Cümə axşamı, 19 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

MMC ilə MMMC-nin fərqi nədir?

Az qala hər gün dövri mətbuatda, ictimai tədbirlərdə, nəşrlərdə MMC və MMMC abbreviaturalarına rast gəlirik

Danışıq zamanı fərqi hiss etmək mümkünsüz olsa da yazılışda fərqi nisbətən asan müəyyən etmək olur. Hətta səsləndirmə zamanı əksər hallarda fərqinə varmadan hər ikisini MMC kimi tələffüz edirik. Xeyli sayda insanlar var ki, onların fərqini bilmir. Mətbuat da hərdən onları qarışdırır. Əslindən yazılışda bir-birindən ancaq M hərfi qədər fərqlənən bu iki abbreviatura fərqli anlayışı ifadə edir. Onları birləşdirən bir sıra cəhətlər var. Hər ikisi hüquqi şəxs statusunu ifadə edir, idarəetmə formaları oxşardır, qərar qəbulu prosesi yaxındır. Ancaq buna baxmayaraq ciddi fərqlər var.

Bəs, bu fərq nədədir? Qısaca deyək ki, MMC kommersiya, MMMC isə qeyri-kommersiya müəssisəsi hesab olunur.

MMC (məhdud məsuliyyətli cəmiyyət) - bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. Məsələn, məhsul istehsal edən, xidmət göstərən, ticarətlə məşğul olan istənilən kommersiya müəssisəsi MMC adlana bilər. Təsərrüfat cəmiyyətlərinin növü olan belə təşkilatlar təsisçilərin payı əsasında yaradıldığından MMC-nin fəaliyyəti zamanı əldə edilən qazanc ümumi razılıq əsasında təsisçilər arasında bölüşdürülə bilər. Qazanc nizamnamə kapitalındakı paya mütənasib olaraq bölüşdürülür. MMC-nin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir.

MMMC (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) – çoxmənzilli binaların idarə edilməsi üçün bina sakinlərinin (binanın sahə mülkiyyətçilərinin) könüllü birliyidir. MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. Məcəllənin çoxmənzilli binaları idarə etmək üçün mülkiyyətçilərə verdiyi 3 idarəetmə üsullarından biridir. Qanunvericiliyə görə, çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərlərinə götürürlər.

Göründüyü kimi, MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir. Ancaq hər iki müəssisə dövlət qeydiyyatına alındıqdan sonra firma adının yanında abbreviatura saxlamalı olacaqlar. Bu isə həmişə çaşğınlıq yaradacaq. Hazırda cəmisi 7 MMMC qeydiyyatdan keçib. Gələcəkdə onların sayı minlərlə ola bilər. MMC-lərin sayı isə hazırda onminlərlədir.

MMC-lər Vergilər naziriliyində, MMMC-lər isə Ədliyyə nazirliyində dövlət qeydiyyatına alınır.

Yeri gəlmişkən, Mənzil Məcəlləsinə bununla bağlı texniki dəyişiklik edilməsi yaxşı olardı. Beynəlxalq təcrübədə kondominium kimi tanınan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (MMMC) adı Məcəllədə mənzil mülkiyyətçilərinin birgə cəmiyyəti (MMBC) kimi dəyişdirilə bilər. Gələcəkdə baş verə biləcək çaşğınlığı aradan qaldırmaq üçün bu addımın atılması münasib olardı.

Müəllif: Samir Əliyev, iqtisadçı - ekspert(banco.az)

pia.az

Etiket:

loading...