Cümə axşamı, 17 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Məktəb direktorluğu üçün “generala” 10 min rüşvət verdi

Məhkəmədə qorxusundan pulundan imtina etdi...

70 yaşında məktəb direktoru olmaq istəyən şəxs dələduzluqda üzləşib. Onun 10 min manatını ələ keçiriblər. Amma o, məhkəmədə pulunu tələb etmədiyini deyib.

PİA.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda ittiham edilən 1961-ci il təvəllüdlü Əliyev Rövşən Soltan oğlu, 1968-ci il təvəllüdlü Çobanov Hətəmxan Bədirxan oğlu və 1978-ci il təvəllüdlü Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş qismində sabiq məktəb direktoru Ərşad Piriyev ifadə verib. Məlum olub ki, 70 yaşlı Ərşad Piriyevi aldadan şəxs Hətəmxan Çobanov olub.

Ərşad Piriyev ifadəsində bildirib ki, Çobanov onun oğlu ilə dost olub və tanışlıq da buradan yaranıb: “Tanışlığımız var idi, oğlumla dost idi deyə inandım. Bir gün mənim məktəb direktorluğundan çıxdığımı bildi. Öz aramızda söhbət edirdik. Dedi ki, bu işi həll etməyə adam var. Mən işlədiyim məktəbdən bir müddət idi ayrılmışdım. Amma mənim yerimə təyinat yox idi. Fikirləşdim ki, yer boşdursa, özüm gedim”.

Hakim zərərçəkmişə deyib ki, 70 yaşında yenidən məktəb direktoru olmaq üçün niyə bu qədər cəhd edib: “Siz kifayət qədər işləmisiniz. İmkan verin ki, gənclər qabağa getsin. Hələ bunun üçün kiməsə pul da verirsiniz”.

Ərşad Piriyev hakimin sualına belə cavab verib: “Mənim yaşıdlarım işləyir. Düşündüm ki, mən də işləməyə davam edim”.

Suallara cavab verməyə davam edən Ərşad Piriyev pulunu tələb etdiyini deyib. Hakimlər heyətindən Azad Məcidov xatırladıb ki, Ərşad Piriyevin özü də rüşvət verdiyinə görə məsuliyyət daşıyır. Hakim Ərşad Piriyevin əməlinə də hüquqi qiymət verilməsini istəyib.

Dövlət ittihamçısı məhkəmənin yekununda bununla bağlı qərar verilməsini təklif edib. Bu təkliflərdən sonra Ərşad Piriyev ona dəymiş zərərin ödənilməsini istəməyib. Deyib ki, pulun ödənilməsini istəmir. O, məhkəməyə Hətəmxan Çobanovdan şikayət və tələbinin olmaması ilə bağlı ərizə təqdim etmək istədiyini deyib.

Hakim Samir Əliyev ərizənin qəbul ediləcəyini deyib və sabiq direktora daha bir sual verib: “10 min manat verib işə düzəlmək istəyirsiniz. Siz axı nə qədər maaş alacaqsınız ki, bu addımı atırsınız?”

Ərşad Piriyev deyib ki, direktor olduğu müddətdə 500 manat maaş alırmış. O, yaşa görə təqaüd aldığını da deyib və bununla yaxşı dolandığını söyləyib.

Qeyd edək ki, yuxarıda adı çəkilən 3 nəfər təqsirləndirilən şəxsin əməllərindən zərər çəkən şəxslər arasında Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalov da var. Onlar özlərini vəzifəli şəxs kimi təqdim edərək baş həkimə hədə qorxu gələrək 150 min manata yaxın pulunu ələ keçiriblər. Təqsirləndirilən şəxslər özlərini general, DTX-nın vəzifəli şəxsi, Prezident Administrasiyası vəzifəli şəxsləri kimi təqdim ediblər. Məhkəmə zalında Mübariz Zeynalov da iştirak edib.

Məhkəmədə 70 yaşlı Ərşad Piriyevdən onu aldadan şəxsi bağışlamasının səbəbi soruşulub. Ərşad Piriyev baş həkimi göstərərək “o kişiyə baxanda qapıdan çıxıb getmək istəyirəm. Onun başına nə oyun açıblar…” deyərək gülümsəyib.

Məhkəmə araşdırması davam etdirilir.

Qeyd edək ki, təqsirləndirilən şəxslərdən Rövşən Əliyev daha əvvəl də məhkumluq həyatı yaşayıb. O zaman da dələduzluğa görə tutulubmuş. Hətəmxan Çobanov da dələduzluq etdiyi üçün ömrünün bir hissini həbsxanada keçirib.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: rüşvət

Şərh yazın.

loading...

Ən çox oxunanalar