı qiymətli sayılan hər şeydən üstün tutur, dəyər verir. Təbii ki, kamil insandan söhbət gedir. Bəzi şeirlərində isə bu dünyanı “murdar leş” adlandırır.

Yoxdur vəfası dünyanın, aldanma anın alinə,
Rəngindən oldu münfəil hər kim boyandı alim.

Nəsimi ölümü Allah qovuşmaq kimi qəbul etdiyindən ondan qorxmurdu.

– Misir hökmdarı Nəsiminin əsərlərində təhlükəni konkret nədə görürdü?

– Misir sultanı Çərkəz məmlüklərindən idi. Şair də onun siyasi rəqibi idi. Təbii ki, heç bir şəxs istəməz ki, onun siyasi rəqibi olsun. Nəsimini edam edib bədən üzüvlərini onun tərəfdarına göndərməklə siyasi rəqiblərini qorxutdu və onları özünə tabe etdi.

– Demək, Misir sultanı – Nəsimini edam etməklə öz siyasi rəqibini aradan götürüb.

– Bəli. Məsələ konkret olaraq bu idi. Nəsimi yaradıcılığı sonrakı dövr şairlərinə də təsir edib. Məsələn Sarı aşığa,

Gözəllik soy iləndir
Şahmar da soy ilandır
Nəsimitək bu aşıq
Yolunda soyulandır.

Nəsimi Azərbaycan ədəbiyyatının zirvələrindəndir. Bizim dünya miqyasında tanınan şairlərimiz azdır: Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid. Onlardan biri də İmadəddin Nəsimidir. Əqidəsi yolunda şəhid olduğuna görə, coşqun lirikasına görə, həm də əbədiyaşar şeirlərinə görə.

– Nəsimi yaradıcılığında insan azadlığı necə təsvir edilir?

– Nəsimi hesab edir ki, kamil insan, yəni özünü dərk edən insan yer üzünün əşrəfidir. İnsan ən ali məqama layiq varlıqdır.

– Din insanı Allahın qulu adlandırır, bəs Nəsimi?

– Bu məsələdə şəriətlə təriqət həmişə üz üzə durub. Şəriətin qanunları var, deyir ki, məscidə getməlisən, ibadət etməlisən. Sufilər isə deyirdilər, o vacib deyil. Əsl ibadət qəlbin ibadətidir. Füzulinin “Rindü Zahid” əsərində deyir, “Siz ibadət edirsiniz, amma yalan danışırsınız, insanları aldadırsınız”. Mən Əfqanıstanda olanda baxırdım hamı ibadət edir, amma satışda aldadırdılar. Soruşurdum, necə müsəlmansınız? Oruc tutub, namaz qılan yalan danışmamalıdır axı. Sufilər çalışırdılar şəriətlə təriqəti birləşdirsinlər. Məsələn, məşhur filosof İbn Ərəbi bu ziddiyyəti aradan qaldırmaq üçün çox çalışıb.

Gərçi bu gün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm
Bundan uludur ayətim, ayətü şanə sığmazam.

Və ya :

Ey Nəsimi, sözümdür sbi-həyat,
İçməyən ani qaldı fiz-zülmət

Yəni sözlərim dirilik suyudur, anlamayan zülmətdə qalar.

– Necə bilirsiniz, həmin zülmət yenə davam edirmi?

– Əlbəttə, hesab edirəm ki, nadan adam elə zülmətdədir.

Bivəfadır çün bu aləm, kimdən istərsən vəfa
Bivəfa aləmdə sən yari-vəfadar istəmə.

Nəsiminin şeirlərindən onun ümidsizlik dövrünü və ya enerji ilə dolu olduğu zamanları müəyyən etmək olur.

Nəsimi dövrünün savadlısı mütləq Quranı, hədisləri, ərəb və fars dillərini bilməli idi. Həmin dövr şairlərini düzgün araşdırmaq üçün tədqiqatçının da bütün bu sahələri bilməsi gərəkdir. Şamaxı o dövr ziyalılarının məskəni idi. Ordan çox alim çıxıb. Əfzələddin Xaqani Şirvani, Fələki Şirvani, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Bahar Şirvani, Zülfüqar Şirvani. Sonuncu iki mütəfəkkir beş dildə əsər yazıblar. O dövrün ziyalıları ensiklopedik zəka sahibləri olublar.

Ülviyyə Tahirqızı, 1905.az

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar