Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məlikməmmədin vəfası


Mirmehdi Ağaoğludan yeni hekayə


Mövlud Mövludun xatirəsinə
 
Maaşdan cəmi 72 manatı qalmışdı. Onun da 70 manatını xərcləyərəm qorxusu ilə kitablardan birinin arasında gizlətməyi düşündü. Heç vaxt yüksək qazancı olmamışdı deyə bu aydan o aya güclə yetən pulu adətən saxlanca qoymağa gərək duymurdu. Gözünü qaldırıb evi dolandıranda səriştəsizliyindən bir dənə yöndəmli yer tapa bilmədi. Yenə ağlına kitablar gəldi. Pulu onların arasından başqa harda gizlədə bilərdi ki...! Evdə hər yer kitabdı.
 
“Pul gizləmək də yaman axmaq vərdişdir. - ağlından keçirdi. - Onunla birlikdə elə bil ürəyini də həmin yerə qoyursan, daima fikrin pulun-xəzinə deməyə dili gəlmir - yanında qalır. Görəsən yerindədirmi, gizlədəndə pusan olmayıb ki. Üstəlik xəzinələr barədə o qədər qəribə əhvalatlar eşidirsən ki, adam yada saldıqca qorxuya düşür. Guya deyirlər var-dövləti gizlədən yox, tapan yeyər.”
 
Gizlətmək istədiyi milyon deyilsə də hər halda onun üçün böyük vəsaitdir. Qəpik-quruş olanda nolar, həşərat var poxunu, həşərat da var balını gizlədir, hərəyə öz qazancı əzizdir. Vaxt azdır, yaxşısı budur, fəlsəfə açmaqdansa bir yer tapıb pulu qoysun: Balkonda çilingər alətlərini yığdığın qutuda gizlədərsən uşağın tapıb saqqızın içindən çıxan yararsız əskinazlar kimi hara gəldi tullayar. Ya da şifonerdə şalvar, ya pencəyin cibinə dürtərsən-hərçənd bir dənə də pencəyi yoxdur-yoldaşın da səndən xəbərsiz onları götürüb atar paltaryuyana.
 
Əlbəttə, pulu gizlədəndə yerini xanıma da demək gərək. Özü də etiraf edir ki, çox vaxt maaşın əsas hissəsini borclara xərcləyəndən sonra yerdə qalan qəpik-quruşu elə xanıma verir. O da çox dərin yerdə gizlətmir. “Oğruların xəbəri olsun; trümonun gözünə atır.” - yenə ağlından keçirdi.
 
***
 
İşdən təzə qayıtmışdı ki, dostu zəng elədi, “20 Yanvar”da oturmuşuq, gəl pivə içək. Maaşı bu gün səhər alsa da axşama kimi hamısını kredit ödənişinə, borclara xərcləyib cəmi-cümlətanı 72 manatla qapıdan içəri girmişdi. Qorxdu ki, birdən məclisdə içib keflənər və bir aylıq ümidi olan bu 72 manatı əridər (Onsuz ayın axırına kimi yenə ondan-bundan borc istəyəcəkdi, sözdü də deyir). Bu fikirlə portmanatda 2 manat saxlayıb yetmişini götürdü.
 
Pulu xanıma ona görə vermir ki, yenə aparıb dəyərsiz əşya kimi trümonun gözünə atacaq. O, isə trümonu etibarlı bilmir, bu səbəbdən kitablardan mədəd umur. Telefonda danışandan üzü bəri qəfəsdəki meymuntək rəflərin qabağında vurnuxur, bilmir pulu hansı kitabın arasına dürtsün ki, axtaranda tapsın. Əvvəla kitabın adını unutmaq qorxusu var, ikincisi də gərək elə kitab seçəsən ki, heç kəsin diqqətini çəkməsin. Qonaq otağındakı iri rəfdə ən gözəgəlimli kitab Markesin həyatından bəhs edən kərpic kimi qalın olanıdır. “Özüm ölüm, puldansa o kitabın ortasını eşib, içində tapança gizlədəsən” – yazıçıma bax, bandit kimi düşünür. “Yox, Markes yaramaz. Pulu da ona etibar edəsi deyiləm ki.” – özünü danlayır. – “Əvvəla Markes kitabı qalınlığına görə diqqət çəkir, bir də hamı bilir ki, o, mənim sevimli yazıçımdır. Kimsə “Tərifli Markesin buymuş?!” deyib əl atar kitaba. Eh, Qabo, etibarlı adam deyilsən. O vaxt Lyosanın gəzməyini də arvadına çuğullamışdın. Perulu qoçaq da yaxşı edib gözünün altını qaraltdı. Ancaq deyəsən vurmaqla ürəyi soyumadı, həmişə sənə küskün qaldı, səhvəmsə, bəs onda öləndə hüzrünə niyə gəlmədi? Yox, qardaş, mənim pulumu da Mersedesin borclarına xərcləyərsən” – ağlına gələn fikirdən yüngülcə qımışır. Özünü Markesə, Lyosaya tay tutub başını başlara qoşması ürəyinə yağ kimi yayılır.  
 
“Bəs kim? Bəlkə ağsaqqal Tolstoy? Dörd cildlik “Hərb və sülh” rəfdə farağat dayanıb. Cildlərdən birinin arasında gizlətmək olar, sadəcə axtaranda hardan yadına düşəcək ki, pulu hansı cildin arasına qoymusan, gərək hamısını bir-bir vərəqləyəsən. Bu da vaxtaparan işdi. Bir də ki, Bezuxov huşsuz şeydi, pulu götürüb ya masonlara, ya da Karatayevə verər. Guya Tolstoy o vaxt kitablarının gəlirini xalq malı elan etməmişdi? Bezuxov ondan geri qalmayacaq ki?
 
Bəs hansı, bəs hansı kitab, bəlkə Mopassan? Mopassan da hamının sevimlisidir, onu görən şirin şey təki əlini uzadır. Xanım Luazel boyunbağının pulunu düzəltmək üçün qəpik güdür. Mənim olan-qalanımı da qatar yığdıqlarına.
 
Elə kitab seçmək gərək, heç kəsi maraqlandırmasın. Türk nəşrləri də işə yaramır. O qədər nəfis tərtib olunur ki, görəndə istəyirsən körpə uşaq kimi qucağına alıb oxşayasan.”
 
Yaxşı, görəsən hansı kitaba etibar eləsin, pulu hansının arasına qoysun? Rəfin qabağında əlini çənəsinə dayaq edib kitablara bir daha göz gəzdirmək istəsə də telefonun qəfil zəngi aman vermir. “Texnologiya kitab düşmənçiliyini burda da davam etdirir.” – “Yes” düyməsini sıxa-sıxa fikirləşir.
 
Zəng vuran həmən dostudur, tələsdirir ki, tez gəl. “Gəlirəm də... Onsuz məndə kasıbçılıqdı, pivəni siz alacaqsız.” – ürəyində sevinir. Aha, tapdı. “Azərbaycan nağılları” kitabı. Ən yaxşısı budur, kimdi açıb qurdalayan. Allah tərəfi heç özü də o kitabı alandan vərəqləməyib. “Vəssalam, “var-dövlət”imi etibar edirəm “Azərbaycan nağılları”na. Məlikməmməd padşah atasının almalarının keşiyində durduğu kimi mənim pullarımı da divdən qoruyar!” – işini yekunlaşdırıb toxtayır və bir saniyə belə hədər xərcləmədən təyin olunan yerə yollanır.
 
***
 
“Oğlum, biletin biri artıqdır... Gəl onu verək Leylaya. Nolar, o da bayram konsertinə getsin... Dayan peçenyedən, şokoladdan balaca bir bayrampayı düzəldim. Əliboş getmə. Apar yeni ilini təbrik elə. Bir kitab da qoyarıq, hədiyyə edərsən...” - Yoldaşıdır. Oğlu ilə söhbət edir. Yeni il tədbirləri üçün işdən çoxlu bilet veriblər. Yəqin biletlərdən biri artıqlıq edib, o da vaxtı keçib batmasın deyə oğlu ilə yaşıd qonşu qızına pay göndərmək istəyir. Göndərsin, göndərsin, o, belə xırda məsələlərə qarışan deyil. Bircə bu kitab məsələsində yaxşı iş görmədi. Dünyada ən zəhləsi gedən şey kitabxanasından kiməsə kitab hədiyyə etməkdi. Amma indi o hayda deyil. Dünənki pivələrin təsiri hələ başından getməyib, ürəyi uçunur. Qadın ərini bayaqdan neçə dəfə səhər yeməyinə çağırsa da səsini çıxarmayıb. Bu o deməkdir: siz yeyin, mən hələ yatıram.
 
Yoldaşı bir də səsləyəndə günorta olmuşdu. Gileylənirdi, gileylənməyində də haqlıydı. Soyuducu bomboş, evdə heç nə yox, üstəlik axşam da yeni il gecəsi. Nə etməli? – Çernışevskisayaq sual!
 
Ümid bircə yetmiş manatadı. Sıxışdırıb o pulla nəsə almaq lazımdı.
 
- Koşelyokunda da bircə qəpik qalmayıb. Səhər çörək almağa pul tapmadım, uşağın daxılından 40 qəpik götürdüm.
 
- Pul var, darıxdırma özünü. Yuxudan durum, gedib bir şey alaram...
 
Qadın yenə nəsə deyib şikayətlənməyə davam etsə də yadında qalmadı, təzədən yuxu apardı.
 
***
 
- Hardadır kitab? - Özündən asılı olmadan necə bağırdısa yoldaşı mətbəxtdə dik atıldı.
 
- Hansı kitab?
 
- “Azərbaycan nağılları”.
 
- Nolub, yenə yuxudan duran kimi özünə əl qatırsan? Qonşunun qızına yeni il hədiyyəsi göndərdim. Bir kitabla dünya dağılası deyil ki.
 
- Sizə deməmişəm mənim kitablarıma dəyməyin? Əlli min kərə tapşırmışam.
 
- Yuxudan kefsiz durmusan, acığını üstümüzə tökmə, bir kitabdır da, uzağı 5 manat qiyməti var.
 
- Beş deyil, yetmiş manat, yetmiş.
 
Heç nə başa düşməyən yoldaşı təəccüblə gözünü ona dikdi.
 
- Kitabı verəndə arasına baxdın?
 
- Yox.
 
- Pul qoymuşdum.
 
- Ay da! – Qadın təəssüflənsə də dərhal toparlanır, günahı boynundan atmaq bəhanəsi ilə ilk həmləni edir:
 
- Sən pulu kitabın arasına niyə qoyursan ki? Ver mən saxlayım da?
 
- Tələsirdim, həm də sən hər dəfə pulu trümonun gözünə necə gəldi tullayanda elə bilirəm balkondan vıyılladırsan gedir.
 
- Bəsdi, sən Allah. Üçümüzdən başqa evdə adam var, kimdi dəyən?
 
- Nə bilim, özümdən asılı deyil. Pula qarşı başısoyuqluğu sevmirəm. Yəqin heç vaxt müftə pulum olmayıb, ona görədir.
 
- Düzələn deyilsən.
 
Dünən dostunun aldığı pivələrin təsiri hələ getməmişdi, başı zindan kimi zoqquldayırdı. Bu başla mübahisə eləməyə dəyməzdi. Susmağı özünə xeyirdi. Yaxşı, bəs necə etsin? Olan-qalan pulu kitabın arasına qoymuşdu. Onu da yoldaşı kitabla birlikdə verib qonşu qızına. Görəsən gedib istəsələr qaytararlar?
 
- Bəlkə gedib kitabı istəyəsən?
 
- Yox, ayıbdı. Gedib nə deyim, deyim hədiyyəmizi qaytarın?
 
- Elə yox. De ki, kitabın arasında məktub olmalı idi, səhvən sizə gəlib.
 
- Kitabın arasından pul çıxsaydı gətirərdilər. Qonşuluqda belə şey etməzlər.
 
- Gör nə vaxtdı vermisən, hələ də səs-səmir çıxmayıb.
 
- Səndən başqa bu binada kitaba həvəs göstərən yoxdu, narahat olma. Əmin edirəm, peçenyeni, şokoladı götürüblər, kitabın isə hələ üzünə baxmayıblar.
 
- Əgər baxıblarsa?
 
- Baxıblarsa onda pulu görüblər, bir azdan gətirərlər.
 
- Hələ gətirməyiblər axı? Nə vaxtdan vermisən! Get soruş, sən Allah. Necə edəcəyik? Olan-qalan pulumuz o idi.
 
- Yaxşı yadına sal. Bəlkə heç o kitabın arasına qoymamısan. Piyan olmusan, yadından çıxıb. Xatırlamağa çalış. – Yoldaşı əlini rəflərə uzadır.
 
- Pulu qoyanda hələ içməyə getməmişdim.
 
- Bu qədər kitab var, baxaq da arasına.
 
- Deyirəm ki, yox. Dəqiq yadımdadır, dünən burda dayanıb – rəfin qabağına keçib qollarını açır – on dəqiqə götür-qoy eləmişəm ki, pulu gizləmək üçün hansı kitabı seçim. Bu da mənim seçimim. Sıçalar seçimimə. – aşağı saldığı qollarını böyrünə möhkəm çırpdı, sanki acığından özünü döyürdü.
 
- Sən pulu kitabın arasına niyə qoyursan ki?
 
- Nə bilim? Dedim pul cibimdə gedərəm uşaqlarla görüşə, içib xərcləyərəm.
 
- Bu da tamahkarlığın axırı. Əli aşından da oldun, Vəli aşından da.
 
- Bunun adı tamahkarlıq deyil, yoxsulluqdu.
 
Mübahisə uzanırdı. Yoldaşı gedib qonşudan kitabı istəməyə utanırdısa daha nə etmək olardı ki, heç nə. Şkafın gözünə əlini uzadıb siqaret götürəndə qərara gəldi bir də cəhd etsin:
 
- Bəlkə gedib soruşasan, denən səhv kitab vermişik. Qız üçün aldığımız başqası idi.
 
- Yaxşı deyil axı, başa düşərlər.
 
- Başa düşməzlər, başa düşsələr də qaytararlar. Axı sənə kim dedi ki, o qıza - Leyladır nədir adı - yeni il hədiyyəsi göndər? Şaxtababasan? - Xanımı yola gətirmək üçün bu dəfə özü hücuma keçir. Urra, hücum ilk həmlədəncə qələbə ilə yekunlaşır. Yoldaşı ona cavab qaytarmaq əvəzinə bu dəfə əlini kitabların üstündə nəvazişlə gəzdirir.
 
- Yaxşı, nə kitabı verim?
 
- Nə bilim, ver də birini. Onsuz kitabxanamdakı heç bir kitabın 70 manat dəyəri yoxdu. Nə versən kardır. Mənə girən girib. Lap Markesi götür ver.
 
- Neynirlər sənin Markesini? Özü də türkcə. Tez elə bir kitab de, nə qədər fikrimdən dönməmişəm.
 
- Haşeki götür, Yaroslov Haşeki. “Cəsur əsgər Şveykin macəraları”nı. Bizim macəramız heç onunkundan geri qalmır.
 
- Hardadır o kitab?
 
“Cəsur əsgər Şveyk”i rəfdən götürüb yoldaşına uzadır.
 
- Görsən “Azərbaycan nağılları”nın arasında heç nə yoxdu, açıb hər şeyi danışarsan.
 
- Bax onu edə bilməyəcəm, bakılıdılar e, sonra üstümüzə həyasızlanarlar ki, şər atırıq.
 
- Nə isə, uzatma, get.
 
Yoldaşı qonşuya gedən kimi o da siqaret çəkməyə balkona çıxdı. Təki pulla qayıtsın, ondan sonra evdə siqaret çəkdiyinə görə nə qədər istəyər danışar, işdir, əliboş gəlsə danışdı-danışmadı onsuz ərinin qanı it qanına dönəcək.
 
***
 
Yoldaşının qonşudan gətirdiyi “Azərbaycan nağılları”nın içindən pul çıxmadı. Bircə əlac ona qalırdı gedib məsələni izah eləsinlər, desinlər ki, kitabın arasında sizə pul da gəlib. Əgər görübsünüzsə zəhmət olmasa qaytarın. Amma belə çıxırdı ki, nə özü, nə də yoldaşı qonşuya bunu izah edə bilməyəcək. Əvvəla ona görə ki, qonşu pulu qaytaran olsaydı, kitabın arasında görən kimi gətirib qaytarardı. Əgər bu vaxta qədər verməyibsə daha ümid etməyə dəyməz. Hələ qorx ki, qaraqışqırıq salsınlar, ay aman bizi şərləyirsiz. Sonra gəl bunların xatasından qurtul, görüm necə qurtulursan.
 
Bu qənaətə gəlib yəqin etdilər ki, ən yaxşısı pulu unutsunlar. Bir bədbəxt hadisədir, olub. Yetmiş manatın fikrini çəkməkdənsə dost-tanışdan borc edib bayram bazarlığı eləsinlər.
 
Haşiyə: Qəhrəmanın dost-tanış dediyi adam mənəm – müəllif. Həmən gün görüşüb bu kədərli əhvalatı danışdı. Əvvəla pivə içməyə gələndə cibinin pulunu evdə qoyduğuna görə onu möhkəm danladım. Guya “pulum yoxdur” desəydi inanmayıb cibinə girəcəkdik! Bir də belə iş tutmasın deyə tənbeh elədim. Üstəlik dostumu cəzalandırmaq üçün dedim: ”Başına gələn bu hadisə ilə bağlı hekayə yazacam. Qoy başqaları da sənin əhvalatından nümunə götürüb bir daha xəsislik etməsinlər. Razısansa borc verim.” Xəsis olmadığını, ehtiyacın onu bu kökə saldığını hey təkrarlasa da əlacı kəsildiyindən əsərimin qəhrəmanı olmağına bir söz demədi. Lakin mən də zalım adam deyiləm. Hekayənin bura qədərini gördüyünüz kimi yazmağına yazmışam. Sonra ürəyimə rəhm gəldi, fikirləşdim ki, əhvalat onundur, qoy ardını özü bildiyi kimi yazsın. Görək vəziyyətdən necə çıxacaq. Mən getdim, sağ olun.
 
***
 
Vot tak! Müəllifdən götürdüyüm pulla yeni il axşamına bazarlıq edib qayıtdım evə.
 
Bayram süfrəsi arxasında elə üçümüz idik: mən, yoldaşım və oğlum. Masanın üstündə “stoliçni” salat, araq olmasaydı baxan deyərdi yas məclisidi, yeyib doyublar mollanın dua oxumağını gözləyirlər. Süfrədə demək olar səsimiz heç çıxmadı, yalnız uşaq hər dəfə yeməkdən boyun qaçıranda anasının onu danlamasından başqa. O qədər kefsiz idim, heç araq da təsir etmirdi. Bircə arzum buydu ki, saat 12 olsun, təzə il girsin, yatım.
 
Yeyib doymuşdum. Toyuq kimi eşələnməyin adı yox idi. Siqaret qutusunu götürüb binanın girişinə - vestibülə düşdüm.
 
***
 
- Gəl çıx da. - Məni görən kimi yenə az qaldı qabağıma qaçsın.
 
Ona yazığım gəldiyindən çox vaxt aşağı düşəndə siqaret qutusunu özümlə götürürdüm ki, rastlaşsaq siqaret verim. Acığımdan bu dəfə qutunu götürmək istəmədim, ancaq sonra fikrimi dəyişdim: eybi yox, birdəfəlik ikisini çəkib yuxarı qalxaram. Hər dəfə dörd mərtəbə aşağı düşüb-qalxmağa həvəs yoxdu.
 
- Bayaqdan səni gözləyirəm. Dükan da bayrama görə tez bağlanıb, qalmışam siqaretsiz.
 
Yalan deyir. Siqaret alan olsaydı vaxtında tədbir görərdi. Həmişə belə edir, guya çatdırıb üzbəüzdəki dükana düşə bilməyib. Yüz bəhanə uydursun, inanan kimdi. Sadəcə pulu yoxdu. Ona görə girişdə dayanıb gözləyir ki, gedib-gələnlərdən siqaret istəsin.
 
Adı Məlikməmməddir, Leylanın babası. Bəlkə də babası deyil, orasını dəqiq bilmirəm, amma qohum olmağına qohumdurlar. Onu dəfələrlə Leylagildə görmüşəm. Addımı güclə atır, ayaqqabılarını elə sürüyür, az qalır yeri cızsın. Görkəmindən xəstəyə oxşasa da özünə qoyulmur, nə vaxt baxsan siqaret çəkir. Xüsusilə yayda bütün günü bayırda olur deyə siqaret damağından düşmür. Hətta gecədən keçmiş də siqaret çəkməyə düşəndə, görmüşəm budur, şlaqbaum kimi girişdə dayanıb. Məni görəntək uşaq sevincilə üstümə elə gəlir, elə gəlir, elə bil, buzovdu, anasını əmməyə gəlir. Birini verəndə qane olmur, deyir varsa iki-üç gilə də qoy üstə, səhərə qədər siqaretsiz qalammaram. Mən də az səxavət göstərməmişəm, hətta bir neçə dəfə üstümdə siqaretim olmayıb, qalxıb evdən gətirmişəm ki, yazıqdır, gecə ciyəri yanmasın. Özü də yaman gödənbuldur, bəzən verdiklərimlə kifayətlənməyib deyir ağzındakı siqaretdən də saxla axırda bir tüstü vurum. Onda daha səbrim tükənir. Əlavə birini də verib deyirəm, qoy zəhərimi axıracan çəkim. Hamısı da nəyə görə? Başıma çox gəlib, adam ac-susuz qalar, siqaretsiz qala bilməz. Məlikməmməd kişinin də gopa basmağı ilə deyil, pensioner adamdır, bir gün pulu olanda, o biri gün olmur. Yoxsa dükan-bacanın bağlanmağı bəhanədir.
 
Ona həmişə ürəyim yansa da indi əlimi cibimə aparmaq istəmirdim. Ailəlikcə 70 manatımın dalına keçməkləri azmış kimi məndən yenə siqaret istəyir. Acığımdan nə dindirib hal-əhval tutdum, nə də yeni ilini təbrik etdim, eləcə “payok”unu verib keçdim şüşə qapının ağzına. Ancaq çölə də çıxmadım, bayırda yaman soyuqdu, yəqin qara çevirəcəkdi.
 
Arxam ona dayansam da ayaqlarını sürüməyindən hiss edirəm, şeytan kimi vurnuxur. Yeridikcə qapının şüşəsinə düşən əksi gah böyüyüb əcaib forma alır, gah da kiçilib itir. Arxamda yox, sanki bayırda-qaranlığın içində gəzinir. Məndən ötəri Məlikməmməd kişi bu dəqiqə dünyanın ən bədheybət adamıdır. Elə bilirəm şüşədə böyüyən əksi div olub məni udacaq.
 
- Hellas! - Məlikməmmədin səsiydi. Nə çərənləyir görəsən? Çönüb baxdım. Əlində bir əlilik, bir də iyirmilik əskinas tutub üstümə gəlirdi. Hırıldasa da üzü qəribə ifadə almışdı, güldükcə sifəti eybəcərləşirdi, sallaq alt dodağının bir az da böyük göstərdiyi dişsiz ağzı qara dəliyi xatırladırdı. İlk dəfə ona diqqətlə baxdım: həqiqətən divə bənzəyirdi – alt dodağı yer süpürürdü...
 
- Qanın buna görə qaradır? – yenə gülümsədi.
 
Dünən kitabın arasına qoyduğum pullar idi, təxmin elədim. Sadəcə başa düşmədim niyə əlində o cür tutub, mənə qaytaracaq, yoxsa acıq vermək üçün göstərir. Susub nə edəcəyini gözləyirdim.
 
- Sənin də oxumağın yoxmuş!
 
Bu dəfə güləndə ağzı əvvəkindən də böyük açıldı. Ayaqlarını sürüyə-sürüyə düz üstümə yeridikcə ətli yanaqları, göyərmiş dodaqları dəniz filinin sifəti kimi titrəməyə başladı. Elə bil üzünün əti dağılıb töküləcəkdi.
 
- Bir siqaret də ver. - Qarşımda dayanıb pulu gözümün qabağında silkələdi. Heç nə deməyib əlimi cibimə apardım.
 
- Götür. Mənə haram pul lazım deyil. Oğlun bizim Leylaya hədiyyə verib səhər. Uşaq gedəndən sonra qız zənbili açıb dedi, baba, içində kitab da var. Məni maraq bürüdü. Sən axı həmişə kitabla gəzirsən! Dedim gətir, görüm qonşu nə oxuyur. Vərəqləyirəm ki, pul! O dəqiqə başa düşdüm məsələni. Eh, sən də Siyavuş Aslan kimi kitabdan içinə pul qoymaq üçün istifadə edirsənmiş. Hellas! Baxmısan? - Məlikməmməd kişi elə dərindən şaqqanaq çəkdi, bütün bədəni titrədi, gözümün qabağında oynatdığı əskinazlar da şax-şax elədi. Elə bil onunla birlikdə pullar da gülürdülər. Özümdən asılı olmadı, məni də gülmək tutdu.
 
- Günorta yoldaşın gələndə mən olmamışam. Kitabın arasından pul çıxmağını da evdəkilərə deməmişdim, elə sakitcə qatlayıb qoymuşdum cibimə, istəyirdim özünə verim. Sonra da axşama kimi nə səni gördüm, nə də mənim yadıma düşdü. Skelereoz, neyləyəsən.
 
- Hə, başa düşdüm. Çox sağ ol, ağsaqqal, sevindirdin məni, - dilim bunları dedi, ürəyimsə başqa şey: “Əcnaf, məni intizarda saxlamaqdan ötəri pulu qaytarmağı qəsdən yubadmısan.”
 
- Varındı bir-iki gilə də siqaret ver. - Bu dəfə ərklə dedi, aydın məsələdi, pulu qaytarmağının şirinliyini istəyir.
 
Siqaretin birini özümə götürüb qalanını qutuqarışıq Məlikməmməd kişiyə uzatdım. O da pulu verdi. Dil-ağız edəndən sonra ikimiz də susduq. Aradakı pərtliyi sovuşdurmaq üçün danışmaq lazım idi, ancaq mən deməyə söz tapmırdım. Kişinin müəmma dolu baxışları altında əzilirdim, elə bil o qatil, mən qurban idim. Bayaq onun haqqında pis-pis fikirləşdiyimə görə özümdən utanırdım. Mənə elə gəldi, o, da bunu duyub. Çıxış yolu kimi əlimdəki siqareti yandırmaq istədim, ancaq gördüm ki, daha burda dura bilməyəcəm. Sağollaşıb liftə sarı yeridim.
 
Tərslikdən lift yuxarı mərtəbədə dayanmışdı. Düyməni basdım, ancaq onun aşağı düşməsini gözləməyə hövsələm çatmadı, pilləkənlər tərəfə döndüm. Ayağımı birinci pilləkənə atanda elə bildim Məlikməmməd kişi də arxamdadı, boynumun ardında hənirtisini duyuram. İnanmağım gəlmədi, o qocalıqda adam belə cəld yerimək üçün gərək cin-şeytan ola! Amma geri dönüb baxmağa da üşəndim, elə bil dönüb baxsam kişinin göyərmiş alt dodağının haşiyələdiyi qara boşluq qəfildən böyüyüb məni udacaq. Bədənimi qorxu bürüdü. Bilmədim nə edim... Və qaça-qaça pillələri çıxmağa başladım.
 
Epiloq: Salam. Yenə mənəm-müəllif. Qəhrəmanla növbəti görüşümüzdə bir yığın kağızı uzadıb dedi: “Başıma nə gəlmişdisə hekayənin davamında onu da yazdım, nə bir söz artırmışam, nə də azaltmışam. Oxu, harasını istəsən dəyiş, nə istəsən elə, öz işindi.” Kağızlara ordan-burdan göz atıb gördüm qaydasındadır. Söz verdim ki, bir nöqtə-vergülünə də toxunmayacam, necə yazıbsa o cür də çapa verəcəm, ancaq öz adımdan. Qəhrəman da başını razılıqla tərpətdi. Daha bu barədə nəsə danışmağın artıq olduğunu görüb iclası yekunlaşdıran müdir ədasıyla kağızları əlimdə dəstələdim, stola iki-üç dəfə vurandan sonra bir tərəfə qoyub ofisiantı səslədim: “Üç bakal pivə.” Sifarişimdən heç nə başa düşməyən qəhrəman iki nəfər olduğumuz halda üç bakal pivə istəməyimin səbəbini soruşanda isə dedim: “Qoy, hər şey nağıllardakı kimi bitsin: Biri müəllifin, biri qəhrəmanın, biri də oxucunun.”
 
O, məmnunluqla gülümsədi.
 
31.12.16-28.07.17
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Azərbaycanın hərbi dənizçiləri NATO qiymətləndirilməsi təlimində iştirak edib - Fotolar

Rəsulzadənin portretini çəkdiyinə görə ölümə məhkum edilən azərbaycanlı rəssam

Mirmehdi Ağaoğlunun “İmamın şəkli” hekayəsi

Avtobusdakı davanın gizlinləri: Pozitiv diskriminasiya

"Ermənistan Türkiyə-Azərbaycan birgə hərbi təlimlərdən ciddi narahatdır"

Ən çox oxunanalar