Çərşənbə axşamı, 22 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Məhəmməd Talıblı: “Müstəqillik illərində uçotdan yayınma 10 milyarddan çox olub”

İqtisadçı-ekspert: “Azərbaycanda vergi-gömrük orqanları vasitəsilə büdcə daxilolmalarının payı olduqca azdır”

Vergilər Nazirliyi ilə Gömrük Komitəsi arasında fiskal koordinasiyanın yaradılmasına böyük ehtiyac var. Bunun həm insitutsional, həm də qanunverici aspektləri ətraflı müəyyənləşməlidir”.

Bu sözləri iqtisadçı ekspert Məhəmməd Talıblı Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi üçün təsdiq edilən qaydaları PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Fərman imzalayıb. Bu Qaydaların məqsədi idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçıları ilə bağlı Vergilər NazirliyiDövlət Gömrük Komitəsi arasında əlaqəli risklərin idarə olunması məqsədilə yaradılan sistem əsasında qarşılıqlı əməkdaşlığın və büdcə gəlirlərinin təmin edilməsi üçün birgə nəzarətin həyata keçirilməsi mexanizmlərini müəyyənləşdirərək idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını, vergilərin və gömrük ödənişlərinin ödənilməsində səmərəliliyin yüksəldilməsini, ticarətin asanlaşdırılmasını və bu sahədə şəffaflığın artırılmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, idxal-ixrac əməliyyatları üzrə birgə nəzarət bu istiqamətlərdə həyata keçirilir:

Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi;

İdxal-ixrac əməliyyatları zamanı faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili;

Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi;

İdxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi üçün gömrük və vergi orqanları arasında qarşılıqlı məlumat mübadiləsi.

Gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcılar və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi nazirlik və komitənin müvafiq informasiya sistemləri vasitəsilə həyata keçirilir.

Qəbul edilən Qaydalardan sonra bu sahədə şəffaflığın artmasını gözləmək olar? Həmçinin bu Qaydalarla idxal-ixrac əməliyyatları üzrə vergi və gömrük qanunvericiliyinin pozulması hallarının qarşısını almaq mümkün olacaq?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Məhəmməd Talıblıya müraciət edib.

Məhəmməd Talıblı: “Müstəqillikdən sonrakı illər ərzində 10 mlrd. dollarla vəsait dövlət fiskal qurumlara daxil olmadan uçotdan yayındırılıb”.

Son 2 ildə Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların payının artdığını xatırladan iqtisadçı-ekspert Məhəmməd Talıblı PİA.az-a açıqlamasında bildirib ki, hazırda təxminən 1 mlrd. manatdan artıq vəsait daha çox yığılsa da uçotdan yayınmalar hələ də mövcuddur. Həmçinin iqtisadçı qeyd edib ki, kölgə iqtisadiyyatı uçotdan yayınmalarda əsas pay təşkil edir:

“Əvvəla, onu qeyd etmək lazımdır ki, ölkədə vergi-gömrük orqanları vasitəsilə büdcə daxilolmalarının payı olduqca azdır. Dünya təcrübəsinə baxdığımızda bizdə gömrükdən daxil olmaların ÜDM-də payı aşağı səviyyədədir. Bu sahibkarlarlıq subyektlərindən alınan vergilərin təkcə yükü ilə bağlı deyil, ölkədə sahibkarlıq subyektlərinin az olması, daha çox kölgə iqtisadiyyatına yönələn hissəsinin çox olması ilə bağlıdır.

Düzdür, artıq 2 ilə keçir ki, Gömrük Komitəsi xətti ilə büdcəyə daxilolmaların payı artır. İldə təxminən 1 mlrd. manatdan artıq vəsait daha çox yığılır. Amma gömrükdən yayınma halları hələ də böyükdür. Təkcə ətraflı təhlilsiz onu demək olar ki, bu il də 1 milrd. manatın gömrükdən yayınması baş verib.

Amma məsələ bununla da bitmir. Xarici iqtisadi siyasətdə “Güzgü” metodologiyasından istifadə etsək, onda məlum olacaq ki, müstəqillik illəri ərzində 10 mlrd. dollardan çox vəsait dövlət fiskal qurumlara daxil olmadan uçotdan yayındırılıb.

Bu baxımdan hər iki qurum arasında fiskal koordinasiyanın yaradılmasına böyük ehtiyac var. Bunun həm insitutsional, həm də qanunverici aspektlər ətraflı müəyyənləşməlidir”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar